525.Az

Şanlı ordunun qalib əsgəri - Şahanə Müşfiqin yazısı


 

Şanlı ordunun qalib əsgəri - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Azərbaycan tarix boyu çox savaşlar, çox müharibələr görüb. Başı qovğadan ayrılmayan torpağın son və ən ağır yarası Qarabağ idi. 

Tariximizin hələlik son səhifəsində qızıl hərflərlə həkk olunan Vətən müharibəmiz məhz bu yaranın məlhəmi oldu. Cənab Ali Baş Komandanın rəhbərliyi, şəhid və qazilərimizin canı, qanı, zabit və əsgərlərimizin fədakar əməyi, xalqımızın birliyi sayəsində otuz ilə yaxın işğal altında olan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Böyük bir millətin haqq etdiyi əzəmətli "qalib" ifadəsi yenidən bizə nəsib oldu. Bu müharibədə ən xırda əməyi belə olan insan böyükdür, fəxr, qürur yerimizdir. Xüsusən şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz haqqında nə qədər danışsaq, azdır. Canını, qanını bu vətən yolunda, bu xalq uğrunda əsirgəməyən qeyrətli, cəsarətli igidlərimizi hər kəs tanımalıdır. Bu xalq öz qəhrəmanlarını yaxşı tanımalıdır. Məhz bu səbəbdən, "525-ci qəzet" olaraq, vaxtaşırı həmin vətən övladlarını oxucularımıza təqdim edirik.

Gözünü qırpmadan bu torpaqların azadlığı uğrunda döyüşə atılan, düşmənə qan udduran igidlərimizdən biri də Qaraşlı İftixar Əjdər oğludur. O, 1997-ci il yanvar ayının 3-də Bərdə rayonunun Arabaçılar kəndində anadan olub. Orta təhsilini şəhid Nemət Malıyev adına Qaradırnaq kənd orta məktəbində alıb.

Cənnət Qarabağımızın azadlığı uğrunda başlanan 44 günlük Vətən müharibəsində İftixar da erməni vəhşilərinə qarşı şərəfli döyüş yolu keçdi. 2020-ci il sentyabr ayının 21-dən ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərinə cəlb olunan İftixar 27 sentyabr - müharibə başlanan gündən döyüş nöqtəsində oldu. Tuşlayıcı-pulemyotçu kimi düşmənə qarşı döyüşdü. İftixarın döyüş yolu Talış kəndi, Suqovuşandan, Ağuçu-Talışkənd yüksəkliyindən keçdi. Bu ərazilərin hər birində qazanılan zəfər İftixarın və onun döyüş yoldaşlarının vətənə olan sevgisi sayəsində başa gəlirdi. Silaha sarılan o igidlərimizin bircə məqsədi vardı: yalnız irəli getmək, düşməni torpaqlarımızdan qovmaq, vətəni işğalçılardan azad etmək. Bu, cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin qarşısına qoyduğu məqsəd idi.

Misilsiz birlik və əbədi yenilməzlik - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Qalib ordunun qalib əsgəri İftixar digər silah yoldaşlarıyla birgə qələbədən sonra da xidmətini davam etdirib və dekabr ayının 29-da ordudan tərxis olunub. Bu gün harda olmasından asılı olmayaraq, o günlərdə yaşadığı duyğu dolu anları dostları, tanışları ilə bölüşür, zəfərə gedən yolun iştirakçısı və Müzəffər Azərbaycan Ordusunun sıralarında olması ilə fəxr edir. O, öz döyüş yoldaşlarını, bu torpaq uğrunda canından keçən şəhid dostlarının igidliyini fəxarətlə anır. Onların igidliyi, şücaəti haqqında qürurla danışır.

Vətən müharibəsi iştirakçılarıyla söhbətlərimizdə şahid olduğumuz ortaq məqam budur ki, Böyük Qələbə xəbərinin sevincini hər biri fərqli, amma oxşar duyğular içərisində dadıblar. 30 illik işğaldan su içən, 44 gün davam edən müharibənin nəhayət, yekunlaşdığına inanmayan da olub, bunu "atəşkəs dilənçisi" düşmənin növbəti oyunu sanıb, bir azdan onlar tərəfindən yeni həmlə gözləyən də. İftixar isə bu xəbəri döyüşə hazırlaşdıqları məqamda aldığını deyir: "Noyabrın 8-i  döyüşə hazırlaşırdıq. Tonaşen kəndi istiqamətində. Noyabrın 9-u gecə döyüş hazırlığı saxlanıldı, xəbər gəldi, düşmən təslim oldu".

Bəli, bundan gözəl ifadə, bundan əzəmətli xəbərmi olar: "Düşmən təslim oldu!" Bu təslimiyyət uğurlu və qətiyyətli siyasətin, rəşadətli ordunun, yumruq kimi birləşmiş xalqın ortaq qələbəsi idi. Artıq bütün dünya kar qulaqlarıyla duyub, kor gözləriylə görüb, nəhayət dərk etdilər ki, Qarabağ Azərbaycandır! Vətən onu sevənlərindir!

 





12.02.2021    çap et  çap et