525.Az

Erməni əsilli sənətkarlar və Azərbaycan: 18-19-cu əsrlər


 

Erməni əsilli sənətkarlar və Azərbaycan: <b style="color:red">18-19-cu əsrlər</b>

Mənim Qarabağım və ya Qarabağ düyünü

(üçüncü hissə)

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib.

Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

***

Erməni əsilli sənətkarlar və Azərbaycan: 18-19-cu əsrlər 

Azərbaycan türkcəsi Qafqazda ən çox danışılan və üstəlik, şeir və musiqi dili idi. Yüzlərlə erməni aşığı türkcə yazıb-oxuyurdu. Azərbaycan musiqisini, o cümlədən, muğam və xalq mahnılarını, aşıq sənətini ermənilər də çox sevmiş, heyranlıqla dinləmiş, özləri də oxumuş və yazmışlar. Erməni və gürcü məclislərində azərbaycanlı xanəndələrin oxuduqları yaxşı məlumdur; 18-19-cu əsrlərə aid misallar kifayət qədərdir.

Tiflisdə doğulan erməni əsilli şair Sayat Nova (1712-1795) şeirlərini üç dildə - ermənicə, gürcücə və Azərbaycan türkcəsində yazmışdır. 200-dən artıq şeirləri qalmışdır, onların yarıdan çoxu türkcədir. Sayat Nova bəzi şeirlərində hətta dörd dildən - türk, fars, erməni və gürcü dillərindən istifadə etmişdir. Onun Azərbaycan türkcəsindən ermənicəyə tərcümələri də mövcuddur - məsələn, "Ağlaram" rədifli qoşma; o, üstəlik, türkcə yazdığı bəzi öz şeirlərini də ermənicəyə tərcümə etmişdir.

Sayat Novanın türkcə aşıq və xalq ədəbiyyatı məharətini göstərən maraqlı bir rəvayət mövcuddur. Yad bir aşıq rastlaşdığı və tanımadığı Sayat Novadan soruşur: Aşıq Sayat Novanı tanıyırsanmı? Sayat Nova cavab verir: bilmənəm, görmənəm, tanımənəm. Bu cavabdakı ikili mənanı duymayan yad aşıq "sənə inanmıram, axı onu hamı tanıyır, tərifləyir" deyir. Sayat Nova bu dəfə "inanmənəm" deyir. Nəhayət, Sayat Novanın sözlərindəki ikili mənanı anlayan aşıq utanıb gedir. Sayat Novanın ilk cavabı: "Bil, mənəm", "gör, mənəm", "tanı mənəm", son sözü isə "inan, mənəm" kimi qəbul edilə bilərdi.

Sayat Novadan üç kiçik parça:                                                                              

Birisi diyər: Sayat Nova haradan?
Birisi Hind diyər, biri Həmədan.
Vətənim Tiplizdir, səmti-Gürcüstan
Anam Havlabarlı, atam Hələblü.

***

Yalanı gerçəyə qatmağa gəlmiş
Soğulcan ilana çatmağa gəlmiş
Qarğa bülbül kimi ötməyə gəlmiş
Qəfəsə də enmək istər. Enərmi?
Enməz, əfəndim, ey!

*** 

Bağda gülsən, dağda lala
Görən çəkər dərdü bala
Sayat Nova diyer valla
Nazlı yarın dustağıyam.

Xaçatur Abovyan (1805-1848) türk (Azərbaycan) dilinin şirinliyi, poetikliyi və melodikliyi, qrammatik xüsusiyyətləri, bayatı və aşıq musiqisi kimi ermənilərin çox sevdiyi şeir və musiqi məclisləri barədə yazmışdı. Onun fikrincə, "yeni erməni dilinin yarısı türk və fars sözlərindən ibarətdir". O, ermənilərin türkcə mahnı, nağıl yaratdıqlarını deyirdi. X.Abovyan Azərbaycan-türk və kürd xalq şeir və mahnılarını toplamışdı; onların ən azı bir qismini nəşr olunmaq üçün Mirzə Şəfinin almaniyalı tələbəsi və dostu F.Bodenstedtə vermişdi.

