525.Az

Neft quyusu - ovuclarım - Allahşükür Ağadan yeni şeirlər


 

Neft quyusu - ovuclarım - <b style="color:red">Allahşükür Ağadan yeni şeirlər </b>

Məni bağışla

Yadına gəlir,
Mənim gözlərimin rəngi
On il bundan öncə necəydi?
Yadına gəlirsə - məni bağışla.

Əllərin əlimi unutmayıbsa,
Məni ürəyinə
Əlin xatırladırsa -
Yenə məni bağışla.

Deyirlər, əllər
Yazdığı məktubu unuda bilmir.
Nə qədər üzüklər taxılsa ona,
Üzüklər barmağı aldada bilmir,
Üzük ürəyini əzirsə - məni bağışla.

Mən qocalıb getdim,
Mənə əlvida,
Hələ də gözlərin baxçada
Məni gəzirsə - məni bağışla.

Mən qocalıb getdim,
Getdim ki, yenidən gəlim,
Xahiş eləyirəm,
Sən məni sevmə,
O dünyada da
Mən səni tanıya bilim.

Quşlar və mən

Quşlar darıxdığından
Uçdular,
Mən də darıxdım,
Şeir yazdım...

Quşlar qanadlarıyla
Göyü təmizlədi,
Mən də sevdim,
Qəlbimin
Aynasını sildim.

Quşlar lələklərini saldılar,
Mən də kitab çap elədim,
Sən oxuyasan deyə.

Quşlar yuva qurdular,
Mən də yuvalarının altında
Dərin bir nəfəs aldım,
Sən dincələsən deyə.

Səhərisi quşlar görünmədi,
Və mən də öldüm,
Məni axtarasan deyə.

Çəpəri yıxırsan yaraşığınla

Gözü yuxudan bulaşıqlı,
Ayağı kol-kosdan sarmaşıqlı,
Haylı-küylü, qarmaqarışıqlı,
Ayağı səkilli, it,
Üz-gözü şəkilli it,
Sən ölsən,
Kəndimiz öləcək, ölmə.

Kəndimizi sən oyadırsan səsinlə,
Çəpəri yıxırsan
Yaraşığınla.
Sən lap gözəl olursan
Zəncirin dolaşığıyla,
Ulamağınla Ayı
Yuxarı qaldırırsan,
Sən ölsən,
Ay yerə düşəcək, ölmə.

Qarın üstündəki ayaq izlərin,
Özündən qabaqda olur həmişə.
Yad kimi qoxlayırsan
Ayaq izini,
Bir az qayıdırsan,
Sanki keçmişə.
Ayaq izlərini gün əritmədi,
Vaxt əritdi,
Zəncir səni öldürmədi,
Zəncir səni diriltdi,
Zəncirini yaxşı qoru,
Heç vaxt onu itirmə,
İtim!

Əsgər

Davanın şirin yerində
Qarşı təpədən
Bir əsgər qəfil
Papağını atdı göyə,
Biz hələ səngərdəydik,
Osa özünü vururdu göyə.
Qaça-qaça,
Uça-uça gəlirdi,
Ağlayırdı,
Gülürdü.
Çıxarıb pencəyini
Yağışın ağzına atdı.
Əynində nə vardı
Hamısını islatdı,
Gölməçəyə uzandı,
Palçıqda batdı.
Nə vardı əynindən
Çıxarıb palçığa atdı.
Bir dəri qaldı, bir sümük,
Bir də ağzında səs.
Qaçırdı bizə tərəf,
Biz nə bilək, nə deyir,
Gah yıxılır,
Gah yüyürür,
Gah yeriyir.
Ağzında bir səs qalıb
Bir dənə də söz,
Müharibə qurtardı! - dedi.
Başladı oynamağa
Ay alagöz, alagöz...
Oğulsansa, gəl buna döz.

Nə ovçu, nə dovşan

Dovşan balalarını
Torpağın altına basdırıb gedir,
Əgər qayıtmasa... göz yaşı.
Kim açacaq balaların qapısını,
Kim deyəcək onlara ananız...
Göz yaşı...

Heç bilmirəm necə bölüm,
Dovşan ölsün, yoxsa ovçu?
Ovçuya da göz yaşı,
Dovşana da...

Qalmışam ovçu ilə
Dovşanın arasında,
Tanrım, ikisini də xilas elə
İkisinə də göz yaşı.

Dovşan, yovşan, qış,
Barıt, tüstü, quş,
Yuxum gəlmir gecələr
Göz yaşımdan asılmışam,
Kaş ki, bu dünyada
Nə ovçu olaydı,
Nə də ki dovşan...

Neft quyusu - ovuclarım

Ovuclarımı çox sevdim,
İçində bir doyumluq su saxlayanda,
Yanaqlarımı
Ana nəvazişiylə,
Qucaqlayanda.

Oğlumun ayaqları,
Ovuclarıma sığanda.
Oğlum böyük həvəslə
Ovuclarımı açmaq istəyəndə.

Gəlib içsəydilər,
Ovcumda quşlara su saxlayardım,
Ölməyimi bilə bilsəydim,
Ən çox ovuclarım üçün
Ağlayardım.

Dovşanlar ayaqlarını versəydilər,
Ovuclarımda qızdırardım...
Mən indi
Yaşlandıqca ovcumu
Neft quyusutək qazıram.

 





05.02.2021    çap et  çap et