525.Az

SOS: Gündəm sənəti udur


 

SOS: <b style="color:red">Gündəm sənəti udur</b>

"Ay ağalar, bir zamana gəlibdir..." Ardını siz gətirin. XVII əsrdə Aşıq Abbas Tufarqanlının qələmə aldığı şikayət və nigaranlıq dolu bu qoşmanın ilk misrasından sonra yüz cür fikir gəlir ağıla.
 
Necə bir zəmanənin gəldiyi haqda çoxlu danışmaq və bolluca şikayətlənmək olar. Ancaq bir az dərinə getsək, yüz-yüz illər öncə elə Tufarqanlının da bunları dediyini görəcəyik. Əgər Sokrat eradan əvvəl V əsrdə: "İndiki cavanlar dəbdəbəyə alışıblar, pis vərdişlərlə seçilirlər, başbilənlərə nifrət edirlər, böyüklərə hörmətləri yoxdu, uşaqlar valideynləri ilə mübahisə edir, yeməyi acgözlüklə udur, müəllimləri bezdirirlər..." - söyləməsəydi, bütün əndişələrimizi müasirliklə bağlamağa haqqımız çatardı. Kosmosa uçuşu, ozon qatının deşilməsini, atmosferin çirklənməsini və texniki tərəqqinin əti, canı, qanı olan insandan robot yaratdığını da səbəb gətirə bilərdik. Axı, dünya sadəcə öz oxu deyil, insan, insanlıq ətrafında dövr edirsə, deməli, bütün xoşbəxtliklərin də, bədbəxtliklərin də başlanğıc və sonuc nöqtəsi odur. Dünya tarixinə nəzər salanda qəribə bir qapalı dairənin şahidi oluruq. İnsan yarandığı gündən axtarışdadı, lap elə Adəmlə Həvvanın özündən başlanır bu... Bir buğdanı dadmaq cəsarəti  cənnətdən qovulmaqla nəticələnibsə, sonrakı nailiyyətlərin fəsadları daha ağır olub. Soyuqdan canını qoymağa yer tapmayan insan ildırımdan od götürüb, ocaq qalayıb isinib, amma tezliklə bundan silah da düzəldib, elektrikin yaranmasıyla dünya zülmətdən qurtulub, ancaq bu, həm də işgəncə "kətilində" gen-bol istifadə edilib. Bütün böyük və faydalı kəşflərin əks təsiri var, bir sözlə... Sanki dünya inkişaf etdikcə, qabağa getdikcə özü-özünü tənzimləyir, içərisindən yeyir, azaldır, tükəndirir. Zaman durmadan qabağa gedir, hər yeni doğulmuş körpənin adına bank hesabı açılır ki, xalqların sayı azalmasın, amma bir əsrə sığan müharibələrin, terror hadisələrinin nəticəsində yüzlərin, minlərin ölümü də adi, sadə gedişat kimi qarşılanır. Paradoksların, təzadların, tərsəməzhəblərin içərisində itib-batıb dünya. Lakin daha dəhşətlisi bu dövrün adamının bunların arasında özünü itirməsidir. Yer kürəsinin sürəti ilə insan təfəkkürünün və texnikanın sürəti yarışa çıxıblar sanki. Və bu gün görünən odur ki, insan məğlub vəziyyətdədir.

Əslində, bunlar çox, lap çox deyilib, müzakirə olunub, yazılıb... Və səmavi kitablardan başlayıb, folklordan keçib, klassiklərə baş vurub çağdaş mətnlərə gəlib çıxanda eyni dərdlərin, oxşar mövzuların necə təkrarlandığı açıq-aydın görünür. Sanki bütün sualların cavabı var; deyilib, yazılıb, gələcək nəsillərə mesaj olaraq göndərilib. Amma nədən bu yazılanlar dünyanı düzəltmir, dəyişmir, sakitləşdirmir, sabitləşdirmir? Bəlkə oxuyan azdır, ona görə?

Görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes yazırdı ki, ədəbiyyat olmasaydı da, dünya zərrəcə dəyişməzdi. Elə deyildiyi gündən bu fikir mübahisə mövzusudur. Ədəbiyyat, sənət var və biz onun olmayacağı təqdirdə dünyanın necə bir şəkildə dövr edə biləcəyini yalnız fərziyyə kimi ağıla gətiririk.

