525.Az

Ahıskalı Şair Molla Məhəmməd Səfili - Asif Hacılının yazısı


 

Ahıskalı Şair Molla Məhəmməd Səfili - <b style="color:red">Asif Hacılının yazısı </b>

Beyçarə Səfili, fani dünyada,
Artar oldi dərdim hədən ziyada,
Sən ki bənə verdin ol bari xuda,
Vermə bəndən özgə qula dərdimi.

Molla Məhəmməd Səfili

Ahıska türklərinin etnik mədəniyyətində və  milli kimlik şüurunda mühüm yer tutan ustad sənətkarlardan biri  Koblıyanlı Aşıq Molla Məhəmməd Səfilidir. Dərin bilikli, fitri istedadlı, əqidəli şəxs olan Səfili Xocanın yaradıcılığı ilahi mətləblərdən, həyat fəlsəfəsindən, xalqının taleyindən ayrılmazdır. Həyatı boyu ədalət və sülh, azadlıq və səadət axtarışında olmuş Səfili böyük sənətkar və üləmadır, haqq yolunun yolçusudur.       

Lakin türk dünyasının bu böyük şəxsiyyətinin həyat və yaradıcılığı hələ də ətraflı öyrənilməmiş, əsərləri tam toplanıb dərc olunmamışdır. Bu mütəfəkkir şairin yaradıcılığının tədqiqi, əsərlərinin dərci həyatını vətəni, xalqı, imanı yolunda qurban vermiş ulu ustadın ruhu qarşısında  mənəvi borcdur.

Səfili təxəllüslü Aşıq Molla Məhəmməd Yusif oğlu (Yusifzadə) Kuşoyev (Matos xoca) Ahıska mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) Pulate kəndindəndir. Koblıyan bölgəsi Ahıskanı bir-neçə əsr idarə etmiş Qıpçaq Atabəylərinin dayaq nöqtələrindən biri olmuş və möhtəşəm Altunqala burada yerləşmişdir. Bu ərazi həm də öz ecazkar təbəti və zəngin türk folklor ənənələri ilə seçilir. Kuşogillər taxımından olan  Molla Məhəmməd Səfili bu tarixi məkanda 1870-ci ildə anadan olmuşdur. Şairin təvəllüdünün 1870, 1872, 1882-ci illər versiyaları da var, lakin ağsaqqalların söylədikləri və həyat xronologiyası 1870-ci ilin üzərində dayanmağa imkan verir. Ahıskaşünas tədqiqatçı Yunus Zeyrək də aşığın 1870-1937-ci illərdə yaşadığı qənaətinə gəlmişdir.

Şair Səfili mollalığına və milli-dini mündəricəli yaradıcılığına görə sovet rejimi tərəfindən 1937-ci ildə siyasi repressiyaya məruz qalmış, həbs edilərək naməlum yerə sürülmüşdür. Bu ildən sonra ondan heç bir səhih xəbər gəlməmişdir. Vəfat tarixi və yeri dəqiq məlum deyil. 1930-cu illərin axırlarında Sibirdə (Maqadanda) güllələndiyi haqqında müəyyən məlumat var. Səfilinin nəvəsi İlim Şahzadayev aşığın məzarının Buxarada, Dərbənddə, Sibirdə olduğunun da söylənildiyini bildirir. Aşığın Orta Asiyada yüz yaşacan yaşadığı, ömrünün sonlarında gözlərinin tutulduğu da deyilir. Lakin gerçək faktlar Səfilinin 30-cu illərin axırlarında güllələndiyini təsdiqləyir.

Aşığın yaradıcılığı doğma yurdunun tarixindən, mədəniyyətindən, təbiətindən qaynaqlanır. Səfilinin doğulub böyüdüyü Pulate kəndi türk ruhunun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin intişar tapdığı, əski türk inanclarının qorunduğu qədim yurdlarımızdandır.  Kəndin sakinləri qədim oğuz boylarından törəyən, türk-islam ruhunu yaşadan soylar olub – Qayadədəgil, Hemidağagil, Coşğundədəgil, Təmiroğullarıgil, Əcərəlilər, Dursundədəgil, Yuxalar, Qurtalar, Dırıcılar, Surolar, Husogil, Səfərağagil, Tahirdədəgil, İşıqdədəgil, Ömürdədəgil, Kuşogil, Üzeyirlər, Durojalar, Yeqanağagil və s.

