525.Az

Köç - Fidan Malik Göyçədən yazır


 

Köç - <b style="color:red">Fidan Malik Göyçədən yazır </b>

Köç. Ağıla ilk olaraq yol, təzə ünvan, köçmək gəlir. Bəzən xoş əhval yaradır, bəzən pis. Əlbəttə, hara, necə və nə üçün köçməkdən asılıdır.

Görəsən, insan həyatı boyunca neçə dəfə köç edə bilər?.. Eldən-elə, obadan-obaya, vaqonlardan çadırlara, dost-tanış evindən qohum-qardaşa, kənddən-kəndə, şəhərdən-şəhərə. Bəzən üzünə xoş baxılar, bəzən xor. "Mənim bilirsizmi, necə yurdum-yuvam vardı", hayqırmaq istəyər, amma qəhərlənər, sözlər boğazında düyünlənər. Gəzdiyi hər obada, hər eldə, gördüyü hər ağacda, hər güldə öz elinin ətrini arayar. Hətta küləyə belə qulaq kəsilər. Sanki onun vıyıltısında da doğma bir səs eşitmək istəyər ki, o yerləri nəfəsi gəldikcə unutmasın. Bir də görə bilmək, torpağına toxunub, suyundan içmək, günəşinə qızınmaq ümidilə hər gün ürəyi döyünər, durar.

El-obanın da taleyi insan kimi yaranandan bəlli olarmış. Oğuz türklərinin əzəli, əbədi yurdu, aşıqların beşiyi olan, xalqına çox sayda dəyərli simalar bəxş edən, füsunkar təbiətli, neçə qətliama, təcavüzə məruz qalmış, əhalisi yüzilliklər boyu məcburən və kütləvi zorakılıqla deportasiya edilmiş başıbəlalı Göyçə mahalı kimi...

Göyçə mahalı 1747-1828-ci illərdə (indi Ermənistan adlandırılan) İrəvan xanlığının mahalı olub, Sovet hakimiyyəti illərində Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər kimi inzibati rayonlara bölünən, Göyçə gölünün sahilləri boyu geniş torpaqları əhatə edən, 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı bir ərazi idi. Əhalisi bir zamanlar əsasən əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və bağbançılıqla məşğul olub, Azərbaycan ədəbiyyat və mədəniyyətinə qiymətli töhfələr bəxş edib, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban kimi saz-söz ustadları yetişdirən Azərbaycan aşıq sənətinin beşiyi sayılıb.

1822-1832-ci illərdə 100-dən artıq yaşayış məntəqəsindən ibarət mahalın əhalisinin 98 faizi (14354 nəfər) azərbaycanlılardan ibarət olub. Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi bir çox yer-yurd adlarına "Kitabi-Dədə Qorqud"da rast gəlinir. Qədim gürcü mənbələrində Göyçə Qelakuni kimi qeyd olunub, həm göl, həm də dağ adını bildirir. Keçən əsrdə Göyçə gölü hövzəsində, onun cənub sahilində əhalisi azərbaycanlılardan ibarət olan Göbqran kəndi tapılıb ki, "Qelakuni" adı çəkilən Urartu yazısı da məhz bu ərazidə aşkarlanıb. Göyçə və Zəngəzur bölgələrində qayalarda tapılmış və eramızdan əvvəl VIII əsrə aid olan Urartu dilindəki kitabələrdə qeyd olunmuş "ölkə" adları (Aydaşan, Qelakuni, Kuarli, Elar və s.) ilə XIX əsrdə və son vaxtlara - 1988-ci ilədək Ermənistanda azərbaycanlıların yaşadıqları Adyaman, Kurikənd, Elicə, Qulican, Kəbqıran, Elar və s. məntəqə adlarından yalnız kiçik fonetik dəyişikliklərlə fərqlənirlər. Etnoqraf, tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayev bu toponimlərin Göyçə ərazisində yerləşdiyini və Göyçənin ən azı 2800 yaşı olduğunu tarixi faktlarla sübuta yetirib.