Abovyan əsərlərində çoxsaylı Azərbaycan sözləri, o cümlədən, atalar sözləri işlədirdi. Türk qızı hekayəsində müəllif öz qəhrəmanının dililə "etiqadımız bir olmasa da, ürəklərimiz ki, birdir" deyir. Abovyanın və 19-cu əsr, qismən də 20-ci əsr erməni yazıçılarının əsərlərindəki surətlər xalis erməni adlarından çox, müsəlman adı daşıyırlar. Cəfər Cabbarlı və digər Azərbaycan yazıçılarının erməni obrazları da əsasən müsəlman, xüsusi halda Azərbaycan adları daşıyırlar. Bu, əlbəttə, yazıçının təxəyyülü, istəyi deyildi, gerçək həyatı əks etdirirdi.

Abovyan müsəlmanların, türk və ləzgilərin uşaqlara ödənişsiz təhsil vermələrini, məktəblərin geniş yayılmasını, bu işdə məscidlərin rolu, o məktəblərdə müxtəlif dillərin (yəqin ki, ərəb, fars, türk dillərinin - H.İ.) tədrisi məsələlərini təqdir edir, özünün bunu bacarmadığını, ödənişsiz müəllimlik edə bilmədiyini deyir: "Nə qədər ki, mənə pul vermirlər, mən də heç kimə kitab vermirəm və uşaqları da öyrətmirəm. Amma ləzgilər və türk mollaları belə etmirlər: onlar öz xalqlarının övladlarına pulsuz dərs deyirlər, lakin bununla belə, tanrı onların qismətini göndərir. Yəni o, bizi aclığa məruz qoyacaq? Sarayda, hər məscidin nəzdində, hələ kəndlərdə də mütləq məktəb, hətta böyük məktəb var və orada iki-üç dil öyrədirlər. Bizim kilsələrin həyətlərində isə hətta hacıleylək də yuva qurmur. Belədə, xalqın ürəyi get-gedə soyumazmı?"

Xaçatur Abovyanın "Ermənistanın yaraları" (Verk Hayastani) əsərində Qarabağ xanları, bəylər və onların erməni əhalisi ilə münasibəti mühüm yer tutur. Onun fikrincə, Əliqulu xan (?) ermənilərə yaxşı baxırdı, "Deyirlər ki, xanlar arasında ondan yaxşı xan olmayıb". Sonra Sərdar Hüseyn xan barədə söhbət açır, "Güman ki, Yerevanda heç vaxt bu sərdar kimi xeyirxah, vicdanlı, xalqın kədərinə bu qədər həssas, adamların rifahı üçün bu qədər qayğıkeş insan görməyiblər", Hüseyn xanın qardaşı Həsən xanı isə pisləyir, onun zalım olduğunu deyir.

Abovyanın kimdənsə eşitdiyi bəzi ağlasığmaz dəhşətli hadisəni heç bir təhlil-tənqidə məruz qoymadan, çılpaqlığı ilə yazıya daxil etməsi təəssüf doğurmaya bilməz: "Mənim zavallı dilim? Kim orada olub, onlardan soruşun. Onlar qaniçən farsların anaların qarnını yararaq, oradan körpəni necə çıxarıb onu tikə-tikə necə doğradıqlarını - əvvəlcə, ayaqlarını, sonra qollarını kəsdiklərini, sonra isə nizə və ya qılıncın ucuna taxaraq, onun fəryad etməsindən və qıvrılmasından necə həzz aldıqlarını məndən min dəfə daha yaxşı danışarlar".

Bu, azərbaycanlı elm adamı Saleh Bəyi təbdən çıxarır, oxuculardan üzr istəyib onun sözlərini sitat gətirirəm: "Ey insanlar! Eşidirsinizmi? Ana bətnindən çıxarılan, ayaqları və əlləri kəsilmiş, bir tikə bədəni isə nizə və ya qılıncın ucuna taxılmış uşaq. Bə bu bir tikə ət uzun-uzadı "çığırırdı"? Tutaq ki, uzun-uzadı "çığıra" bilərdi. Lakin ayaqları, qolları olmayan bu balaca bədənin "qıvrıldığını" iddia edərkən bu Xaçatur insanları nə sayır? Ayaqları, əlləri yoxdursa, bədəni nizəyə keçirilibsə, o, necə "qıvrılar"!?" (Salex Bek. Armənstvo. Baku, "Elm", 1994; s.294).

