525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]

***



Yüksəl İlqar oğlu Əlizadə
5 iyun 1996-cı ildə Qazaxda doğulub. Ailəsi ilə Gəncədə yaşayırdı, orta təhsilini də burda tamamlamışdı. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, hərbi xidmətdən sonra Naxçıvan MR-də 2-ci ali təhsil kimi hüquq fakültəsini oxumuşdu. Əvvəllər bir neçə dövlət orqanlarında könüllü fəaliyyət etdikdən sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsində karyerasına başlamışdı. Son olaraq Gəncə şəhər Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı.

Atası İlqar Əlizadə uzun müddət rayon və şəhər prokurorluqlarında yüksək vəzifələrdə çalışıb. Son dəfə Daşkəsənin prokuroru vəzifəsində işləyib və 2017-ci ildə səhhətindəki problemlərə görə vəfat edib. Anası Sevda Kazımova Gəncə Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışır.

Tovuz döyüşləri zamanı Yüksəl ailəsinə xəbər vermədən könüllü qeydiyyatdan keçir. Sentyabrın 21-də hərbi vəzifəlilərin təlimlərinə cəlb olunur. Vətən müharibəsində Füzulinin Aşağı Veysəlli kəndinin, Ağtəpə, Üçtəpə, Qızılqaya yüksəkliklərinin azadlığı uğrunda vuruşur. O, ailəsilə son dəfə noyabrın 8-də danışıb. Şuşanın alınması münasibətilə onları təbrik edib. Kəşfiyyatçı olan Yüksəl və 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları həmin gün Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə qarşı son nəfəsinə kimi vuruşan bu gənc 19 güllə ilə şəhid edilib. Neçə gün ailəsi onu axtarsa da, ayın 19-da şəhid xəbəri gəlib. Noyabrın 20-də Gəncədə Şəhidlər Xiyabanında dəfn edilib. Atasına çox bağlı idi Yüksəl, indi də onun yanına getdi. Sosial şəbəkədə son paylaşdığı şəkil Səmadır. Yüksəldiyi Səma...

Şəhadətindən sonra "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

No description available.

Hüseynov Amil Rasim oğlu 16 avqust 1986-cı ildə Füzulinin Əhmədalılar kəndində doğulub. Bakıdakı Ağdam rayon 36 saylı tam orta məktəbini bitirib. 2004-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Məktəb dövründə idmanın karate, -kikboksinq növü ilə məşğul olub, respublikada və xaricdə keçirilən yarışlarda yüksək nailiyyətlər əldə edib, 2 dəfə Respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb.

Amilin hərbiyə marağı, vətən sevgisi onu öz arzusunun ardınca apardı. O, 2010-cu ildən MAXE kəşfiyyatçı kimi fəaliyyət göstərib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı sapyor (minaaxtaran) üzrə təlim kursu keçib. Vətən müharibəsinin fəal iştirakçısı olan Amil Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. 10 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan Amil 60 gün sonra dekabrın 10-da öz doğma kəndində son mənzilə yola salındı. Şəhadətindən sonra Füzulinin və Xocavəndin azad edilməsinə görə müvafiq medallarla təltif edilib.

Şəhidin həyat yoldaşı Xalisə xanım deyir ki, onu tanıyan hər kəsin dediyi bir söz var - "Amil kimi oğulun ölümü ancaq şəhidlik ola bilərdi". Cəmi 2 ay evli olan Amil son dəfə ailəsiylə oktyabrın 5-də danışıb. Yoldaşına son sözü "belə getsə, inşallah, Şuşadan gələcəm" - olub və qayıdacağına söz verib. Dekabrın 10-u yoldaşının ad günündə ona sürpriz edəcəyini, o günü xüsusi qeyd edəcəklərini deyən Amil, taleyin qismətindən, elə həmin gün üçrəngli bayrağa sarılı evinə qayıtdı və şəhidlik məqamını yoldaşının ad gününə hədiyyə etdi.

***



Samir Əliheydər oğlu Əliyev 9 avqust 1999-cu ildə Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Leytenant S.Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, sentyabrın 29-da həmin döyüşlər zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. S.Əliyev şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

***



Babək Süleyman oğlu Mahmudlu 1995-ci il noyabrın 27-də Biləsuvarda doğulub. 2011-ci ildə Biləsuvar Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinfini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır.

Naxçıvan MR-in Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, MAXE kimi xidmətini davam etdirir. Manqa komandiri B.Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurur. Naxçıvanda Türkiyə və Azərbaycanın keçirdiyi birgə hərbi təlimlərdə snayper yarışlarında birincilik əldə edib.

