525.Az

Yaxındakı qayıdışın dadlı həsrəti - Şahanə Müşfiqdən yeni yazı


 

Yaxındakı qayıdışın dadlı həsrəti - <b style="color:red">Şahanə Müşfiqdən yeni yazı</b>

Böyük zəfərlə yekunlaşan Vətən müharibəmiz 30 ilə yaxın həsrətində olduğumuz, gənclərin getmədiyi, görmədiyi, orta və yaşlı nəsilin isə xatirəsini qəlbində, fikrində daşıdığı Qarabağın, neçə-neçə rayon və kəndlərimizin işğaldan azad olunmasıyla nəticələndi. Müharibə bitər-bitməz, dövlətimiz vandal erməni qəsbkarları tərəfindən dağıdılan, xarabazara çevrilən tarixi torpaqlarımızın yenidənqurmasına başladı. Lakin əlbəttə, bu proses müəyyən zaman alacaq.

Bu dövrdə xalqımız, xüsusən zamanında o torpaqlarda yaşamış insanlar iki qrupa bölündü: heç nəyə baxmadan ora can atan, nə olur olsun, o torpaqları görməyə çalışanlar və bu halda oraya getməyə qorxanlar. İkinci qisim insanlar yaranan bütün vasitələrdən imtina edərək, oraya getmirlər. Çünki görəcəkləri mənzərədən qorxurlar, çəkinirlər. İllərdir, xəyallarında, yaddaşlarında yaşatdıqları, uşaqlıqlarının, gəncliklərinin keçdiyi, hər küncündə şirinli-acılı xatirələri olan evləri, küçələri, kəndləri tapmayacaqlarını bilirlər. Tapmamaq bir yana, o  gözəlliklərdən geriyə qalan xarabalıqlar göz dağıdır qəlbi həsrətlə çırpınanlara. Otuz ilə yaxındır "üfürə-üfürə" qoruduqları, göz bəbəkləri kimi sahib çıxdıqları o xatirələrin bircə anda yıxılması, yox olmasıdır onları qorxudan.

Bu günlərdə şair, publisist Rəşad Məcidlə söhbətlərimizin mövzusu da məhz bu oldu. Əvvəllər onun Ağdam, Şuşa, Laçınla bağı həsrətli söhbətlərini eşidəndə fikirləşirdim ki, o torpaqlar alınsa, ilk gedənlərdən biri məhz o olacaq. Amma 3 aydır azad olunmasına, onlarla jurnalistin, media rəhbərinin oraya səfərlərinə baxmayaraq, Rəşad Məcid hələ getməyə tələsmir. Yox, yəqin ki, "tələsmir" sözü yerinə düşmədi. Tələsir, əlbəttə, tələsir. Ondan öncə ürəyi, Allah bilir, neçə dəfə gedib gəzib oraları, doğma yurdun hər daşına, hər qarışına sığal çəkib, oxşayıb, ağı deyib. Amma ayaqları getmir hələ ki. Xatirələrində dəfələrlə danışdığı, qayğısız uşaqlıq illərini özündə hifz edən doğulduğu nənəsinin evini uçuq-sökük görmək istəmir yəqin ki.
Yadıma yazıçı, millət vəkili Aqil Abbasın ay yarım öncə Ağdama səfəri düşdü. Orda Aqil müəllim axtara-axtara öz evlərini tapır. Amma evdən, həyətdən geriyə qalan 3-4 daş, uçuq divar və 2-3 qurumuş ağacdır. Mina təhlükəsiylə heç o daşa, kol-kosa da yaxın düşə bilməyən Aqil Abbasın içində qaynayan nifrətini, qəlbini yandıran hikkəsini, xəyalqırıqlığına bənzər təəssüfünü bir neçə saniyəlik videodan da aydın görmək olurdu.

Sosial şəbəkələrdə o qədər qarşımıza çıxır ki, bir uçulmuş divar, ya da 5-6 daş parçasını sevinclə paylaşıb, üstünə "evimizi tapmışam" yazanlar. Fikirləşirsən, İlahi, iki daşa "evimiz" deyib sarılmaq üçün nə boyda həsrət çəkməlidir insan?! Ya da qəribə gəlir, görəsən, bir-birindən elə də fərqlənməyən xarabalıqlar içərisində bu insanlar 30 il uzaq düşdükləri evlərini necə tanıyırlar? Bu, artıq qəlbin yaddaşıdır bəlkə də...
Oralara gedib evini tapmayan insanların ağrısını, xatirələrində yaşatdığı yerləri tapmayacağını bildiyindən hələ ki, getməyə tələsməyən insanların qorxusunu gördükcə düşmənə olan qəzəb də, kin də, nifrət də artır. Deyirsən, tutaq ki, işğal eləmişdin, tutaq ki, bu insanları öz evindən, yurdundan didərgin salmışdın, onda o evlərdə niyə özün oturmurdun? Niyə vurub-yıxırdın, çapıb-talayırdın? Sahib çıxmayacağın, dağıdıb, yaman günə qoyacağın yerlər sənin nəyinə lazım idi? Bu idimi sənin vətən anlayışın? Bu idimi dünyaya hayqırdığın "tarixi torpaq"larına sahib çıxmağın. Sonra da gözünün qabağına Ağdam Dövlət Teatrından qalan bircə uçuq divar, Çörək Muzeyindən qalan viranəlik, sındırılmış, dağıdılmış abidələr, tövləyə çevrilən məscidlər gəlir və düşünürsən ki, muzeyə, teatr binasına, məscidə, tarixi abidələrə sahib çıxmayan məxluq evə sahib çıxardımı?!

Amma bütün bunlarla yanaşı, yenə də qəlbimiz fərəhli, dilimiz "şükür"lüdür. Çünki biz yenidən o torpaqların, o evlərin sahibiyik. Qanında-canında yalnız qurmaq, yaratmaq olan bu xalq dövlətin də dəstəyiylə yenidən o yerlərə cənnəti, əsl insan nəfəsini qaytaracaq. Hələlik ora getməyə ürəyi gəlməyən yurddaşlarımız isə bilirlər, bilirlər ki, lap az qalıb. Əsas odur ki, harda olmağımızdan asılı olmayaraq, o torpaqlara sahibləri qayıdıb! Həsrət nə qədər uzun olsa, vüsal bir o qədər şirin olar. Vüsalın şirinliyini dadmağa az qaldı...


 





10.02.2021    çap et  çap et