Korney Çukovski "Mənəvi savadsızlıq haqqında" adlı məqaləsində deyirdi: "Axı insan elmi və texniki sahədə nə qədər uğur qazansa da, güclü ədəbiyyat, poeziya, musiqi, rəsm sənəti aludəçiliyi olmayıbsa, bu emosional təlimi keçməyibsə, qəlbi həmişə eybəcər qalacaq. Belə adamlarla elə ilk tanışlıqda mən onların dəhşətli nöqsanını -  psixikalarının miskinliyini, "kütqəlbliliyini" (Hersen ifadəsi ilə) hiss edirəm. Sənətə aid estetik heyranlığı yaşamadan gerçək mədəni insan olmaq mümkün deyil. Bu ali hissləri daşımayan adamın siması da, səsi də ayrı cürdür. Əsl mədəni adamı mən intonasiyasının elastikliyindən və zənginliyindən tanıyıram".

İnsan xarakterini, mahiyyətini 2-5 yaşlı uşaqları qəribə sözləri ilə ifadə edən Çukovskinin bu fikirləri də xeyli düşündürür. Həm də Markes "nəzəriyyəsinin" davamı kimi... Bir daha təkrar edirəm, bəlkə yazılanlar - daha çox da bədii ədəbiyyat oxunmadığı, rəflərdə toz basdığı üçün effektsizdir?!

Misal üçün, dünya XXI əsrdə hələ də xəstəlikdən "təəccüblənirsə", virusun əlində acizdirsə, deməli, hazırlıqsızdır. Amma Allah yerə göndərdiyi elə ilk kitablardaca xəbərdarlıq etmişdi, axı: "Bütün bəlalar biri o birinin ardınca baş verəcək - bütün xalqlar və torpaqlar bu bəlalarla üzləşəcəklər. Vəba, aclıq, quraqlıq, zəlzələ hər yerdə olacaq. Bu fəlakətlər bir-iki günə bitmədiyi kimi, bir-iki yerdə də olmayacaq. Əksinə - fəlakətlər daha böyük ərazilərə yayılacaq və getdikcə daha da sərt olacaqlar. Eyni zamanda, bir-birinin ardınca həşəratların yaydığı epidemiyalar yaranacaq və hannibalizmin təzahürləri hər yerdə yaranacaq. Bu, mənim məhkəməmdir".

Image result for scream munch

Yevanqeliyadan gətirdiyim bu parçanın elə 21 əsr yaşı var ey... Bundan sonra dünyaya bəxş edilmiş səmavi kitabların hər birindən anoloji proqnozları tapa bilərik... Məncə, xalq da folkloru gələcəyə mesaj kimi yaradıb; yunanların "İlliada", "Odisseya"sı, hindlilərin "Mahabbarata", "Ramayana"sı, rusların "İqor Polku dastanı", qırğızların "Manas"ı, türklərin "Kitabi Dədə Qorqud"u sadəcə istedadlı millətlərin yaradıcılıq nümunəsi deyil, həm də həyəcan təbilidir. Amma və lakin... Nəticə odur ki, insan hələ də tanımır özünü, özünüdərk prosesindən keçə və qurtula bilməyib çağdaş Homo Sapiens. Və bu günün mənzərəsindən aydın olur; müasir adam keçmişi oxuyub, öz ədəbiyyatından, tarixindən nəticə çıxarıb, böyük vətən - qlobal dünya (necə istəyirsiz adlandırın) vətəndaşı kimi yaşaya bilmir... Sadəcə oxumur ona görə. Qorxulu olan da budur ki, texnologiyalar, internet, şəbəkələşən münasibətlər sistemi "gündəm" dediyimizin diktəsi altındadır. Qeybət, dedi-qodu, neqativ püskürmələri "leqallaşıb"... Hər kəs siyasi, sosial, psixoloji analitik olub və bu qatmaqarışıq aləmdə tumunu çırtlayıb, serialına baxıb telefonunda beş-on şərh yazan, orta məktəbi zorla bitirib qonşu kəndə ərə gedən filankəs arvadla mütəxəssislər, ziyalılar, fikir adamları eyni cür işarələnib, yan-yanaşı dururlar... Bütün bu problemləri danışdıqca, yazdıqca çıxışı tapılmaz olan labirintin dolanbaclarında başağrısı tutur adamı.