Azərbaycanda Saatlının Fətəlikəndində yaşayan Kuşogillərdən Gülcan Süleyman qızı (1910), Hemidağagillərdən Şişə Məhəmməd qızı (1930), Husogil­lərdən Qayat Rəhman qızı (1924), Üzeyirlərdən Alisultan Məmmədov (1924), Coşğundədəgillərdən Anşa İsmayıl qızı (1918) ilə 1980-ci illərdəki görüşlərim zamanı onların doğma kəndləri Pulate haqqında söylədiklərindən bəlli olur ki, bu türk yurdu Persat dağı, Saburtağ dağı, Samasada dağı, Qarapuvar dağı, Yalbuz dağı, Baxacax dağı, Aşağıki yayla, Yuxarıki yayla ilə əhatələnib.  Kənd Naçikev buzxanası (buzlu mağara), Pulate çərmüyü, Axaşen çərmüyü, Sabiyet dərə çərmüyü, Coç puvarı, Qara puvar, Cift puvar, Süd puvar, Gülbaxçanın puvarı, Nəsüret puvarı, Dibsiz göl, Cazi gölü ilə məşhurmuş.

Pulate çərmüyü Abastuman, Zanav, Sabiyet, Uravel, Xeveşen, Axaşen, Arazinda, Küknəlli, Aqobil çərmükləri ilə bərabər mahalın ən məşhur şəfa ocaqlarındanmış. Pulatenin isti mineral bulağı mədə xəstəliyinə, qaşıntıya, qotura əlacmış. Bu şəfalı yerdə müalicəvi otlardan da istifadə edilirmiş.

Ahıska mahalının digər yerlərində olduğu kimi, pulatelilərin də həyatını Mövlud, Rəcəb, Qurban, Ramazan, Xıdırəlləz kimi bayramlar, «yığnax», «sıra türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «süpürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecələri süsləmişdir.

Kəndin ətrafını Axaşenlər, Qostamalar, Qırıxlar, Nariya, Qıraclar, Çololar, Nakordalalar, Cuvari, Gülbaxça, Varazan, Cami, Sukuletlər kimi bərəkətli tarlalar, Qostama, Hamzula, Nakan, Nadqur, Axaşen meşələri, Gülbaxça, Qamabaxça, Çəyürməbaxça, Ardmulbaxça əhatə edirmiş.

Koblıyan bölgəsində qədim rəvayətlər, əski türk və islam inancları qorunub saxlanıbmış. Pulate və ətraf kəndlərin sakinləri Şəhidlər məzarlığına, Qəriblər məzarlığına, eyilərdən Əhmədağa türbəsinə, Aşağki məhlə məzarlığına, mum yanan Sukuletlər türbəliyinə, Molla Məhlud türbəsinə, əvliya Abdul dədə türbəsinə, Lazistanlı Xoca türbəsinə, Zazola türbəsinə sitayiş edərmiş.

Pulate öz müdrik ağsaqqalları ilə tanınıb. Köyün Molla Maqsud, Molla Əhməd, Molla Şəmşət kimi xocaları varmış. Sınıxçı Əhməd, Misli əmi məşhur təbiblərmiş. Deyilənə görə, Sınıxçı Əhmədin biliyini hökumət yoxlamaq istəyib, balqabaq, boranını tikə-tikə  qırıb kisəyə qoymuşlar, o, üstdən düzüb. Qırılmış şabalıdı corab içində düzüb.

