525.Az

Acı taleli qız - Telman Orucovun yazısı


 

Acı taleli qız - <b style="color:red">Telman Orucovun yazısı</b>

(Əvvəli ötən şənbə sayımızda)

Əxlaqsız qadınların başının üstündə daim yaşa dolmaq, cazibədarlığı itirmək, qocalmaq timsalında Damokl qılıncı durur. Tiran Dionnisinin pritçasında o, at tükündən asılmışdı, bizi isə yalnız təsadüf adlanan nazik sapdan asılmış qılınc məhv edə bilər. Hətta fahişələri qətlə yetirənlərin nə vaxtsa ağır cəza aldığı heç kəsə məlum deyildir.

Ruhiyyə bəlkə də ilk dəfə görüşdüyü bu kişiyə hər şeyi danışmaq istəyirdi, axı heç kəs onun həyatına belə maraq göstərməmişdi, dərdini, faciəsini anlamağa cəhd etməmişdi. Ona görə də, peşələri və özü haqqında heç nəyi gizlətmək, ört-basdır etmək istəmirdi. Danışdıqlarının ona necə təsir edəcəyi, özü haqqında onun hansı bir fikrə gələcəyi də məlum deyildi. Bu cəhətləri də nəzərə almadan, fürsətdən istifadə edib, ürəyini boşaltmaq istəyirdi.  

Söhbətinə davam edərək dedi:

- Bu yola düşən cavan qızlar üçün də başqa təhlükə mövcuddur. Yaponiyada  geyşalar patronlarının, məşuqlarının hesabına yaxşı dolanırlar, hətta firavan yaşayanları da vardır. Çünki təkcə kimonoya iri məbləğdə pul xərclənməlidir. Xüsusən geyşa şagirdləri, həm də artıq müəyyən hazırlıq görmüş maykolar isə az qala yarıac həyat sürürlər, onların qazancı geyşa evinin sahibəsindən asılı olur, bu sahibələr də xəsislikləri ilə seçilir, həmin yazıq qızlara məvacib kimi qəpik-quruş verirlər. Bizdə bu rolu sutenyorlar oynayır, onlar fahişəliyə təzə başlayanlara çox az pul verirlər, hətta onları müştərisiz qoymaq yolu ilə ac qalmağa məcbur edəcəkləri ilə də hədələyirlər.

Siz Hindistandakı kastaların mövcudluğuna bələdsiniz. Ən aşağı kasta şudra hesab olunur. Onlardan da aşağı olanlar kasta adlanmasalar da, "toxunulmazlar"dır - hindlilər onlara "çandalan", Hindistanda ingilis dilində isə "untouchable" deyirlər, onlar əsasən insan cəsədlərini yığmaqla məşğul olan peşə sahibi kimi tanınırlar. Toxunulmazlarla müqayisədə şudraları da nisbətən bəxtəvər saymaq olar, çünki onlar hansısa bir işdə işləyirlər. Toxunulmazların elə dəstəsi vardır ki, onlar gündüz gözə görünsələr, onları öldürərlər. Ona görə də onlar gündüz küçəyə çıxmırlar, yalnız gecə işləyirlər. Biz də toxunulmazlar kimi, təhqirdən qorxub gündüz şəhərə çıxmaq istəmirik. Axşamlar fəaliyyətə başlayırıq, bəlkə ona görədir ki, bizə "gecə kəpənəyi" deyirlər.

Fahişəliyə, bu ordunun əsgərlərinə sizin də nifrətlə baxmaq haqqınız vardır. Bu yola düşənlər sürünü korlayan axsaq düyələr hesab olunurlar. Biz onsuz da bədbəxtik, cəmiyyətin münasibəti isə özümüzü hətta insan saymağımızı da bizə çox görür.

Yusif müəllim bu qızın etirafına diqqətlə qulaq asdı, ona yazığı gəldi və özü də daxil olmaqla başqalarını məzəmmət etməyə başladı ki, niyə bizim bu bədbəxtlərdən, onların ağır həyatından lazımınca xəbərimiz yoxdur. Əgər bir xəstəlik bizi daxildən dağıdıb məhv edirsə, biz ona niyə fikir vermirik, niyə cəmiyyətin bu bədbəxt seqmentinin mövcudluğuna gözümüzü yumuruq. Qızın danışığında məntiq güclü idi, görünür, mütaliəsi, maraqlanmağı hesabına bəzi biliklərə də yiyələnə bilmişdir.

