525.Az

Ümumtəhsil müəssisələrində əyani tədrisə hazırlıq yekunlaşır


 

Ümumtəhsil müəssisələrində əyani tədrisə hazırlıq yekunlaşır <b style="color:red"></b>

Fevralın 1-dən ölkənin ümumtəhsil müəssisələrində ənənəvi dərslər mərhələli şəkildə başlayıb. Fevralın 15-dən isə  ümumtəhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq.  Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur.

Bununla bağlı ümumtəhsil müəssisələrində müvafiq hazırlıq işləri həyata keçirilir və artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov ənənəvi dərslərin başlanmasını müsbət hal kimi dəyərləndirib: "Bu qərar veriləndə, əlbəttə ki, müəyyən qaydalar  da tərtib olunub.  COVİD-19 virusunun aşağı yaş qrupları üçün təhlükə ehtimalının az olması artıq dünya səhiyyə mütəxəssisləri tərəfindən təsdiqlənib. Buna görə də dərslərin də məhz I-IV siniflər üzrə təşkili məntiqlidir. Lakin məktəblərin üzərinə böyük öhdəlik düşür. Məktəb kollektivi nəzarəti gücləndirməli, şagirdlərə də izah olunmalıdır ki, xüsusi gigiyenik qaydalara riayət etsinlər. İnsanlarımız da bir-birinə qarşı ictimai yerlərdə məsuliyyətlə davranmalıdır. Hamımız həm də təhsilin geniş bərpası üçün əlimizdən gələni etməliyik. Təbii ki, sağlamlıq çox önəmlidir, ancaq təhsil almaq da ən azı sağlamlıq qədər vacibdir. Ümid edirəm, sonrakı həftələrdə yuxarı sinif şagirdləri də məktəblərə qayıda biləcəklər".

Milli Məclisin üzvü Şahin Seyidzadə məktəblərin açılmasını, ənənəvi dərslərin başlanılması qərarını dəstəklədiyini ifadə edib: "Bu xəbər cəmiyyət arasında da sevinclə qarşılandı. Bildiyiniz kimi, ibtidai təhsil səviyyəsində oxuyan şagirdlər üçün distant təhsilə adaptasiya daha çətindir. Onların yaxşı təhsil alması üçün əlbəttə, məktəb mühiti əvəzsizdir. Lakin unutmamalıyıq ki, pandemiya  davam edir, xüsusən məktəb kollektivi, eyni zamanda, valideynlər də çalışmalıdır ki, uşaqların gigiyenik qaydalara riayət etməsi ilə bağlı diqqətli olsunlar".

Millət vəkili mövcud şəraitdə ənənəvi təhsilin təşkilində əsas prinsiplərin mərhələlilik, siniflərin tədricən açılması, insanların sağlamlığının qorunması olduğunu vurğulayıb: "Xüsusi karantin rejimində tətbiq olunan qaydalara düzgün əməl edəriksə, digər siniflərin də növbəti həftələrdə yenidən məktəbə qayıdacağına inanıram. Ümid edirəm ki, məsuliyyətli davranmaqla, birlik göstərməklə virusun tam bitməsinə nail olacağıq, onu sadəcə keçmiş tarix kimi xatırlayacağıq".

 Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə də məktəblərin mərhələli şəkildə açılmasını müsbət dəyərləndirib: "Xüsusən aşağı siniflərdə təhsil alan şagirdlər distant təhsildə xeyli əziyyət çəkirlər, öyrənmə imkanları məhdudlaşır. Ona görə dərslərin tədricən bu sinif kateqoriyası üzrə başlanılması məqsədəuyğundur. Əlbəttə, bu davamlılığı təmin etmək üçün məktəblərdə gigiyena qaydaları ilə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Xəstəliyin inkişaf dinamikası da izlənilməlidir. Düşünürəm ki, məsuliyyətli olsaq, qaydalara əməl edə bilsək, təhsilin tam təşkilinin bərpasına nail olacağıq".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ müdiri Mehriban Vəliyeva deyir ki,  fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, məktəbəqədər hazırlıq qrupları isə həftədə 2 dəfə olmaqla əyani təhsilə cəlb olundu. İdarənin tabeliyindəki ümumtəhsil müəssisələrində iki günlük əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edib: "Təbii ki, mütəmadi olaraq məktəblərdə həm tədris prosesini, həm də karantin rejimi dövründə qaydalara riayət olunmasını izləyirik. Hər şey öz qaydasındadır. Şagirdlər hətta məktəb kollektivi də çox xoşbəxtdirlər. Onların canlı ünsiyyətə ehtiyacı vardı və bu, təmin olunub. İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb".

