525.Az

Azərbaycan və Özbəkistan bu sahədə səylərini birləşdirirlər


 

İKİ ÖLKƏNİN BU SAHƏ ÜZRƏ MÜTƏXƏSSİSLƏRİ VİDEOKONFRANS KEÇİRİBLƏR

Azərbaycan və Özbəkistan bu sahədə səylərini birləşdirirlər<b style="color:red"></b>

Son illər ölkəmizdə pambıqçılığın inkişafına dövlət qayğısının artması fonunda  məhsuldarlıq məsələlərinə  xüsusi diqqətin yönəldilməsi, bu bitkinin daha səmərəli sortlarının yetişdirilməsi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi işində də yeni baxışlar tələb edir. Elə məhz bu baxımdan, respublikamızdakı Aqrar Elm və İnnovasiya Mərkəzini (AEİM) fəaliyyət istiqamətlərində pambıqçılq üzrə ənənəvi olaraq qabaqcıl ölkələrdən olan Özbəkistan Respublikasının Pambığın Seleksiyası, Toxumçuluğu və Becərmə Texnologiyası Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa da xüsusi diqqət verilir. Bu məsələlər üzrə həmkarlar arasında  təşkil olunan onlayn görüşdə Azərbaycan tərəfdən AEİM, Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTB ETİ), Özbəkistan tərəfdən isə bu respublikanın Pambığın Seleksiyası, Toxumçuluğu və Becərmə Texnologiyası Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak ediblər.

Görüşdə qeyd olunub ki, pambıqçılıq sahəsində tarixi ənənələrə və zəngin təcrübəyə malik hər iki respublikada pambıqçı fermerlərin qayğıları da oxşardır. Belə ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirinin azaldılması üçün quraqlığa və şoranlığa davamlı yeni pambıq sortlarının yaradılması, resurslara daha qənaətcil texnologiyaların mənimsənilməsinə ciddi ehtiyac yaranıb.

İki ölkənin mütəxəssisləri ötən il, pandemiyadan qabaq Özbəkistanda keçirilmiş birinci görüşlərində tərtib etdikləri, pambıqçılıq sahəsində ikitərəfli əməkdaşlığın yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun ilkin layihəsini müzakirə ediblər.

Görüşdə həmçinin bildirilib ki, hər ii ölkənin pambıqçılıq üzrə tədqiqat ocaqlarında qazanılmış  təcrübənin və zəngin genetik materialların mübadilə imkanları əməkdaşlıq üçün əsas yaradır. Belə ki, məhsuldar və yerli şəraitə daha asan adaptasiya olan yeni pambıq sortlarının yaradılmasında bu zəngin materialdan birgə istifadə olunmalıdır.

"Özbəkistan ilə Azərbaycan pambıq yetişdirənlərinin əməkdalığının böyük tarixi mövcuddur. Bu görüşdə də hər iki tərəf üçün maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr apardıq. Özbək seleksionerləri ənənəvi olaraq,  quraqlığa davamlı, yüksək lif və yağ çıxımlı pambıq sortları almaq özrə böyük nailiyyətlər əldə ediblər. Bizim də son dövrlər yetişdirdiyimiz  məhsuldar, xüsusən tezyetişən sortlarımız  onların diqqətini çəkir. Elə bizin elmi-tədqiqat ocağımızda son 20 ildə 12 sort yeni pambıq sortu almışıq ki, onlardan 4-ü - "Gəncə 110", "Gəncə 114", "Gəncə 160" və "Gəncə 182" adlanan sortlar həmin tələblərə yaxşı cavab verir və məhsuldarlığı yüksək olmaqla hektardan 45-50 sentnerə çatır. Özbəkistanlı həmkarlar ilə onların və bizim yeni sortlarımızın qarşılıqlı becərmə məsələlərini genişləndirmək niyyətimiz var ki, bu da hər iki ölkədə pambıqçılığın genefondunun zənginləşdirilmə anlamına gəlir" - deyə bizimlə müsahibədə görüşün iştirakçısı, BMTB ETİ-nin şöbə müdiri, aqrar elmlər doktoru Ələddin Tağıyev bildirdi.

Görüş zamanı pambıqçılığın seleksiyası, istehsal texnologiyası və toxumçuluğu kimi sahələrdə mütəxəssislərin yetişdirilməsi üçün iki ölkənin gənc kadrlarının qarşılıqlı elmi-tədqiqat və təcrübə işlərinə cəlb edilməsi məsələlərindən də söhbət gedib.

Zakir MURADOV, Gəncə

 





10.02.2021    çap et  çap et