525.Az

Müəllimlik - qaranlıqları aydınlığa çıxaranların peşəsi


 

Müəllimlik - <b style="color:red">qaranlıqları aydınlığa çıxaranların peşəsi</b>

Dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir.
 
Bir şey aydındır ki, müəllim və şagirdlər həmişə olub. Qətiyyətlə demək olar ki, müəllim yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim var olacaq. Çünki insan, bilik və təcrübəsini yeni nəsillərə ötürməklə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim qaranlığa işıq saçan yanar çıraqdır.

Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarix yazan dahi şəxsiyyətləri də müəllim yetişdirib. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaq.

İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Bu sualın əsl müəllimlərin sayı qədər cavabı var. Lakin aydın olan odur ki, həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər.

ƏN ŞƏRƏFLİ ZİRVƏ

Ən şərəfli peşə sayılan müəllimliyi  seçən və bu adı şərəflə, layiqincə daşıyan müəllimlərdən biri də Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Cavadovadır. A.Cavadova 1994-1998-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Qırmızı diplom ilə bitirib. 1998-2000-ci illərdə isə Bakı Slavyan Universitetinin magistratura pilləsində təhsil alaraq buranı fərqlənmə diplomu ilə başa vurub.

2015-ci ildən pedaqoji fəaliyyətə başlayan A.Cavadova paytaxtın  103 və 297 nömrəli məktəblərində müəllim kimi çalışıb. Hazırda isə 60 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirir.

A.Cavadova bir cox təlimlərdə, həmçinin, Təhsil Nazirliyinin təşkil etdiyi "İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi", "İnklyuziv sinifin təşkili" və "Microsoft Teams" təlimində iştirak edib.

ŞAGİRDLƏRİNİ SEVƏN MÜƏLLİM

Pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz işini sevməkdir. A.Cavadova həm peşəsini, həm də şagirdlərini çox sevən müəllimdir. Uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf bu müəllimin dəyərli xüsusiyyətlərindəndir. 

Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan var. Həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilləşmək.

No description available.

A.Cavadova onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışıb-yanan gözlərini müəllimə dikən şagirdlərini öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişdirir. O bilir ki, şagirdlərin gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi də birbaşa müəllimdən asılıdır.

ŞAGİRDLƏRƏ UĞUR QAZANMAĞIN SİRLƏRİNİ ÖYRƏTMƏK 

A.Cavadova öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, şagirdlərinə biliklər verməklə yanaşı, onlarda yeni potensial aşkar edib, uşaqlarda özünəinam aşılayıb, bu zaman böyük iftixar hissi keçirir. Sevinir ki, Allah ona misilsiz bir hədiyyə edib və o, Müəllim olub.

Müəllimin sözlərinə görə, indi o, daha çox bələdçi rolunu oynayır, şagirdlərini müxtəlif mənbələrdən müstəqil şəkildə biliklər əldə etməyə istiqamətləndirərək onlara yol göstərir. Bir sözlə, onlara elmlə uğur qazanmağın sirlərini öyrədir. Belə şəraitdə, şagird şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə fərqli yanaşması olur və qərar verməkdə çətinlik çəkmir: "Müəllim fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bunun üçün ilk növbədə nəyi, nə zaman və necə öyrətməyi bilmək lazımdır. Dərsin məqsədini düzgün müəyyən edərək real nəticə ilə ona çatmağı hədəf seçmək lazımdır. Hər bir mövzu özlüyündə gözəl və maraqlıdır. Şagirdləri təlim prosesinə cəlb etmək üçün mövzunun vacibliyini onun əhəmiyyətini nəzərinə çatdırmaq vacibdir".

