https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

“Vasitəçi”, polis fiti, işıqfor... hakim - Araşdırma

“Vasitəçi”, polis fiti, işıqfor... hakim - Araşdırma

Futbolu onlarsız təsəvvür etmək mümkün deyil. Səhvlərdən sığortalanmayan, məğlub tərəfin tənqid, qalib tərəfin təqdir etdiyi insanlar... Onlar güclü psixologiyaya, geniş futbol biliyinə sahib olmalıdılar. Diiqqətli olma vacibdir, nəzərdən yayınan xırda bir səhv böyük “fəlakət"lərə səbəb ola bilər. Söhbət futbol hakimlərindən gedir. Bilirsiniz ki, ilk futbol yarışları hakimlərsiz keçirilib? Bir vaxtlar onlara ehtiyac yox idi. Bəs, necə oldu ki, hakimlər futbolda “hakimiyyət"i ələ keçirdilər? Təxminən 150 il əvvələ səfər edək. Futbolun yarandığı dövrə... 

Futbol yaranandan sonra bir müddət futbol hakimlərinə ehtiyac olmayıb. Oyunlarda qayda pozuntularını futbolçular özləri təyin edirmişlər. Təbii ki, bu vaxt fikir ayrılıqları yaranırmış. Sonda qarşılıqlı razılıq əldə olunurmuş. Belə demək mümkünsə, hamı vicdanının səsinə qulaq asıb qərar verirmiş. Eynən uşaq vaxtı oynadığımız məhəllə futbolunda olduğu kimi.

Futbol yarananda klublar həvəskar səviyyədə idilər və hansısa peşəkarlıqdan söhbət gedə bilməzdi. Tədricən klublar peşəkarlaşmağa başladıqda oyunlara nəzarət edəcək şəxsə ehtiyac yarandı. İlk vaxtlar komandaların kapitanları bu vəzifəni yerinə yetirməyə başladılar. Özü də bu vaxt hər kapitan ancaq öz komandasının oyunçusunu cəzalandıra bilərdi. Əlbəttə, bu hal çox davam edə bilməzdi. Kapitanlar nə qədər vicdanlı olsalar belə, onların verdikləri qərarlar rəqib tərəfindən heç də həmişə razılıqla qarşılanmırdı. Üstəlik, get-gedə rəqib futbolçular onları üzgörənlikdə suçlayırdı. Deməli, oyunları kimsə bitərəf biri idarə etməliydi. Kim? Kriket idman növündə belə bir şəxs var idi. Ona “vasitəçi" deyirdilər. Beləliklə, 1863-cü ildə ilk dəfə meydanlarda “vasitəçi" görünməyə başladı. Özü də 1 yox, 2 nəfər. Hər komanda bir “vasitəçi" ilə təmsil olunurdu və onların nəzarətində yalnız meydanın yarısı olurdu. Bir “vasitəçi" digərinin yarımmeydanında baş verənlərə müdaxilə edə bilməzdi. Təbii ki, bu halda da narazılıqlar ortaya çıxırdı. Bir komanda digər komandanın “vasitəçi"sinin qərarından çox vaxt razı qalmırdı. Bəs necə etməli? Çıxış yolu kimi 3-cü “vasitəçi"nin xidmətindən istifadə edilməyə başlandı. Bu insanı “referi" adlandırırdılar.

1871-ci ildə İngiltərədə keçirilən ilk çempionatda qərara alındı ki, hər 3 referi bitərəf olmalıdır. Çünki çempionatda 12 komanda iştirak edirdi və klublar iştiraka görə pul qazanırdılar. Təbii ki, heç bir komanda maliyyə itkisi ilə üzləşə biləcəyinə görə “aşağı düşmək" istəmirdi. Bu halda oyunların yekun nəticəsinə təsir edəcək hakim qərarları azalmalı idi. Çıxış yolu kimi hakimlərin bitərəf olmaları qərara alındı. Ki, onlar hansısa komandanın qalib gəlməsində maraqlı olmasınlar.

1889-cu ildə hakimlərə əlavə səlahiyyətlər verildi. Onlar oyunun vaxtına nəzarət etməklə yanaşı, cərimə zərbələri təyin edirdilər. Həmçinin, hakimlər futbolçulara xəbərdarlıq edə və hətta meydandan qova bilərdilər. Yeri gəlmişkən, 1891-ci ilə kimi hər 3 hakim oyuna meydanın kənarından nəzarət edirdi. Başqa sözlə, onların meydana daxil olması yasaq idi.

Futbolu hakimlərsiz təsəvvür etmək mümkün olmadığı kimi, hakimləri də nəzərlərdə fitsiz canlandırmaq çətindir. Bəs, necə oldu ki, hakimlər fitdən istifadə etməyə başladılar? İlk vaxtlar müxtəlif intellektual peşə sahibləri - həkimlər, vəkillər, müəllimlər və s. oyunlara hakim təyin olunurdular. Bir dəfə bu iş yerli polisə həvalə olunub. Həmin oyunda futbolçular arasında dava-dalaş düşüncə, polis instinktiv olaraq asayiş keşikçisinə məxsus olan alətdən istifadə edib. Bu hərəkət o qədər effektiv alınıb ki, hamı hakimlərin gələcəkdə fitdən istifadə etməsini rəğbətlə qarşılayıb. Hakimlər ilk vaxtlar dava-dalaş zamanı fitdən istifadə edirdilərsə, tədricən qayda pozuntuları zamanı da bu alətə ehtiyac yaranıb.