***

Erməni əsilli qarabağlı Mirzəcan Mədətov (Madatov, 1797-1851) rus ordusu polkovniki idi, ədəbiyyatda isə aşıq şeirləri yazan Azərbaycan şairi kimi tanınır; Aşıq Pəri (?1811-?) ilə deyişmə və məktublaşmaları olub. Digər erməni əsilli tarixçi və ədəbiyyatçı Mirzə Yusif Nersesov və ya Mirzə Yusif Qarabaği (1798-1864) 1855-ci ildə farsca yazıb tamamladığı "Tarixi-Safi" adlı çox maraqlı "Qarabağnamə"sinə görə tanınır. "Artıq təriflərdən və yalan xəbərlərdən təmiz və saf bir tarix yazmaq qərarına gəldim" deyən Mirzə Yusif nəzərdən keçirdiyi kitablar barədə "həqiqətin saxtalaşdırıldığını gördüm" fikrini vurğulayır. Mirzə Yusifə görə qədim zamanlardan bəri (səlcuq, monqol, türkmən zamanından bəri) Qarabağ daxil olmaqla geniş əraziləri Gəncə xanları və bəylərbəyləri idarə etmişlər. Nadir şaha qədər "Gəncədə Qacar Ziyadoğlu xanları hökmranlıq edir və Qarabağın da ixtiyarı onların əlində idi". Müəllif Şuşanın Pənah xan tərəfindən necə qurulması, həmçinin, incə şəkildə Pənah xanın beş erməni məliyi idarə etməsi barədə də yazır; "Xəmsə məliklərini sakitləşdirdi və tərəddüd edənlərə də lazımi tənbeh etdi".

*** 

Erməni şair və yazıçıları Azərbaycan türkləri haqqında nə düşünürdülər? Bir tərəfdən həyat tərzü, düşüncə tərzi baxımından erməni və Azərbaycan türk xalqlarının yaxın olduğu vurğulanırdı. H.Tumanyan 1909-cu ildə yazdığı bir məqalədə "hər xalqın gözəl cəhətləri var, onları bilmək lazımdır" fikrini vurğulayırdı: "Məgər biz rus adamının mehribanlığı və ürək saflığı, gürcü qəlbinin səmimiliyi, azərbaycanlının cəngavərliyi ilə yaxşı tanışıqmı?" Lakin qonşu xalqa mənfi düşüncə ilə baxış da mövcud idi: zaman keçdikcə, münaqişələr artdıqca bu mənfilik daha çox gözə çarpırdı. Sovet dövründə erməni ədəbiyyatında da xalqlar dostluğu tərənnüm olunurdu, lakin 60-cı illərdən başlayaraq ümumi antitürk və get-gedə antiazərbaycanlı izləri görünməkdəydi...

Aleksandr Şirvanzadənin dərsinə qulaq asın

Şamaxılı erməni yazıçı Aleksandr Şirvanzadə (1858-1935) öz soyadı Movsesyanı 1880-ci ildə dəyişdirib doğulduğu məkanı bildirən Azərbaycan-İransayağı Şirvanzadə ilə əvəz etmişdi (Cəlil Məmmədquluzadə demişkən, bizim türk dilində - Şirvanoğlu İsgəndər). Şirvanzadənin bir-birini sevən iki türk (azərbaycanlı) gəncin - Əsəd və Fatmanın məhəllə savaşı nəticəsində yaşadığı faciəni təsvir edən əsəri əvvəlcə Azərbaycan türkcəsində, Tiflisdə nəşr olunan "Kəşkül" qəzetinin 83, 84-cü nömrələrində (1899) "Şamaxı zəndəganlığından qanlı bir roman" adı ilə, bir neçə ay sonra isə ermənicə "Ardzaqank" qəzetində dərc olunmuşdu. Əsəri türkcəyə kim tərcümə edib - müəllif, ya kim - məlum deyil (Həmid Qasımzadə. Aleksandr Şirvanzadə. Bakı, "Gənclik", 1971; s. 41).  Müəllifin ən populyar əsərlərindən biri olan "Xaos" romanı əvvəl Azərbaycan türkcəsinə (1928-1929), sonra ruscaya (1930) və digər dillərə tərcümə olunmuşdu. "Namus" və digər əsərlərində çoxsaylı Azərbaycan sözləri və atalar sözü işlətmişdi.

