Ulu öndər Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi fəaliyyəti uzun illərdir ki, müxtəlif aspektlərdən təhlil edilir. Dahi liderin dövlətçilikdə güclü iqtisadi-siyasi strategiyanın əsasını qoyması, siyasi varisliyin isə mükəmməl təfəkkürə və qətiyyətə söykənmiş bazası bu günkü inkişafımızı şərtləndirir.
525.az xəbər verir ki, bu baxımdan ümummilli lider Heydər Əliyev dühasını daha yaxından tanımaq məqsədi ilə AMEA Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev lektoriyası” fəaliyyətə başlayacaq.
Lektoriyaların keçirilməsi Heydər Əliyev irsini daha yaxından tədqiq etmək və təbliğinə dəstək məqsədi daşıyır. Qeyd edək ki, mütəmadi baş tutacaq lektoriyalarda “Heydər Əliyev və dil siyasəti” mövzusundakı ilk mühazirəni Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sənubər Abdullayeva keçəcək. Lektoriyanın ilk məşğələsi 18 fevral saat 11:00-da olacaq.
Burada dahi rəhbər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin inkişaf etdirilməsi, dilin yad təsirlərdən qorunması üçün mislisiz xidmətləri haqqında elmi diskussiyalar aparılacaq, həmçinin ulu öndərin dilimizin qorunması, zənginləşməsi istiqamətində yeritdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərki barədə mühazirə dinləniləcəkdir.
çap et