525.Az

Dərman qəbul edərkən hansı səhvlərə yol veririk? - Araşdırma


 

Dərman qəbul edərkən hansı səhvlərə yol veririk? - <b style="color:red">Araşdırma</b>

Bir çox insan həkim təyin edən reseptlər əsasında dərman alsa da, onun qəbulunda yol verilən ciddi səhvlər dərmanın müalicənin təsirindəki rolunu heçə endirir. Bəzi insanlar isə zaman-zaman o qədər maariflənirlər ki, dərmanlar üzrə mütəxəssisə çevrilirlər. Bəs daha çox hansı dərmanların qəbulu zamanı səhvlərə yol verilir? Dərman qəbulunda bəzi məqamlara diqqət etmək sağlamlıq üçün vacibdir. Çünki hər bir dərman preparatının hazırlanması mütəxəssislərin elmi tədqiqatlarına əsaslanır.

Qızdırma salan dərmanlar

Bu dərmanlar demək olar ki, hər evdə var. Lakin hər zökəm və qrip zamanı qəbul etmək doğru deyil. Mütəxəssislər dəfələrlə qeyd edib ki, qızdırma orqanizmin normal reaksiyasıdır. Orqanizmi qızdırmanı normal keçirməyə öyrəşdirmək lazımdır. Hərarət olmasa, infeksiyalar orqanizmimizi məhv edər. Qızdırmasalıcı dərmanlar yalnız hərarət 39 dərəcəyə çatanda qəbul edilməlidir. Bu dərmanları təlimatına uyğun dozada qəbul etmək lazımdır. Əgər dərman qəbul edəndən 1 saat sonra qızdırma düşmürsə, yenidən başqa dərman və ya eynisini atmaq olmaz. Eləcə də bu dərmanlarla digər dərmanları qarışdırmaq olmaz. Qızdırma dərmanını atdıqdan sonrakı 3 saatda digər dərmanlar qəbul edilməməlidir.

Antibiotiklər

Qarın ağrısı, burun axması, qrip və müxtəlif viruslar zamanı çox adam antibiotiklərdən istifadə edir. İnsanlar adətən həmişə qəbul etdiyi, nə vaxtsa həkimin yazdığı və ya aptekdə çox satılan dərman, iynələri alır. Lakin həkimlər qeyd edir ki, müayinə olunmadan antibiotik müalicəsi aparmaq  təhlükəlidir.  Ümumiyyətlə, soyuqlama, qrip və qızdırma zamanı antibiotik kömək etmir. Antibiotiklər bakterial infeksiyalar üçün icad olunub. Düzgün olmayan və boşuna antibiotik qəbulu sizə xeyirdən çox zərər verəcək. Ona görə də, bu həbləri qəbul edərkən ilk olaraq sxemə ciddi əməl etmək lazımdır. Əgər həkim aydın yazmayıbsa, dərmanın üzərindəki təlimatı oxuyun. Əgər sutkada 3 dəfə yazılıbsa, o zaman hər 8 saatdan bir qəbul etməlisiz. Birini qəbul edib, digərini 3-4 və ya 10 saatdan sonra qəbul etmək nəticə verməz. Dərmanlar arasındakı fasilə eyni olmalıdır. 1 gün unutmaq, yaxud fasilə etmək olmaz. Əgər 5 gün yazılıbsa, 5 gün də sona kimi qəbul etməlisiz. Bir qədər yaxşılaşan kimi dərmanı kəsmək də doğru deyil. Mütəxəssislər qeyd edir ki, il ərzində hər burun axanda antibiotik qəbul edən insanlarda antibiotik rezisdentliyi yaranır, yəni onun bakteriyaları artıq bütün antibiotikləri tanıyır və onlara qarşı dözümlü olur. Növbəti dəfə eyni dərman effekt vermir və gələcəkdə həmin xəstəni ağır infeksiya zamanı müalicə etmək çətinləşir. Məsələn, pnevmoniya, vərəm, sepsis, qonoreya, meningit olarsa, antibioti krezisdentlik xəstənin sonu ola bilər.

