|
|
|
|
İnsan həyatı teatr səhnəsini xatırladır. Pərdənin arxasında baş verənlərlə tamaşaçı seyr edən hadisələr heç vaxt uzlaşmır.
Eyni zamanda, tamaşaçı həmişə Hamleti, İsgəndəri, Aydını ayaq üstə, dayanmadan, dəqiqələr uzunu alqışlayır, xidmətçilər isə ötəri görünürlər. Bəzi insanların həyatı da belədir, bəzən çox böyük fədakar olsan da, ömrünün baş obrazına çevrilə bilmirsən. Nənələrimizin bu barədə özlərinə məxsus mifik görüşləri var. Onlar deyirlər ki, Allah bəxt, xoş gün-güzəran paylayanda hamı növbəyə durubmuş, bədbəxt adamlara bu pay qismət olmayıb. Həyat yolu keşməkeşli olan və hələ də sıxıntılar içərisində ömür sürən, səhnəmizin "Ərəbzəngi"si - Əməkdar artist Sahibə Əhmədova da belə sənətkarlardandır...
"Yaddan çıxaran yaddan çıxar" deyib babalarımız. Bəlkə də, müasir musiqimizdə olan boşluqların səbəbi də elə budur. Buna görə də, tez-tez özümüzə sual verməliyik: "Biz kimləri və nələri unutduq?!" Əsl musiqisevərlər, xüsusən, muğam dinləyiciləri Sahibə xanımı çox yaxşı tanıyır və onun adı gələndə bəziləri Sahibə Əhmədovanın dünyadan köçdüyünü düşünür, bəziləri isə sənətinə qiymət verilmədiyi üçün dərin köks ötürür. Dünyadan köçdüyünü zənn edənləri qınaya bilmərəm. Axı telekanallar Sahibə xanımı yox, reytinqi olan insanları dəvət edirlər. Elə bu reytinq "xəstəliyi" televiziyamızı şikəst qoymadımı?!
Sahibə Əliqulu qızı Əhmədova 1956-cı il yanvarın 11-də Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Ağcabədi muğam ifaçılığı sənətimizə Yaqub Məmmədov, Qəzənfər Abbasov, Səfa Qəhrəmanov, Sabir Novruzov kimi sənətkarlar bəxş edib. Sahibə xanım da bu ab-havada, klassik musiqimizə bağlı ruhda boya-başa çatıb. Onun ilk müəllimi öz əmisi oğlu, Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının xanəndəsi Sabir Abbasov olub. Sahibə xanım uşaqlıqdan rayonun kütləvi-mədəni tədbirlərində çox sıx iştirak edirmiş. Sahibə Əhmədova 1975-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun muğam şöbəsinə daxil olur. Nəriman Əliyevin sinfində muğamın sirlərinə yüksək səviyyədə yiyələn xanəndə qısa zamanda öz şaqraq, zənguləli və geniş diapazonlu səsi ilə muğam aləminin marağını cəlb edir. Qızıl fondun yaddaşında Sahibə xanımın ifa etdiyi "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-Kürd", "Qatar", "Şahnaz" dəstgahları, "Simayi-Şəms", "Arazbarı", "Qarabağ şikəstəsi" zərb muğamları, neçə-neçə xalq və bəstəkar mahnıları qorunub saxlanılır. Təəssüf ki, radio dalğalarda, efirlərdə, demək olar ki, bu ifaların heç biri xalqa təqdim olunmur.
Sahibə Əhmədovanın "Opera və balet" teatrına gəlişi o dövr üçün çox əlamətdar hadisə idi. Opera səhnəsində yeni nəfəsə ehtiyac vardı. Görkəmli tarzən Bəhram Mansurov musiqi kollecində Sahibə Əhmədovanın səsini eşidən kimi deyibmiş ki, bu qız mənim axtardığım obrazdır, ondan çox yaxşı "Ərəbzəngi" olar. Bəhram müəllimin təklifi ilə Sahibə Əhmədova opera sənətinə qədəm qoyur. Sahibə xanıma qədər Həqiqət Rzayeva, Simuzər Hətəmova, Gülxar Həsənova "Şah İsmayıl" operasındakı "Ərəbzəngi" rolunu canlandırmışdı. Amma Sahibə xanımın ifası ilə "Ərəbzəngi" obrazı xalq qarşısında yeni vəsiqə qazana bildi. Sahibə xanıma hələ Ağcabədidə olarkən "Ərəbzəngi" deyə müraciət edirlərmiş. Sahibə xanım teatrda operanın librettosu ilə tanış olandan sonra başa düşür ki, ona niyə belə müraciət ediblər. Həqiqətən, o, kişi xarakterli, cəsur, dönməz, mərd qadındır. Eyni zamanda, Sahibə Əhmədovanın səsi kişi səsinə çox bənzəyir. Teatra təzə gələn vaxtlar onun bu xüsusiyyəti hamını çox təəccübləndirir. Vaxtilə bir çox ifaları yoxa çıxsa da, yaxşı ki, həmin "Şah İsmayıl" operası 1978-ci ildə Azərbayan televiziyası tərəfindən lentə alınıb. Şah İsmayıl obrazını Xalq artisti Canəli Əkbərov ifa edib. İki sənətkar səhnədə, sözün əsl mənasında, xariqələr yaratmağı bacarıb.