A.Şirvanzadə o dövr üçün haqlı olaraq "ayrı millətlər arasında birlik daha möhkəmdir, nəinki türklər arasında.., birliyi ziyalılar xalqa sirayət etdirməlidirlər" deyirdi. O, türklərin (azərbaycanlıların) yazı dilində yaranmış problemləri də şərh edirdi. "Kəşkül" qəzetinin türkcə nəşr olunduğunu, müəyyən təbəqələrin, xüsusilə mollaların ona lağ etdiyini, "fars və ərəb dilində yazın" deməyini yada salır, sonra bu qəzetin fars və türkcə çıxdığını, əksəriyyətin farscanı başa düşmədiyini və qəzetin yenidən türkcəyə qayıtdığını qeyd edirdi.

Hovanes Tumanyan və A.Şirvanzadə 1905-ci il erməni-müsəlman davası əleyhinə çıxış edir, sülhə çağırırdılar. Şirvanzadəyə görə, "Bakı hadisəsini hər vəchlə milli nifrət və müsəlman fanatizmi ilə izah etməyə çalışan adamlar həqiqətə qarşı ağır cinayət edirlər".

A.Şirvanzadə bu ağrılı dava haqqında "Sankt-Peterburqskie novosti" qəzetində (№170) məqalə yazdı, barışığa çağırdı. Rus mətbuatında Azərbaycan türklərini qınayan fikir və yazılar üstünlük təşkil edirdi; onlarla mübarizə aparan Əhməd bəy Ağayev A.Şirvanzadənin tərəfsiz və davanın kökünü axtaran yazısını hərarətlə qarşıladı, "Erməni yazıçısı Şirvanzadəyə açıq məktub" yazdı (Kaspi, 28 iyul, 1905): "Bax, nəhayət, camaatın coşan ehtirasından, azğınlaşmış şovinistlərin böhtan və iftiralarından, öz səadətlərini başqalarının bədbəxtliyi üzərində quran siyasətbazların intriqalarından qorxmayıb həqiqət sözünü deyən bir adam tapıldı"

A.Şirvanzadənin erməni-türk (azərbaycanlı) münasibətlərinə aid sözləri və barışığa çağırışı bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, nəinki köhnəlməyib, hətta daha aktual olub!

*** 

Ermənilərin böyük şair, yazıçı və ictimai xadimi Avetik İsaakyan (1875-1957) daşnakçı olmuş, çox təəssüf ki, erməni məsələsi, Qarabağ və Cavax məsələlərini qızışdıran fikirlər söyləmiş, türklərə nifrət və qisasçılığı təbliğ etmişdi. Onun "Cenevrə gündəliyi" (1916-1917) "Erməni məsələsi"nə həsr olunub. Və ölümündən sonra nəşr olunan (1977) "Gündəliklər" humanist yazıçının deyil, sanki erməni məsələsində ermənilərdən başqa hamını günahkar çıxaran qatı millətçi qələmindən çıxmışdır. Onun deməyinə görə, bütün iri Avropa dövlətləri erməniləri satdılar, talenin öhdəsinə buraxdılar. Rusiya da eynilə, Atatürk Türkiyəsi ilə müttəfiq oldu. Öz qüvvəmizə əsaslanmalıyıq fikrinə gələn İsaakyan bu qüvvənin mahiyyətini də bəyan edir - əldə silah, hərbi yol... O, "bizim istədiklərimizi niyə bizə vermirsiniz" deyə gah Almaniya, gah İngiltərə, gah ABŞ və Fransa, gah Rusiyanı günahlandırır.

