525.Az

Ukraynanın əks-hücumu - Xaqani Cəfərlinin şərhi


 

Ukraynanın əks-hücumu - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının təqdimatını əsas götürərək "112 Ukrayna", "NewsOne", ZİK, eləcə də "112 Ukrayna" televiziyasına bağlı bir neçə regional televiya kanalının fəaliyyətinin 5 il müddətinə qadağan edilməsi haqda sərəncam imzalayıb.

Prezidentin sərəncamına əsasən, bu televiziyaların sahibi Taras Kozaka da bir sıra qadağalar tətbiq olunub. Parlamentin deputatı olan Taras Kozakın biznesi də qadağaların təsir dairəsinə düşüb. Prezident Zelenskinin bu qərarı Ukraynadakı rusiyayönümlü qüvvələrə çox ciddi zərbə hesab olunur. Rusiya təbliğatının ruporu olan bu televiziyalar Ukraynanın Avroatlantik məkana inteqrasiya kursuna qarşı geniş təbliğatları ilə məşhur idilər. 

ABŞ-ın Ukraynadakı səfirliyi açıqlama yayaraq prezident Vladimir Zelenskinin qərarını dəstəkləyib. Səfirlik prezidentin bu qərarını Rusiyanın zərərli təsirlərinə qarşı uğurlu addım, suverenliyin və ərazi bütövlüyünün müdafiəsi kimi qiymətləndirib. Avropa Birliyi də Ukrayna prezidentinin bu qərarını müsbət qarşılayıb. Rusiya isə Vladimir Zelenskinin televiziya kanallarına və deputat Taras Kozaka qarşı tətbiq olunan sanksiyanı Ukraynada söz azadlığına hücum və ABŞ-a köləlik kimi dəyərləndirib.

Vladimir Zelenskinin bu addımı gündəmə bomba kimi düşsə də, əslində, gözlənilən idi. Rusiyanın Ukraynadakı ən güclü təbliğat maşını olan "112 Ukrayna" televiziyasının fəaliyyətinin dayandırılması hələ iki il öncə gündəmə gəlmişdi. Vladimir Zelenskinin sələfi Petro Poroşenkonun bu televiziyanın fəaliyyətinin dayandırmaq niyyətində olduğu, lakin hansısa səbəbdən bu addımı atmadığı da məlumdur. Sabiq prezident Petro Poroşenko onun hakimiyyəti zamanı "112 Ukrayna" televiziyasının fəaliyyətinin dayandırılmamasını bu məsələnin seçki ərəfəsində gündəmə gəldiyini, televiziyanın fəaliyyətinin dayandırılmasının seçkinin demokratikliyinə kölgə sala biləcəyindən ehtiyatlanması ilə izah edirdi. Ancaq belə ehtimallar var ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp rəsmi Kiyevə lazımi dəstək vermədiyi üçün Ukrayna prezidenti "112 Ukrayna" televiziyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verə bilməmişdi. Bu ehtimalı gücləndirən digər məqam ondan ibarətdir ki, Vladimir Zelenski 2019-cu ilin mayından prezident olsa da, bu addımı məhz indi atıb. Rusiyada isə diqqəti "112 Ukrayna" televiziyasının fəaliyyətinin dayandırılmasının ABŞ-ın yeni Dövlət katibi Entoni Blinkenlə Ukraynanın Xarici İşlər naziri Dimitri Kuleba arasında baş tutan telefon danışığından sonraya təsadüf etməsinə çəkir. Moskvada hesab edirlər ki, Kiyevi məhz Vaşinqtonun dəstəyi cəsarətləndirib.

Rusiya rəsmilərinin bu mövqeyi tamamilə haqlıdır. Sabiq prezident Donald Trampdan fərqli olaraq hazırkı dövlət başçısı Co Bayden Ukraynaya fəal dəstək verilməsinin tərəfdarıdır. Co Bayden kimi yeni Dövlət katibi Entoni Blinken də Kiyevə hər cür dəstək verilməsinin qızğın tərəfdarlarındandır. Entoni Blinkenin babası əslən Kiyevdəndir və bu amil onun Ukrayna məsələsinə həssas yanaşmasının səbəblərindən hesab olunur. Ümumiyyətlə, son illər ABŞ-da Ukrayna diasporu kifayət qədər güclənib və müəyyən təsir imkanları qazanıb. 