Bəhram Mansurovun layiqli davamçısı, uzun illər Opera və Balet Teatrında fəaliyyət göstərən Əməkdar artist Elxan Mansurov Sahibə xanım haqqında düşüncələrini bölüşərək dedi: "Mən Sahibə Əhmədovanı çoxdan tanıyıram. Çünki o, həmişə bizim evə gəlib-gedən adam olub. Artq 50 ildir ki, teatrda çalışıram. Onun bütün ifalarının, teatra necə yanaşmasının şahidiyəm. Sahibə Əhmədova kimi insan, belə bir səsə malik olan müğənni tək-tük hallarda olur. Ən əsas iki rolu var ki, onları mütləq qeyd eləməliyəm. Biri "Ərəbzəngi" obrazıdır, biri də Leylinin anası. Ən güclü "Ərəbzəngi" Gülxar Həsənova idi. Mən elə bilirdim ki, Gülxar xanımdan sonra bu rolu heç kim elə oynaya bilməz. Yeganə insan Sahibə Əhmədova idi ki, atam onu hazırlayıb səhnəyə çıxarandan sonra o, Gülxar xanım kimi Ərəbzəngini mükəmməl oynaya bildi. Sahibə xanım oynadığı obrazları çox yüksək səviyyədə yarada bildi. Bu da onun peşəkarlığından irəli gəlir. Sahibə Əhmədova səhnənin fanatı idi. Mən çox heyifsilənirəm ki, o, səhhəti ilə bağlı səhnədən getdi. Allahdan ona cansağlığı arzu edirəm..."
Sahibə xanım Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qəribin anası, Ş.Axundovanın "Gəlin qayası" operasında Camalın anası, R.Mustafayevin "Vaqif" operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib.
Onun sənəti ilə insani kefiyyətləri bir-birini tamamlayır. Hansı sənət yoldaşı ilə onun barədə söhbət etdiksə, çox müsbət danışdılar. Sahibə xanım peşəkarlığından əlavə, öz kollektivinin sevgisini qazanan sənətkardır. Neçə illər teatrda Sahibə xanımın tərəf-müqabili olmuş Xalq artisti Gülyaz Məmmədova onun haqqında hərarətlə söz açdı: "Mən teatra 1992-ci ildə gəlmişəm. Sahibə xanım məni görən kimi tanıdı. Elə ilk vaxtlardan münasibətimiz yaxşı oldu. Sahibə xanım sənətə bağlı bir nəslin nümayəndəsidi. Oynadığım tamaşaların əksəriyyətində mənim anamı Sahibə xanım canlandırıb. Sahibə xanım obraza elə girirdi ki, sanki onu yaşayırdı. Mən şəxsən onun "Ərəbzəngi"sinin şahidi oldum. Çox təbii oynayırdı. İndi "Ərəbzəngi"lər çıxır səhnəyə, bilirsən ki, kişi paltarında qadındır. Amma Sahibə xanımda bu, bilinmirdi. O, tamaşaçını təəccübləndirməyi bacarırdı. Mən Sahibə xanımdan sonra ikinci bir elə "Ərəbzəngi" görə bilmirəm. Sahibə xanımın qayğısına qalmaq lazımdır. Bütün obrazları bir yana, təkcə "Ərəbzəngi" obrazına görə ona ən böyük mükafatlar verilə bilər".
Sahibə xanımla tərəf-müqabili olan insanların əksəriyyəti layiqli şəraitlə təmin edilib, mükafatlara layiq görülüb. Buna bir sözümüz yoxdur, hamısının sağlığına qismət. Amma bu gün Sahibə xanım kimi sənətkarın çətin güzəran keçirməsi, şəraitsiz qalması ürəkağrıdan haldır. İllər öncə Əməkdar jurnalist İradə Tuncay Sahibə xanımla qısa videoreportaj hazırlamışdı və orada belə deyirdi: "Nə təmtəraqlı, bər-bəzəkli geyimləri olub, nə parlaq, gözqamaşdıran gözəlliyi, nə də arxasında duracaq güclü adamı. Səsi olub, hamıdan fərqlənən, zil guşələrə qalxa bilən unikal səsi".
Sahibə xanımın diqqətdən kənarda qalması opera sənətinə meyl edən gəncləri ruhdan sala bilər. Çünki belə bir fikir formalaşıb: "Yaxşı yaşamaq istəyirsənsə, mütləq toy müğənnisi olmalısan". Bəs sənət, bəs sənətə fəda olan bu keşməkeşli ömür?! Bu sualların cavabını tapmaqda aidiyyatı qurumlar Sahibə xanıma yardımçı ola bilərlər. Ev, mükafatlar bir yana, bu gün onun səhhəti heç yaxşı deyil. Onun bu dardan qurtulması üçün hər birimizin üzərinə bəlli vəzifələr düşür. Allahdan sənətkarımıza şəfa, özümüzə isə insaf diləyirəm!