525.Az

Qadınların gözəllik yükü - Sürətlə dəyişən trendlər bataqlığı


 

Qadınların gözəllik yükü - <b style="color:red">Sürətlə dəyişən trendlər bataqlığı</b>

Qadınlar gözəlmi olmalıdır, zərifmi? Canayaxın, yoxsa sərt? İsmətli, həm də cazibədarmı?

Əsrlərdir, gözəllik deyəndə insanların ağlına ilk növbədə qadınlar gəlir. Bu, necə olub, necə başlayıb, bilinməsə də, əvvəllər saraylarda, xanədanlarda həm kişilərin, həm də qadınların gözəl və zərafətli görünmək üçün istifadə etdikləri vasitələr müəyyən dövrdən sonra yalnız qadınların boynunda qalıb. Dar, uzun corablar, dikdaban ayaqqabılar, dik yaxalıqlar, çiyinləri enli göstərən dayaqlar, böyük, ağır pariklər və sair... - bunların hamısı bir vaxtlar kişilər tərəfindən də gözəllik məqsədilə istifadə edilən əşyalar olub. Sonra necə olubsa, dövran dönüb və kişilər bir şəkildə bu qəliblərdən imtina etməyi, daha sadə, daha rahat geyim tərzini mənimsəməyi bacarıblar. Amma çox qəribədir ki, qadınlar hələ də həmin o dikdaban ayaqqabılarla günlərini keçirir, günün ağırlığı, yorğunluğu bəs etmirmiş kimi, bir də sağlamlıqlarına zərər vuran bu gözəllik alışqanlıqlarını qoruyub saxlayırlar.

Bu gözəllik anlayışını təkcə geyim-keçimlə yox, həm də fiziki deformasiya ilə də dəstəkləyən onlarla fərqli mədəniyyət, qəbilə var. Qadın bədəni məhz gözəllik naminə hər dövrdə, hər mədəniyyətdə fərqli formada əziyyətə məruz qalıb, müxtəlif formalara salınıb, dövrünün gözəllik trendinə uyğunlaşdırılıb.

Məsələn, hələ X əsrin sonlarına doğru Çində ortaya çıxan bir gözəllik trendinə görə, xırda ayaqlı qadınlar daha cazibədar imiş. Çinin fərqli əyalətlərində bu düşüncə tərzi əsrlərlə davam edib, hətta günümüzə qədər gəlib çatıb. Təkcə kiçik ayağı olan qadınlar gözəl hesab edilmir, bu gözəllik anlayışı naminə gənc qızların ayaqları elə yeniyetmə vaxtlarından etibarən sarğı vasitəsiylə kip bağlanır, onlara dəmir ayaqqabılar geyindirilirdi. Bu vəziyyətdə hələ ayaq üstə durmağın çətin olması bir yana, baş barmaqdan çeçələ barmağa qədər sümüklərin qırılıb ayağın alt hissəsinə yapışması və onun ağrısının keçməsi də uzun bir zaman alırdı. Beləcə, bir müddət sonra ayaqlar bağlandığı bu qəlibi alır və böyümə prosesi dayanırdı. 

O məhşur filmdəki məhşur mahnıda deyildiyi kimi, "Badam yesə, boylu görünər incə bellim" gözəllik qəlibi Avropada da 20-ci əsrin əvvəllərində ən çox tüğyan edən trend olub. Deyilənə görə, həmin dönəmlərdə qadınlar ağır, qalın dəmirli korsetlərlə bellərini o qədər sıxırdılar ki, gün ərzində nəfəs almaq çətinləşir, bəzən ürəkgetmələr də baş verirdi. Hətta korset dəmirinin ürəyinə batması nəticəsində ölən qadınlar da olub.

"Durna boyunlu" kimi gözəllik qəlibi Tayland qəbilələrinin birində ən böyük gözəllik trendi sayılıb. Bəzi qəbilələr bu gözəllik anlayışına o qədər vurğun olublar ki, qadınların boynunu süni yoldan uzatmağa belə çalışıblar. Bu qəbilənin qadınları boyunlarına kiçik yaşlarından bəri taxmağa başladıqları halqaların köməyi ilə boyunlarını anormal dərəcədə uzadır, bu halda daha gözəl göründüklərinə və əcdadlarına oxşadıqlarına inanırlarmış.

Bütün bunlar tarixdə ən çox bilinən və qadın bədəni üçün nəzərdə tutulan ən qəddar gözəllik qəlibləridir. Daha az bilinənlər isə, ağ dəriyə sahib olmaq üçün Viktoria dövrü adlandırılan XIX əsrdə yaşayan qadınların qəsdən tuperkulyoz xəstəliyinə yaxalanması, radium kimi bir çox zərərli maddələrdən istifadə etmələri də reallıqdır.

Bütün bunlar məhz gözəl görünmək, təsadüfən, yaxud bir şəkildə formalaşmış gözəllik standartlarına uyğun ola bilmək üçün idi. İndi dönüb geriyə baxanda qadınların bu cür əcaib üsullarla özlərini müəyyən hallara, formalara salmağa çalışmaları ibtidai, bir o qədər də dəlilik kimi görünüb. Həta bəzən belə bir təəssürat da yaranıb ki, o qadınların, o insanların ağlıları başlarında olmayıb.

No description available.

