525.Az

XX əsr Türkiyə və Koreya ədəbiyyatında qadın - Resenziya


 

XX əsr Türkiyə və Koreya ədəbiyyatında qadın - <b style="color:red">Resenziya</b>

Görkəmli koreyalı türkoloq, Seul Donkduk Qadınlar Universitetinin professoru Eunkyung Ohun "XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın" adlı monoqrafiyası Azərbaycan dilində nəşr olunan ilk kitabıdır.

XX əsr Türkiyə və Koreya romanlarında qadın probleminin müqayisəli ədəbiyyat kontekstində - feminist aspektdə təhlil edildiyi kitabı  dilimizə ədəbiyyatşünas A.Ali tərcümə edib. Monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı tədqiqata dair əsas məqamlara diqqət yönəldir: "Zəngin qaynaqlar əsasında yazılan monoqrafiya elmi-nəzəri tutumu ilə qarşılaşdırmalı ədəbiyyat araşdırmaçılığının mükəmməl örnəklərindən biri kimi səciyyələnir. Araşdırıcının qadın olması təhlilə çəkilən problemin ən incə və qapalı məqamlarının üzə çıxarılmasına imkan verib. Əsərin Azərbaycan türkcəsində nəşr edilməsinin səbəbi, ilk növbədə, bu sahədə araşdırmalara ciddi ehtiyacın olmasından qaynaqlanır".

Monoqrafiya Giriş, 2 fəsil, Nəticə və Qaynaqlardan ibarətdir. Girişdə Türkiyə və Koreyada qadının ənənəvi, ictimai baxımdan statusunun tarixi inkişafı, müasirləşmədən danışarkən qadınların təhsili, hüquqları ilə bağlı dövlət qanunları, əmək həyatı, siyasətdə mövqeyi barədə məlumat verilir, müqayisəli təhlil aparılır.

"Türkiyə və Koreya romanlarında qadın" adlı I fəsildə hər iki ölkənin qadın problemlərini əks etdirən, xarakterini açan nümunələr seçilib.

Türkiyə ədəbiyyatından  X.Ə.Adıvarın "Xəndan", "Sinəkli baqqal", R.N.Güntəkinin "Çalıquşu", O.Kamalın "Bir Filiz vardı", Y.Kamalın "İlanı öldürsələr", Ə.Ağaoğlunun "Ölməyə yatmaq", A.Kutlunun "Cadügər ağacı", Ə.İsınsunun "Qaf dağının arxasında"  romanlarının xülasəsi verilib, qadın xarakterlər təhlil edilib. "Xəndan"da təhsil səviyyələri eyni (özəl dərs almış, avropasayağı tip), düşüncə tərzi (Xəndan - modern), (Nəriman - ənənəvi) və psixoloji vəziyyətləri (Xəndan - bədbəxt aktiv), (Nəriman - xoşbəxt passiv) fərqli olan surətlərin müqayisəsi cədvəl deyil, venn diaqramı şəklində təqdim edilsə idi, daha məqsədəuyğun olardı. "Çalıquşu" romanının baş qəhrəmanı Fəridənin Türkiyə ədəbiyyatında rast gəlinməyən gənc qız tipi olması, vətənsevər ideal müəllim obrazı canlandırması,"Sinəkli baqqal"da mədəniyyət naminə mübarizə aparan Rabia, "Bir Filiz vardı"da sağlam xarakterli, xoşxasiyyət Filiz, "İlanı öldürsələr"də sosioloji baxımdan qapalı, mühafizəkar cəmiyyətdə susmaqla geridə qalan, gücsüzlüyün qurbanı Əsmə, "Cadügər ağacı"nda doğum həkimi Nülufər və "Qaf dağının arxasında" Mövsümün həyatına diqqət yönəldilir.