Aşıq Məhəmməd Səfili də təbiblik və cindarlıqla məşğul olarmış (aşığın bir təxəllüsü də Cindar olub, lakin əslində Molla Məhəmməd təbibliklə məşğul olub). Saatlı rayonunun Əzizbəyov kolxozunda yaşayan Celalı Səddi Əşrəfovun dediyinə görə, ilahidən vergisi olan Məhəmmədə azarlılar, əsasən, psixoloji sarsıntıları olanlar müraciət edərmiş. Molla Məhəmməd ağ nəlbəkiyə su tökər, səkkiz xırda pul atar, baxardı, gözünə xəstəyə bənzər şəkil gələrdi, sonra suya bıçaq vurar, dua oxuyardı. Xəstə bundan bayılar, sağalıb ayılardı...

Məhəmmədin şair və alim kimi yetişməsində ailə mühiti də böyük rol oynayıb – onun uruğu Kuşolar Koblıyanın seçilən nəsillərindən olub. Savadlı və açıqfikirli insan olan atası Yusif kiçik yaşlarından şeir yazan oğlu Məhəmmədə ilkin savad verib. Aşığın əmisi Molla Maqsud mahalın tanınmış xocalarından olub və o da Məhəmmədin formalaşmasına təsir edib.  Belə bir ziyalı çevrəsində böyüyən Məhəmməd fitri istedadı sayəsində çocuqluğundan biliklərə yiyələnir və bir müddət mədrəsəyə getdikdən sonra təhsilini dayandırır. Atası Yusifin «niya mədrəsəyə getmiyen» sualına «bənim bilduxlarımi oxudiyerlər» deyə cavab verir.

Qeyd edək ki, Səfiliylə qayın-eniştə qohumluq bağlılığı olan Hemidağagillərdən Molla Şəmşət də savadlı xocalardan olub və 1937-ci ildə onunla birlikdə yurdundan sürülüb.

Məhəmməd kiçik yaşlarından zəngin mədəni mühitdə yaşayıb, sənətə marağı həm ailəsindən, həm də el şənliklərindən qaynaqlanıb və o müstəqil şəkildə aşıq sənətinə yiyələnib. Elmdə bəlli bir xocası olmadığı kimi, şairlikdə, aşıqlıqda da konkret ustadı barədə məlumat yoxdur. Molla Məhəmməd Səfilini məhz ətrafındakı mənəvi mühit formalaşdırıb, fitri istedadı ilə söz sənətinə, elmə-biliyə, savada yiyələnib, aşıqlığına görə Aşıq Səfili, üləmalığına görə Molla Məhəmməd (Xoca Məhəmməd, Məhəmməd Əfəndi) kimi tarixə düşüb.   

Aşıq Məhəmməd Səfili öz dövrünün aşıq mühiti ilə dərindən bağlı olub. Aşıq Sümmani, Xasta Hasan, Aşıq Şenlik kimi klassiklərin müasiri olan Səfilinin Xasta Hasanla deyişməsi təsdiqlənir (Valeh Hacılar, Əli Şamil). Onun Murad Zarzamlı (yəqin ki, Zarzima nəzərdə tutulur),  Aşıq Bezgün Sakunetli, Aşıq Şenlik, Aşıq Sümməni, Şəhri Əfəndi, Aşıq Bəsirlə deyişməsi də sölənilir (İsmayıl Kazımov). Lakin gerçək faktlar göstərilmədiyndən belə fikirlərin çoxu ehtimal kimi səslənir.

Ümumyyətlə, Molla Məhəmməd Səfilinin yaradıcılığı yetərincə tədqiq olunmayıb və bəzən təhrif olunub. Hətta 1950-ci illərin axırlarının hadisələrini əks etdirən, məzmun və bədii keyfiyyətinə  görə Aşıq Molla Məhəmməd Səfilinin məlum əsərlərindən köklü fərqlənən mətnlər də bəzən onun əsərləri hesab edilir. “Səfili” və “Səfil” təxəllüsü ilə Ahıskada bir çox şairlər (Səfil Əmrah, Səfil Aslan, Səfil Lado, Səfil Kamil və b.), o cümlədən Aşıq Məhəmməd Səfilinin nəvəsi İlim Şahzadayev (İlim Səfili, Səfil İlim) də əsərlər yazmışdır. Aşıq Səfilinin bir sıra aşıqlarla (“Murad Zarzamlı, Aşıq Bezgün Sakunetli, Aşıq Sümməni, Şəhri Əfəndi, Aşıq Bəsir”) bərabər, Əhməd Pepinovla deyişməsi barədə gümanlar da sual doğurur. Ahıska türklərinin görkəmli ziyalısı, maarifçi və dövlət xadimi Əhməd Bəy Pepinovun (Yunus Zeyrək bu soyadı Bibinoğlu kimi verir) el məclislərində saz çalıb aşıqlıq etməsi və Səfili ilə deyişərək bağlanması barədə tarixi məlumat yoxdur.