A.İsaakyanın "Gündəliklər"indən (ruscaya tərcüməsindən) təəccüblü dərəcədə nifrətlə dolu bir neçə fikir və ifadələri alıntı edirəm: "Heç olmasa, bir türkü öldürən, yaxud öldürəcək hər bir erməniyə tanrı yar olur"; "Tatarları (Azərbaycan türklərini - H.İ.) neftdən ötrü silahlandırdılar"; "Hamı bizim əleyhimizədir"; "Avropa quldur, cinayətkar, qana susamış yırtıcıdır". 

O, ermənilərin (əslində, münaqişəni, davanı qızışdıran qatı millətçilərin - H.İ.) nədə səhv etdiklərini də deyir: "Uşaq kimi sadəlövhcəsinə inanırdılar ki, Avropa Ermənistanı azad edəcək, türkləri cəzalandıracaq". "Bu vədlərə inanan erməni xalqı müharibəyə qoşuldu, məğlubiyyətə uğradı və darmadağın edildi".

İsaakyanın o zamankı ermənilərin düşdüyü vəziyyəti şərh edən bəzi fikirləri, zənnimcə, bu günlə, cari vəziyyətlə də səsləşir: "Dindaşlarının vədlərinə inanan aldadılmış, əldən düşmüş, zəlil, tamarzı, epidemiyaların məhv etdiyi millət..."

Azərbaycan xanlıqları və Rusiya 

Bugünkü problemlərin kökünü qədimlərdə axtarmaq rasionallıqdan uzaq düşmək, mifoloji düşüncəyə qapılmaqdır. Bugünkü münaqişənin kökünü 1500-2000 il əvvəlki hadisələrlə, uzaq tarixə bağlamaq, zənnimcə, yanlışdır. Bu günü, cari vəziyyəti anlamaq üçün əfsanə, uydurma və bəzək-düzəklə dolu qədim tarixlərə deyil, bir az yaxın, yeni tarixə və sonra ən yeni tarixə, yəni bu gün baş verən hadisələrin birbaşa kökünə və necə cərəyan etdiyinə nəzər salmaq zəruridir.

Rusiyanın Qafqaza yaxınlaşması yeni bir dövrün başlanğıcı oldu. Qafqazlıların alışdığı İran və Osmanlı mühitinə şimaldan gələn güclü xristian dövləti - Rusiya əlavə olundu. Qafqaz xristianları - gürcülər və ermənilərin Rusiyaya daha çox maraq göstərmələri təbii idi. Onlar yaxın gələcəkdə kimə yaxınlaşmaq, kiminlə olmaq üzərində düşünür və konkret addımlar atmağa çalışırdılar. Azərbaycanlılar isə ənənəvi müsəlman mühitindən çox fərqli olan Rusiyaya ehtiyatla baxırdılar.

Səfəvilərin son zəif dövründə onların idarəsi altında olan Qafqaz əyalətləri yarımmüstəqil siyasət yürütməyə, öz aralarında ittifaqlar qurmağa və ya dava etməyə başlamışdılar. Nadir şah yenidən mərkəzləşmə siyasətini gücləndirməyə girişdi və bu yolda zor tətbiq etməkdən çəkinmədi. Nadir şahın öldürülməsindən (1747) sonra Qafqazda yerli kiçik dövlətlər yarandı. Qafqazda Səfəvilərin yaratdığı və ya yerlilərin yaratdığı və Səfəvilərdən vassal asılılığı olan yerli inzibati idarəetmə sistemi vardı. Bu dövlət təcrübəsi Azərbaycan xanlıqları və Gürcü knyazlıqları şəklində möhkəmlənməkdə idi.

