525.Az

Göygöldə "Gənclər paytaxtı - 2021" hazırlıqları


 

İL ƏRZİNDƏ ŞƏHƏRDƏ ONLARLA YADDAQALAN TƏDBİRLƏR KEÇİRMƏK PLANLAŞDIRILIR

Göygöldə "Gənclər paytaxtı - 2021" hazırlıqları<b style="color:red"></b>

"Gənclər paytaxtı", yaxud "Gənclərin mərkəz şəhəri" nominasiyası Azərbaycan Gəncliyi Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən təsis edilib.

Hər il fevralın 2-də, Gənclər Günündə müxtəlif şəhərlərdən olan nümayəndələr səsvermə yolu ilə ölkə gəncliyinin paytaxtını müəyyənləşdirir. Məqsəd yerli gənclərin ictimai fəallığını artırmaq, Vətənimizin bölgələrinin gənclik həyatını tanıtmaq, gənclərin həyatda öz mövqelərini müəyyənləşdirməsi üçün stimul yaratmaqdır. Bu il üçün "Gənclər paytaxtı" olmaq Göygöl şəhərinin öhdəsindədir.

 Bu dağətəyi şəhərimizdə İl ərzində keçiriləcək tədbirlər "Gənclər paytaxtı"nda ictimai həyatı daha rəngarəng edəcək. Bu baxımdan, nəzərdə tutulan 30-a yaxın layihənin reallaşdırılması region və ölkə gəncləri üçün yeni imkanlar yaradır.

"Göygöldə Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Karyera Mərkəzi, Olimpiya İdman Kompleksi, şəhər  stadionu, uşaq və yeniyetmələr üçün  əyləncə parkı, yaşıl teatr və digər obyekt və təsisatlar mövcuddur  ki, bu da yerli gənclərin müxtəlif sahələrdə öz potensialını reallaşdırması  üçün geniş imkanlar açır. Məhz bu amillər Göygölün  bu il üçün gənclərin mərkəz şəhəri  olmasını şərtləndirdi", - deyə Göygöl rayonunun Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov bildirir.

Müsahib həmçinin qeyd edir ki, ötən il Göygöldə gənclərlə bağlı 45 tədbir reallaşıb ki, bunun da 33-ü pandemiya ilə əlaqədar olaraq onlayn keçirilib; Gənclər paytaxtı ili çərçivəsində  yaradıcılıq müsabiqələrinin, vətənpərvərlik mövzusunda tədbirlərin, intellektual bilik yarışlarının, eləcə də respublika əhəmiyyətli bir sıra digər layihələrin reallaşdırılması nəzərdə tutulur.

"Gənclər paytaxtı"nın 18 min nəfərə yaxın gənci də il ərzində keçiriləcək tədbirlərdə, layihələrdə fəal iştirak etmək niyyətindədirlər.

"Göygöldə iki ilə yaxındır ki, könüllülük fəaliyyəti təcrübəm  var. Şəhərimizin ölkə gənclərin paytaxtı seçilməsindən çox qürur duyuruq. Bu da bizim könüllük fəaliyyətimizin  daha səmərəli şəkildə davam etdirilməsi və gələcək planlar üçün stimul olacaqdır," - deyə fəal yerli könüllülərdən biri Şəfa Teymurova sevincini bölüşür.

Əlavə edək ki, Göygöldə artıq 2 ilə yaxındır fəaliyyət göstərən Karyera İnkişaf Mərkəzi də bu  illər ərzində könüllülük fəaliyyəti proqramı üzrə  geniş layihələr həyata keçirib. Mərkəzin könüllüləri Gənclər paytaxtı ili çərçivəsində də maraqlı layihələr reallaşdırmaqğı düşünürlər.

Z.MURADOV

Göygöl

 





12.02.2021    çap et  çap et