No description available.

İdarə müdiri qeyd edib ki, mövcud pandemiya şəraitində distant təhsil vəziyyətdən yeganə çıxış yolu idi: "Başqa alternativ demək olar ki, yox idi. Fasiləsiz dərsləri təmin etmək üçün teledərslərdən virtual məktəbdən istifadə etməklə şagirdlərimizi bu prosesə cəlb edirdik. Hesab edirəm ki, ilkin məqamda distant təhsil uğurlu proses idi. Çünki şagirdlər bununla təhsildən kənarda qalmırdılar. Keyfiyyət məsələsi sonrakı məsələdir. Yəqin ki, bu istiqamətdə biz istədiyimizə nail ola biləcəyik. Şagirdlərin bilik səviyyəsi isə köklü statistik təhlil tələb edir. Bu da sonrakı məqamlarda aydın olacaq. Məktəblilərin biliyinin qiymətləndirilməsi və s. ilə deyə biləcəyik ki, şagirdlərimiz hansı səviyyədədirlər".

Onun sözlərinə görə, təhsil cəmiyyətdən kənar heç zaman ola bilməz. Ona görə də, təhsildə nə baş verirsə, görünür. Xüsusilə də distant təhsildə: "Məktəb olaraq cəmiyyətin evindəyik. Bu səbəbdən də yaxşı və pis görünür. Çox xahiş edərdim ki, bu məsələyə həssas yanaşaq. Müəllimin həssas emosional durumu, həmin vəziyyət hər şey nəzərə alınmalıdır. Yaxşı tərəfdən görməyi bacarmaq lazımdır. Bizim müəllimlər həqiqətən də bu məqamda böyük fədakarlıq göstərdilər. Nöqsanlar varsa da bunun səbəbini araşdırmaq lazımdır ki, nədən ibarətdir. Biz bu istiqamətdə işlər görürük və çalışırıq ki, neqativ hallar olmasın. İnsanlar və valideynlər bu məsələyə emosional vəziyyəti nəzərə alaraq yanaşmalıdırlar. Dəstək olmalıdırlar. Birgə fəaliyyətimizlə övladlarımızın yüksək səviyyədə təhsilinə nail ola bilərik. Təhsil təkcə müəllimin işi yox, məktəb-şagird-valideyn üçbucağıdır. Burada hamının məsuliyyəti var".

I yarımil üzrə müəyyən səbəblərdən məktəbdaxili qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər oldu. Bu ay üçün canlı formada, yəni məktəbdə neçə şagirdin biliyi qiymətləndiriləcək.

M.Vəliyevanın sözlərinə əsasən, qiymətləndirmə ilə bağlı statistik məlumatları toplamışıq. Məlumata görə, 3246 şagird üzrlü səbəbdən əyani qiymətləndirməyə cəlb olunacaq. Fevral ayının sonuna qədər həmin şagirdlərin qiymətləndirilməsi başa çatdırılacaq. Yerdə qalan şagirdlərin biliyi qiymətləndirilib.

Yanvar ayı ərzində baş tutan qiymətləndirmənin nəticəsi qaneedicidirmi? BŞTİ müdiri vurğulayıb ki, bu məsələyə iki aspektdən yanaşmaq lazımdır: "İlk olaraq bunu tam şəkildə demək mümkün deyil, çünki hər müəssisədə bir şəkildə özünü ifadə edir. Nəticələri yüksək olan sinif və məktəblər var. Təbii ki, burada neqativ və subyektiv hallar var. Lakin ümumilikdə qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni görürüksə, bu, qənaətbəxşdir. Keyfiyyət məsələsinə gəldikdə isə qiymətləndirmə sadəcə mövcud vəziyyəti qiymətləndirmək, gələcək prosesi istiqamətləndirməkdir. Hesab edirəm ki, bu, vacib olduğundan həyata keçirmək də önəmli idi. Artıq əyani tədris başlayıb və hesab edirəm ki, növbəti həftələrdə V-IX siniflərin şagirdləri də əyani təhsilə başlayacaq. O zaman əyani şəkildə diaqnostik və s. qiymətləndirmələr aparılacaq. Bax onda mövcud vəziyyəti dəyərləndirə biləcəyik".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





12.02.2021    çap et  çap et