Cənubi Qafqaz İran, Osmanlı və ya Rusiya asılılığında olan aşağıdakı kiçik dövlətlərdən ibarət idi: Qafqazın mərkəz, şərq və cənubunda yerləşən Azərbaycan xanlıqları - Quba xanlığı, Şəki xanlığı, Şamaxı (və ya Şirvan) xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Qarabağ xanlığı, Talış xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı və Qafqazın şimalı-qərbində yerləşmiş gürcü və gürcüyanı dövlətlər - Kartli-Kaxeti xanlığı (və ya hökmdarlığı, knyazlığı) və İmeretiya xanlığı. Sərhədyanı Dərbənd xanlığı, həmçinin, özünüidarə qabiliyyətli kiçik İlisu, Qazax və Şəmşədil sultanlıqları, Car-Balakən camaatı, Quriya, Meqreliya və Abxaziya knyazlıqları da bura əlavə edilə bilər. Azərbaycan xanlıqları arasında Qarabağ, Quba və Şəki xanlıqları daha böyük gücə malik idi. Qubalı Fətəli xan (1736-1789) Azərbaycan xanlıqlarının bir qismini, Dərbənddən Ərdəbilə qədər Qərbi Qafqazı birləşdirməyə çalışdı. Fətəli xan Qarabağ xanı İbrahimxəlil xanla (1732-1806) yola getmirdi. İndiki İranın şimalında, yəni, İran Azərbaycanında Təbriz, Urmiya, Marağa, Ərdəbil, Qaradağ, Xoy və Maku xanlıqları yaranmışdı. 

Erməni tarix və təbliğat qaynaqlarında Azərbaycan xanlıqları ifadəsi əvəzinə "Persiya xanlıqları" ifadəsi işlənilir. Halbuki bütün bu xanlıqların əsas əhalisi Azərbaycan türkləri idi, xanlar da eynilə. Təbii ki, bu xanlıqlarda digər milli-etnik azlıqlar, o cümlədən, ermənilər də yaşayırdılar. Lakin siyasi hakimiyyət və əhali sayına görə Azərbaycan türkləri üstün olmuşlar. Xanlıqların bəziləri İran meylli, digərləri Osmanlı və ya Rusiya meylli idi; bu meyllər zaman keçdikcə dəyişə bilirdi. İrəvan, Naxçıvan, Gəncə və Qarabağ xanlıqlarında erməni milli azlığı da vardı. Qarabağ xanlığı tərkibində erməni məlikliyi mövcud idi. Qarabağ məlikləri əvvəl Səfəvilərə bağlı bəylərbəyliyinə və sonra Qarabağ xanlığına tabe edildi. Gürcü knyazlıqları tərkibində də ermənilər yaşayırdı. Erməni tarixçilərinin Şərqi Ermənistan kimi təqdim etdikləri ərazi əslində ermənilərin azlıqda olduğu Səfəvi-Əfşar dövrünün bəylərbəylikləri, sonrakı Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarından ibarət idi.

Qarabağ xanlığı və Rusiyanın erməni siyasəti

1805-ci il 14 may Rusiyanın rəsmi nümayəndəsi general Pavel Tsitsianovla Qarabağ xanı İbrahim xan arasında Qarabağın Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalandı. (Qeyd. Göründüyü kimi, orta əsrlərdə də, Rusiya dövründə də uyğun ərazinin adı Qarabağ olub, bu ərazi Azərbaycan türklərinin verdiyi adla tanınıb.)

1813-cü il, oktyabrın 12-də Azərbaycan xanlıqları - Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlıqlarının Rusiyaya birləşdirilməsi haqqında Gülüstan müqaviləsi imzalandı. Beləliklə, Azərbaycan xalqı iki dövlət - Rusiya və İran arasında bölüşdürüldü. Rusiya üçün xoş, İran üçün xoşagəlməz bu prosesin davamı 1828-ci il, fevralın 10-da Türkmənçay müqaviləsi ilə gəldi. Bu dəfə Cənubi Qafqazdakı son iki Azərbaycan xanlıqları - İrəvan və Naxçıvan xanlıqları Rusiyaya tabe edildi. İmperator 1-ci Nikolay bu iki xanlığı birlikdə Erməni vilayəti ("Armənskaə oblastğ") adlandırmaq qərarına gəldi (bu iki xanlıq əhalisində müsəlmanların - türk və kürdlərin mütləq əksəriyyəti təşkil etməsinə baxmayaraq - növbəti bölümə bax). Beləliklə, gələcəkdə Ermənistan dövlətinin yaranması üçün zəmin qoyuldu.

