525.Az

Səksən ilin bestselleri - Türkan Turan yazır


 

Səksən ilin bestselleri - <b style="color:red">Türkan Turan yazır</b>

Dünyanın ən bəsit, ən zavallı, hətta ən axmaq insanının da, dinləyərkən adamı heyrətə salacaq möhtəşəm, əsrarəngiz hekayəsi olur.
 
Bəzilərindən qaçdığımız, bəziləri ilə bağlı qəti hökm verdiyimiz, bəzilərini isə tanımaq zəhmətinə qatlanmadığımız üçün görə bilmirik. Əslində, əksəriyyətimiz beləyik, digərləri ilə bağlı çox vaxt radikal, kəskin, kəsici, daş kimi sərt davranırıq. Kim bilir, belə etməklə neçə hekayələr qaçırmışıq. Bir neçə gün öncə oxuduğum kitab məni bu mövzuda yenidən düşünməyə vadar etdi. Daha əvvəl oxumadığım üçün gecikdiyimi hesab etdiyim, buna görə dərin peşmanlıq hissi içində olduğum bu kitab Türkiyənin böyük yazıçısı və şairi olan Sabahattin Alinin "Kürk Mantolu Madonna" (“Xəz dərili Madonna”) əsəridir. Kitabı oxuyanlar yaxşı bilir, "Kürk Mantolu Madonna" usta işi, bir klassikadır. Xüsusi incəliklə, ilmə-ilmə bir-birinə keçirilən xarakterlər, hadisələr, dönəmə işıq tutan, amma eyni zamanda, bu günə qədər yansıyan reallıqlarla dolu qurğusu, hədəfi nişan alan ruh və hal analizləri, az, amma dərin dialoqları olan bir romandır. Doğrudur, ustadın şeirləri fövqəladədir. Amma etiraf edim ki, əsəri böyük gözləntiyə qapılaraq oxumamışdım. Çünki qələm sahiblərinin həm nəzmdə, həm də nəsrdə eyni keyfiyyəti yaxalamaqları nadir olur. Birdə görürsən usta bir yazıçının yazdığı bəsit bir şeir oxucunu dərin xəyal qırıqlığına uğradır və ya əksinə... Düşünürəm ki, Sabahattin Ali bu keyfiyyətlərin hər ikisinə sahib olan nadir şəxsiyyətlərdəndir. Bunun bariz nümunəsi isə "Kürk Mantolu Madonna"dır. Yazıldığı dönəmdə ədəbiyyatçılar tərəfindən bəyənilməyən, Sabahattin Alinin öldürülməsindən sonra az qalsın tamamilə unudulan əsər bu günün özündə belə bestsellerdir. Romanın macərası 1940-41-ci illərdə "Hakikat" qəzetində çap edilməsi ilə başlayır. Lakin həmin vaxt Sabahattin Alinin müəllif hüququ pozulur, qonorarı ödənilmir və baş redaktorla arasında çaxnaşma başlayır. Redaktor romanın tutmadığını deyir. Ali isə "Tutmamağının səbəbi mənim keyfiyyətsiz yazmağıma görədir, yoxsa sənin oxucularının keyfiyyətdən bixəbər olmaqlarından qaynaqlanır?" deyə cavab verir.

Qalmaqaldan iki il sonra əsər kitab şəklində çap edilir. Bu dəfə sadəcə oxucular deyil, çevrəsindəki ədəbiyyatçılar da bəyənmir. Məsələn, Nazim Hikmət bir qismini bəyəndiyini, zövqünə uyğun bir roman olaraq qiymətləndirir. İkinci qisminin isə romantik olduğunu bildirir. Behice Boran, "romantik sevgi hekayəsi olduğunu və populyarlığa hesablanıb" deyir, Pertev Naili Boratov isə hadisələrin sujet xəttinin xaricində qaldığını iddia edir və bunun üçün bəyənilmədiyini söyləyir.