Koblıyanlı Aşıq Məhəmməd Səfilinin Aşıq Şenlik və Aşıq Sümmani ilə deyişməsi barədə də səhih məlumat yoxdur. Ərzurumun Samiqala kəndindən (Sümmaninin doğulduğu kənd) Səfili adlı sıradan bir aşığın Aşıq Şenliyin yaşadığı Suxara kəndinə gələrək özünü Sümmani kimi təqdim edib Şenliklə deyişməsi və biabırçılıqla bağlanaraq sazını qoyub qayıtması rəvayət olunur. Bu hadisədən sonra Sümmani öz şərəfini qorumaq üçün gəlib Şenliklə qarşılaşır, heç biri yenilmir, aşıqlar qardaşlaşdıqlarını bildirirlər (Xerolu Poteləgillərdən Məlik dədə, Kikinetli Toromangillərdən Qafur Hüseynov, Zanavlı Bayraqdarlardan Əhməd Məhəmməd oğlundan 1980-ci illərdə  yazıya aldığımız Şenliklə Sümmaninin deyişməsini 1992-ci ildə və sonralar çap etdirmişik: Asif Hacılı. Qəribəm bu vətəndə: Ahıska türklərinin etnik mədəniyyəti. – Bakı, Gənclik, 1992; Asif Hacılı. Ahıska türkləri: Vətən bilgisi. – İstanbul, 2009; Asif Hacılı. Ahıskalı Aşıq Molla Məhəmməd Səfili. – Bakı, Mütərcim, 2014).

No description available.

Molla Məhəmməd Səfilinin əlimizdə iki deyişməsi var:  “Xasta Hasanın Aşıq Səfili ilə deyişməsi” və deyişmə formasında olan “Molla Məhəmməd Səfili və dəyirmançı İbrahimin dastanı”. Qeyd edək ki, “Pulateli Molla Məhəmmədin Kobliyan kövlərinə olan qoşmasi”nı və 1918-1919-cu il savaşı haqqında şeirini də ahıskalılar dastan adlandırır (“1918-1919 savaşi və Kobliyan dastani”).

Ustad sənətkar Səfilinin bədii əsərləri türk poeziyasının inciləridir və gerçək mənbələr və elmi meyarlar əsasında öyrənlməlidir. Şairin və aşığın zəngin fəaliyyəti iki baxımdan diqqəti cəlb edir: a) qədim aşıq ənənəsinin daşıyıcısı, dastan söyləyicisi kimi; b) orijinal bədii əsərlər müəllifi kimi.
Dastançılıq ənənəsini dərindən bilən Molla Məhəmməd ilk növbədə «Koroğlu»nun ustad ifaçısı kimi tanınıb. Onun Vəli Xuluflunun 1929-cu ildə Bakıda buraxdığı «Koroğlu»dakı qollardan birinin və Koroğlu əhvalatlarının söyləyicisi olduğu deyilir. Qeyd edək ki, bir çox gürcü aşıqları da “Koroğlu”nu türkcə və gürcücə ifa ediblər.

Molla Məhəmmədin orijinal şeir yaradıcılığı məzmunca rəngarəng və bədii cəhətdən kamildir. Aşığın yaradıcılığında tarixi-ictimai mövzulara həsr olunmuş şeirlər xüsusilə mühüm yer tutur. Ahıska-Ərdəhan bölgəsinə böyük xeyriyyəçilik yardımı etmiş Hacı Zeynalabdin haqqında “Mərhəmət kanidur Tağiyev Həzrəti, Namiylə dutmişdur cihani zati” bənd ilə başlayan şeiri (“1915-ci il Adahan-Axısxa-Kars kırğınına”) onun tarixi məzmunlu əsərlərindən biridir.