Təbii, burda bir mərkəz xətti, qızıl orta da gözlənilməlidir... Yəni başını qaldırmadan kitablara taxılıb, gecə-gündüz oxuyub real həyat sevinclərindən uzaq düşən adamdan nə Molla Pənah olar, nə də Adam... Ancaq bu gün böyük əksəriyyət kitabdan yüz kilometr uzaqdı və heç öz həyatını da yaşamır... Sadəcə azarkeşdi, müşahidəçidi, açar deşiyindən kiminsə ömrünü güdəndi... Bütün bunlar ümidsizləndirir! Amma mən yenə də bir məsələyə diqqət çəkməklə sənətin xilasedici gücünə inanmaq istəyirəm. Bu gün kütlənin, əksəriyyətin qeybəti işə-peşəyə çevirməsi, öz gözündə tiri görməməsi, ayıbına kor olmayıb kəmlik kompleksini ayrı birini aşağılamaqla ört-basdır etməsi və nəticədə aqressiyanın boydan, mənfi enerjinin xirtdəkdən olması ciddi problemdi... Deyirlər insan başını necəsə qatmalıdı, vaxt-öldürməlidi... Bəli, çağdaş adam vaxt qatilidir... Amma mən soruşmaq istəyirəm:

- İki nəslin düşmənçilik etməsi, amma bu ailələrə aid gənclərin bir-birini sevməsi aşağı məhəllədə müzakirə oluna bilərmi?

- Ərindən, ailəsindən və bütün dünyadan bezmiş qadının intihar etməsi kimi bəd xəbərləri hər gün nə qədər oxuyuruq?

- Qovuşa bilməyib xəstəlik tapan, havalanan, başı xarab olan adamlar azdırmı bu günün özündə də?

Bu siyahını çox uzatmaq olar və belə formada yazanda ən ucuz dedi-qodu təsiri bağışlayır, məişət hadisəsinə bənzəyir. Amma bu mövzularda Şekspir, Tolstoy, Füzuli yazıb... Deməli, o ucuz müzakirələr, qalmaqallar, qeybət səviyyəsində olan "gündəm" sənətə çevrilincə saflaşır, mənalanır, savaba çıxır... Və bəlkə əslində, çoxluq-kütlə bunları oxusa, başqa cür yanaşar - sevənlərə, intihar edənlərə, əqidəsindən dönməyənlərə?! Axı sənət insanı öyrədən, ən qəliz və qəribə, ən çətin və dözülməz cəhətlərini anladan yeganə elmdir... Və bu günün insanı Culyettanı, Leylini, Madam Bovarini, Annanı, Miss Düsseldorfu, Şirini, Fitnəni, Nüşabəni tanımadığı üçün Qadının mətbəxdən kənar bir çox  hərəkətlərini biabırçılıq kimi yozur... Bir də insan təbiət etibariylə tənbəldi, zəhmət çəkmək, anlamağa çalışmaq, dərinliyə getmək qınamaqdan qat-qat çətindir... Və çətindirsə, pultu qoyub, planşeti əlinə alan, onu kənara atıb telefonla əl sıxan adam yüzlərlə səhifəni niyə çevirsin, beynini nə üçün yorsun ki... Görünür, elə ən ciddi və təhlükəli məsələ insanların, insanlığın canını rahat istəməsidi.

Lap əvvəldə bütün yazılanların təkrarlanması və problemlərin çoxdan qələmə alındığını dedim... Elə bu yazdıqlarım da yeni deyil! Və mənim xoruz səsi eşitməmiş nə isə bir söz demək niyyətim də yoxdur! İntəhası gəmiçilər sayağı SOS siqnalının məqamı olduğunu yaxşı başa düşürəm. Morze əlifbası ilə, işarələrlə göndərilən SOS xəbərinin açması maraqlıdı. Gəminin təhlükədə olmasını, batmağına az qaldığını görən heyət SOS deyib həyəcan siqnalı göndərirmiş. İngiliscə - SAVE OUR SOUL - yəni "Bizim ruhumuzu xilas edin" - anlamı verir... Necə də yerinə düşür. Sənətin, ədəbiyyatın, kitabın gündəmə uduzduğu, sosial şəbəkə fenomenlərinin qabağına sadəcə bir stəkan çay qoyub ağzını marçıldadaraq danışıb yüzlərlə adamı məşğul etdiyi məqamda batan gəmimizi xilas üçün SOS desək, nəticə verərmi?! Bəlkə elə özümüzdən başlayaq?! Sən bu gün telefonunu iki-üç saatlıq kənara qoyub Leyli ilə, ya da Kerri bacı ilə tanış ola bilərsən?! İnanın mənə, onlar plastik cərrahların ucuzvari yaradıcılığı olan və telefonun ekranına yerləşməyən silikon ledilərdən qat-qat maraqlıdırlar!..

 





06.02.2021    çap et  çap et