General Paskeviçin 5 aprel-10 iyun 1828-ci ilə aid hesabatında deyilirdi ki, bizim ordu Azərbaycanı (İran Azərbaycanı nəzərdə tutulur - H.İ.) tutandan sonra ermənilər Rusiyaya məxsus vilayətlərdə yerləşmək arzularını bildirdilər. Paskeviç onları İrəvan, Naxçıvan və Qarabağ vilayətlərində yerləşdirməyin yaxşı olacağını qeyd edirdi. Beləliklə, İran Azərbaycanında (Marağa, Urmiyə, Xoy və s.) yaşayan ermənilərin faktiki olaraq Qafqaz Azərbaycanına köçürülməsi qərara alındı. Onu da qeyd edim ki, bu köçdən əvvəl, 1823-cü ildə Qarabağda 20035 ailə yaşadığı məlumdur, onlardan 15729-u müsəlman, 4366-sı xristian idi (Opisanie Karabaxskoy provinüii, sostavlennoe v 1823 qodu po rasporəjeniö qlavnokomanduöheqo v Qruzii Ermolova. Tbilisi, 1866)

***

Öz səyahətləri barədə çoxcildli əsərlər yazan britaniyalı general George Keppelin (1799-1891) Londonda nəşr olunmuş "Babilistan, Assuriya, Midiya və Skifiya səfərlərim haqqında şəxsi hekayəm" ("Personal Narrative of Travels, in Babylonia, Assyria, Media, and Scythia". London, 1827) adlı maraqlı kitabının ikinci cildi əsasən 1824-cü ilin yayında Təbrizdən Həştərxana səyahətinin maraqlı təsvirinə həsr olunmuşdur. O, Araz çayını keçib Qarabağa getmiş, sonra Şamaxı-Bakı-Dağıstan-Kumık-Həştərxan marşrutu ilə hərəkət etmişdi. O yazır: "Arazla Kür arasında paytaxtı Şuşa (Sheesha) olan "gözəl Qarabağ vilayəti" yerləşir; Qarabağ "bərəkətli əyalətdir". G.Keppel Şuşaya gedişini maraqlı boyalarla təsvir edir (təbii ki, bu təsviri geniş vermək fikrində deyiləm)... Şuşaya gedən yolda 140 çadırlı tatar məntəqəsində. Çadırları ilə yaylağa çıxmış tatarların yanından və bir neçə səliqəli erməni kəndindən keçdik. Şuşa şəhərində iki min ev var, əhalisinin dörddə üçü tatarlar, qalanları ermənilərdir. Ermənilərin başçısı Aga beg bizi evinə qonaq apardı. Bu şəhər 80 il əvvəl tatar xan ("prince") tərəfindən inşa olunmuşdur.

(Qeyd-1. Şuşa qala-şəhərinin əsasını 1750 və ya 1751-ci ildə Pənahəli xan qoyub. Əvvəl qala kimi nəzərdə tutulub, Qala adlanıb, sonra abadlaşdırılmaqla şəhərə çevrilib. George Keppel Şuşa deyil, Şişa/Şişə (Sheesha) yazır, yəni Şuşa sözünün şüşə = şişə kimi şəffaf, təmiz hava ifadəsindən əmələ gəlmə ehtimalına uyğun gəlir.

Qeyd-2. Marietta Şaqinyan ermənilərin Şuşa`ya sonralar gəldiyini qeyd edir. Erməni hissəsi… "daha sonra yarandı və sanki Asiya şəhərinə avropasayağı əlavə oldu..."  (Marigtta Şaqinən. Sovetskoe Zakavkazğe. 1946; s. 252).

G.Keppelin daha iki müşahidəsi ilə kifayətlənirəm. Tatar dili türk dilinin dialektidir; amma tatarlar əsasən farsca oxuyur və yazırlar. Bakıda 20 məscid və bir erməni kilsəsi var. 4 min sakini olan Bakının əhalisi, cüzi sayda erməni istisna olmaqla, tatarlardan ibarətdir.

 





08.02.2021    çap et  çap et