525.Az

"Süleyman Vəzirov əsrin fonunda" - Nadir Rzalının resenziyası


 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏ BAĞLI NADEJDA İSMAYILOVANIN QƏLƏMƏ ALDIĞIBU DƏYƏRLİ KİTAB FİDAN RZAYEVANIN TƏRCÜMƏSİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

"Süleyman Vəzirov əsrin fonunda"  - <b style="color:red">Nadir Rzalının resenziyası</b>

2021-ci ilin ilk diqqətçəkən nəşrlərindən biri "Süleyman Vəzirov əsrin fonunda" kitabıdır. Bu kitab sadəcə Azərbaycan SSR-in birinci Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, vaxtilə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri olmuş Süleyman Vəzirov haqqında xatirələr toplusu deyil. "Süleyman Vəzirov əsrin fonunda" həm də, adından da göründüyü kimi, XX əsrin orijinal portretidir. Sovet dövrünün xarakteristikası, həmin dövrün insanlarının ab-havası və nəhayət, Süleyman Vəzirov şəxsiyyətinin ucalığı bu kitabda öz dolğun əksini tapıb. Kitabı ana dilimizə çevirən Fidan Rzayevanın müqəddimədən əvvəlki giriş xarakterli yazısı belə bir aydın təsir bağışladı ki, bu kitabı ərsəyə gətirən Nadejda İsmayılova, bu təşəbbüsü irəli sürən Rauf Vəzirov, Validə Vəzirova və Fidan xanımın özü də başda olmaqla, yaddaşını yenidən oyadıb xatirələrini sözə çevirən insanların hamısı məhz Süleyman Vəzirovun işıqlı ruhu qarşısında öz mənəvi borclarını yerinə yetiriblər, bu xatirələr toplusu onu sevənlərin böyük missiyası kimi meydana çıxıb.

Tərcümə özü böyük bir yaradıcılıqdır. Təkcə dil biliklərini yox, bütün zehnini səfərbər etməli olursan. Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin yadigarlarından olan Fidan Rzayevanın bu tərcüməsi iki cəhətdən çox qiymətlidir. Birincisi odur ki, kitabı oxuyan zaman dəqiq, səlis, necə deyərlər, akademik çevirmənin şahidi olursan. Bu, peşəkarlıqdan irəli gələn məsələdir. İkinci cəhət odur ki, təşəbbüsün özü olduqca təqdirəlayiqdir. Fidan xanımın həm də Vəzirovlar ailəsinin bir üzvü kimi "Süleyman Vəzirov əsrin fonunda" kitabını Azərbaycan dilinə tərcümə etməsi çox xoş hadisədir. Təsadüfi deyil ki, F.Rzayeva kitabın girişində yazır:

"N.İsmayılovanın Raufun xahişi ilə yüksək peşəkarlıqla hazırladığı kitabı mən Azərbaycan dilinə tərcümə etməyi özümə borc bildim. Bunun iki səbəbi vardır. Birincisi, gənc nəsildə o zamanın insanları, onların əxlaqı, davranışı, işə münasibəti və həyat dəyərləri haqqında təsəvvür yaratmaq, ikincisi isə Süleyman müəllimin ürəyimdə daima yaşayan əziz xatirəsinə bir töhfə vermək oldu".

Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Nadejda İsmayılovanın bu sahədə qələminin qüdrəti danılmazdır. O baxımdan "Süleyman Vəzirov əsrin fonunda" kitabı da oxucuya müsbət təsir bağışlamaya bilməzdi. Kitabı oxuduqca həyati hadisələrin, insanlarla söhbətlərin orijinal, təbii portreti insanı o qədər cəlb edir ki, özünü həmin hadisənin içərisində, birbaşa proseslərin şahidi kimi təsəvvür edirsən. Peşəkar ssenaristlikdən, kinoşünaslıqdan əlavə, Nadejda xanım həm də usta filoloqdur və kitabı oxuduqca bu, özünü büruzə verir. Bu kitab toplusu bir-birinə sujetli şəkildə zəncirvari bağlanan xatirələrdən ibarət bədii əsər təsiri bağışlayır.

