İşğalda olan torpaqların azad edilməsi təkcə müharibə mərhələsindən ibarət proses deyil. Müharibəyə qədərki mərhələ və müharibədən sonrakı addımlar çox mühümdür.
İkinci Qarabağ savaşına qədər ordunun hazırlanmasında, hərbi hazırlığın yüksək səviyyədə təşkil olunmasında, eyni zamanda, diplomatik danışıqların müsbət istiqamət almasında Azərbaycan hökuməti peşəkarlıq nümayiş etdirdi. Həmçinin, müharibə dövründə də həm ordumuzun qəhrəmanlığı, şücaəti, həm də Ali Baş Komandanın qətiyyəti nəticəsində əldə edilən parlaq qələbəmiz bütün dünyaya bəyan oldu.
Müharibələrdən sonra da dövlətlərin atacağı addımlar, daxili və xarici siyasətlərinin istiqamətləri əsas amillərdəndir. Bu baxımdan Azərbaycan hökumətinin fəaliyyəti olduqca dinamik və inkişafyönümlüdür. Ermənilərin Qarabağda törətdiyi cinayətlərin aşkarlanması, cinayət faktı kimi dünya ictimaiyyətinə təqdim edilməsi, illərdən bəri olduğu kimi Azərbaycan həqiqətlərinin təbliği, 30 ilə yaxın müddətdə mədəniyyətimizə, tarixi abidələrimizə, milli heysiyyətimizə qarşı törədilmiş təcavüz və qəsdlərin ifşası vacibdir. O cümlədən, həmin ərazilərin minadan təmizlənməsi, bərpası və insanların doğma yurd-yuvalarına köçürülməsi prosesi də vacib tədbirlər sırasındadır. Demək olar ki, müharibə bitən kimi lazımi tədbirlər görülməyə başlayıb. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bərpa işləri sürətlənib. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, artıq bu barədə layihələr təsdiqlənib. Eyni zamanda, törədilmiş cinayətlər aşkarlanaraq ictimaiyyətin nəzərinə çatdırılır. Azərbaycan həmçinin, beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun və digər qurumların fakttoplama prosesində iştirakını və hesabat hazırlamalarını görmək istəyir.
Ötən günlər bir sıra xarici diplomatın işğaldan azad olunmuş ərazilərə səfəri çox mühüm hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən diplomatik korpus nümayəndələrinin, xarici jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunur. Birinci məsələ odur ki, diplomatların hər biri rəsmi şəxs olmaqla yanaşı, həm də hamı kimi bir insandır. Həmin viranələr qarşısından hissiyatsız keçmək qeyri-mümkündür. Digər tərəfdən, erməni vandalizminin canlı şahidi olduqdan sonra bəzi qaranlıq məsələlər onlar üçün daha aydınlaşar. Xüsusilə də, bu görüntülərin əyani şahidi kimi onlar öz ölkələrində bunu müzakirə edəcəklər və əslində, həqiqətin nə olduğu bir daha həmin ölkələrə bəyan olacaq.
Cəbrayıla və Zəngilana səfər zamanı diplomatlar sırasında olan Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun qeyd edib ki, o, mənzərəni gördükdə ağlayıb: "Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm, o insanların vicdanı necədir. Qəbirləri qazıb cəsədləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir".
Bəli, bizim necə böyük vəhşiliklə üz-üzə olduğumuz artıq aşkardır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilana baş tutan səfərlərdən sonra diplomatik korpusun nümayəndələri öz Tvitter hesabında paylaşım edərək fikirlərini bildiriblər. Məhz Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp öz hesabında dağıdılmış ərazilərin fotosunu paylaşaraq yazıb: "Bura Cəbrayıldır". Eyni zamanda, səfirlərin təəssüratlarından belə məlum olub ki, həmin ölkələr coğrafi şəraiti əlverişli olan Qarabağa bərpa işlərindən sonra investisiya yatırmağa maraqlıdırlar. Azərbaycan hökumətinin beynəlxalq arenada nüfuz qazanması bu baxımdan da çox müsbət nəticələnəcək.
Bir sıra Qərb ölkələri bu müharibədə bəzən Azərbaycan tərəfə etinasız münasibət göstərməklə yanaşı, birtərəf mövqe nümayiş etdirirdi. Amma təbii ki, hər kəs güclü olanın yanında yer almağa üstünlük verir. İndi onlara da sübut olundu ki, biz ədalətli mübarizə aparırdıq. Fransanın və İtaliyanın səfirləri bu barbarlığın canlı şahidi oldular. Yəqin ki, bu barədə yerli mətbuatlarında da çıxış edəcəklər. Həm Zakari Qross, həm də Auqusto Massari Qafqazda sülhün və barışın bərqərar olmasının tərəfdarıdırlar.