27 sentyabr 2020-ci ildən Vətən müharibəsində Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşçü xeyli düşmən əsgərini "İstiqlal"ı ilə məhv edib. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. Noyabrın 1-də Biləsuvarda dəfn edilib. O, şəhadətindən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

***



Hacıyev Sayad Azad oğlu 14 mart 2001-ci ildə Zaqatalanın Bazar kəndində doğulub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. O, maşinist olmaq arzusunda idi. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub. Məktəb və liseyin bütün tədbirlərində fəal iştirak edib.

2019-cu ilin mayında liseyi müvəffəqiyyətlə bitirib. 2019-cu ilin iyulunda hərbi xidmətə çağırılıb. İlk 90 gün Goranboy Ballıqayada, sonra Yevlax, Aran qəsəbəsi N saylı hərbi hissədə xidmət keçib.

Vətən müharibəsinin ilk günlərindən Tərtər ətrafındakı işğal altında olan torpaqlar uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşan uğrunda gedən döyüş zamanı boyun nahiyəsinin arxa hissəsindən gələn qəlpə yarası səbəbindən şəhid olub.

***



Orucov Elmir Elyar oğlu 4 yanvar 2002-ci ildə Ağstafada anadan olub. 2009-cu ildə Böyük şor qəsəbəsində 73 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 5-ci sinifdən Xəzər rayonu Binə qəsəbəsində 136 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 9 illik təhsil alıb bərbərlik fəaliyyəti ilə məşğul olub. Ağstafa rayonundan hərbi xidmətə çağırılıb və 8 yanvar 2020-ci ildə hərbi xidmətə yola salınıb. Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmət edib.19 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

***



Zairli Zahid Azad oğlu 10 may 2000-ci ildə Yardımlıda doğulub. 2015-2019-cu illərdə AZMİ kollecində təhsil alıb. O, tələbəlik illərində "Ümid" fonduna dəstək olan tələbələr arasında, kimsəsiz uşaqlara yardım edirdi. Yumor hissi güclü olduğundan yeni il və başqa tədbirlərdə müxtəlif obrazları canlandıraraq kimsəsiz, sevgiyə möhtac uşaqları sevindirirdi. Hətta bəzi tələbə yoldaşları ilə birlikdə yaralı və qayğıya ehtiyacı olan heyvanları mühafizə edən qurumlara təhvil verirdilər. Və bütün bu işləri edərkən o, hələ 18 yaşını tamamlamamışdı...

2017-ci ildə o, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edib. Kolleci bitirdikdən sonra 02.07.2019-cu il tarixində hərbi xidmətə çağırılır. 23.07.2019-cu ildə isə "N" saylı hərbi hissəyə yollanır. Andiçmə mərasimindən sonra əsgərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb, XTD-yə seçilən 25 əsgərdən biri olur. Və nəhayət, arzusuna çatır, snayper kimi təlimlərə qatılır.

Vətən müharibəsi zamanı səriştəli snayper kimi döyüşlərə atılır. Döyüşlərdə "Canavar" ləqəbi ilə tanınır. Öncə Kəlbəcərə yola düşən Xüsusi Təyinatlıların tərkibində 4 gün ərzində Murov yüksəkliyini fəth edirlər. Sonra Suqovuşan, Ağoğlan qəsəbələrinin və Füzuli, Cəbrayılın azad olmasında xüsusi qəhrəmanlıq göstərir. O, eyni zamanda, yaralıları və şəhid olmuş döyüş yoldaşlarının da döyüş meydanından çıxarılmasına kömək göstərib. Zahid 7 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən qızğın döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq qəhrəmancasına şəhid olub.

***



Ayaz Daşqın oğlu İmanzadə 1996-cı il dekabrın 3-də Neftçalada doğulub. Ailəli idi. Bir övladı yadigar qaldı. Ayaz 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Ayaz İmanzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz İmanzadə oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Neftçala şəhərində dəfn olunub.

O, şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***



Səid Zəfər oğlu Cəfərov 1993-cü il fevralın 4-də Neftçalanın Dördlər kəndində doğulub. 1999-2010-cu illərdə İ.Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbiyə bağlılığı onu yenidən orduya qaytarır. Türkiyədə "JİAK" təməl kurslarını fərqlənmə ilə bitirir.

Baş çavuş S.Cəfərov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa uğrunda döyüşlərdə yaralı komandirini xilas edir. İki taboru mühasirədən çıxarır. Lakin qələbənin bir addımlığında - noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olur.