Məlum olduğu kimi, 1914-ün noyabrında Türkiyə və Rusiya arasında yeni toqquşmalar başlayır. Bundan sonra türklərə qarşı repressiya şiddətlənir; 1915-ci ilin yanvarında Ərdəhanı almış Kazak-Sibir alayı üç ay ərzində Qars-Ərdəhanda ən azı 40 mindən çox türkü qətl edir. Bakıdakı «İslam cəmiyyəti xeyriyyəsi» çardan icazə alıb işə qarışır və Hacı Zeynalabdinin fəal mənəvi və maddi dəstəyi ilə «22.000 hərbzədə» qarslını 1917-ci ilə qədər ölümdən xilas edir (M.F. Kırzıoğlu. Kars Tarihi. C. 1. İstanbul, 1953, s. 553-554). Səfili öz şeirində məhz bu hadisələrə və Tağıyevin fəaliyyətinə toxunur.  Qeyd edək ki, Molla Məhəmməd Səfilinin Hacı Zeynalabdin Tağıyevlə dostluğu, Bakıya səfər etməsi, Tağıyevin sarayında şeir məclislərində iştirak etməsi haqqında da el arasında söz gəzir. 

1918-1919-cu ildə bölgədə cərəyan edən siyasi-hərbi proseslərdən, türklərə qarşı basqılardan, milli mücadilədən bəhs edən “1918-1919 savaşı və Koblıyan dastanı”, Ahıskanın türk kəndlərinin tarixi-ictimai durumunu əks etdirən irihəcmli “Koblıyan kövlərinə olan qoşma”,  erməni terrorunu göstərən “Camican” kimi əsərlərində də Səfili yurdunun tarixinə obyektiv münasibət bildirir, yüksək vətənpərvərlik nümayiş etdirir.

Ahıskanın çar orduları tərəfindən işğalı, xalqa qarşı terror və repressiyalar vətənpərvər şairin yaradıcılığında dərin kədərlə xatırlanır:  

Axısxa yıxılmış, olmuştur əsir,
Nə kilim qalmışdır, nə əski həsir,
Əhmədiyyə camisi olmuşdur yesir,
Ağliyer gözlərim, dolmuşdur kana… 

Bu mövzu Ahıska xalq şeirində də əks olunmuşdur:

Əhmədiyyə camesi söküldi,
Arabayla Urusetə çəkildi,
O vaxt mislimanın beli büküldi,
Ağla, nənəm, ayrılacax zamandur.

Molla Məhəmməd Əfəndi Ahıskanın işğalından sonra buralara sahiblənməyə başlayan ermənilərin şərəfsiz hərəkətlərinə, dinə-imana və insanlığa zidd davranışına da ürək yanğısıyla münasibət bildirir:

Xerolilar Osmannıya qaçarlar,
Ermanilər sədirlərə  keçarlar,
Cami havlisində şarab içarlar
Nə gündən günlərə qaldın, camican.

Ermanilər gəlür bunda tururlar,
İstikani bir-birinə vururlar,
Əzənin yerinə zəngi vururlar,
Oxunmaz əzənlər, qaldın, camican.

Səfiliyə qədər digər sənətkarlar, o cümlədən,  Ahıska türklərinin ustad aşığı Xasta Hasan da erməni şərəfsizliyinin şahidi olub. Vaxtilə qaçqın və səfil erməniləri Axılkələkdəki Dırqına kəndində ürək genişliyi ilə qarşılamış, onlara yer vermiş, əvəzində şairin otlağına yiyələnmiş təzə qonşuların həyasız nankorluğuyla üzləşmiş məşhur el şairi Xasta Hasanın söylədikləri:

Erməniyə yol açıldı,
Yuva saldı Dırqınada
Yerli getdi, yersiz qaldı,
Əcəb haldı Dırqınada.
Adına deyillər Tigrən,
Üzündəki ətdən igrən,
Əlindəki dəmir dirgən
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalnız gördülər,
Qalmaqaldı Dırqınada,
Yersiz gəldi, yerli qaç.

