525.Az

Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu


 

Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Vətəndaş cəmiyyətinin üst təbəqəsini fərdi seçimlə, qrupların siyasi və mədəni fərqlilikləri, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hərəkatlar, klublar və digərləri ilə bağlı münasibətlər təşkil edir. Beləliklə də mədəni-siyasi plüralizm əldə edilir. Bu isə öz növbəsində bütün vətəndaşların iradə azadlığına təminat yaradır, ideoloji stereotiplər aradan qalxır. Vətəndaş cəmiyyətinin məhz bu təbəqəsi özündə cəmiyyətin dövlət-siyasi sistemi ilə təmasda olan ən fəal institutlarını cəmləyir ki, bunlar da əsasən siyasi partiyalar və qeyri-hökumət təşkilatlarıdır.
Vətəndaş cəmiyyətinin institutlarının və təşkilatlarının fəaliyyəti hakimiyyətin bölünməsindəki dəyişikliklərə yönəlib və bu səbəbdən də siyasi xarakter daşıyır. Bu yalnız siyasi partiayalara deyil, həm də ictimai səviyyədə məqsədlərinin həllini arayan qruplara da aiddir.
Beləliklə, vətəndaş cəmiyyətini qeyri-siyasi ictimai əlaqələr və institutlar sistemi kimi xarakterizə etmək olmaz. Bu cəmiyyətin genezisi onu səlis iqtisadi, sosial-siyasi, dini, mənəvi, ailəvi və sair münasibətlər sisetminə çevirir, cəmiyyətin vətəndaşlarının iradəsini ifadə edir.
Vətəndaş cəmiyyətinin mövcudluğu və formalaşması bərabər hüquqlara və müəyyən keyfiyyətlərə malik vətəndaşlar olmadan mümkün deyil. İnsan yalnız yüksək mənəvi ideallara və qabaqcıl dünyagörüşünə malik olduqda vətəndaş adlana bilər. Belə şəxslər ictimai birliklər və institutlarla tamamilə fərqli münasibətlərdə olur. Kifayət qədər inkişaf etmiş vətəndaş cəmiyyətlərində insan kollektivlərə cəlb edilməklə qətiyyən öz fərdi keyfiyyətlərini itirmir, əksinə, daha yüksək mənəviyyata sahib olur.
Beləliklə, vətəndaş cəmiyyətinin bir sıra prinsiplərini qeyd etmək olar:siyasi sahədə bütün insanların hüquq və azadlıqlarının bərabərliyi; vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsinin bütün dünyada qüvvədə olan qanunlarla təminatı; şəxsi mülkiyyətə malik olma və yaxud əməyi müqabilində ədalətli qarşılıq alma hüququ üzərində qurulan iqtisadi müstəqillik; partiyaların və vətəndaş hərəkatlarının (qeyri-hökumət təşkilatları) yaradılmasında vətəndaşların azadlığı; elmin, mədəniyyətin, təhsilin və vətəndaşların tərbiyələndirilməsi üçün lazımi maddi və digər şərtlərin yerinə yetirilməsi; yalnız qanunla tənzimlənən, dövlət senzurasından kənar kütləvi informasiya vasitələrinin yaradılması və fəaliyyəti; dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətləri tənzimləyən mexanizmin mövcudluğu (konsensus mexanizmi).
Cəmiyyətin demokratiyaya doğru irəliləməsi ilə onun hər bir üzvünün qəbul etdiyi qərarlara görə məsuliyyəti dəfələrlə artır. Vətəndaş mədəniyyəti olmadan vətəndaş cəmiyyəti haqqında söz açmaq,  ümumiyyətlə, yersizdir. Bu anlayış fərdin ictimai məsələləri qavramaq imkanını müəyyənləşdirir, onun bu məsələlərin həyata keçirilməsində nə dərəcədə fəal olduğunu nümayiş etdirir.
Problemlə əlaqədar toxunduğumuz fikirləri və mövqeləri cəmləyərək, vətəndaş cəmiyyətilə dövlət arasındakı münasibətlərə dair bir neçə mövqe formalaşdıra bilərik:
1. "Vətəndaş cəmiyyəti" və "dövlət" anlayışları qlobal cəmiyyətin fərqli, lakin daxilən əlaqəli elementlərini ifadə edir.
2. Vətəndaş cəmiyyəti ilə dövlətin funksiyalarının bir-birindən ayrılması təbii və qanunauyğun bir prosesdir. Bu, bir tərəfdən sosial-iqtisadi və mənəvi, digər tərəfdən isə həyatın siyasi aspektlərini xarakterizə edir.
3. Vətəndaş cəmiyyəti - siyasi sistemin əsasını təşkil edir, dövləti müəyyənləşdirir və şərtləndirir.
4. Vətəndaş cəmiyyəti həyat qanunları anarxiya olan muxtar fərdlərin birləşməsi deyil. Bu vətəndaşların birgə maddi və mənəvi həyatını təmin edən insanlar birliyidir. Dövlət vətəndaş cəmiyyətinin rəsmi təzahürüdür.
