525.Az

Misilsiz birlik və əbədi yenilməzlik - Şahanə Müşfiq yazır


 

Misilsiz birlik və əbədi yenilməzlik - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Fevralın 5-də zərbə tipli pilotsuz uçan aparatlarının təlimlərini bitirmiş Azərbaycan Ordusunun hərbçilərinə sertifikatlar təqdim edildi.

Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar Savunma" şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Teleqram kanalında öncədən bu haqda məlumat verdi, sonradan isə "Zərbə" PUA-sı Təlim Mərkəzində keçirilmiş mərasimdən video və şəkillər paylaşdı. Hər zamankı kimi Azərbaycan sevgisini və dəstəyini açıq şəkildə bəyan edən Səlcuq Bayraqdar bu xəbəri də özünəməxsus şəkildə paylaşdı. O, Azərbaycana həsr etdiyi və məzuniyyət mərasimində də söylədiyi şeirlə bu sevgini bir daha dilə gətirdi.

Şeirdə deyilir:

Egedən Xəzərə qədər,
Beşikdən məzara qədər,
Azərbaycan-Türkiyə!
 
Tarixin yazdığı dastan,
İki bədəndə bir can,
Türkiyə-Azərbaycan!

Azərbaycanın ötən ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının rolu Türkiyənin, eləcə də, şəxsən Səlcuq Bayraqdarın Azərbaycana olan qardaş, simsar dəstəyinin ən bariz nümunəsi oldu. Həmin günlərdə həm maddi, həm də mənəvi yanımızda olan qardaş Türkiyənin hər tərəfindən dəstəklər yağır, sıravi insanlar belə haqq savaşımızı qələbəylə bitirməyimiz üçün əllərindən gələn yardımı göstərirdilər. Səlcuq Bayraqdar isə o günlərdə belə təkcə yaratdığı PUA-larla deyil, həm də sözlü şəkildə yanımızda olduğunu bildirməkdən heç usanmadı. Onun oktyabrın 24-də şəxsi "Twitter" hesabında paylaşdığı və Azərbaycana həsr etdiyi şeiri o çətin günlərdə çoxumuzun üzünə gülüş, qəlbinə sərinlik gətirmişdi. Müəllifin "Cansan can, Azərbaycan" sözləri ilə bitirdiyi həmin şeir belə idi:

"Şu yeryüzü er meydanı
Gönül sevmez her meydanı
Yüreksize yorgan-döşek,
Koç yiğite ver meydanı...

...Yetişsin Asımın nesli
Etsin sana dar meydanı!

Geldiği gün kutlu çağrı
Bas, titresin yerin bağrı
Doğu'dan batıya doğru
Bir yay gibi ger meydanı".


Bütün bunlar insanı düşündürür: görəsən, dünyada Azərbaycan və Türkiyə qədər yaxın, canı br, qanı bir qardaş olan və bir-birini bu qədər çox sevən ikinci cütlük ölkələr varmı? Qısa bir nəzərdən sonra görürsən ki, yoxdur. Və ən başlıcası isə budur ki, bu dostuq, bu qardaşlıq təkcə bu günləri, yaxın keçmişi əhatə etmir, ta əvvəldən gəlir. Tarixə nəzər salsaq, hələ yüz il öncədən Azərbaycanın müstəqillik yolunda irəliləməsində, haqq savaşlarında Türkiyə hər zaman həm maddi, həm də mənəvi yanımızda olub. 1918-ci ildə özünün də çətin dövrdən keçdiyi bir zamanda Qafqaz İslam Ordusunu Azərbaycanın köməyinə göndərən də o idi, müstəqilliyimizi ilk tanıyan da. Eləcə də Azərbaycan Türkiyə üçün eyni dəstəyini, qardaşlığını əsirgəməyib.



Yazının əvvəlində söz açdığımız məzuniyyət mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səlahiyyətli səfiri Xəzər İbrahimin yada saldığı xatirələr və danışdığı maraqlı məqamlar hər yerdə yanaşı asılan Azərbaycan-Türkiyə bayraqlarının təkcə dövlət siyasətinin deyil, eləcə də iki xalqın tək ürək olduğunu bir daha sübut edir. Xəzər İbrahim çıxışında xatırladı:

"Hələ yüz il öncədən bu iki dövlət bir-birinə hər zaman qardaş dəstəyi göstərib. Türkiyənin Qurtuluş savaşında azərbaycanlı xanımlar qızıl sırğalarını çıxarıb qatarla Türkiyəyə göndərmişdilər. Vətən müharibəsində biz səfirlik olaraq Türkiyənin hər tərəfindən hər gün yüzlərlə dəstək məktubları alırdıq. Bir gün axşam saat 10-11 olardı, gördüm hər kəs səfirlikdə toplanıb. Mənə məktub gətirdilər. Antalyadan 10 yaşlı qız uşağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub yazıb və bizim vasitəmizlə göndərir. Məktubda yazıb ki, mən doğulanda babam mənə qızıl sırğalar hədiyyə edib. Onun birini Azərbaycana dəstək üçün sizə göndərirəm. Üzrlü sayın, digər tayını itirmişəm. Gördük ki, bizim analarımızın, bacılarımızın yüz il öncə göndərdiyi o qızıl sırğalar bu gün geri qayıtdı".

Tarix boyu bu iki qardaş xalqın qan bağını, can bağını bilənlər hər zaman onların birləşməsindən qorxublar. Ona görə də, araya həmişə nifaq toxumu səpməyə çalışıblar. Amma tarix göstərdi ki, gec, ya tez qardaşın yeri qardaşının yanıdır. Bu iki türk dövlətləri də birləşərək, bir olaraq digər dövlətlərin qorxduğu kimi, dünyadakı ən böyük güclərdən birinə çevrildilər. İndi yanaşı dalğalanan əzəmətli bayraqlarımız dosta fəxarət, düşmənə göz dağıdır. Birliyimiz əbədi olsun!

 





10.02.2021    çap et  çap et