Məhəmməd Valeh Nəcəfzadənin cəmi 10 yaşı var. İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. Onun valideynləri əslən Azərbaycanın Qarabağ bölgəsindəndirlər. Ağcabədili yazar Əbülfəz Əhmədin nəvəsi olan Məhəmməd Valeh 2017-ci ildə ABŞ-ın Virciniya ştatının Faikfax şəhər məktəbində təhsil almağa başlayıb. Hazırda həmin məktəbin 4-cü sinfində oxuyur.
Hələ kiçik yaşlarında ikən Məhəmmədin xüsusi istedada malik olduğu üzə çıxıb. Bu səbəbdən valideynləri onunla yaxından məşğul olmaq qərarına gəliblər. Hər cür diqqət və qayğı ilə əhatə olunan balaca istedad ingilis, rus, ərəb və türk dillərində sərbəst yazıb, oxumağı öyrənib.
Məhəmməd Valeh Nəcəfzadə yaşının az olmasına baxmayaraq, yaradıcılıqla da məşğuldur. Bu günlərdə işıq üzü görmüş "Heyvanlar aləmi haqqında" toplu ingilisdilli yazarın nəşr edilən ilk kitabıdır. Sözügedən dərgidə onun vəhşi heyvanlar və quşlarla əlaqədar valideynlərindən eşitdiyi məlumatlar, özünün gördüyü və rast gəldiyi hadisələr barədə maraqlı düşüncələri və fərqli fikirləri yer alıb. Dünyanın üç qitəsində yaşamış Məhəmməd bu kitabda həmin ərazilərdə rast gəlinən vəhşi heyvan və quşlar haqqında orijinal bilgilər verib.
"Heyvanlar aləmi haqqında" kitabının "Giriş" hissəsində göstərildiyi kimi, balaca Məhəmməd həmişə eşitdiyi məlumatlar və müşahidə etdiyi hadisələr haqqında çox fikirləşib, özünün dediyi kimi, gördüklərini, eşitdiklərini uşaqların yaddaşında yaxşı qala biləcək xatirəyə çevirməyi bacarıb. O, heyvan və quşların həyatını daha geniş və ətraflı öyrənməyə çalışıb, düşündüklərini, bildiklərini bölüşüb. Onun gəldiyi qənaətə görə, heyvanlar və quşlar dünyamızın ayrılmaz hissələridir. İnsanların, demək olar ki, əhliləşdirmədikləri heyvan və quş yoxdur. Onlar insanlar üçün hər zaman faydalı və gərəkli hesab olunurlar.
"Heyvanlar aləmi haqqında" kitabda toplanan materiallar, məlumatlar uşaqların dünya görüşünün inkişafı, bilik dairəsinin zənginləşməsi baxımından mühüm önəm kəsb edir. Kitab, şübhəsiz, böyüklərin də geniş marağına səbəb olacaq. Balaca müəllifi bu münasibətlə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Yəhya PAŞAZADƏ
çap et