525.Az

Bir "Portret"də dörd portret - Resenziya


 

Bir "Portret"də dörd portret - <b style="color:red">Resenziya</b>

Bu günlərin birində tanınmış publisist Rəhilə Gülgünün "Portret" adlı kitabı işıq üzü görüb.

Kitab Rəhilə Gülgünün həyat yoldaşı, şair Vaqif Bəhmənlinin ona doğum günü hədiyyəsidir. O, öz Feysbuk hesabında hisslərini belə ifadə edib: "Bu il ikinci dəfə əsl sevinc yaşadım. Bir Şuşanın qələbə xəbərinə, bir də indi ömür-gün yoldaşım "Portret" adlı yeni kitabımı təqdim eləyəndə. Bu kitab yaradıcılığına, şəxsiyyətinə, insanlığına pərəstiş elədiyim ömür-gün dostum, sirdaşım, şair Vaqif Bəhmənlinin mənə doğum günü hədiyyəsidir. Oktyabr ayında 65 yaşımın tamamında şairdən büdcəsinə uyğun bir hədiyyə gözlədim, hər qadının ürəyindən keçəcək bir hədiyyə, məsələn, kiçik də olsa zinət əşyası. Amma olmadı. Bir dəstə çiçəklə, ürəyimi titrədən bir şeirlə aldı könlümü. Sağ olsun! Əsl hədiyyə ilin sonunda olacaq, dedi amma. Bu kitabdakı yazılar 40 illik arxivimdən necə toplandı, necə dərləndi xəbərim olmadı".

Kitabda Rəhilə Gülgünün 40 illik yaradıcılığı ərzində qələmə aldığı sənədli ədəbi-publisistik yazılarının bir qismi toplanıb. Hekayə, etüd, povest, söhbət kimi səciyyələndirilən bütün əsərləri birləşdirən kitabda başlıca keyfiyyət həyati faktlarla bədii ifadənin birləşməsidir. Kitab 4 bölmədən - "Portret etüdlər", "Portret hekayələr", "Portret povestlər" və "Portret söhbətlər"dən ibarətdir. Kitabda da yazıldığı kimi, həcmindən asılı olmayaraq, kitabdakı hər bir nümunəyə ölçüsünə görə fərqlənən portret kimi baxıla bilər. "Portret etüdlər" bölməsi "Dağlar sənə bir şans versə", "Meşə sükutunu xoşbəxtlik pozar", "Anam hey", "Kür qırağının adamları" kimi kiçik həcmli 11 etüddən ibarətdir. Kitabın "Portret hekayələr" adlanan ikinci bölməsində "Təzə ürək ilə oxuyan Alim", "Özünü görmək", "Dünya gözəl bir saraydır"  olmaqla ümumilikdə 11 hekayə yer alır. 3-cü bölmədə digər bölmələrə nisbətən daha az, 4 hekayə ("Gün işığı kimi", "Xəbərin rəngi", "Göylər adamı", "Ömür hekayəti") yer alır. Kitabın çox maraqlı, xatirələrlə dolu sonuncu bölməsi "Portret söhbətlər" adlanır. Burada filologiya elmləri doktoru Qulu Məhərrəmli, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva və başqa tanınmış simalarla söhbətlər, xatirələr yer alıb.

Kitabdakı maraqlı məqamlardan biri odur ki, "Portret" kitabının ön sözünü bir çoxlarından fərqli olaraq müəllif özü yazıb. Rəhilə Gülgün ön sözü özünün yazması ilə bağlı kitabda üç səbəb yazıb. Müəllif birinci səbəb olaraq kitabına ön söz yazması üçün hansısa ciddi qələm sahibini işindən ayırmaq istəmədiyini bildirib:  "Əvvəla, ona görə ki, kiminsə vaxtını almaq, hansısa bir ciddi qələm əhlini işindən ayırıb ona zəhmət vermək istəmirdim". Ikinci səbəb olaraq yazıları haqqında rəy, araşdırma sevdasına düşməyinin ən azı, mübaliğə olduğunu və bunun onun təbiətinə yad olduğunu qeyd edib. O, 45 il əvvəl başlayan yaradıcılığını xatırlayaraq belə yazıb: "On illik ədliyyə sistemində çalışmağımı çıxsaq, 35 ildir ki, aktiv jurnalistika aləmindəyəm... Amma bütün bunlara baxmayaraq, mən elə güclü yaradıcılıq mühitinin dairəsində olmuşam ki, heç vaxt orada məxsusi iddialar irəli sürməmişəm. Özünüz deyin, son əlli ildə milli nəsr, poeziya, ədəbi tənqid, publisistika, sənətşünaslıq sahəsinə gələn, həqiqətən də ciddi, qüdrətli əsərlər yaradaraq böyük oxucu rəğbəti qazanan ədiblər sırasında öz adımı düşünmək, yazılarım haqqında məqalə, rəy, yaxud araşdırma sevdasına düşmək ən azı mübaliğədir və nə yaxşı ki, mənim təbiətimə yaddır".

Rəhilə Gülgünün yazdığı sonuncu səbəb isə daha xoş təsir bağışlayır: "Bir başqası tərəfindən yox, məhz öz tərəfimdən yeni kitabıma bu qeydləri qoşmağımın üçüncü səbəbi odur ki, yaradılanın dəyərini onu yaradan qədər kimsə bilməz məntiqinə həmişə və tərəddüdsüz inanmışam".

Həqiqətən də, yazılan xatirələrin, əsərlərin dəyərini heç kim müəllif qədər bilə bilməz, heç bir oxucu həmin hissləri müəllif qədər dərindən yaşaya bilməz.

Kitabın son sözünün müəllifi isə Rəhilə Gülgünün yaxın rəfiqəsi və tələbə yoldaşı olan Zemfira Məhərrəmlidir. O, "son söz"də əziz dostu Rəhilə Gülgünlə ilk tanışlıqlarından və tələbəlik illərindən söz açıb. Sözlərinə Rəhilə raxanımın yaradıcılıq yolundan bəhs edərək davam edən Zemfira xanım "son söz"ünü belə bitirib: "Bu gün Rəhilə xanımın yaradıcılığının əsas leymotivini təşkil edən dəyərli yazılarından ibarət "Portret" kitabı bizim ixtiyarımızdadır. Məncə, yaxşı kitab da qələm sahibinin övladı kimidir. Qoy bu kitabın ayağı da yaxşı övlad kimi sayalı olsun".

 





13.02.2021    çap et  çap et