|
|
|
|
Bakı Dövlət Universitetinin misssiyası dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislərin hazırlanmasından ibarətdir.
Tədrisin keyfiyyətinin artırılması istiqamətində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici nuniversitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. BDU artıq dünyanın bir sıra nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarını həyata keçirir.
BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında Dəniz və Enerji hüququ sahəsində ikili diplom proqramı ilk tələbələri ilə uğurla davam edir.
Dost və qardaş ölkələrin magistrantları hər iki dövlətin ilk və aparıcı ali təhsil müəssisələri arasında bu sahədə birgə kadr hazırlığı işində fəallıq göstərir, elm və təhsil sahəsində birlik nümayiş etdirirlər.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan və Qazaxıstan dəniz və enerji ölkələri olaraq, istər Xəzəryanı, istərsə də beynəlxalq müstəvidə inkişaf etmiş ölkələr sırasındadır. Bu səbəbdən hüquqi sferada birgə kadr hazırlığı və əməkdaşlıq çox müsbət nəticələr verəcək. Hər iki ölkənin bu istiqamətdə böyük elmi bazası var. İkili diplom proqramı dost, qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan arasında ilk ikili diplom proqramıdır:
Rektor vurğulayıb ki, BDU-nun hüquq fakültəsində "Dəniz və enerji hüququ" sahəsində elmi məktəb formalaşıb, altı ildir ki, bu sahədə ingilis dilində uğurla kadr hazırlığı həyata keçirilir. "Dəniz və enerji hüququ" üzrə tədris və elmi bazanın qurulmasında, o cümlədən, müəllim heyətinin formalaşmasında ABŞ-ın Tüleyn Universiteti ilə əməkdaşlığı xüsusi vurğulayan rektor həmin universitetlə birgə beynəlxalq konfranslar keçirildiyini deyib. Tüleyn Universitetinin dəstəyi ilə hüquq fakültəsində "Dəniz və enerji hüququ" Mərkəzi də yaradılıb.
Elçin Babayevin sözlərinə görə, Əl-Fərabi adına Qazax Milli Universiteti Şərq filosofu və alimi Əl-Farabi adını daşıyan bu ölkənin ən böyük universitetlərindən biridir. Kaznu Qazaxıstan Regional Komitəsinin (KRC) ofisinin 13 Noyabr 1933-cü il tarixli qərarı ilə qurulan ölkənin ən qədim klassik universitetidir. "QS World University Rankings"ə görə, KazNU dünyanın ən yaxşı universitetlərinin reytinqində 2007-ci yeri tutur. 2001-ci ildə hökumət onu "milli" universitet kimi təsnif edib.
BDU ikili diplom proqramının ilk magistrantlarından biri də Jalə Rəhimovadır. J.Rəhimova 2020-ci ildə BDU-nun hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həmin il Dəniz və enerji hüququ ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunub.
Onun sözlərinə görə, bakalavr pilləsi zamanı o, özümü tamamilə təhsilə yönəldib və çalışıb ki, hüququn bütün sahələri haqqında biliklər əldə etsin: "Eyni zamanda, müxtəlif tədbirlərdə, seminar və təlimlərdə iştirak etmişəm. Tələbələr arasında "Seçki hüququ və seçki prosesi məsələləri" üzrə keçirilən viktorinada, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində" mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişəm".
J.Rəhimova qeyd edib ki, onda Qazaxıstan təhsil sisteminə maraq yaradan bir çox səbəblər olub: "Dördüncü kursda oxuyanda universitetə Qazaxıstandan bir qrup müəllim heyəti qonaq gəlmişdi və bizim bakalavr qrupumuzda dərsdə iştirak etmişdi. Onda onlar enerji hüququ və öz universitetləri haqqında danışdılar, təqdimatla çıxış etdilər. Mənə maraqlı gəldi, amma onda artıq qərar vermişdim ki, BDU-da təhsil almaq istəyirəm. Göründüyü kimi, hər iki istəyimə eyni zamanda nail ola bildim, baxmayaraq ki, bu, məndən asılı olmayan səbəblərdən baş verdi".
