525.Az

15 yaşlı ali təhsil ocağı - Yazı


 

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ 15 İLLİK YUBİLEYİNİ QEYD EDİR

15 yaşlı ali təhsil ocağı - <b style="color:red">Yazı</b>

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il qərarı ilə yaradılmış Azərbaycan Turizm İnstitutunun əsasında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-ci il tarixli sərəncamı ilə qurulmuş ali dövlət təhsil müəssisəsidir.

ATMU-nun əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas tutaraq ölkəmizin turizm sektoru və digər xidmət sahələri üçün beynəlxalq standartlara uyğun yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamaqdır. Hazırda ATMU-da 3 fakültə, 10 kafedra fəaliyyət göstərir,  bakalavriat pilləsi üzrə 1735, magistratura pilləsi üzrə 271 nəfər, doktorantura pilləsi üzrə 72 nəfər  təhsil alır. Tədris prosesini 200 nəfərdən çox professor-müəllim heyəti həyata keçirir.

ATMU fəaliyyətə başladığı ilk günlərdən etibarən özünün inkişafı üçün əsas fəaliyyət istiqamətlərini və inkişaf prioritetlərini formalaşdırıb. Universitet xarici əlaqələrinin genişlənməsinə, ali təhsildə beynəlmiləlliyə xüsusi diqqət verir. ATMU-da yaranmış ilk inzibati bölmələrdən biri Beynəlxalq əlaqələr şöbəsi olub.  Keçən dövr ərzində ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elm və Tədqiqaq Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil təşkilatlarına üzv olaraq öz fəaliyyətini daha da gücləndirib.

ATMU Azərbaycan təhsil tarixində ilk dəfə olaraq uğurla ikili diplom proqramını həyata keçirir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt menecmenti proqramı" üzrə ingilis dilində təhsil alırlar. Azərbaycan-Avstriya Turizm Proqramı üzrə bu günədək 239 nəfər  tələbə məzun olaraq hər iki ali təhsil müəssisəsinin diplomunu alıb.

Universitetimiz Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə qoşulduğu Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının (EU Erasmus Mundus External Cooperation Window) qalibi olub. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATMU-nun tələbə və əməkdaşları Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa, Bolqarıstanın ali təhsil müəssisələrində müxtəlif müddətlərdə tədris, ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak ediblər. Qeyd olunan proqram çərçivəsində ümumilikdə müxtəlif sayda tələbə, müəllim və  inzibati heyət işçiləri fərqli Avropa universitetlərinə təhsil və ya tədqiqat üçün göndərilib.

ATMU-nun beynəlxalq əlaqələrində önəmli yerlərdən birini beynəlxalq tələbə proqramlarında fəal iştirak tutur. ATMU Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq, xeyli sayda tərəfdaş qazanıb, eləcə də məhz bu əməkdaşlıqlar çərçivəsində öz tədris planını daha da inkişaf etdirə bilmək imkanı əldə edib. Bu proqram çərçivəsində ATMU tələbələri İspaniya Krallığının Valyadolid və Jirona Universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya Respublikasının İoan Cusa Alexander Universitetində, Bolqarıstan Respublikasının D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Respublikasının Orta Doğu Texniki və Eskişəhir Anadolu Universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi kimi iştirakçı olublar. Tələbə mübadiləsi ilə yanaşı olaraq müəllim mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olub.

Beynəlxalq tələbə mübadiləsi proqramları çərçivəsində ATMU-nun önəm verdiyi istiqamətlərdən biri də qardaş Türkiyə Respublikası hökuməti tərəfindən formalaşdırılan Mövlanə Mübadilə proqramıdır. ATMU son illər ərzində bu proqrama qoşularaq bir sıra önəmli ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri imzalayıb və bunun nəticəsində son 4 ildə 25 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilib. Proqram çərçivəsində fərqli ixtisaslar üzrə tərəfdaş universitetlərin professor-müəllim heyəti ATMU-da müxtəlif vaxtlarda fərqli ixtisaslar üzrə tədris aparıblar.

ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə yaxşı əməkdaşlıq əlaqələri formalaşdırıb. Məhz hər iki universitet arasında mövcud olan əməkdaşlıq əsasında tələbələrimiz Almaniyada təşkil olunan yay dil kurslarında iştirak edə, eləcə də tələbə mobilliyi çərçivəsində Yade Universitetində  bir semesterlik təhsil ala bilirlər. Son 7 il ərzində 30 nəfərə yaxın ATMU tələbəsi tərəfdaş universitetdə təhsil alıb.

Universitetdə təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində addımlar atılır. Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı xətti ilə Portuqaliyadan iki, ABŞ hökumətinin təqaüd proqramları ilə iki, Almaniyanın Robert Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın CİM təşkilatları ilə əməkdaşlıq nəticəsində Almaniyadan hər il bir nəfər  müəllim Universitetdə tədris prosesinə cəlb olunub.

ATMU həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurub. Universitet Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyilə həyata keçirilən "Elektron təhsildə Cənubi Qafqazda İnstitusional Quruculuq və insan resurslarının inkişafı" layihəsinin iştirakçılarından biri olub və distant təhsil üzrə müəllimlərin bacarıqlarını inkişaf etdirməyə səy göstərib.

2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının "qoşulmuş üzvü" (Affiliate member), bir müddət sonra isə Bilik Şəbəkəsinin üzvü seçilib. Ümumdünya Turizm Təşkilatına üzvlük ATMU-nun dünya turizm sənayesinə çıxışı üçün daha geniş imkanlar açıb, eləcə də tələbələrimizə daha böyük arenalardan ölkəmizi və universitetimizi təmsil etmək şansı qazandırıb.

ATMU-nun ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi "Turizm və otelçilik" ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu "UNWTO.TedQual" keyfiyyət sertifikatına layiq görülüb. Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun "UNWTO.TedQual" sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətlərdən biridir. Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması" adlı layihə çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

ATMU son iki il ərzində əldə etdiyi önəmli uğurlardan biri də turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatının əldə edilməsidir. Hazırda dünyada 30-a yaxın ali təhsil müəssisəsi adıkeçən sertifikata malikdir.

ATMU tələbələr üçün 14 həftəlik xaricdə istehsalat təcrübə semestri də təşkil edir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici ölkə səfirliklərinin və beynəlxalq turizm təşkilatlarının dəstəyi ilə ATMU tələbələri Türkiyə Respublikasında, Bolqarıstan Respublikasında, İsrail Dövlətində, Çin Xalq Respublikasında və s. ölkələrdə istehsalat təcrübəsi keçə bilmək imkanlarından yararlanırlar.

ATMU ikili diplom layihələrinin daha da gücləndirilməsini beynəlxalq əlaqələr baxımından növbəti illər üçün əsas prioritetlərdən biri olaraq müəyyən edib. Hazırda turizm ixtisası istiqamətində ikili diplom layihələrinin həyata keçirilməsi üçün Fransanın Anjers Universiteti, Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti, Türkiyənin Eskişehir Osmangazi və Akdeniz Universitetləri ilə müzakirələrə başlanılıb. Növbəti tədris ilindən etibarən sosial iş ixtisası üzrə Türkiyənin Sakarya Universiteti və qida mühəndisliyi ixtisası üzrə isə Ankara Universiteti ilə ikili diplom istiqamətində müzakirələrin başlanılacağı gözlənirlir.

Yaşadığmız dövrdə sürətlə inkişaf edən, qloballaşan dünyanın turizm və təhsil sahələri üzrə baş verən dəyişiklərə tez bir zamanda uyğunlaşa bilmək, eləcə də istər turizm, istərsə də təhsil sahəsində ölkəmizdə aparılan uğurlu siyasəti əsas götürərək bu gün ATMU öz fəaliyyətində beynəlmilləşməyə çox böyük önəm verir. Bunun bariz nümunəsi olaraq turizm, təhsil sahəsində mövcud olan beynəlxalq təşkilatlar, müxtəlif ixtisaslar üzrə tədris aparan fərqli dünya universitetləri ilə əlaqələrin qurulmasına, qurulmuş əlaqələrin daha da gücləndirilməsinə, bütün bunların timsalında ölkəmizin turizm və təhsil sahəsində daha da güclənməsi yolunda aparılan siyasətə, davamlı inkişafa istiqamətlənən cəhdlərə dəstək verməyə çalışır.

Orxan MUSA
ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

 





11.02.2021    çap et  çap et