O, Ruhiyyəyə dedi:

- Mən başa düşürəm. Sən heç də xoş günün, güzaranın nəticəsində bu yola düşməmisən, ancaq müəyyən xəstəliyə görə bu yola düşənlər də olur. Mən sənin söylədiklərinə rus yazıçısı A.İ.Kuprinin "Çuxur" povestindən tanış idim, lakin öz şəhərimizdə də belə əhvalatların geniş mövcudluğundan hali deyildim. Ancaq mən də eşitmişdim ki, bizim qızlar müəyyən pul  müqabilində ərəb turistlərinə bədən əyləncəsi göstərməklə onların qızmış şəhvətlərini söndürməklə məşğul olurlar. Sən iki böyük səhvini etiraf etdin, bu səhvlər isə səni uçuruma apardı.  Bu hadisələr baş verəndə sən özünü kəmağıl kolibri kimi aparmısan. "Kəpənək effekti" deyilən bir məfhum vardır, elə düşünmə ki, təkcə sizin peşəyə aiddir, yox, daha geniş sahəni əhatə edir. Bu vaxt edilən hərəkət başqa yerdə, güman edilməyən qaydada öz nəticəsini göstərir. Sonrakı nəticələri heç ağlına da gətirməmişdin, yalnız fəlakətlə üzləşdikdə hər şey sənə agah oldu.  

Ruhiyyə etiraz etməyə söz tapmırdı, günahlarını gizlətsə də, xeyri olmayacaqdı, onlardan qaçmaq mümkün deyildi. Başını aşağı salıb, azacıq eşidilən səslə dedi:

- Sizinlə tanışlıqda da özümü pis apardım, peşə davranışıma xas olan qaydada hərəkət etdim, axı bizim iş, adamları tanımağımızı da kütləşdirmişdir, qarşımıza çıxan digər cinsdən olan hər bir adama erkək kimi, potensial müştəri kimi baxırıq. Axı ticarətçi də malını satmaq üçün hər cür dona girir, xüsusən də bu, keyfiyyətsiz mal olanda. Ona görə də mənim üzrxahlığımı qəbul edin, bundan sonra mən ehtiyatlı olmalıyam, hamıya eyni gözlə baxmamalıyam. Ancaq gözlərimizi qınamaq da ədalətsizlik olardı, onlar daim axtarışda olduğundan çəp baxanlara çevrilmişdir. Çəp gözdən isə dəqiqlik ummaq ağılsızlıqdır.

Sonra Yusif müəllimə dedi ki, nişanlım adlandırdığım mənə ağır zərbə vursa da, özü də ağ günə çıxmadı, evləndi, uşağı oldu, bir az bundan əvvəl eşitdim ki, Nabranda dənizdə batıb ölmüşdür. Bir dostuna iri məbləğdə borcu var imiş, bir qrup oğlanla həmin adam onu plyajda çimməyə aparıbmış, sahildən guya uzağa üzəndə bu hadisə baş vermişdir.

Ruhiyyə peşələrinə məxsus  problemlərin üzərinə qayıdaraq, dedi ki, digər çətinliklərlə də üzləşməli oluruq. Təcrübəsiz, əxlaqsızlıq yoluna düşmüş yeniyetmə qızlar, xüsusən onlardan baxımlıları bir qədər sonra sutenyorların diqqətini cəlb edir və onlar, bu iyrənc adamın hörümçək toruna düşməkdən yayına bilmirlər. Axı suda batana nəinki balıqlar, hətta suiti də qənim kəsilir. Mən də belə bir əclafın tabeliyinə düşdüm, mənə özünün samurayı deyirdi, çünki samuray daim ağasının qulluğunda olmalı, hər tapşırığına itaət etməlidir. Lazım gəlsə, onun yolunda könüllü qaydada seppuku icra etməklə ölümə də getməlidir. Satqınlıq, onun barəsində kiməsə məlumat vermək ölümlə cəzalandırıla bilərdi. O, özü mənə başa salmışdı ki, həyatım yalnız ondan asılıdır, onun başına bir iş gəlsə, mən tam hüquqsuz, ağası olmayan bir adama, yaponlar, ona ronin deyirlər, çevriləcəyəm. Peşəmizin eybəcər cəhətlərinə həm də sutenyordan qorxu da əlavə olunmuşdu. Azacıq itaətsizlik əmək haqqının kəsilməsinə, döyülməyə və daha ağır cəzalara səbəb ola bilərdi. Yanan evdə alova bürünmüş adamı, uçan divarlar da bir tərəfdən əzir.