"Süleyman Vəzirov əsrin fonunda" kitabı səkkiz hissədən ibarət olub, Süleyman müəllimin həyatının müxtəlif pillələrini özündə əks etdirir. Birinci hissədən əvvəl kiçik bir müqəddimə var. Bu müqəddimədən məlum olur ki, kitab Süleyman müəllimin ömür-gün yoldaşı Validə Vəzirova ilə söhbət əsasında yazılıb. Təbii ki, Validə xanımdan başqa onlarla insan öz xatirələrini bölüşüblər. Amma Süleyman Vəzirovu hamıdan daha yaxşı, daha dəqiq tanıyan Validə xanım idi. Nadejda İsmayılova Validə xanımı "insan-tarix" adlandırır.

Birinci hissə 1924-1941-ci illəri əhatə edir. Bu hissə  Validə xanımın babası Nəcəf bəy Vəzirov haqqında, onun Süleyman müəllimin atası Azad bəy Vəzirovla qohumluğu, ümumiyyətlə, uşaqlıq xatirələri cəmlənən "Krasnokrestovskaya küçəsi" adlı qeydlərlə başlayır. Bu hissədə Süleyman müəllimin uşaqlıq illəri öz əksini tapıb. Süleyman Vəzirovun xalası oğlu Əsəd Rüstəmbəyov "İrəli, Şuşa" adlı xatirəsində Süleyman müəllimin Şuşaya səfəri, orada idman dərnəyi yaratması, "Şuşa" futbol komandası barədə söhbət açıb. Süleyman Vəzirov, adını Azərbaycan neft sənayesi tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətlərdən olub. O, hələ kiçik yaşlarında neft mədənlərində işləyib. Neftçi Q.Ovnatanovun xatirələrində bu məqam öz əksini tapıb.

Akademik Midhət Abbasovun xatirələri kitabın bir sıra hissələrində oxucuya yoldaşlıq edir. Süleyman müəllimlə Midhət Abbasovun qohumluq münasibətləri sonradan sıx dostluğa çevrilib. Onun "Zəhra xanımgildə" və "Ailənin romantik sirri" adlı xatirələrində bu Vəzirovlar ailəsinin qorxmazlığı və xeyirxahlığı barədə düşüncələrini qeyd edib.

Mühəndislər İlya Prok və Mirzə Babayev Süleyman müəllimlə necə tanış olmaları barədə öz xatirələrini böülüşüb. Validə xanımın atası Rəşid bəy Axundzadə də repressiya qurbanlarından olub. Süleyman müəllim isə heç nədən qorxmadan, çəkinmədən onları ziyarət edirmiş. Nəinki bu ailəni, hətta başqa repressiya qurbanlarının ailəsinə də yardım edirmiş. Məhz o vaxtdan sonra, 1941-ci ildə Süleyman müəllimlə Validə xanım ailə həyatı qurur və taleh elə gətirir ki, o, müharibəyə yollanmır, "Azneftkombinat"ın rəisi təyin olunur.

1941-1946-cı illəri əhatə edən ikinci hissədə Süleyman Vəzirovun Mir Cəfər Bağırovla münasibətləri barədə söhbət açılıb. Bağırovun Süleyman müəllimdən xoşu gəlmirmiş və bu da intriqaya səbəb olub. Elə buna görə də onu Moskvaya göndərib. Akademik İsmayıl İbrahimov qeyd edir ki, Süleyman Vəzirov SSRİ Neft sənayesi Nazirliyinin kollegiya üzvü seçilib və bu, Bağırovu daha da qəzəbləndirib. Bağırova bildirilib ki, bu, "yuxarının göstərişi"dir.

Üçüncü hissə 1946-1949-cu illəri özündə ehtiva edir. Süleyman Vəzirovun ailəsi Moskvaya, onun yanına köçməli olurlar. Həmin hadisə bu hissədə əks olunub. Eyni zamanda, Nikolay Konstantinovun, Yakov Qelfqatın, Mixail Qusmanın, Kamran Hüseynovun söhbətləri əsasında məlum olur ki, Süleyman Vəzirov həm öz sahəsi üzrə peşəkar, həm də təəssübkeş insan olub.

