525.Az

"Sən gedənnən neynirəmsə, ölmürəm..." - Şeir


 

"Sən gedənnən neynirəmsə, ölmürəm..." - <b style="color:red">Şeir</b>

Gənc, nakam şəhid balamız Əkbər Hüseynlinin timsalında bütün şəhidlərə ithaf edirəm

Sən gedənnən neynirəmsə, ölmürəm,
Həyatmı var mənə sənnən aralı?!
Sənin haran yaralıydı, bilmirəm,
Mənim əlim, qəlbim, gözüm yaralı.

Daha kimsə eşitməz ki, səsimi,
Bitib sözlər, bayatılar, ağılar.
Qoxlayıram köynəyini min dəfə,
Yumuram ki, ətrin birdən dağılar.

Demədin ki, sevdiyinin adını,
Harda görsək, bəhanəylə saxlayaq.
Bacın alan ipək güllü yaylığı,
Öpə-öpə tellərinə bağlayaq.

Anan qurban, kaş bir tutub kəsəydim
Sən gedəndə qıvrım, qara saçından.
Gözəl balam, görəsən, son nəfəsdə,
Nə keçirdi ürəyinin içinnən.

Kimi andın, kimi saldın yadına,
Vətən deyib gözlərini yumanda?
Bəlkə elə neçə vaxtdı gizlincə,
Sevdiyini düşünürdün o anda.

Ağlamıram, ağrın alım, darıxma,
Səndən sonra hamı mənim balamdır.
Bir azca da çox sevəcəm torpağı,
Torpaq səndən əmanətdir, qalandır.

Vətən etdi, yurd eylədi, igidim,
Sənin qanın qupquruca torpağı.
Qoruyacaq Azərbaycan, şəhidim,
Qaldırdığın o üçrəngli Bayrağı.

 





09.02.2021    çap et  çap et