Ruhiyyə göz yaşlarını saxlaya bilməyib dedi:

- Sutenyor bizi vəhşicəsinə istismar edirdi, müştəridən aldığımız bütün məbləği ona verir, əvəzində bizə qəpik-quruş qaytarırdı. Kiçik bir narazılığımızı hiss edəndə sifətini dəyişirdi, özünü məşhur təmsildəki it damına düşən canavar kimi aparırdı, bizim namimizə hətta hər kəslə vuruşmaq barədə "qurd andı" içməyə hazır olduğunu bildirirdi. Qorxurdu ki, onun bizi əsarətdə saxladığını  hansısa yüksək vəzifəli bir müştəriyə çatdıra bilərik. O, bizi samuray itaətinə öyrətdiyinə görə onu da mən Yaponiyadakı geyşa evinin olduqca xəsis sahibəsinə bənzədirdim. Sahibə evinə yığdığı adamlara - nisbətən az dərəcədə maykolara, dözülməz qaydada isə geyşa şagirdliyinə yenicə qəbul olanlara qəddarlıqla yanaşırdı. Geyşalar isə nisbi də olsa müstəqil idilər. Çünki geyşalara vurulanlar, onların patronları meydana gəlirdi, onlar bahalı kimono geyinir, bahalı maşında gəzir, məşuqlarının hesabına firavan həyat sürürdülər, ev sahibəsi də bu cəhəti nəzərə alaraq onlardan çəkinirdi.

Geyşa şagirdləri isə bu peşəyə yiyələnmək üçün təhsil və tərbiyə aldıqları müddətdə, əslində, qul həyatının "firavanlığı" ilə tanış olurdular. Onlar, demək olar ki, yarıac həyat sürürdülər, yeganə təskinliklərini arzularında, geyşa olmaq ümidində tapırdılar. Bir neçə ildən sonra onlar təhsildə uğur qazandıqda, geyşaya namizədlik fazasına - mayko kastasına keçirdilər. Maykolar həyat tərzinə görə yeniyetmə şagirddən yaxşı mənada, geyşadan isə pis mənada fərqlənirdilər, çünki əvvəlki miskin həyatla vidalaşsalar da, hələ tam firavan həyata qədəm qoya bilməmişdilər.

Ruhiyə əlavə etdi ki, sutenyor bizi heç mayko silkinə də keçirmək istəmirdi, yalnız kiməsə varlı müştəri tərəfindən bir neçə dəfə seçilmək kimi uğurlu şans meydana gəldikdə, həmin qızla insan kimi rəftar etməyə başlayırdı, qorxurdu ki, həmin vəzifə sahibinə şikayət çatdırıla bilər.  

Ruhiyyə söhbətini qurtaranda, dərindən ah çəkdi, özü də hiss etmədən göz yaşları yanaqlarına axıb, onların parlaqlığını azacıq soldurmuşdu. Yusif müəllim hiss etdi ki, bu bədbəxt qız cavan olsa da, qoca adamların həyatına uyğun gələn dəhşətli anlardan keçmişdir. Onun tutduğu yola heç cür haqq qazandıra bilməzdi, lakin insanlıq nöqteyi-nəzərindən onu qınamaq, məhkum etmək də düzgün deyildi. Əgər buğdanı dəyirman daşları əzib, una çevirirsə, bunda yazıq dəni günahkar saymaq olarmı, axı o, öz istəyi ilə bu daşların arasına düşməmişdir. Şərait də Ruhiyyənin təbiətini amansızcasına əzmişdi, tam sağlam bir gənc qızı "şikəst qoca qadına" çevirmişdi. Yusif müəllimin bu qıza yazığı gəldi, bu xüsusiyyət isə yalnız alicənab insanlara xasdır. Hətta nifrət etdikləri adamları, düşmənlərini də, bədbəxtlikləri, onlara bəslədikləri nifrətdən böyük olanda nəinki onları bağışlayırlar, hətta öz kömək əlini uzatmağa da tələsirlər.