Publisist, jurnalist Salman Vilayətoğlunun mülahizəsinə əsasən, "4-5 min il öncə Misirdən Tibetə qədər böyük bir coğrafi mədəniyyət yaymış Oğuz türklərinin leksikonunda "Göyçə" kəlməsi "Səmavi varlıqlar yurdu" anlamına gəlir. Rus və erməni mənbələrində "Göyçə" Göyçay kimi qeyd olunur. Yəni "göy çay". Deməli "Səmavi çay, su". Yəni "səmavi çayın, suyun ətrafında yerləşən yer" deməkdir. Bəlkə əhalisinin də xoşxasiyyət olması elə təbiətindən irəli gəlir.

Göyçə mahalı cənubdan Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır. Mahalın tamamilə dağlıq ərazidə yerləşən Aşağı Qaranlıq bölgəsinin rəngarəng çiçəkləri sanki təbiətin toxuduğu xalıya bənzəyir.

Bu torpaqların Oğuz türklərinə mənsubiyyətini bildikləri və bundan qorxduqları üçün ermənilər müntəzəm olaraq dəfələrlə yerli əhalinin sayını azaltmaq, nüfuzunu zəiflətmək məqsədilə sənəddə "könüllü", əslində isə zorla köçürmələrə əl atıblar. Beləcə, Yeni Bəyazid qəzasının Şahdağ silsiləsi ilə Göyçə gölü arasında yerləşən Basarkeçər rayonunun Zod, Yuxarı Zağalı, Çaxırlı, Qanlı, Gililvəng, Kərkibaş, Yarpızlı kəndlərinin əhalisi 1948-1953-cü illərdə Azərbaycana köçürülüb. Təkcə Zod kəndindən 100 ailə Xanlar rayonunda məskunlaşdırılıb. Vedi, Zəngibasar, Qəmərli, Axta, Yeni Bəyazid rayon camaatı zorla deportasiya zamanı dəmiryol stansiyalarına tökülüb, həftələrlə küçələrdə, yollarda qalan qərbi azərbaycanlılar, dost-tanış, qohum-qardaş evində müvəqqəti məskunlaşmış, aclıq, əziyyət çəkiblər. Onların yerinə isə xarici ölkələrdən Qərbi Azərbaycana çoxlu erməni gətirilib. Təkcə 1946-cı ildə Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min nəfər erməni gətirilərək Qərbi Azərbaycanda yerləşdirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kvadrat kilometrə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradılıb və beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan torpaqlarının ərazisi 113.9 min kvadrat kilometr olub. 1920-ci ildə isə RSFSR-in XI Qırmızı Ordusu tərəfindən hərbi təcavüzə uğraması nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb və Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican mahalları qanunsuz şəkildə Ermənistana verilib.

1918-1920-ci illərdə Göyçənin 95 kəndi tamamilə dağıdılıb, 95 kənddən 28-i tamamilə silinib, 18 kənd isə tam erməniləşdirilib. 1919-cu ilin aprelin 13-dən 20-nə qədər quldur erməni Andranikin başçılıq etdiyi dəstə Şişqaya kənd əhalisinin əksəriyyətini barışıq adı ilə aldadaraq mal tövlələrinə doldurub vəhşicəsinə yandırıb. Sağ qalan əhali qətlə yetirilib, az bir hissəsi kənd yaxınlığındakı dağlar vasitəsilə qaçqın düşüb, Şəmkir, Gədəbəy rayonlarında məskunlaşıb, 1921-ci ildə yenidən güclərini toplayıb doğma yurdlarına qayıdıblar.

1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında onlardan 22 kənd apreldə olmaqla, 84 müsəlman kəndi dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağı, Qaraiman, Kəsəmən, Baçkənd, Bala Mirzə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir".

1826-1829-cu illərdə erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında həyata keçirdikləri soyqırım zamanı Basarkeçərin azı min illik tarixi olan Ağkilsə kənd əhalisi kütləvi qətliama məruz qalır. Sağ qalanlar isə o qədər az olurlar ki, kəndi bərpa etməyə gücləri çatmır.