Elə isə biz özümüz çoxmu ağıllı və məntiqliyik? Gözəllik qəlibləri ilə bağlı keçmişə nəzər yetirmişkən, elə bu günümüzün gözəllik stereotiplərinə də bir ayna tutsaq, qadınların öz yaradılışlarına müxalif çıxıb, özlərini dövrün gözəllik trendlərinə uyğun şəkildə formalaşdırmağa çalışdıqlarına şahid olarıq. Gözəllik anlayışı indi də əvvəlki dövrlərdəki qədər qəddarlığını və absurdluğunu qorumaqda davam edir. Yalnız dövrün inkişaf etmiş texnologiyaları bu proseslərin daha ağrısız və tez həllinə yardımçı olur.

Ən xırdasından başlasaq, bunlardan biri qadınların qarabuğdayı dəriyə sahib olması trendidir. Xərçəng xəstəliyinin bu qədər geniş yayıldığı bir dövrdə qadınlar bədənlərini cəlbedici görünmək naminə gərəksiz yerə ultrabənövşəyi şüalara məruz qoyurlar. Günəşdən 26 dəfə çox zərərli şüalara sahib olan bu aparatların içində könüllü vaxt keçirən qadınlar dəri xərçəngi, göz xəstəlikləri riskinə əhəmiyyət vermirlər. Üzün gərdirilməsi prosesi isə bu günlərdə ən böyük trenddir. Cod ipləri dəri altına yeridərək üz dərisini dartıb kənarlardan tikirlər. İynələr son illərdə qadınların ən yaxın dostu olub. Qırışmanın, qocalmanın qarşısını almaq, olduğundan fərqli görünmək üçün bu üsul ən asan yollardan biri sayılır. Plastik cərrahiyə və kosmetologiya bütün ölkələrdə ən çox gəlir gətirən sahələrdəndir. Daha kiçik buruna, badamı gözlərə, dolğun dodaqlara, sivri çənəyə, elastik dəriyə sahib olmaq üçün qadınlar arasında sanki dəlicəsinə bir yarış var.

Gəlin etiraf edək ki, tarixin müxtəlif dövrlərində xarici görünüşlə bağlı fərqli qəliblər olsa da, heç bir dönəmdə qadın bədəni və onun gürünüşüylə bağlı insanlıq bu dərəcədə qəddarlığın şahidi olmayıb. 20-30 il əvvəl hər yüz nəfərdən yalnız biri estetik əməliyyat olunurdusa, hazırda bu rəqəm demək olar ki, yarı-yarıya artıb. Beləcə, sektor genişləndikcə yeni-yeni prosedurlar meydana çıxmağa başlayır. Əvvəllər bir gözəllik trendinin ömrü bir əsr idisə, indilərdə ən uzağı bir fəsildir. Sürət dövründə gözəllik trendləri də sürətlə dəyişməkdədir və qadınlar dəlicəsinə bu dəyişikliklərlə ayaqlaşmağa çalışırlar. Bu hal isə eynitipli qadınların çoxalmasına səbəb olur. Digər tərəfdən, maddi cəhətdən bu trendlərlə ayaqlaşa bilmədiyi üçün milyonlarla qadın öz xarici görünüşünü bəyənmir, özünü bu cür qadınlarla müqayisə edərək ruh düşkünlüyü, komplekslər yaşamağa başlayır. Qüsursuzluq anlayışının gözəllik anlayışı ilə birləşməsi və bunun qadın bədəni üzərində təzahür etdirilməsi qadınların dəhşətli bir çağda sürətlə dəyişən gözəllik trendlərilə ayaqlaşmağa çalışmalarına səbəb olur.

Biz bu gün gender, ailə, demoqrafiya məsələlərindən danışırıqsa, estetik cərrahiyənin bu qədər azğın hal almasında məhz cinsiyyət rollarındakı bərabərsizliyin və düzgün məlumatlandırılmamağın, doğru yetişdirilməməyin səbəb olduğunu da vurğulamalıyıq. Əsasən qadınların bu gün bu hala düşməsinin səbəbləri tarix boyu gözəllik anlayışının qadınların üzərindən müəyyənləşdirilməsindən qaynaqlanır. Qadınlar bu mirası əsrlərdir davam etdirməkdədirlər. Bəli, qadın və kişi cəmiyyətdə, sosial həyatda, sosial şərtlər baxımından bərabər hüquqlara sahibdirlər. Eyni zamanda, qadınlar cazibədar görünmək üçün hər dövrün gözəllik qəliblərini mənimsəmək məcburiyyəti hiss etməməli, bu psixologiyadan çıxmalıdırlar. Bunun həll yollarından biri isə, qız uşaqlarına öz bədənlərini, özlərini sevməyi, özlərinə dəyər verməyi aşılamaqdır. Kiçik yaşlardan qız uşaqlarını müxtəlif ləqəblər qoşmadan böyütməli, onları öz adları ilə çağırmalı, yaradılış formalarının genetik baxımdan ən ideal hal olduğunu aşılamalı və zahiri gözəlliklə bağlı bütün bu absurd tarix haqqında məlumat verməyi də tərbiyə prosesinə daxil etməliyik. Əgər bu tarixi mərhələni günümüzə qədər düzgün izləsək və gözəllik anlayışına daha geniş aspektdən baxmağı bacarsaq, uşaqları da zahiri aləmlə bağlı komplekslərdən xilas edib daxili aləmlərini zənginləşdirməyə, özlərini olduqları kimi qəbul edib sevməyə yönəldə bilərik. Bu, həm də onları sürətlə dəyişən bu moda və gözəllik trendi bataqlığından xilas edər. Enerjilərini, potensiallarını bu cür səthi anlayışlarla məhdudlaşdırmazlar. Bu, həm də gələcək nəslin psixoloji sağlamlığı üçün vacib amillərdən biridir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





11.02.2021    çap et  çap et