O, son dəfə anası Könül xanımla oktyabrın 31-də danışıb. Cəmi 8 saniyəlik söhbətdə Səid anasına deyir: "Ana, sən özündən muğayət ol, mən yaxşıyam. Darıxma, İnşallah, görüşəcəyik. Mən gələcəm, amma bilmirəm necə. Ya əlimdə bayraqla, ya da bayrağa bürünmüş..."

Neftçalada torpağa tapşırılan S.Cəfərov şəhadətindən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

***




Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda doğulub. 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub, 2013-cü ildə oranı "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Həmin ixtisasın magistratura pilləsinə qiyabi qəbul olub və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2013-2014-cü illərdə Naxçıvan MR-in Sədərək bölgəsində ön xətdə hərbi xidmət keçib. İxtisasına mükəmməl yiyələnən İlkin balıqçılığa aid 2 kitabın müəllifidir. Həmin dərsliklər hazırda ADAU-nun kitabxanasında saxlanılır və tələbələrin ixtiyarındadır. Bir müddət müxtəlif sahələrdə işləyən İlkinin həyatında 2016-cı il Aprel döyüşləri dərin iz buraxıb və o, gözlənilmədən zabit olmaq qərarına gəlib. Onun atası da vaxtilə hərbçi işləyib və onlar həbçi şəhərcikdə 1991-ci ildə atasına dövlət tərəfindən verilən evdə yaşayırdılar. İlkin zabit olmaq üçün tələb olunan kursu bitirdikdən sonra əvvəl Goranboy, sonra isə Tərtərdə xidmətə başlayıb. Nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" medalına layiq görülüb. 2020-ci ilin mayında baş leytenant rütbəsi alıb.

Ön xətdə xidmət edən zabit olduğundan Vətən müharibəsinin ilk anlarından qızğın döyüşlərin içərisində olub. Müharibənin ilk günü düşmən tərəfindən vurulan helikopterimizin ekipajını İlkin şəxsən öz əsgərləriylə birgə xilas edib. Ümumiyyətlə, 11 günlük döyüş yolunda 20-dən çox hərbçimizin həyatını qurtarıb, hətta yanan tankın içindən belə heyət üzvlərini xilas etməkdən çəkinməyib. Döyüş yoldaşları tərəfindən "Canavar" adlandırılan İlkinin son döyüşü oktyabrın 7-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlanan yerdə olur. Düşmən səngərini ələ keçirərkən yaralanan İlkin ilk baxışda yarası ciddi görünməsə də, öncə silahdaşı, tabor komandiri Əliyə, yarası sarınıb hospitala aparılarkən də döyüş yoldaşı Zaməddinə anasının nömrəsini verib, "anama zəng edib, şəhid olduğumu xəbər verin" - deyir. Onlar yaranın ağır olmadığını, sağalacağını, bu xəbəri anaya necə verəcəklərini deyəndə isə İlkin dayısının nömrəsini verib, zəng etməklərini istəyir. Görünür, uca məqama çatacağı İlkinə əyan olmuşdu. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək olmur və bir gün sonra İlkin son gəlişində ziyarət etdiyi Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur.    

***



Musa və Tural bir-birindən heç ayrılmayan qardaşlar idilər. Son məqamlarında da ayrılmadılar...

Həsənov Musa Tapdıq oğlu 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub. Orta təhsilli olan Musa son 5 ildə dönərçi kimi işləyirdi.

Hər iki qardaş 2020-ci il 21 sentyabrda hərbi vəzifəlilərin təlim toplantısına çağırılır, sonra isə Vətən müharibəsində döyüşlərə qatılırlar. O, xidmətə gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. Hətta müdirinə gülümsəyərək "mən getməsəm, bu torpaqlar alınmayacaq" - deyir. Musa Tapqaraqoyunlu, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ailəsiylə son danışığı sentyabrın 28-də olur. Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olsa da, nəşi noyabrın 4-də götürülüb ailəsinə təhvil verilir. Elə həmin gün dəfn olunur.

Qardaşı Həsənov Tural Tapdıq oğlu 16 iyul 1994-cü ildə Mingəçevirdə doğulub. Müharibəyə gedənə qədər qeyri-qida sektorunda çalışıb. Müharibəyə gedərkən yoldaşına "şəhid olsam, başını dik tut. Dəfnimdə bayrağı oğlum Hüseynə versinlər" - deyir.

O da qardaşıyla eyni döyüş yolu keçib və qardaşı kimi Suqovuşanda şəhid olub. Neytral zonada qalan Turalın cəsədini dekabrın 9-da götürüb ailəsinə təhvil verə bilirlər.

Hər iki qardaş ailəli idilər. Musanın 3 yaşlı Rüqəyya, bir yaşlı İnci qızları, Turalın isə 4 yaşlı Hüseyn və  2 yaşlı Tapdıq oğul övladları Vətənə əmanət qalıb.