1949-1954-cü illəri əhatə edən dördüncü hissə Süleyman Vəzirovun Moskvadakı fəaliyyətini əks etdirir. Y.A.Gelfqatın xatirələrindən məlum olur ki, Süleyman müəllim sırf netçilərin şəraitinin yaxşılaşdırılması, onların rahatlığı naminə Nebitdağ şəhərini tikdirib. Validə xanım qeyd edib ki, vaxtilə burada taun xəstəliyi yayılanda Süleyman Vəzirov necə böyük həyəcan keçirib. QNKAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə Süleyman müəllimin neft sahəsindəki müvəffəqiyyətlərindən, öz işinə necə həssas və peşəkarcasına yanaşmasından söhbət açıb.

Beşinci hissə Süleyman Vəzirovun nazir fəaliyyəti haqqındadır. O, ölkənin ilk Neft Sənayesi naziri olub. 1954-1959-cu illəri əhatə edən bu hissədə yer alan xatirələr oxucuya izah edir ki, Süleyman müəllimin yüksək insaniyyətini heç bir vəzifə dəyişməyib. Süleyman müəllimin qardaşı oğlu Azad Vəzirov onun insanlara qarşı necə mehriban olmasından danışıb.

Validə xanımın söhbətləri, xüsusilə, gənc nəsil üçün çox maraqlı və macəralıdır. Bağırovun həbsi, məhkəmələri, onun ailəsinin sonrakı vəziyyəti olduğu kimi nəql edilib.

SSRİ rəhbəri Nikita Xruşşov Süleyman Vəzirova daha yüksək vəzifələr təklif etsə də, o, dəfələrlə boyun qaçırıb. Midhət Abbasov qeyd edir ki, o, heç vaxt yuxarı qalxmaq üçün səy göstərmirdi, tamamilə təmənnasız insan idi.

Altıncı hissə (1959-1965) Süleyman Vəzirovun Xalq təsərrüfatı Şurasının rəisi vəzifəsinə təyin olunması ilə başlayır. Y.A.Qelfqatın xatirələrində məlum olur ki, o, neft sənayesində olduğu kimi, bu sahədə də peşəkarlıq nümayiş etdirib.

Yeddinci hissədə (1965-1969) ən maraqlı hissə Rauf Vəzirovun xatirələridir. O,  Fidan xanımla Suriyada tərcüməçi olduğu illərdən söhbət açıb. Onlar orada olan vaxt Azərbaycandan Süleyman Vəzirovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə səfər edib. Bu nümayəndə heyətinin tərkibində Xalq şairi Rəsul Rza da olub: "Görüşlərimiz unudulmaz idi - mən atamla, Fidan atasıyla". Sən demə, bu görüşdən sonra Süleyman Vəzirovun cəmi 4 il ömrü qalıb...

Sonuncu hissə insanda dərin kədər oyadır. Çünki belə bir şəxsiyyətin vaxtsız ölümü Vəzirovlar ailəsi üçün Tanrının ən  çətin sınaqlarından idi. Düçar olduğu xəstəlik get-gedə şiddətlənib və onu həyatdan qoparıb. Xatirələrdən məlum olur ki, onun itkisi təkcə ailəsi üçün böyük kədər yox, həm də ətrafında olan, ürəyinə yaxın bütün insanlar üçün qəbulolunmaz idi. Süleyman Vəzirovun şərəfli və mənalı  ömrünün son anları 1973-cü ilin fevralında yaşanıb...

"Cavabları olmayan suallar" adlı epiloq hər səhifəsində tarix yatan kitab üçün layiqli sonluq idi. "Süleyman Vəzirov əsrin fonunda" adlı xatirələr toplusu beləcə cümlələr dolu sükutla bitməli idi. Nadejda İsmayılova Validə xanımın daxilində keçirdiyi qarışıq, bəzən kədərli, bəzən sevincli hissləri ustalıqla ifa etməyi bacarıb.  Süleyman Vəzirov romanın baş obrazı olan Validə xanım bəzi suallara beləcə cavab tapa bilmir:

"Dünya necə də ədalətsizdir. Nə üçün Süleyman belə erkən getməliydi. O, həyatda o qədər faydalı işlər görmüş, o qədər adama kömək etmiş, o qədər adama hələ lazım idi. Nə üçün mən yox, məhz o? Nə üçün oğulları Murad və Şamil də erkən yaşlarında onun ardınca getdilər? Məgər ana uşaqlarının ölümünə dözə bilərmi? Lakin mən bu suallara cavab tapmıram. Bəlkə bu cavab yalnız Allaha məlumdur".


 





10.02.2021    çap et  çap et