Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq, peşəkarlıq nümayış etdirərək 44 gün ərzində Azərbaycan xalqının 30 illik yurd nisgilinə son qoydu. Vətən tarixinin bu şərəfli salnaməsinə öz adını yazan igidlərdən biri də dağlar diyarı Lerik rayonunun Dico kəndində dünyaya göz açmış Firdovsi Balaxan oğlu Tahirov idi.
Firdovsi el təəssübü çəkən, halallığı sevən bir nəslin nümayəndəsidir. Atası Balaxan kişi ömrünü xalqına fayda vermək, doğma yurdunun hər bir işinə gərək olmaq arzusu ilə yaşayır. Bu işgüzar, ləyaqətli insan övladlarına gözəl tərbiyə verərək onları özü kimi cəmiyyətə yararlı boya-başa çatdırıb. Od götürüləsi bu ocağın oğul payı Firdovsi ailədə doğma torpağa vurğun, vətənə qəlbən bağlı övlad kimi tərbiyə alır. O, orta məktəbi bitirib 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur. Torpaq sevgisi ürəyinin lap dərinliyinə hopur. Tələbə Firdovsini erməni işğalçılarının xəyanətkar hərəkətləri ciddi düşündürür, narahat edir. Çox keçmir elə xalqına, millətinə sədaqətini, sevgili vətəninə sadiqliyini Azərbaycanın haqq savaşında döyüş meydanında qanı ilə təsdiq edir. Şəhidlik zirvəsinə ucalmaqla əbədi var olanların sırasına qoşulur.
Firdovsi oxuduğu ali məktəbin sonuncu kursunda, yəni 2019-cu ildə Ordu sıralarına yazılır. Məqamında vətən torpağın hər qarışında döyüşə hazır olan Lerikin igid oğlu Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayır. Bir müddət Gəncədə təlim keçir. Əla döyüşçü keyfiyyətləri nümayiş etdirir.
F.Tahirovun cəbhə yolu Tovuzdan başlanır. Döyüşlərdə son gülləsinədək vuruşaraq böyük igidlik, şücaət göstərib vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirir. Düşməndən intiqam almaq hissi Firdovsinin vətənlə bir döyünən qəlbində get-gedə alovlanır. Buna görə də, İkinci Qarabağ müharibəsinin başladığı anda işğal edilmiş torpaqların hər qarışını azad görmək eşqi ilə qorxmadan odun-alovun içinə atılır. Özü döyüşdə şəhidlik zirvəsinə ucalır, cəsurluğu, igidliyi, mərdliyi isə əsgər yoldaşlarına nümunə olaraq onları qələbəyə doğru aparır.
Vətən sevgisi Firdovsi üçün hər şeydən uca idi. Qanında axan bu ilahi sevgi əbədi olaraq onun adını könüllərə yazdı. Aramızdan vaxtsız getsə də, gələn nəsillərə örnək həyat yolu yaşadı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Vətən sevdalısı Firdovsi Tahirov da bunu ürəkdən arzulayırdı. Bu gün onun, şəhidlik zirvəsindən gələcəyə boylanan ruhu hüzur içindədir.