"Koreya romanında qadın" adlı II yarımfəsildə İ.Yinin "Qanlı göz yaşı", G.Yinin "Mujeong", H.Shimin "İynəyapraqlı bir ağac", M.Chenin "Takryu", K.Parkın "Əczaçı Kimin qızları", S.Kangın "Meşə içində otaq", V.Kimin "Üç bacının hekayəsi", J.Gongin "Öküzün buynuzu kimi təkcə gəzin" romanlarında da qadın xarakterlərinin təhlili xülasə verildikdən sonra aparılır. Onların özünütəsdiq naminə mübarizəsi əks olunan bu əsərlərdə portreti, xarakteri, mövqeyi, ən həssas məqamlara diqqət yönəldilir. "Türk və Koreya romanlarında qadın xarakterlərinin qarşılaşdırılması" adlı 3-cü yarımfəsildə 2 ölkənin XX əsr romanlarının qadın xarakterləri müqayisə edilir. "Xəndan" və "Qanlı göz yaşı"nın xarakterləri Qərb təhsili görən, yabançı mədəniyyət mənimsəyən Xəndan və Okryeonın şəxsində qərbliləşmə dövründə millətin maariflənməsi üçün təhsilin önəmi vurğulanır. Qadın təhsil alsa da, işləmək haqqına önəm verilmədiyi, həyatının sevgilisi və ya əri tərəfindən idarə olunduğu əksini tapır. "Çalıquşu" və "İynə yapraqlı bir ağac"da isə qadın evdən kənara çıxır, müəllimlikdə özünü təsdiqləyir, ictimai səviyyəyə qalxır. İki ölkənin ədəbiyyatında ilk dəfə qadının çalışması müzakirə olunarkən, müəllimlik kimi hörmətli peşəsi olan Fəridə və Yeongshin yurdsevərliyi, iradəsi ilə ziyalı, güclü qadın tipinin simvolu olduğu vurğulanır. "İlanı öldürsələr" və "Əczaçı Kimin qızları"nda kənd qadınlarının həyatı təsvir olunur, sevgi, cəmiyyət qarşıdurmasında I-də Əsmə, II-də 4 qızın həyatının məhv olduğu, əxlaq, namus ideologiyası uğrunda qadınların qurban edilməsi, cəmiyyətin tənqidi ilə həyatının dağılmağa meyllənməsi bu iki əsərin qadın xarakteri, həyat hekayələri vasitəsilə tənqid olunur. Günümüzdə oxumuş qadının problemləri "Cadugər ağacı"nda Nilufər, "Öküzün buynuzu kimi təkcə gəzin"də Hevanın həyatı fonunda verilir, qadın olduqları üçün onlara şübhəylə yanaşdığından mübarizə etmək məcburiyyətində qalırlar. Analıq duyğusu ilə cəmiyyət  qarşıdurması arasında evlilikləri yaxşı getməyən Nilufər və Hevan övladlarını qəzada itirməyin kədərini yaşayarkən əri və ailəsi tərəfindən boşanmağa məcbur edilməsi, cəmiyyətlə qarşıdurmalarının həyatlarını daha da çətinləşdirdiyi göstərilir. Tədqiqatçı qadın da insandır, oxumuş qadın istəsə, çalışan, işləyən qadın da ana ola bilməlidir fikrini əsas hesab edir, çətinliklərə qalib gəlmək üçün sistemin sosial imkanlarla qadını dəstəkləməli olduğunu vacib hesab edir. Mövzusu şəxsiyyət axtarışına çıxan ziyalı qadınların həyatı olan "Qaf dağının arxasında"da Mövsüm "Meşə içindəki otaq"da Soyang anarxiya və terror içində idealist gəncliyin sahibsizliyi, faciəsini göstərir. Mövsüm qarşıdurmanı davam etdirir, çıxış yolunu milliyyətçi məqamda görür. Soyangın isə, gənclərin idealistlər və artıq dərəcədə əlaqəsiz olanlar şəklində qütbləşməyini tənqid etdiyi, iki qrupa da qatılamayan III şəxsiyyət halına gəldiyi, intihar etməsi özünü tapmaq, eşitdirmək istəyən gənc ziyalının üsyanı kimi dəyərləndirilir.

Türkiyə və Koreya romanlarında təhlil edilən qadın xarakterlərdə, patriarxal quruluşa bağlı cəmiyyətdə qadın problemlərinin, demək olar ki, eyni olduğu, daima bir sıra problemlərlə mübarizə aparıb həllini tapmağa çalışdıqları qabardılır.