Liviyalı diplomat Əşrəf Adəmin yararsız vəziyyətdə olan Zəngilan məscidində namaz qıldığı görüntülər isə insanı dərin sükuta qərq edir. Xalqımızın qəzəbi əbəs deyil. Azərbaycanın dini görüşlərini, müqəddəs ərazilərini təhqir etmək ermənilərə baha başa gəldi. Əşrəf Adəmin bu addımı bütün müsəlman ölkələrinə bir mesaj oldu ki, ermənilər bizim inancımıza qarşı hörmətsizlik ediblər və buna göz yuman müsəlman ölkəsi dinimizə də qarşı təhqirlərə susmuş sayılır.

Ən təqdirəlayiq hadisələrdən biri də dağıdılmış mədəniyyət sarayının qalıqları arasında Prezident təqaüdçüsü, beynəlxalq mükafatlar laureatı Ceyla Seyidovanın skripkada ifası idi. Musiqiçi orada "Şindlerin siyahısı" filmindən kompozisiya, Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamını və Antonio Vivaldinin "Qış" konsertinin üçüncü hissəsini səsləndirdi. Avropa musiqisi ilə milli musiqimizin eyni anda səslənməsi, həm də mədəniyyətimizin və musiqimizin beşiyi olan Qarabağda səslənməsi əlamətdar hadisə idi. Bu, onu göstərdi ki, torpaqların işğaldan azad olunması bir çox sahələrdə buxovları qırmağı bacardı. Ceyla Seyidova bildirdi ki, mən bu ifa ilə sülhə və firavanlığa çağırış etdim. Bu da bütün dağıntılara rəğmən Azərbaycanın humanistliyinin təzahürüdür.

Xatırladaq ki, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Qarabağda, işğaldan azad olunan ərazilərdə yerləşən qədim Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Alban-Udi Xristian dini icmasının ixtiyarına verilməsi barədə təklif irəli sürmüşdü və cəmiyyətimiz bu təklifi müsbət qarşılayaraq dəstək vermişdi. Bu, o baxımdan əhəmiyyətli idi ki, bəzi qüvvələr elə zənn edir, biz qeyri-tolerantıq və xristian məbədlərinə qarşı qeyri-mühafizəkarıq. Amma Bakıda erməni kilsəsini mühafizə edən məhz biz idik. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Alban-udi xristian icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi Ağoğlan monastırını ziyarət ediblər. İcmanın sədr müavini Rafik Danakarinin söylədiyi kimi, bu addımla Azərbaycan bir daha multikultural dövlət olduğunu dünyaya göstərdi. Ağoğlan məbədində ermənilərin işğal müddətində etdikləri dəyişiklərə də toxunan icma sədrinin müavini monastırın mehrabının təhrif edildiyini diqqətə çatdırdı: "Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Burda hündürlüyün artıq olduğunu gördük. Bundan başqa, xaç daşları dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir".
Bir sözlə, təkcə ötən həftə ərzində Azərbaycan hökuməti tərəfindən atılan addımlar göstərir ki, əvvəllər olduğu kimi, indi də Azərbaycan tərəfi peşəkar diplomatik siyasət yürüdür. Atılan hər bir addımın arxasında əsaslı və məntiqi izah dayanır. Bu templə davam etsək, qısa zaman kəsiyində bütün həqiqətlərin bəyan olunmasına nail ola bilərik. Bu da öz növbəsində siyasi arenada bir addım önə keçməyimizə səbəb olacaq. Bu baxımdan hökumətin fəaliyyətinə dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Müharibəni qazanmağımızın ən böyük səbəblərindən biri də xalqın həmrəylik nümayiş etdirməsi idi. Həmin həmrəyliyi indi də göstərmək vacibdir. Xüsusən oliqarx məmurlar bərpa işlərində könüllü dəstək olmalıdırlar. Bu, onların vətən qarşısında vicdan borcudur. Millət vəkili, yazıçı Aqil Abbasın verilişlərin birində qeyd etdiyi kimi: "İmkanı olanlar Qarabağda öz evlərini özü tikməlidir. Mən evimi özüm tikəcəm". Burada həm də təkcə maddi dəstəkdən söhbət getmir. Dövlətə mənəvi dayaq olmaq da vacibdir. Hamı öz peşəsini vicdanla yerinə yetirməklə Vətənə xidmət etmiş olur. Biz birlikdə güclüyük!
Nadir RZALI
çap et