Molla Məhəmməd Səfilinin 1920-ci illərdə (ehtimala görə, 1926-da) yazdığı, Ahıska mahalının Koblıyan bölgəsinin türk kəndlərinin böyük bir hissəsini (91 kəndi) mədh etdiyi 41 bəndlik “Koblıyan kövlərinə olan qoşma”sı tarixi dəyərinə görə olduqca əhəmiyyətli mətndir. Bu əsərdə kəndlərin və bununla da Ahıska türk mühitinin ictimai-siyasi, mədəni həyatı dəqiq cizgilərlə və müəyyən yumorla təsvir olunur, tanınmış şəxsiyyətlər haqqında təsəvvür yaradılır. Əsərdə bir sıra tarixi şəxsiyyətlərin adı çəkilir, cəmiyyətdə gedən yeniləşmə prosesləri bəzən yumoristik tərzdə ifadə olunur: 

Azqur ağalari palto geyinmiş,
Əgdürmiş papağı faytona binmiş,
Eşitdim ramazan üç günə enmiş,
Ömər əfəndi qoymuş əhdi peymana.

Aşıq Səfilinin böyük tarixi-eynoqrafik əhəmyyəti olan bu səyahətnaməsi bölgənin digər aşıq və şairlərinin səyahətnamə janrına aid əsərləri – Aşıq Şenliyin XIX əsrin 70-ci illərində Ahıska, Posxof və Şəvşət bölgələrinə səyahətini əks etdirən dastanı,  şair Abdullahın işğaldan sonra Ahıskanın acınacaqlı halı təsvir olunan “Hazə şikəstə”  şeiri, Posxovun Hevat kəndindən Aşıq Süleymaninin (XVIII-XIX əsrlərin məşhur aşığı Usta Üzeyir Fəqirinin nəvəsi, şair Fərhad Fəryadinin oğlu) 1891-ci il Bakı-Tiflis-Posxov-Van-İran səyahətnaməsi, Hanaklı Molla Dursun Məhzuninin “Posxov dastanı” ilə səsləşir.

No description available.

Səfilinin “Koblıyan kövlərinə olan qoşma”sı Ahıska türklərinin sonrakı dövr xalq yaradıcılığına da dərindən təsir etmişdir. Rabat bölgəsinin Arzne köyündən Usta Mürtəzin “Yetişdi”, Koblıyan bölgəsinin Zanav köyündən Bayraqdarlardan Səkinə Məhəmməd qızının “Koblıyan”, “Kövi Zanavın”, İndusalı Musaoğlunun “Vətən dastani”, Şimşək Sürgün Kaxaretlinin “Vətənə aid şeirlər”, Zeynul Yektayın “Bənzəməz”, Dərdli Gözəlin “Yandım Muqaret” kimi əsərlərində Aşıq Məhəmməd Səfilinin təsiri aşkar sezilir.

Aşıq Səfilinin fəlsəfi-lirik məzmunlu əsərləri də öz məna dərnliyi, bədii kamilliyi ilə seçilir. Həyatın mənası, ölüm və yaşam, tale və qədər, dünyanın faniliyi, dostluq kimi motivlər aşığın bir sıra şeirlərinin əsas mövzularıdır. Dini-fəlsəfi məzmunlu “Came”, “Yatarlar”, “Fələk”, “Bəni”, “Qürbət” kimi şeirlərində insanın mənəvi varlığı, ərzani həyatın faniliyi, taleyin müəmması kimi anlamlar barədə şairin düşüncələri əks olunub. “Yatarlar” şeirində şair varlığın və heçliyin mənasını düşünür, həyətın mənasını anlamağa çalışır:

Səhərdən oğradım məzərisdana,
Əlini dünyadan çəkmiş yatarlar.
Qan içən böcüklər taramiş tənə.
Əzrayil belini bükmiş yatarlar.  

Məst olub içmişlər zəhərdən badə,
Kimsə murad almaz fani dünyada.
Gözləri arşdadur, yüzi qıblada.
Qara toprax üzrə çəkmiş yatarlar.