PANDEMİYA ŞƏRAİTİNDƏ TƏDRİS

COVİD-19 pandemiyası üzündən sosial təcrid zərurətilə üzləşdiyimiz bir vaxtda ən həssas təbəqələrdən biri, bəlkə də birincisi uşaqlardır. Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan təlim-təhsil sahəsində valideynlərdən çox müəllimlərin rolu ön plana çıxır. Belə ki, ən mürəkkəb şəraitdə belə gənc nəslin istər mənəvi, istərsə də zehni və cismani inkişafı həyati məsələ kimi məhz müəllimlərin üzərinə düşür.

A.Cavadova deyir ki, pandemiya onu sevimli şagirdlərindən bir müddət ayrı saldı. Əli əllərinə dəyməsə də, o məsum gözləri hər gün görüb. Yəni şagirdlərinin əlini tutmadan da sevgi verə bilib onlara.

Bir çoxları onlayn dərslərin ən çox ibtidai siniflər üçün çətin olacağını düşünürdü. Uşaqlara kompüter ekranından dərsi izah etmək, mövzunu, cümlələri və hərfləri anlatmaq heç də asan deyildi. Amma A.Cavdova bu çətinliyin öhdəsindən məharətlə gəldi: "Şagirdlərim ikinci sinifdədir. Onlayn dərs zamanı onlara yeni mövzuları rahatlıqla izah edirdim. Tapşırıqlar verir və bunu həlli yollarını izah edir və bütün incəlikləri ilə anladırdım. Həvəslə qulaq asırdılar. Onların bütün suallarını cavablandırırdım. Dərslərin bu formada təşkili onların proqramdan, dərslərdən geri qalmamasına köməklik etdi. Gününün böyük hissəsini evdə keçirən uşaqlara onlayn da olsa müəllimini, sinif yoldaşlarını görmək həm də mənəvi dəstək idi. Bu müddət ərzində uşaqlarımdan aldığım nəticələrdən razı qaldım. Şagirdlərim onlayn dərslərdə çox fəallıq nümayiş etdirdilər.

"Virtual məktəb" layihəsi şagirdlərə məsafədən tədris almaq üçün əlavə bir imkan verdi. Bu layihə şagirdlərin təhsildən kənarda qalmamaları üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu bir proqramdır. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib".

"ŞAGİRDLƏRİMİ YENİDƏN SİNİFDƏ GÖRMƏK MƏNİ ÇOX SEVİNDİRİR"

A.Cavadovanın dediyinə görə, fevralın 1-dən etibarən məktəblərdə ənənəvi təhsil qismən də olsa bərpa olunub. Bu da həm müəllimlər, həm də şagirdlər tərəfindən böyük sevinclə qarşılanıb: "Şagirdlərimi yenidən məktəbdə, sinifdə görmək bir müəllim olaraq məni çox sevindirir. Bildiyiniz kimi, pandemiya bütün sahələrlə yanaşı, təhsil sisteminə də təsirsiz ötüşmədi. Buna baxmayaraq, bütün çətinlikləri həll etmək istiqamətində Təhsil Nazirliyinin  həyata keçirdiyi layihələr və tədbirlər nəticəsində yaranan problemlər müvəffəqiyyətlə aradan qaldırıldı. Pandemiya səbəbindən təhsil müəssisələri bağlansa da, nazirlik tərəfindən televiziya kanallarında teledərslərə start verildi. Bununla da "Virtual məktəb" layihəsinin həyata keçirilməsinə başlanaraq müəllimlərin şagirdlərinə onlayn dərslər keçməsi prosesi reallaşdırıldı. Məhz bu layihənin təhsilin davamlı olmasında, eyni zamanda, uşaqların təhsildən kənar qalmasının qarşısının alınmasında mühüm rolu danılmazdır.

Etiraf edim ki, istər müəllimlər, istərsə də şagirdlər məktəbdəki ənənəvi təlim mühiti, canlı ünsiyyət və digər tədbirlərdə iştirak etmək üçün darıxmışdılar. Hamı yenidən öz təhsil ocağına dönəcəyi günü səbirsizliklə gözləyirdi. İnanıram ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaq".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





09.02.2021    çap et  çap et