Tural və Musa şəhadətlərindən sonra "Suqovuşanın azad olunmasına görə" medallarıyla təltif olunublar.

***



Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Atasız böyüdüyündən maddi imkansızlığa görə uşaq yaşlarından aqronomluq üzrə praktika keçərək bu peşədə işləyib. Bağ-bostan bitkiləri, dərman vasitələri satmaqla evin dolanışığına kömək edib. Evin tək oğlu olub. 2019-cu il 23 apreldə doğum gününü evdə qeyd etdikdən sonra, səhəri gün hərbi xidmətə yollanıb. 2020-ci ilin oktyabrın 1-i tərxis olmalı idi, amma Vətən müharibəsi başladığından könüllü müharibəyə qatılıb və Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 8-i evlə son dəfə əlaqə saxlayıb, halallaşıb, lakin döyüşə getdiyini bildirməyib. Oktyabrın 11-i evlərinə şəhid cənazəsi gəlib.

Döyüş yoldaşı baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbələr vurduqlarını deyir. Oktyabrın 8-i Talış-Suqovuşan istiqamətində döyüşlərə yollananda Əliəkbərin hərbi hissədə qalıb koordinat verməsini xahiş edirlər, həmçinin, "sənin atan, qardaşın yoxdur, anan təkdir, gəlmə" - deyirlər. Əliəkbər isə onları dinləmir və "hamı necə, mən də elə" - deyərək döyüşə yollanır. Relyef çətin olduğundan ərzaq maşını çata bilmir və onlar 2 gün ac-susuz dağda, meşədə yaş torpağın üstündə keçirirlər, səhər yarpaqlarındakı şehi su əvəzi içirlər. Əliəkbər həm müşahidə aparır, həm döyüşür, həm də yaralı və şəhidləri ərazidən çıxarmağa kömək edir. Növbəti dəfə yaralı döyüş yoldaşını çıxarmağa çalışarkən 10 metrliyində partlayan minamyot nəticəsində başına qəlpə dəyir və şəhid olur. Şəhadətindən sonra "Laçının azad olunmasına görə" medalıyla təltif olunub.

***



Mirzəyev Eltac Fizuli oğlu 2000-ci il avqustun 18-də Tovuzun Məşədilər kəndində doğulub. Tovuz rayonu Ş.İ. Xətai adına Köhnəqala kənd orta məktəbini bitirib. 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

***



Əhədzadə Elsevər Ağacan oğlu
3 iyul 1995-ci ildə evin böyük oğlu olaraq doğulub. 62 saylı məktəb-liseydə orta təhsilini tamamlayıb. Qardaşı Fərid ondan 2 yaş kiçik olsa da, tale elə gətirmişdi ki, birgə hərbi xidmət keçmişdilər. 2016-cı ildə 2 qardaş Tovuzun Əlibəyli kəndində xidməti borclarını yerinə yetirirdilər. Hərbi xidmətə daha əvvəl deyil, iyul ayında çağırıldıqlarına, Aprel döyüşlərində iştirak edə bilmədiklərinə çox təəssüflənmişdilər.

2020-ci ilin iyulunda general Polad Həşimovun və hərbçi yoldaşlarının şəhid olması xəbəri 2 qardaşa da çox təsir etmişdi. Elsevər böyük qardaş olduğundan kiçik qardaşına qıymadı, həm də valideynlərinin onlardan başqa övladları yox idi, özü könüllü Səfərbərlik Xidmətinə ərizə ilə müraciət etdi. Sentyabrın 21-də onu hərbi təlimə çağırdılar, 6 gün sonra müharibə başladı. Sentyabrın 28-də Fəridə də çağırış vərəqəsi gəldi. Böyük qardaşın kiçik qardaşdan xəbəri olmadı. Elsevər Füzuli, Fərid Hadrud-Xocavənd istiqamətində döyüşürdü. Bir-birlərindən xəbər ala bilməyən qardaşlardan kiçik olan Fərid oktyabrın 16-də ağır yaralanıb. Oktyabrın 21-də Elsevər sonuncu dəfə valideynlərilə telefonla danışıb, 3 gün sonra isə Füzuli uğrunda döyüşlərdə şəhid olub.

Elsevər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin məzunu idi. Vətənpərvər gəncin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olması idi. Fərid hospitalda yatdığı üçün Elsevərin şəhid olduğunu ona deməmişdilər, o, noyabrın 17-də xəstəxanadan evə buraxılanda qardaşının bayraqlı şəklilə göz-gözə gəldi.

Elsevər şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





11.02.2021    çap et  çap et