Ona görə də bu bədbəxt qızı başa düşdüyünü etiraf etdi. Əlavə etdi ki, heç bir çıxış yolu olmayanda, əlacsızlıqdan adam ağlasığmayan tədbirlərə də əl atır. Tarix bizə bu barədə sənin seçiminə heç cür bənzəməyən nümunələr də verir. Bakirə qız zindanda acından ölən atasını, özü barədəki ölüm cəzası təhlükəsinə da məhəl qoymadan fədakarlığı hesabına onun üstünü kəsmiş ölümdən xilas edir. Mən böyük flamand rəssamı Paul Rubensin Ermitajda nümayiş etdirilən tablosuna əsaslanıram, əsər "Romalı qızın ata sevgisi" adlanır. Tabloda arıq, ordları batmış qoca kişinin cavan qızın dolğun döşünü əmdiyi təsvir olunur. Qədim romalı patritsi Kimon rəqibləri tərəfindən zindana salınıb, ac saxlanırdı. Qızı Peroya onunla görüşməyə icazə verilsə də, dustağa hansısa qida vermək qadağan idi. Qız növbəti dəfə məhbəsə gələndə atasının acından ölüm ayağında olduğunu gördü, başqa əlac tapmadığından bakirə döşünü çıxarıb atasının ağzına tutdu. Kişi döşü sormağa başladı və onun südü hesabına özünə gəldi. Möcüzə baş vermişdi, bakirə qızın döşlərində süd əmələ gəlmişdi. Roma qanunlarına görə, insestə, qanqarışdırıcı əlaqəyə görə qız da, atası da edam oluna bilərdi. Lakin əlacsız qalan qız atasını ölümdən xilas etmək naminə məhz bu ölümcül fədakarlığa əl atmalı olmuşdu. Sonralar mən bu hadisəni həm də lord Bayronun "Çayld- Harold" poemasında oxudum. Qızın ataya sevgi timsalında baş verən qeyri-adi fədakarlıq hekayəti  min illər keçsə də yaşayır, insanlara nümunə kimi təqdim olunur. Ruhiyyəyə müraciət edərək dedi ki, sən də fədakarlıq göstərmisən, lakin seçdiyin vasitə onu bütünlüklə gözdən salmışdı.

Yusif müəllim Ruhiyyəyə müraciət edərək dedi ki, yəqin ki, sərt suallarıma görə məndən inciməyəcəksən. Dərdinə yandığıma görə belə danışmağa məcbur oluram. Sonra o, İsveç və Danimarka arasındakı müharibədən bir epizodu danışdı. İsveç əsgəri qaranlıqda bir yaralı əsgərin zarıdığını, içmək üçün ona su verilməsi yalvarışını eşitdikdə, ona dedi ki, iki qumquma pivəm vardır, ikisini də sənə verəcəm ki, içəsən, susuzluğun yatsın. Əyilib qumqumanı ona vermək istəyəndə, danimarkalı yaralı bunun düşmən əsgəri olduğunu görüb, süngü ilə onun qılçasını yaraladı. İsveçli hirslə dedi ki, səni cəzalandırmalıyam, pivənin yalnız bir qumqumasını sənə verəcəyəm, ikincisini isə özüm içəcəyəm. Göründüyü kimi, yaxşı adamın yaralı düşmənə də yazığı gəlməyə başlayır, ona kömək əlini uzatmağa çalışır.

Bu misal Yusif müəllim haqqında Ruhiyyənin gəldiyi fikri, düşüncələri daha da möhkəmləndirdi.

Sonra Yusif müəllim mentor qaydasındakı öz uzun monoloquna başladı:

- Ruhiyyə, sən ehtiyac girdabında boğulmağından şikayətlənirsən, daha ağır bədbəxtliyinin də səbəbini onda görürsən və səni dinləyən də arqumentlərinin qarşısında geri çəkilməyə başlayır, sənə az qala haqq qazandırmaq qərarına gəlir. Lakin mən saxta hesab etdiyim belə mərhəmət hissindən uzağam, axı ağır cinayəti hətta baş verdiyi şəraitin ağırlığı da yuya bilmir. Niyə sən ağlının yoxsulluğundan da şikayətlənmirsən? Sən heç də yoxsulluğu bəhanə gətirib, düşdüyün yola haqq qazandıra bilməzsən. Cinayət iqlimdən və yerdən asılı deyildir, onu törədənlər var.

(Ardı var)

 





07.02.2021    çap et  çap et