Bəzi mənbələrdə romanın bəyənilməmə səbəblərindən biri kimi yazıçının digər əsəri göstərilir. Belə ki, həmin dönəm bir yandan milliyyətçilik fikrinin beyinlərə yeridilməsi, bir yandan da cəmiyyətin həqiqət axtarışında olduğu vaxtlar idi. Daha əvvəl Sabahattin Ali "Kuyucaklı Yusuf" romanı ilə Anadolu həqiqətlərini, cəmiyyətin iç üzünü açıb tökməyi bəzi kəsimlərlə arasında qırılma yaradır. Ona görə də, insanlar onun yazdıqlarına elə də maraq göstərmirlər. Üstündən bir neçə il keçir və Sabahattin Ali öldürülür. Həmin dönəmdə yazıçının yazdıqları, yaradıcılığı deyil, necə öldürüldüyü müzakirə mövzusuna çevrilir. Bu çəkçevirin nəticəsində onu suçlu fiqur kimi ortaya atırlar. Üstəlik, vurulan "vətən xaini" damğası, kommunist etiketi ədəbiyyat aləmindən tamamilə uzaqlaşması ilə nəticələnir və olan-qalan oxucularını da itirir.

60-cı illərin siyasi dəyişiklikləri vəziyyəti də dəyişir. Sağçılar və solçular Aliyə sahib çıxır, əsərləri "Varlıq" nəşriyyatında çap edilməyə başlayır. Sonra eyni vaxtda bir neçə nəşriyyat da çap prosesinə qoşulur. "Sabahattin Ali" adlı kitabda onu milliyyətçi olaraq təqdim edərək adındakı damğanı aradan qaldırmağa nail olurlar. 70-ci illərdə xatirəsinə həsr edilmiş tədbirlər təşkil etməyə başlayırlar. Amma mərhum yazıçının imzası üçün dönüm nöqtəsi "Həbsxana" adlı şeirinin "Aldırma gönül" adı altında bəstələnməsiylə başlayır. Demək olar ki, zorla xatırlanan, hətta unudulan yazıçının adı bu mahnıdan sonra dildən-dilə gəzməyə başlayır. 70-ci illərdə isə adını ideoloji kimliyindən uzaqlaşdıraraq "mistik və romantik" bir fiqura çevirirlər.

"Kürk Mantolu Madonna" isə 1990-cı illərdə Yapı Kredi Yayınları tərəfindən çap edilərək ən çox satılanlar sırasında yerini alır. Getdikcə əsərin populyarlığı artır. Təkcə YKY-da 100 dəfədən çox nəşr edilib bu kitab. Bu günə qədər altı nəşriyyat tərəfindən çap edilib. Bu isə milyonlarla oxucu deməkdir. Yazıçının ölümündən 70 ildən artıq vaxt keçdiyinə görə artıq bütün nəşriyyatlar ödənişsiz şəkildə bu kitabı çap edə bilirlər.

Romandakı Maria Puder xarakteri isə hamıya maraqlıdır. Deyilənə görə, Puder Alinin həyat yoldaşı Aliyədir. Bəziləri isə bu xarakterin İzmirdə Sabahattin Alinin sevdiyi bir qadın olduğunu söyləyir. Bir kəsim isə Taksimdəki Macar ansamblında bir kamançı qız olduğunu iddia edir. Pertev Naili Bortovun dediyinə görə isə, Almaniyada yazıçının çox sevdiyi, "28" adı verdikləri bir qadına həsr edilib. Əslində, romanın ilk əlyazmasında "28" yazılıb və yazıçı qadını yəhudi, qumral saçları olan biri kimi təsvir edib. Amma sonrakı çaplarda Maria Puder sarışın olaraq qarşımıza çıxır. Bu da Puderin əslində, Sabahattin Alinin sarışın həyat yoldaşına həsr edildiyini sübut etmək üçündür. Əsər çincə, italyanca, rusca, fransızca olmaqla dünyanın müxtəlif ölkələrində müxtəlif dillərə tərcümə edilib. İnsanı ağuşuna alan, günlərlə təsiri altında saxlayan, daha da dərindən düşünməyə sövq edən, ölümün gözlə qaş arasında olduğunu, bir anın içində hər şeyin yox ola biləcəyini, istədiyin kimi yaşamanın gərəkliyini göstərən bu romanı oxumayanlar üçün böyük itki hesab etmək olar.

 





07.02.2021    çap et  çap et