525.Az

"Dürüst yaşayanlar üçün həyat çox vaxt çətin olur" - "Bəxt üzüyü"nün "Sara"sı


 

"Dürüst yaşayanlar üçün həyat çox vaxt çətin olur" - <b style="color:red">"Bəxt üzüyü"nün "Sara"sı</b>

İllər sonra

Nə vaxt köhnə filmlərimizə baxsam, ağlıma mütləq belə bir fikir gəlir. Görəsən, baxdığım filmdə oynayan filan aktyor indi hardadır, nə işlə məşğuldur?

Bilmirəm, bu, nədən qaynaqlanır. Bəlkə də, baxdığım filmlərin təsirinə tez düşürəm, ondandır. Buna görə də, obrazla aktyorun xarakteri gözümdə bütövləşir.

Beləcə, məndə belə bir maraq yaranır. Əgər bu maraq sizdə də varsa, onda bir şad xəbər deyim: bundan sonra yeni başladığım "İllər sonra" rubrikasının qonaqları məhz illər sonra görmək istədiyim aktyor və aktrisalar olacaq.

İlk həmsöhbətim isə "Bəxt üzüyü" nün Sarası - Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyevadır.

***

- Gülşad xanım, sizin yaradıcılığınızla yaxından tanış olan bir adam kimi deyə bilərəm ki, rollarınız içərisində "Bəxt üzüyü"nün Sarasından da maraqlı rollar var. Ancaq nədənsə özüm də daxil olmaqla Gülşad Baxşıyeva adı gələndə gözümüzün önündə ilk növbədə Sara canlanır. Odur ki, sizinlə elə Saradan danışmaq istəyirəm. Sizcə, Sara ilə Gülşad Baxşıyevanın hansı ortaq cəhətləri var?

- Sara ilə mənim bəzi oxşar cəhətlərim ola bilər. Məsələn, Sara haqqı deyən adamdır. Ona görə də, ona yaşamaq çətindir. Ümumiyyətlə, dürüst yaşayan adamlar üçün həyat çox vaxt çətin olur. O, heç qarğış da edə bilmir. Fikir vermisinizsə, Sevda ona "Onun-bunun paltarını yuyursan" deyəndə Sara heç cavab da verə bilmir. Söylü onun yerinə cavab verir. Deməzdim ki, o, mübariz  qadındır, sadəcə, zəhmətkeş insandır, işləyir, halal yolla çörəyini qazanır. Həm də qürurlu və gözütoxdur. O ki qaldı mənim onunla hansısa oxşar cəhətlərimə, bilmirəm, onun başına gələn mənim başıma gəlsə, necə davranardım. Bəlkə də, heç səsimi çıxarmazdım. Ya da əksinə, hər yanı yıxıb-dağıdardım ki, mənim üzüyüm hanı?

- Mən hər dəfə "Bəxt üzüyü" filminə baxanda məhz Saranın "Üzüyüm itib" dediyi yerdə qeyri-ixtiyarı olaraq "Kaş Sara belə eləməzdi" deyirəm.

- Saranın üzüyü itib. Özü də bəxt üzüyü. Ümumiyyətlə, itki pis şeydir. Evindən adicə bir əski itəndə adam narahat olur. Ona görə də, Saranı başa düşmək lazımdır. Həm də o, demir axı, üzüyümü oğurlayıblar, deyir ki, üzüyüm itib, bəlkə qonşulardan kimsə görmüş ola.

- Müsahibələrinizdən birində qeyd etmisiniz ki, bəzi rollarıma indi baxanda özümü tanıya bilmirəm. Saraya da baxanda eyni şeyi düşünürsünüzmü?

- Mən o fikri əslində, tamamilə başqa mənada demişəm. Əlbəttə, elə rollarım olub ki, saçlarım ağ olub, fərqli qrim olub. Sarada isə eyni şeyi deməzdim.

- "Bəxt üzüyü" filminin çəkilişləri zamanı baş verən hadisələrdən ən yaddaqalan sizin üçün nə olub? Ümumiyyətlə, filmin çəkiliş prosesini necə xatırlayırsınız?

- Bəzən olur ki, çəkiliş başlayır, görürsən ki, hansısa aktyor, aktrisa yoxdur, ya gecikir, ya nəsə baş verib. Ancaq "Bəxt üzüyü"nün çəkilişləri zamanı belə hallar baş vermirdi. Çəkiliş dövründə filmin kollektivi Şüvəlanda yazıçıların pansionatında qalırdı. Ona görə də, belə hallar yaşanmırdı. Bizə bu şəraiti filmin rejissoru Ramiz Əzizbəyli yaratmışdı. Daha sonra filmdə bir səhnə var, polis bölməsinə gedəndə biz yolda yıxılırıq. Həmin səhnənin çəkilişi zamanı hava çox isti idi. Bir dubl, iki dubl, axırda dözə bilməyib dedim ki, istiyə dözmək olmur, adamın dili-ağzı quruyur. Bu sözü deyən kimi Arif Quliyev bir yeşik su gətirdi.

- Film ekranlara çıxdıqdan sonra tənqid edənlər də az olmadı.

- Bir filmi sevənlər də ola bilər, tənqid edənlər də. Bu, normal haldır. Məsələn, bir də görürsən, bir filmə baxırıq, mən filmdəki hər hansı bir aktyoru bəyənmirəm, ancaq oğlum deyir ki, çox gözəl oynayır. Bu o demək deyil ki, mən oğluma təlqin eləməliyəm ki, sən düz demirsən. Zövqlər müxtəlifdir. Bu məsələ "Bəxt üzüyü" filminə də aiddir. Bu filmi də sevənlər də, sevməyənlər də ola bilər.

- Sizcə, Sara tamaşaçıların yadında ən çox nə ilə qalıb?

- Saranın bir səhnəsi var, Sevdaya deyir ki, "Seda, səni görüm, Seda səni görüm"... Hirsindən başqa heç nə deyə bilmir. Bu səhnə ilə bağlı çox fikirlər eşitmişəm.

- Bildiyim qədərilə hazırda pedaqoji fəaliyyətlə də məşğulsunuz. Yeni filmlərə çəkilirsinizmi?

- Film və serial təklifləri olur. Yeni təkliflər gələndə götür-qoy edirəm. Ssenari, rejissor və bu kimi digər məsələlərə diqqət edirəm. Bir sözlə, həyat öz qaydasında davam edir.

Aytac SAHƏD

 





08.02.2021    çap et  çap et