5. Üzvlərinin özfəaliyyəti, birliklərin müxtəlifliyi baxımından vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, bir o qədər dövlətin demokratik yolla irəliləyəcəyi təmin edilmiş olar. Bu fikri əksinə də ifadə etmək mümkündür. Yəni siyasi quruluş nə qədər demokratiyaya meyilli olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edilmiş olar.
Vətəndaş cəmiyyəti insan sivilizasiyasının müasir dönəmində fərdlər, qruplar və birliklər arasında inkişaf etmiş iqtisadi, mədəni, hüquqi, siyasi münasibətlərə malik bir cəmiyyətdir.
Hazırda vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları öz cəmiyyətləri daxilində siyasi yardımın təmin edilməsində, yeni təşəbbüslərin izlənməsində və hökumətlərin ictimaiyyətə hesabat vermə cavabdehliyinin təmin edilməsində mühüm rol oynayırlar. Onlar ümumi dəyərlər, yəni demokratiya və insan hüquqlarına hörmət, qanunun aliliyi, yaxşı idarəetmə, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişafa əsaslanan demokratik və bazar yönümlü islahatların təşviq edilməsində fəal iştirakçılar ola bilərlər. Bunlar həmçinin Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığının dəyər və məqsədləridir.
Əminliklə demək olar ki, artıq qeyri-hökumət təşkilatları bütün dünyada öz varlıqlarını təsdiqləyiblər. Bu gün belə təşkilatların fəaliyyət göstərmədiyi ölkə, demək olar ki, yoxdur. Dövlətlər mövcud problemlərini vətəndaşların dəstəyi və birbaşa iştirakı ilə həll etməyin zərurətini başa düşürlər. Ona görə də, bütün ölkələrdə QHT-lərin azad və səmərəli fəaliyyətinin təmin olunması istiqamətində işlər görülür.
Təsadüfi deyil ki, dünya ölkələrinin əsas birliyi olan BMT də öz sənədlərində bu məsələyə xüsusi əhəmiyyət verir. BMT Nizamnaməsində QHT-lərlə bağlı müddəa öz yerini alıb. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa belədir: "İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər".
Demokratiyanın əsas amillərindən hesab olunan vətəndaş cəmiyyətinin gücləndirilməsi müasir dövlətlərin və hökumətlərin qarşısında duran vacib məsələlərdən biridir. Azərbaycan da bu məsələnin həllinə nail olmaq üçün mühüm addımlar atan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təsis olunması bunun bariz nümunəsidir. Şuranın qurulması əsaslandırılarkən rəsmi şəkildə bu qurumun müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı ilə bilavasitə bağlı olduğu göstərilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin iyul ayının 27-də QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında imzaladığı sərəncamda qeyd edib: "Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir". Daha sonra ölkə başçısı sərəncamın zəruriliyini dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin təsis olunması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb edilməsi, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsi ilə əlaqələndirib.
Həqiqətən də Azərbaycan hakimiyyəti bu gün qeyri-hökumət təşkilatlarını, sözün həqiqi mənasında, özünün tərəfdaşı hesab edir. Təbii ki, hakimiyyətin öz funksiyaları vardır: dövlətin təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəldilməsi, ölkənin tərəqqisinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və digər məsələlər. Amma elə sahələr var ki, orada məhz qeyri-hökumət təşkilatlarının fəaliyyəti vacibdir. Məhz bu vacibliyi nəzərə alan hakimiyyət qeyri-hökumət təşkilatları ilə birlikdə fəaliyyəti uğurla davam etdirir. Bu bir faktdır ki, Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının təmsil olunduğu kütləvi təşkilatlar kimi baxır, onların bu və ya digər təşəbbüslərini həyata keçirmələrinə maddi dəstək vermək iradəsini ortaya qoyur və üçüncü sektorun daha da inkişafı üçün köməyini əsirgəmir.

AQİL

 





28.02.2014    çap et  çap et