Öskürək əleyhinə dərmanlar

Bu dərmanlar quru və yaş öskürək üçün ayrı-ayrı olur. Aptekə girib öskürək dərmanı alarkən də diqqətli olmaq lazımdır. Əgər sizdə quru öskürək varsa, uyğun öskürək dərmanı almasanız, xəstəliyi daha da şiddətləndirə bilərsiniz. Çünki bu dərmanlar bəlğəmi ciyərlərdə qurudar və ağciyərlərin iltihabına səbəb ola bilər. Əgər öskürək bəlğəmlidirsə, o zaman mukolitiklər (bəlğəmgətiricilər) qəbul edilməlidir. Bu dərmanlar bəlğəmi, seliyi yumşaldıb, maye halına salıb, tez xaric edəcək. Öskürəyi olan insan dərmanla yanaşı, bol maye qəbul etməlidir. Əgər öskürəyə səbəb bakteriyalardısa, o zaman həkim antibiotik yazmalıdır. Öskürəyi tez kəsmək üçün bir saatdan bir öskürək dərmanı, siropu içmək qadağandır. Onları gündə maksimum 4-5 dəfə qəbul edə bilərsiz və aradakı fasilə ən azı 2 saat olmalıdır.

Burun damcıları

Burun tutulmasında təyin olunan dərmanları həkimlər 7 gündən artıq qəbulunu məsləhət görmür. Çünki burun damcılar hormonal tərkibli olur. Lakin xəstə burnun açıldığını görüb, bu damcılardan özündə asılılıq yaradır və daimi istifadə edir. Bir müddət sonra isə heç o da kömək etmir.  Bir çoxları isə xroniki burun tutulmasını allergiya ilə səhv salır, halbuki bu, rinitdir. Burun tutulursa, selikli qişası şişirsə, səbəb tapılmalı, müalicə olunmalısız. Burun genişləndirən damcılar müalicə vasitəsi deyil. Xüsusən azyaşlı uşaqlara bu damcıların tətbiqi yolverilməzdir.

Qarın işlədicilər

Adətən qəbizlik zamanı işlədici dərmanlar, həm də arıqlamaq istəyənlər qəbul edir. Bu isə həmin insanın zərərinədir. Çünki bağırsaqlarda tam mənimsənilməmiş qidalı maddələr dərmanla yuyulub gedir, orqanizm elektrolit itirir və susuzlaşır. Bu da ürək, böyrək, əsəb sistemində ciddi problemlər yaradır. Hər gün qarın işlədici dərman qəbul edən insanların bağırsaqlarında alışqanlıq yaranır, tənbəl bağırsaq sindromu ortaya çıxır və insan dərman olmadan  yaşaya bilmir. Bu xəstələrdə bağırsaq infeksiyaları artır, qaraciyərin işi pozulur, hətta gələcəkdə yoğun və düz bağırsaq xərçəngi riski artır. Eləcə də qəbizlik üçün şamlar, siroplar da lazım olur. Bu dərmanları həkim müalicə ərəfəsində xəstəyə müvəqqəti kömək üçün yazır. Hər gün yox, həftədə 1-2 dəfə istifadə etmək olar. Hər yemək qəbulundan sonra atmaq düzgün deyil.  6 aydan çox işlədici dərmanlardan istifadə artıq onlardan asılılıq yaradır, xəstə tez-tez dərmanı dəyişməli olur, çünki əvvəlki dərmanın təsiri artıq olmur.

Ağrıkəsicilər

Aspirin, parasetamol, analgin, nimesil və digər nesteroid qrupuna aid müasir preparatlar qısamüddətli, simptomatik təsirə malikdir və müalicə etmir. Əgər əzələ, sinir, baş, mədə hər gün, ya həftədə 2-3 dəfə ağrıyırsa, bu dərmanlara qaçmaq düzgün deyil. Həkimə müraciət edərək səbəbi tapıb, onun müalicəsini etməlisiz. Lakin ayda 1 dəfə, 2 dəfə ağrı olursa, ağrıkəsici qəbul etmək olar. Ağrıkəsicilər boş, ac mədəyə qəbul olunmamalı, bol su ilə içilməlidir. Bir dərman kömək etmədikdə, 1 saat sonra digərini atmaq olmaz. Dərman dozası azdan başlamalıdır.  Aralarındakı fasilə isə ən azı 4 saat olmalıdır. Bir dərman təsir etdisə, ağrını maksimum 4-5 saat kəsəcək. Çox ağrıkəsici qəbul etdikdə, mədə-bağırsağın selikli qişası zədələnir. Qarın, apendisit, yırtıq ağrılarında ağrıkəsici atmayın, bu həkimə diaqnoz qoymağa mane olacaq və müdaxiləyə gecikəcəksiz. Eləcə də qadınların yumurtalıq və ginekoloji ağrılarda dərmanlar qəbul etməsi düzgün deyil. Yalnız müayinədən sonra həkimin təyin etdiyi dozada qəbul edilə bilər.

Afaq RZA



 





10.02.2021    çap et  çap et