1918-1919-cu illərdə isə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçənin var-yoxu talanıb, əhali öz dədə-baba yurdunu tərk edib yenidən başqa yerlərə köçməyə məcbur olub. Elliləri ilə eyni taleyi yaşayan ustad Aşıq Ələsgər də erməni quldurlarının törətdiyi soyqırımlar nəticəsində qaçqın-köçkün həyatı yaşayıb. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdıb və ömrünün son illərini doğma kəndində həm xalqına, həm də ailəsinə üz verən faciələrdən dolayı dərin hüzn içində başa vurub.

1988-ci ilin sentyabr-oktyabr aylarında erməni millətçiləri ardı-arası kəsilməyən mitinqlər keçirir, bu bölgələrdən türklərin çıxarılmasını tələb edirdilər. Evlərə od vurulur, insanlar işgəncə ilə qətlə yetirilir, qadınların sinəsinə xaç çəkilir, uşağa, qocaya rəhm edilmirdi. Bu ərazilərdə iqtisadi blokada davam etdirilir, SSRİ rəhbərliyi isə bu olanlara ya laqeydcəsinə yanaşır, ya da bilərəkdən göz yumurdu.

1988-ci ilin noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin sessiyası öz işini yarımçıq dayandıraraq, bütün stansiya rəhbərlərinə "noyabr ayının 28-dək respublikanın türklərdən təmizlənməsini təmin etmək" tapşırığı verir. Ermənistanda azərbaycanlıların çıxarılması üçün son hazırlıq işlərinə başlanır. Yüzillər boyu həyata keçirilən "Türksüz Ermənistan" planının son mərhələlərinə start verilir.

29 noyabr 1988-ci il Daşnak terror qruplarının təzyiq və təcavüzlərinə davam gətirməyən Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi itki verərək, sobalarının üstündə isti yeməklərini, tövlədə mal-qaralarını tərk edib, evlərinin qapı-bacasını açıq qoyub qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı olurlar. Yaşlı, qadın və uşaqların çoxu yolda soyuqdan tələf olur. Əhalinin çoxu 31 regiona paylanır, didərgin düşürlər. Göygöl, Goranboy, Tərtər rayonlarına, Bakıya üz tuturlar.

Təkcə elə Ağkilsə kəndindən 120 ailə pərən-pərən dağılır. Üzlərinə xoş baxılan yer də olur, kəc baxılan da. Ağır da olsa, bir gün öz yurdlarına qayıtmaq ümidilə qaçqın-köçkün taleyi yaşayan bütün insanlarımız kimi hər cəfaya dözürlər. Nəhayət, 1991-ci ildə Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndinə pənah gətirir, coğrafi iqlimi doğma Göyçələrini xatırlatdığı üçün burada qərarlaşırlar. Amma buradan da köç etməli, bu dəfə də qaçqınlıq həyatı yaşamalı olurlar. Belə ki, 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edir.

Yenə yol, yenə köç...

Köç köçə qarışır. Dərd ortağı olduqları kənd əhalisilə bərabər yollara tökülür, pərişan olurlar. Zaman, külək kimi hər ailəni bir yerə sovurub atır.

Düz 26 ildən sonra, keçən il 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri - Müzəffər Ordumuz tərəfindən Suqovuşan kəndi azad edilir. Azərbaycanın hər güşəsində insanlarımız sevincdən ağlayır. Bu gün bütün Qarabağ əhalisi qəlblərində sevinclə, səbirsizliklə vətənə qayıdacaqları günü gözləyir.

Kim bilir, bəlkə bir gün öz doğma Göyçələrinə qayıtmaq Göyçə, Ağkilsə camaatına da qismət olar. Amma bu gün Azərbaycanın müxtəlif ərazilərinə pərən-pərən dağılan bu ailələr, yenidən ən azından onlara doğma yurdlarını xatırladan Suqovuşan kəndinə qayıtmağı arzu edir ki, barı burada yenidən bir oba-el olsun, xeyrini, şərini bir yerdə qeyd etsin, şənliklərində bir sevinsinlər, bir Oğuz elini yenidən dirçəltsinlər.

 





06.02.2021    çap et  çap et