II fəsil "Türk və Koreya romanlarının qadın xarakterlər baxımından dəyərləndirilməsi" adlanır və 4 hissədən ibarətdir. I yarımfəsil "Qadın xarakterinin fiziki xüsusiyyətləri" adlanır, qadına iki aspektdən - ana və cinsiyyət baxımından bir obyekt  kimi baxılır.

"Qadın xarakterlərinin dilləri və üsulları" adlı ikinci yarımfəsildə qadınların zəif vəziyyətdə olması içinə qapanması, susma və daxili monoloqlarında təsdiqini tapır, susma bəzən etiraz kimi qiymətləndirilir, məktub, avtobioqrafiya və ironiya kimi üsullardan istifadə edərək danışmaq istədikləri vurğulanır.

"Qadın xarakterlərinin qarşılaşdıqları hallar və xüsusiyyətlər" adlı 3-cü yarımfəsil  hər biri 3 hissədən ibarət "Dünya ilə tanış olmaq" ("Ev və təzyiq", "Yolçuluq və hərəkət", "Geriyə baxmaq və kəşf etmək"), "Dünya ilə təmas qurmaq və konflikt" ("Müsbət analıq və məcburi analığın qarşıdurması", "Qadınlıq və kişiliyin yanlış dəyərləndirilməsi", "Aşiq və toplum arasındakı konflikt") və "Xarici dünyadan geri dönmək" ("Öz şəxsiyyətini kəşf etmə və inkişaf", "Vazkeçmə və məğlubiyyət", "Xoşbəxtliyə qovuşma") adlı bölmələrdən ibarətdir ki, hər bir başlıq özündə problemə yanaşma tərzini əks etdirir. Tədqiqatçı yazıçıların prizmasında qadının məqsədinə, onu xoşbəxt edəcək eşq və evlilik məqamına diqqət yönəldir. Daim təhlükələrdən qorunmalı olduğu  vurğulanır.

"Romandakı qadın xarakterlərinin arada qalmaqları və "Ara poetikası" adlı dördüncü yarımfəsildə qadın xarakterlər fiziki xüsusiyyətləri, dil-üslub və yer aldıqları vəziyyət baxımından üç səviyyədə təhlil edilmişdir.

"Nəticə"də müəllif qənaətlərini ümumiləşdirir, iki fərqli mədəniyyətə malik xalqın əsərlərində problemi eyni olan qadın xarakterləri, gerçək dünyası, yazıçılarının qadına münasibəti, zaman faktorunun məsələyə fərqli münasibət formalaşdırmağa təsiri, qadının həyatda ən son məqsədin sevgi və ya evlilik olduğunu göstərən, haqlarını müdafiə edən əsərlərdə yanaşması mücərrəd, səthi olmuş kişi yazıçılar və qadının vəziyyətini daha konkret bildirən, problemlərinə dərindən toxunan, yanlış formalaşan "qadınlıq" qavramını tənqid edən, qarşılaşdıqları dəyər məhkəmələrindən yararlanıb qadınların üstündə hakimiyyət qurmaq istəyən kişiləri, ailə mənsublarını və cəmiyyətin yanlışlıqlarını tənqid edən qadın yazıçıların əsərlərində qadına fərqli münasibəti, mövzu ilə bağlı digər məsələlərə dair qənaətlərini bildirir. Qadın yazıçıların toxunduğu məsələlərin zaman keçdikcə dəyişdiyi, patriarxal ideologiyanı tənqid edərək qadının haqq və dəyərini qorumağa çalışdığı, öz dəyərini yenidən kəşf etməyə, ictimai səviyyədə özünüdərkə yönəldiyi bildirilir, qadın yazıçıların gələcək vəzifələrinə diqqət yönəldilir.

Haqqında bəhs etdiyimiz qadın xarakterini açan, mübarizə və inkişaf yolunu əks etdirən, cəsarətli olmağa səsləyən kitab ədəbi ictimaiyyətin diqqətini cəlb etməkdə, feminist ədəbiyyat araşdırmaçıları üçün zəruri vəsaitə çevrilməkdədir.

İlahə DADAŞOVA
Filologiya üzrə fəlsəfə doktoru

 





05.02.2021    çap et  çap et