525.Az

Soyuq müharibənin dərinləşmə təhlükəsi - Xaqanli Cəfərli yazır


 

Soyuq müharibənin dərinləşmə təhlükəsi - <b style="color:red">Xaqanli Cəfərli yazır</b>

Rusiya ilə Qərb arasında münasibətlər soyuq müharibənin yeni, daha gərgin mərhələsinə qədəm qoyur. Birinci soyuq müharibə iki əks ideoloji cəbhənin qarşıdurması idisə, şahidi olduğumuz ikinci soyuq müharibə iki siyasi elita arasında gedir.

Qərb Rusiyanın simasında Vladimir Putini özünün düşməni elan edib. ABŞ prezidenti Co Baydenin Rusiyanı Qərbin əsas düşməni adlandırması münasibətlərin nə qədər gərginləşdiyinin göstəricisidir. Üstəlik, birinci soyuq müharibə dövründə tərəflər siyasi etikaya riayət edirdilərsə, artıq fərqli ifadələr dəbdədir. Rusiya hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə qarşı sanksiyalar da birinci soyuq müharibə dövründə rast gəlinməyən yenilikdir. Ancaq belə görünür ki, bu da son deyil.

ABŞ Konqresinə təqdim olunan sanksiya layihəsi artıq birbaşa Rusiya prezidenti Vladimir Putinin əleyihnə yönəlib. Yeni qanunvericilik aktı qəbul olunacağı halda Rusiya prezidentinin və ailə üzvlərinin sərvətlərini müəyyən etmək yaxın bir neçə ayda ABŞ kəşfiyyatının əsas vəzifəsi olacaq. Bundan əlavə, sanksiya layihəsində Boris Nemtsovun 2015-ci ilin fevralında qətlə yetirilməsi və müxalifət lideri Aleksey Navalnının 2020-ci ilin avqustunda zəhərlənməsi ilə bağlı məsələlərin araşdırılması da öz əksini tapıb. Çox maraqlıdır ki, hər iki şəxs qanunvericilik layihəsində Putinin əsas əleyhdarları olaraq göstərilib. ABŞ-ın qanunvericilik tarixində bu, bəlkə də, analoqu olmayan qanunvericilik aktıdır. Çünki sənəddə faktiki olaraq başqa bir dövlətin rəhbəri qanunvericilik səviyyəsində siyasi rəqiblərinə qarşı sui-qəsd təşkil etməkdə ittiham olunur. Bu qanunvericilik aktı qəbul olundqudan sonra ABŞ rəsmilərinin və bütövlükdə Qərb liderlərinin Rusiya prezidenti ilə münasibətləri tam kəsiləcək. Eyni zamanda, bu qanunvericilik aktının qəbulu Putinlə bağlı Qərbdə hüquqi iddialara da yol açacaq.



Rusiya prezidentini hədəf alan sanksiya layihəsinin qəbul olunma ehtimalı isə çox yüksəkdir. Çünki  bu qanunvericilik aktını Konqresdə təmsil olunan hər iki partiyanın təmsilçiləri birlikdə irəli sürüblər. Qanunvericilik layihəsini Respublikaçılar Partiyasının nüfuzlu təmsilçiləri Mitt Romni və Marko Rubio, Demokratlar Partiyasından isə Ben Kardin, Kris Kuns, Dik Durbin və Kris Van Hollen kimi nüfuzlu senatorlar imzalayıblar.

Sanksiya layihəsinin qəbul olunma ehtimalını artıran digər məqam Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrellin Moskvaya səfərdən "əliboş" dönməsidir. Josep Borrellin Rusiya prezidenti tərəfindən qəbul edilməməsi, xarici işlər naziri Sergey Lavrovla görüşün isə gərgin keçməsi Qərblə Rusiya arasında münasibətlərin daha da pisləşəcəyini bir daha təsdiqlədi.

Josep Borrellin Brüsselə döndükdən sonra Rusiyaya qarşı yeni sanksiyaların qəbul oluna biləcəyini bəyan etməsi, Almaniyanın kansleri Angela Merkelin də eyni mövqe ilə çıxış etməsi Qərb paytaxtları ilə Moskva arasında soyuq müharibənin dərinləşəcəyindən xəbər verir.

Ən son məlumata görə, həbs olunmuş müxalifət lideri Aleksey Navalnının silahdaşları ABŞ və Avropa Birliyinin rəsmiləri ilə Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu müzakirə ediblər. Məlumata görə, Rusiya müxalifətinin təmsilçiləri Qərb ölkələrinin liderlərinə 35 nəfərin adı olan siyahı verərək bu şəxslərə qarşı fərdi sanksiya tətbiq olunmasını təklif ediblər. Siyahıda Rusiyanın siyasi və biznes elitasının "ən ağır çəkili" fiqurlarının yer aldığı iddia olunur. Aleksey Navalnının qərargahlarının rəhbəri Leonid Volkov bildirib ki, onlar bu şəxslərin sərvətlərinin müsadirə olunmasına və Qərb ölkələrində fəaliyyətlərinə qadağalar qoyulmasına çalışacaqlar. Artıq Rusiya biznes təmsilçilərinin Qərb ölkələrindəki 1 trilyon dollarlıq sərvətlərinin müsadirə olunması ilə bağlı fəaliyyətə start verildiyi də iddia olunur.

Bütün bunlar azmış kimi, Rusiya ilə bir neçə Avropa ölkəsi arasında diplomatik skandal da yaşanır. Almaniya, Polşa və İsveçin diplomatlarının etiraz aksiyalarını müşahidə etdiyinə görə persona non qranta elan edilməsi Berlin, Varşava və Stokholmda qəzəblə qarşılanıb.

Almaniyanın Belarusda Lukaşenko iqtidarına qarşı vətəndaş cəmiyyətini dəstəkləmək üçün fond yaratması, Ukrayna prezidenti Vladimir Zelenskinin rusiyayönümlü bir neçə televiziya kanalının fəliyyətini dayandırması Moskvada hiddətlə qarşılanıb. Moskvanın hakim dairələri bütün addımları ABŞ-ın təşviqi ilə Rusiyaya qarşı düşmənçilik hərəkətləri kimi dəyərləndirirlər.

Münasibətlər o qədər sürətlə pisləşir ki, artıq soyuq müharibənin dərinləşərək qaynar savaşa çevrilmə ehtimalı da real görünməyə başlayır.

Qərbin münasibətləri bu səviyyəyə çatdırması təsadüfi deyil. Putinin 20 illik hakimiyyəti ərzində ilk dəfədir ki, Rusiya cəmiyyəti parçalanıb. Qərb Rusiya müxalifətinin şəxsində prezident Vladimir Putinə qarşı çox güclü bir müttəfiq qazanıb. Yanvarın sonlarında müxalifətin bütün ölkə boyu keçirdiyi etiraz aksiyaları Rusiya cəmiyyətinin nə qədər parçalandığını göstərdi.

Qərbin mövqeyini gücləndirən digər məqam isə Rusiyaya qarşı postsovet məkanında qeyri-rəsmi ittifaqın yaranmasıdır. Ukrayna, Moldova və Gürcüstanın Rusiyaya qarşı siyasi-hərbi ittifaq yarada biləcəkləri haqqında da məlumatlar yayılır. Çox aydın görünür ki, Qərb Rusiya hakimiyyətini tamamilə təkləməyə çox yaxındır. Rusiya hakimiyyətinin isə özünü müdafiə üçün hərbi gücdən başqa heç bir imkanı qalmayıb.

 





10.02.2021    çap et  çap et