525.Az

"Dieta"nın onuncu günü - Məhsəti Musa yazır


 

"Dieta"nın onuncu günü -  <b style="color:red">Məhsəti Musa yazır</b>

- Ayyy! Yox! Yox! Mənə yox... Mən onu yeyə bilmərəm. Ziyan edər.

- Onda nə istəyirsinizsə, özümüz sifariş verək.

"Oh, çox sağ olun. Mən "dietadayam".  Mənim nahar üçün normam budur" -   deyib çörək qabından bir dilim qara çörək, sonra bir dilim pendir, bir neçə dilim xiyar və pomidor götürdü.

- Ondan sizə nə olacaq?

- Oy, hələ bu da çoxdur. Bədəni formada saxlamaq lazımdır.

- Hansı şirə?

- Ayy, heç birindən. Mən ancaq adi su içirəm...


15 nəfər müxtəlif bölgələrdən  işləri ilə bağlı kursda iştirak etmək üçün gəlmişdilər. Səhər yeməyi, nahar və şam yeməyi də kurs təşkilatçılarının hesabına idi.  İştirakçıların əksəriyyəti bəylər olsa da, bir neçə nəfər də xanım var idi. Qadınların geyim-keçimlərindən hiss olunurdu ki,  özlərindən çox ailəyə və işə bağlıdırlar. Yəni özlərinə bir o qədər də xərc çəkmirdilər. Saçı, bəzək-düzəyi, geyimi, dırnaqları qaydasında olan Dürdanə elə ilk gündən bu qadınlara  qarışmamağa, yuxarıdan aşağı baxmağa, onlardan seçilməyə çalışırdı. Bir otaqda qaldığı qadından isə ümumiyyətlə zəhləsi gedirdi.  O,  olmasa idi, yeməyə  nə isə alar, qaldığı otaqda mədəsini yüngülvari sakitləşdirə bilərdi. Amma onun da yanında pəhrizdə olduğunu demişdi axı... 

 Növbəti günlər də eyni qayda ilə davam edirdi. Nədənsə həmişə nahar vaxtı anası yadına düşürdü:

- Alo, mamulya, necəsən?  Oy, mama, bilirsən necə darıxmışam səəənçüüün? Caaan, ölərəm  elə. Oldu, özünə yaxşı bax. Öpürəm, canım mənim.

 Sonuncu gün adəti üzrə hər kəs yemək-içməyində idi.  Dürdanə isə bıçaq-çəngəli götürüb bir dilim pendirlə "güləşirdi". Yeməklərin qoxusu "ciyərindən keçirdi".  Qeyri-ixtiyari dodağını yalayıb bir qurtum su aldı. Qarnında şivən qopmuşdu.  Sanki rayonlarındakı 5 nömrəli məktəbin yanından keçən  arxdan bütün qurbağalar onun qarnına köç  etmişdi. Utandığından  pendiri də sona qədər yemədi. Bir az ağrıyıram deyib ayağa qalxdı. Ağlamsınmışdı. Gücü tükənirdi. Bu dəqiqə ən böyük arzusu doyunca yemək idi...
 
Nahardan sonra rayona qayıdacaqdı. Əvvəldən zəngləşdiyi tanış sürücü  deyilən vaxtda onu oteldən götürdü. Yolda bir neçə dəfə peçenyedən-filandan almaq istəsə də, özünü birtəhər saxladı. Sürücüyə heç nə demədi.  Rayona çatanda nəfəsi genişləndi.  Evlərinə az məsafə qalmış sürücüyə düşəcəyini bildirdi. O, təəccüblə dedi:

- Müəllimə, evə aparırdım da.

- Yox ee, mağazadan alacaqlarım var. Siz gedin deyərək səyahət çemodanını sürücüdən aldı və sürüyə-sürüyə mağazaya tərəf yollandı. Mağazada birbaşa çörək vitrininə tərəf getdi. Ağappaq undan hazırlanmış isti, ətirli  təndir çörəyini elə oradaca parçalamaqdan özünü güclə saxladı. İkisini alıb evə tərəf götürüldü. Telefon isə susmaq bilmirdi. Əsəbi şəkildə cavab verdi:

- A-looo

- Mama qurban, gəldin çatdın?

- Hə eeeey, hə....

- Xörək hazırdır, özün isit, çək ye. Mən bir az gec gələcəm.

- Offf. Yaxşı, yaxşı. "Okey " dana, "okey!"

Evə təpilərək təndir çörəyini əli ilə paraladı. Mətbəxə keçib qazanın ağzını açdı. Üç dənə kələm dolmasını qızdırmadan, eləcə soyuq halda çörəyin arasına yığdı. Divanda əyləşib iri dişləklərlə bir neçə cəhddə  yeyib bitirdi. Qarnı doysa da, gözü doymamışdı. Soyuducunu açdı.  Dayaz boşqabda iki dilim pendir diş kimi ağarırdı. Oteldəki pendirli günlərini yadına saldı. Ürəyi bulandı. Soyuducudan  pomidor sousu  götürüb bir  az da onunla çörək yedi. Gözlərinə işıq gəlməyə başlayırdı. Şokaladla içdiyi bir fincan isti çaydan sonra isə keyfi tamam düzəldi.  Divanda uzanıb telefonu əlinə aldı.  Ekrana gülümsəyərək bir "selfi"  etdi. Sosial şəbəkə profilində   "Dietanın 10-cu günü. Qızoşlar, necə görünürəm?" yazaraq foto ilə birgə paylaşdı.

 





10.02.2021    çap et  çap et