Der Səfili söyləniyer bu sözlər,
Çəkilmiş fərdələr, kor olmiş gözlər.
Al tuvax gəlinlər, köçəcax qızlar
Zilifi turaba tökmiş yatarlar. 

Bir sıra şeirləri (“Tək-tək”, “Dərdimi”, “Bənzər”, “Yaxşidür”, “Oğul”...) mənəvi-əxlaqi mövzudadır və şairin fərdi yaşantılarını, müşahidələrini, həyat təcrübəsindən, daxili axtarışlarından doğan qənaətini bəyan edir.

Səfilinin deyişmə şəklində yaratdığı “Aşıq Molla Məhəmməd Səfili və dəyirmançı İbrahimin dastanı”, eləcə də “Qürbət”, “Fələk” kimi şeirləri müəllifin fikir dərinliyindən, ruhsallığından, incə qəlbindən xəbər verir. Toxunduğu məqamlar, araşdırdığı mətləblər, aşkarladığı mənalar konkret fakt, hadisə və şəxslərlə məhdudlaşmır, ümumi fəlsəfi məzmun qazanır, geniş anlayışları, insanın mənəvi varlığını, həyat və ölümün sirrini, taleyin mübhəmliyini, zamanın əsrarəngizliyini ehtiva edir.

Der Səfili, bunca işlər qayırdun, 
Həsrət qoyub can cigərdən ayırdun,
Bu ayriluğu bizə haqdan buyurdun,
Yandurdun gülümi soldurdun, fələk. 

Həyatın acılarını dadmış, mənəvi tənhalıqdan usanmış, yadlar içində özünü qərib sanmış şair sanki xalqının başına gələcək faciələri öncədən görmüş və ağrısını çəkmişdir: 

Yaşılbaş sonalar ötər göllərdə,
Qırıldı qanadım qaldım çöllərdə,
Anasız, babasız gəzdim ellərdə,
Bən ağlamiyem, kimlər ağlasın. 

Bir yandan ğəm gəldi, bir yandan farağ,
Qaldım qürbət eldə, Vətənim irağ.
Qürbət eldə nasıl yaşiyağ, durax,
Bən ağlamiyem, kimlər ağlasın.
 

Taleyin acılarına baxmayaraq, Məhəmməd Səfili həyata müdrikcəsinə yanaşır. Ali həqiqətə, dünyanın ahənginə, ədalətə olan inamını itirmir. Bu nikbinliyi və inamı ona doğma yurdun təbiəti, millət sevgisi və dini inancı verir: 

Çıxa-çıxa çıxdım dağlar başına,
Duman dağlara nə gözəl uymiş.
Şükr elədim haxdan gələn əmirə,
İman möminlərə nə gözəl uymiş.

Dügündə-bayramda edərlər zinət,
Haqq bizə buyurdi farz ilə sünnət,
Kafirə cəhənnəm, islama cənnət,
Nalet kör şeytana nə gözəl uymiş.

Səfili der, İncil endi İsaya,
Dil verildi əlindəki əsaya,
Zəbur Davuda, Tövrat Musaya,
Quran Məhəmmədə nə gözəl uymiş.

Səfili gələcəyə inanır və tərbiyəvi-didaktik şeirlərində “dönmüş zamana” düşmüş insanları əbədi həqiqətə və gözəlliyə,  haqqa və ədalətə, birliyə və bərabərliyə səsləyir:                        

Bir məclisə varanda özüni ögmə
Şeytana can verib yoxsuli döqmə,
Haxsıza haqq deyib düzləri əqmə,
Deməki dünyada zülüm yaxşidur. 

Deli qönül bəndən sənə nəsihət,
Deməki dünyada varım yaxşıdır.
Bir qün olur qohum qardaş yad olur,
Demə ki, zənginim param yaxşidur. 

Ölüm eydur aci kəlmə demədən,
Axıl ögrənilməz dəli səmədən,
Namərdlərin yağlısıni yemədən,
Mərd yigidin quri aşi yaxşidür.