No description available.

Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı zamanı iki ölkə arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, Entoni Blinken həmkarını əmin edib ki, ABŞ Ukraynaya geniş iqtisadi və hərbi dəstək verəcək. ABŞ-ın yalnız ötən il Ukraynaya 510 milyon dollar həcmində hərbi yardım verməsini nəzərə alanda, Vaşinqtonun Kiyevə dəstəyinin miqyasını təsəvvür etmək elə də çətin olmur.

Bütün bu hadisələr Moskavada böyük narazılıq doğurur. Rusiyada ehtiyat edirlər ki, Qərbin dəstəyi Kiyevi separtaçı bölgələri hərbi yolla öz nəzarətinə almağa təhrik edə bilər. Moskvanın yüksək dairələrində çox yaxşı bilirlər ki, Ukrayna ordusu daha 6 il əvvəlki ordu deyil. Son 5 ildə Ukrayna ordusu Qərbdən və Türkiyədən çox ciddi hərbi texnika və silah alıb. Eyni zamanda, Ukrayna ordusunun NATO standartlarına keçidi ilə bağlı da önəmli məsafə qət edilib. Digər tərəfdən, Rusiya Krımın ilhaqı zamanında olduğu qədər güclü deyil. Qərb tərəfindən təcrid olunan Rusiyada iqtisadi problemlər daha qabarıq görünür. İqtidarın cəmiyyətdə mövqeyi zəifləyib, hakimiyyəti devirməyə çalışan müxalifət isə ciddi qüvvəyə çevrilib. Çoxsaylı xarici və daxili problemlərin məngənəsində boğulan Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibəyə hazır olmadığı aydın görünür. Hələ 6 il əvvəl Kiyevi tam məğlub edə bilməyən Moskvanın indi belə bir şansı ümumiyyətlə, yoxdur.

Ukrayna ilə Rusiya arasında yeni gərginlik postsovet məkanına da təsirsiz ötüşməyəcək. Öz ərazi bütövlüyünü təmin etmək və ərazisindəki hərbi bazanı çıxarmağa çalışan Moldova da Ukraynanın yardımına ümid bəsləyir. Ümumiyyətlə, Ukraynanın dəstəyi Moldovaya separatçı Dnestryanı bölgəni nəzarət altına almağa imkan verə bilər. Dnestryanı bölgə ilə Rusiyanın birbaşa əlaqəsi mövcud deyil. Ukrayna ilə Moldova arasındakı bu bölgə ilə Rusiya ancaq hava yolu ilə əlaqə saxlayır. Əgər Ukrayna Rusiya təyyarələrinin uçuşuna icazə verməsə, Dnestryanı bölgə tam mühasirəyə düşə bilər. Moldovanın yeni prezidenti Mayya Sandu ilk rəsmi səfərini də məhz Kiyevə etmiş və ukraynalı həmkarı Vladimir Zelenski ilə Dnestryanı bölgədən Rusiya hərbçilərinin çıxarılması məsələsini müzakirə etmişdi. Aydın görünür ki, Rusiyanın Qərb sərhədlərində gərginlik artan xətlə yüksələcək. Moskvada isə qorxurlar ki, Ukraynanın Rusiyaya qarşı bu çıxışı postsovet məkanında geniş əks-səda doğura bilər. Hətta belə olmasa da, Rusiyanın bu regionda təsir imkanlarını itirdiyini sezmək çətin deyil. Eyni zamanda, Moskvanın bu prosesin qarşısını almaq imkanlarının da artıq mövcud olmadığı Ukraynanın son qərarından sonra daha aydın görünür.

 





08.02.2021    çap et  çap et