Hakimlərin fitdən savayı başqa “silahları" da var - vərəqələr. 1966-cı ilə kimi futbolda vərəqə alnayışı olmayıb. Hakimlər futbolçulara xəbərdarlığı şifahi şəkildə edir, onları meydanda qovanda da bunu sözlə deyirdilər. 1966-cı ildəki dünya çempionatında Argentina ilə İngiltərə ilə oyunda maraqlı bir hadisə yaşandı. Hakim argentinalı Antonio Rattini kobud oyuna görə meydandan qovdu. Lakin futbolçu bunu başa düşməyərək, bəlkə də düşmək istəməyərək düz 9 dəqiqə meydanı tərk etmədi. Bundan başqa elə həmin oyunda bir neçə halda hakim futbolçulara xəbərdarlıq etsə də, onlar hakimin qərarını tam anlamadılar. Üstəlik, hakimin oyun ərzində hansı futbolçuya xəbərdarlıq etməsi azarkeşlər üçün də qaranlıq qalırdı. Bu məqamda ingilis hakim Ken Astonun təklifi lap yerinə düşdü. O, futbolçulara xəbərdarlığı sarı və qırmızı vərəqələrdən istifadə etməklə bildirməyi təklif etdi. Nəyə görə sarı və qırmızı? Ken Aston işıqforun hərəkəti məhdudlaşdıran rənglərini nəzərdə tutmuşdu. Bu təklif qəbul olundu və ilk dəfə 1970-ci ildə keçirilən dünya çempionatında tətbiq olundu. Futbol tarixində ilk sarı vərəqəni alman hakim Kurt Çenşer Meksika - SSRİ oyununda göstərib. İlk “sarı"nın sahibi isə sovet futbolçusu Kaxi Asatianidir.

Qırmızı vərəqə isə ilk dəfə 1974-cü ildə Meksikada keçirilən mundialda tətbiq edilib. Lakin həmin dünya birinciliyində hakimlər bir dəfə də olsun futbolçulara qırmızı vərəqə göstərməyiblər. Buna ehtiyac olmayıb.

Sarı və qırmızı vərəqələrlə bağlı bir neçə maraqlı fakt:

- Futbol tarixində ən erkən xəbərdarlıq Vini Consa edilib. 1991-ci il yanvarın 19-da “Mançester Siti" - “Şeffild Yunayted" matçında qonaqların futbolçusu 5-ci saniyəsində “sarı" ilə cəzalandırılıb.

- Bir oyunda ən qısa zamanda 2 dəfə xəbərdarlıq isə Salli Muntariyə edilib. 2010-cu il martın 12-də keçirilən “İnter" - “Katanya" matçında meydan sahiblərinin üzvü yarım dəqiqəyə 2 dəfə hakimin qəzəbinə tuş gəlib.

- 2006-cı ildəki dünya çempionatında Xorvatiya - Avstraliya oyununda xorvatların müdafiəçisi Yosip Şimuniç 2-ci sarı vərəqəni alaraq meydandan qovulmalı olduğu halda oyunu davam etdirib. Hakim isə bir neçə dəqiqə sonra bunun fərqinə varıb və futbolçuya 3-cü “sarı"nı verərək bu dəfə meydandan qova bilib.

- Elə həmin mundialda rusiyalı hakim Valentin İvanov Portuqaliya - Hollandiya oyununda futbolçulara 16 sarı və 4 qırmızı vərəqə göstərib. “Qırmızı"ların sayına görə bu, dünya çempionatları tarixində rekord göstəricidir.

- 1986-cı ildəki dünya çempionatında Uruqvay - Şotlandiya oyununda uruqvaylı Xose Batista fransalı hakim Joel Kinyu tərəfindən 1-ci dəqiqədə meydandan qovularaq rekorda imza atıb.

- Futbolda elə hallar olub ki, hakim özünü meydan qovub. İngiltərəli hakim Melvin Silvestr oyunların birində əsəblərinə toxunan futbolçunu yaxşıca əzişdirib. Ardınca isə cibindən qırmızı vərəqə çıxararaq özünə göstərib və meydanı tərk edib.

Futbolda hakimlik mövzusu genişdir. Qaydalardan tutmuş məşhur hakimlərə qədər hamısı haqqında eyni vaxtda yazmaq mümkün deyil. Bu dəfə hakimliyin yaranma, fitin və vərəqələrin tətbiqi tarixlərindən bəhs etdik. Hakimlərlə bağlı bir-birindən maraqlı faktlar çoxdur və belə faktlarla oxucuları yormaq istəmirik. Mövzumuz başqadır və göstərilən faktlarla yazıya bir qədər rəng qatmağa çalışdıq. Sonda...

Sarı və qırmızı vərəqə ilə yanaşı müasir futbolda yaşıl vərəqələrdən də istifadə halları mövcuddur. Doğrudur, bu hələlik eksperimental xarakter daşıyır. Futbol tarixində ilk yaşıl vərəqə italiyalı Kristiano Qolanoya göstərilib. İtaliyanın B Seriyasında “Viçensa" ilə “Virtus Entella" arasında keçirilən oyunda meydan sahiblərinin hücumçusu Qolano rəqib qapıya doğru zərbə endirib. Hakim topun müdafiəçilərdən birinə dəydiyini düşünərək künc zərbəsi təyin edib. Lakin Kristiano hakimə yaxınlaşaraq onun səhv qərar verdiyini bildirib. Nəticədə hakim künc zərbəsini ləğv edib və futbolçuya “fair-play" qaydalarına riayət etdiyi üçün yaşıl vərəqə göstərib.

Hazırladı: Məhəmməd TAĞIYEV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.