Der Səfili necə oldi bu halım,
Güni-gündən artar bu qalmaqalım.
Qiymətsiz yerlərdə qahr etmə malın,
Malın var, zərrəfə satsan yaxşidür.

Bu kimi əsərlər göstərir ki, Koblıyanlı Səfili ilk növbədə böyük insanpərvər, haqq-ədalət carçısıdır. Yurdunun, soydaşlarının, insanlığın dərdini, dünyanın iztirablarını içinə çəkən şair bəşəriyyəti hikmətdə, cəmiyyəti ədalətdə, insanları səadətdə görmək arzusundaydı. Lakin sovet rejimi böyük humanist Şairi amansızlıqla qətl etdi, nə məzarı məlum, nə ağsaqqal günlərində məhbəsdə keçirdiyi iztirablar! Əsərlərinin əksəri də qeyb oldu. Şairin sürgünündən bir müddət sonra yurddaşları vətənindən çıxarıldı, olmazın əzablara düçar edildi.

Acı təəssüflə bildirək ki, Səfilinin nəvəsi, ulu ustadının – babasının ənənəsini şeirlərində, şəxsiyyətində  şərəflə yaşadan  gözəl şair, ziyalı İlim Şahzadayevi (Səfil) (1954-2006) də vaxtsız əcəl aramızdan tez apardı. İlim qardaşımız qısa həyatını vətən həsrətilə yaşadı və bunu şeirlərində ifadə etdi: 

Həsrətin çekduğum gözəl vətənin
Abu-havası da haxlıma gəldi.
Ağladuxca axar gözlərim yaşi,
Dupduri puvari haxlıma gəldi. 

Uzaxdan baxarsın – yeşil təpəli,
Yaxına gedərsin, gülli-çiçəkli,
Qarşında dururdi gəlin ləçəkli.
Qarli-buzli dağlar haxlıma gəldi.

Dərənin ədrəfi yem-yeşil xali,
Çıxanda gəzməyə görükməz ardi,
Gəzərdi içində avisi, kürdi,
Çamli-namudli meşə haxlıma gəldi.  

Yazın ortasında xarmanlar dolar,
Küsənlər barışur, toy-bayram olar,
Güzə yaxın meyvələrin döşrular,
Pantasi, furuci  haxlıma gəldi.

(İlim Şahzadayev)

Şairin nəslindən digər tanınmış bir şəxs – Molla Məhəmmədin qardaşı Maqsud Xocanın oğlu rəhmətlik Dəmiralı Kuşu idi. Pulatedə və ətraf kəndlərdə savadlı molla kimi tanınan Maqsud xoca 1920-ci illərin ortalarında sovetlərin təqibindən qurtulub Türkiyəyə, Posxova qaçmağa müvəffəq olur. Posxovun Badele kəndində mollalıq edib, savadlı imam kimi tanınıb. Fəxrəddin Kırzıoğlu Səfilinin əlyazmalarını 30-cu illərdə Maqsud Xocadan əldə edib. 1990-cı illərin əvvəllərində Bakıda ziyarət edib tanış olduğum əməkli imam Dəmiralı Kuşu da nəsil ənənəsinə sadiq qalaraq, Türkiyədə imamlıq etmiş, Axısqa türkləri dərnəklərində çalışmış və Vətən mövzusunda bir sıra şeirlər yazmışdır:

Çekmeyen ne bilir sürgün derdini,
Ancak bilir terk edenler yurduni.
Parçaladı cemiyeti, ferdini,
Nerede anam, babam, akrabam nerde,
Düşmüşüz, kardeşim, çaresiz derde.

(Dəmiralı Kuşu)

Molla Məhəmməd Səfili türk dünyasının böyük söz ustadı, üləması, mənəvi qəhrəmanıdır. Qəlbi yurdunun, el-obasının, türklüyün, insanlığın eşqiylə çırpınan alovlu vətənpərvər və insanpərvərdir. Bu ustad Şairin əsərləri bu gün də aktualdır və əminink ki, gələcəkdə də sevilərək oxunacaq, öyrəniləcək, ömür yolu ilə bağlı həqiqətlər aşkarlanacaq.

 





09.02.2021    çap et  çap et