Onun dediyinə görə, 2020-ci ilin sentyabr ayında hüquq fakültəsinin dekanı Əmir Əliyev Dəniz və enerji hüququ ixtisaslaşması üzrə 2020-ci ildə qəbul olan magistratura tələbələri ilə görüş keçirib. Əl-Fərabi adına Qazax Milli Universitetində ikili diplom proqramına qoşulmaq fürsətinin olduğu barədə geniş məlumat verdi və hətta düşünmək üçün vaxt da: "Biz qrupda 7 nəfər idik. İkili diplomun əla bir fürsət olduğunu artıq anlamışdım. Əvvəla, Dəniz və enerji hüququ ixtisaslaşması Azərbaycan üçün yeni bir ixtisaslaşma sayılır və professional kadrlara ehtiyac duyulur. İkincisi, biz hər iki universitetin fərqli sahələr üzrə mütəxəssislərindən dərs ala biləcəkdik. Həmçinin, Qazax Milli Universiteti dünya universitetlərinin QS reytinqində 165-ci yerdə dayanır; bu isə təqdirəlayiqdir. Bunların hər biri möhtəşəm fürsət idi və magistrantlar da bunları yaxşı dərk edirdi. Digər bir məsələ ondan ibarət idi ki, biz təcrübə hissəsini keçmək üçün ikinci kursun sonunda Qazaxıstana yollanmalıyıq. Bəzilərimiz üçün belə bir qərarı indidən vermək çətinlik yaratdı, amma razılaşdıq. Qrup olaraq razılığımızı dekanlığa bildirdik".
J.Rəhimovanın söylədiyinə görə, hər iki universitetin hüquq sahəsində tam fərqli və maraqlı tədris sistemi var: "Enerji hüququnda beynəlxalq konvensiyalar" adlı bir fənnimiz var idi. O fənni bizə Qalım Teleuev tədris edirdi. O, mühazirə zamanı bizə mövzu haqqında ümumi məlumatlar verirdi, seminar dərsi üçün isə həmin mövzuya uyğun - mütləq Azərbaycana aid hər kəsə fərqli bir mövzu tapşırırdı. Biz isə araşdırma edib prezentasiya formasında onu təqdim edirdik. Bu isə mövzunun daha yaxşı yadda qalmasına səbəb olurdu.
İmtahan sessiyası da daha qısa bir müddətdə - 1-2 həftə ərzində keçirilirdi. Onu da vurğulamaq istərdim ki, dekan, kafedra müdirləri, müəllimlərin, tələbələrin iştirakı ilə mütəmadi olaraq onlayn elmi-metodiki görüşləri keçirilir. Bu görüşlərdə ikili diplom proqramının üstünlüklərindən, elmi məqalələrin beynəlxalq nüfuzlu jurnallarda nəşri barədə müzakirələr aparılır".
O vurğulayıb ki, proqramın ilk günlərində yeni sistemdə uyğunlaşmaqda müəyyən çətinliklər yaşayıb: "İlk günlərdə, hətta deyərdim ilk iki həftə fərqli bir sistemlə üz-üzə idik. Amma hər iki universitet tərəfindən bizə çox böyük dəstək göstərildi.
Mütəmadi olaraq həmin universitetin Gömrük, maliyyə və ətraf mühit kafedrasının müdiri, professor Jatkanbayeva Ayjan Erjanovna və professor Ayqarinova Gülnar Teleuxadirovna ilə əlaqə saxlayırdıq. Eyni zamanda, universitet rəhbərliyi, dekanımız Əmir müəllimin və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədovun daim diqqətindəyik. Əmir müəllim və Əlizadə müəllim özləri şəxsən bizim qrupla maraqlanır və hər bir məsələdə bizi dəstəkləyirlər.
Bizə Qazaxıstandan olan tələbə yoldaşlarımız tərəfindən də böyük dəstək göstərildi, xüsusilə sistemdə nəyin necə tapılacağı, yerləşdirilməyi barədə bizim üçün tanıtım videosu çəkmişdilər, bizi müəllimlərə təqdim edirdilər, bəzi məsələlərdə vəsitəçilərimiz qismində çıxış edirdilər. Bu, çox səmimi bir mühit yaradır.
Gələcəkdə bu proqramlarda iştirak etmək istəyən tələbələrə tövsiyə edərdim ki, mütləq xarici dil öyrənsinlər. Dəniz və enerji hüququ ixtisaslaşmasında tədris dili ingilis dilində aparılır. Mən özüm rus dilini də bilirəm, bu isə qazaxlarla ünsiyyət qurmaqda çox böyük köməklik göstərir, çünki Qazaxıstanda rus dili dövlət dili ilə eyni səviyyədədir və əksər qazaxlar bu dili bilirlər. Buna görə tövsiyə edirəm ki, istər xarici universitetdə təhsil almaq, istər ikili diplom proqramı üçün olsun - mütləq şəkildə dil faktoruna diqqət yetirmək lazımdır".
J.Rəhimovanın sözlərinə əsasən, proqramın təqdim etdiyi imkanlardan razıdır, bilik, yeni tanışlıqlar, təcrübə baxımından uğurlu layihədir: "Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, uzunmüddətli perspektivdə bizim ikili diplom proqramı əsasında təhsil almağımız hər kəsə faydalı olacaq - dövlətimizə, universitetimizə və bizə".
Sevinc QARAYEVA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub