525.Az

Böyük dostu, nurlu ağsaqqalı itirməyin ağrısı - Anım


 

Böyük dostu, nurlu ağsaqqalı itirməyin ağrısı - <b style="color:red">Anım</b>

Sadıq müəllimin - görkəmli alim və ictimai xadim, dəyərli ziyalı, gözəl ağsaqqal Sadıq Murtuzayevin vəfatı onun doğmaları və dostları, eləcə də xalqımız üçün ağır itkidir.

O, 31 il Azərbaycanın böyük rayonlarına bacarıqla rəhbərlik etmiş, dəfələrlə dövrünün ali orden və medalları ilə təltif olunmuşdu. Şəki Şəhər Partiya Komitəsinə rəhbərlik etdiyi 10 il müddətində bilavasitə onun rəhbərliyi altında idarəçilik, rəhbərlik məktəbi keçmiş, zəngin iş və həyat təcrübəsindən bəhrələnmişəm. Sadıq müəllim məndən ötrü yalnız rəhbər şəxs yox, daha çox müdrik, bütöv şəxsiyyət, geniş erudisiyalı, mükəmməl yaddaşa malik həsəd aparılası savadı ilə fərqlənən fenomen bir İnsan idi. Bilavasitə onun təqdimatı ilə üç dəfə keçmiş SSRİ-nin orden və medallları ilə təltif olunmuşam. O, mənim yaradıcılığıma da diqqət və qayğı ilə yanaşır, respublika mətbuatında, kitablarında yüksək, həm də dəqiq qiymət verirdi.

Sağlığında həmişə qulluğunda durmuş, böyük sayğı və qayğı göstərmiş, sağlamlıq durumu ilə mütəmadi maraqlanmışam. Bir qayda olaraq kitablarını mənə avtoqrafla göndərir, eyni münasibəti də mən ona göstərirdim. Axırıncı kitabı olan "Son borc"u - vəsiyyətini də mənə avtoqrafla göndərmişdi. Avtoqrafda yazıb: "Əzizim Hikmət müəllim! Bu kitabda Sizin də dəst-xəttinizə görə dərin minnətdarlıqla". Kitabın 142-ci səhifəsində isə yazır: "...Dostum Hikmət Əbdülhəlimov mənə zəng vurub dünya ədəbiyyatının ən möhtəşəm korifeyi Lev Nikolayeviç Tolstoyun əsərlərinin 2-ci cildində özünə yer tapmış məşhur gündəliyindən, heç şübhəsiz, aylarla oxuyub mütaliə və tərcümə etdiyi 50 səhifəlik əlyazmasını göndərdi. Oxuyub heyran olmağım öz yerində, həm də onu müəllifin razılığı əsasında bütünlükdə bir fəsil olaraq bu kitaba əlavə etmək fikrimdən keçsə də, sonda müəllifin özünün "İcmal"ı ayrıca kitabça şəklində nəşr etmək arzusunda olduğunu nəzərə alıb, ondan daha məqbul bildiyim kəlamları seçim edib bu fəsli bərqərar etdim və müəllifin xeyir-duası ilə kitaba əlavə edirəm".

Bu ağır itkini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu cümlələri də ağır mənəvi durumda, qəhər boğa-boğa qələmə almışam. Övladları Nizamiyə, Tavat xanıma, Nəbiyə və Çingizə, Sadıq müəllimin təmsil etdiyi nəslin bütün nümayəndələrinə dərin hüznlə başsağlığı verirəm. Sadıq müəllim onu tanıyanların qəlbində yaşayır və daima da yaşayacaq. Cənabi-Haqdan Sadıq müəllimə qəni-qəni rəhmət diləyirəm.

 





08.02.2021    çap et  çap et