525.Az

Köçlər və etnik dəyişmələr - Hamlet İsaxanlı yazır


 

Köçlər və etnik dəyişmələr - <b style="color:red">Hamlet İsaxanlı yazır </b>

Mənim Qarabağım və ya Qarabağ düyünü

(dördüncü hissə)

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

***

Rusiya tərkibində yeni, daha böyük idarəetmə sistemi quruldu. İrəvan və Naxçıvan xanlıqları ərazisi Erməni vilayəti (oblastı), daha sonra İrəvan quberniyası adlandırıldı. Gəncə, Qarabağ və Şəki xanlıqları birlikdə Elisavetpol (Gəncə) quberniyasını, Quba, Bakı, Şirvan, Talış xanlıqları birlikdə Şamaxı, daha sonra (1859) Bakı quberniyasını əmələ gətirdi. Tiflis, Kutais quberniyaları və Abxaziya okruqu gələcəkdə Gürcüstan adlandırılacaq ərazilərin əsasında təşkil olundu.

Erməni Sovet tarixçisi Abqar İoannisyan (1908-1991) Qarabağ xanlığı, erməni məlikləri və Rusiya imperiyasının yeni əldə edilmiş torpaqları idarəetmə siyasəti barədə araşdırmasında bir neçə maraqlı məqama toxunur. Nüfuzlu dövlət adamı, 2-ci Yekaterinanın yaxını (və sevgilisi, Yekaterina özü demişkən, "demək olar ki, səcdəgahı") knyaz Q.Potyomkin (1739-1791) İbrahim xan Şuşinskini devirib, Qarabağı Rusiyaya tabe olan müstəqil erməni vilayətinə çevirməyi düşünürmüş: "II Yekaterinanın sərəncamına görə, imperatriçadan sonra Rusiyada ikinci şəxs olan Qriqori Potyomkin 6 aprel 1783-cü ildə qardaşı oğlu general P.İ.Potyomkinə aşağıdakı məzmunda göstəriş ünvanladı: Şuşalı İbrahim xanı devirmək lazımdır, çünki bundan sonra Qarabağ Rusiyadan başqa heç kimə tabe olmayan erməni müstəqilliyi təşkil edəcəkdir. Bax, bu məqamda bütün səyinizi həmin bu vilayətin xalq üçün ən əlverişli şəkildə qurulması üçün sərf edin. Bununla digər güclü erməni vilayətləri də ya onların ardınca gedəcəklər, ya da böyük sayda Qarabağa gələcəklər".

Knyaz Potyomkin bu fikri həyata keçirmək üçün 2-ci Yekaterinaya müraciət etmiş, Asiyada yeni xristian dövləti yaratmağı və erməni məliklərinə verdiyimiz vədi yerinə yetirməyi təklif etmişdi: "Elə həmin 1783-cü il mayın 19-da Q.Potyomkin II Yekaterinaya belə bir məruzə təqdim edir: "Xanlıq ləğv edildikdən sonra onun (İbrahim xanın) erməni xalqlarından təşkil olunmuş vilayətini milli idarəetməyə vermək və bununla da Asiyada Siz əlahəzrət imperatriçanın mənim vasitəmlə erməni məliklərə verdiyiniz vədlərə uyğun xristian dövlətini bərpa etmək lazımdır".

Müəllif (A.R.İoannisyan) rus çinovniklərinin Rusiyaya xidmət edən erməni məliklərini deyil, xanları üstün tutduqlarına çaşıb qaldığını, heyrətini bildirən haşiyə çıxır: "Məliklər vasitəsilə Qarabağa sahib olan ruslar elə həmin məliklərin qəddar düşmənini - İbrahim xanı vilayətin baş hakimi olaraq saxladılar. İbrahim xan ruslara xəyanət etdi və öldürüldü. Onun yerinə böyük oğlu Mehdi xan təyin edildi və ona daha geniş hüquqlar verildi. Lakin o daha böyük xəyanət etdi: 1822-ci ildə o, Qarabağdan İrana qaçdı və İran qoşunu ilə qayıdaraq, ruslarla savaşa başladı. O dövr rus məmurlarının Rusiyaya sədaqətlə xidmət edən erməni məliklərilə müqayisədə niyə bu xain xanlara üstünlük verdikləri anlaşılmır".

Məntiqi baxımdan A.R.İoannisyanın təəccübü və hirsi anlaşılandır: 1) Erməni məlikləri ruslar kimi xristian idi (kilsələri fərqli olsa da), 2) ruslara az-çox kömək edirdilər (böyük kömək gücləri olmasa da), 3) ruslar arasında yuxarı dairələrdə onları irəli çəkmək istəyənlər vardı (Knyaz Potyomkin kimi). Bəs niyə ruslar hakimiyyəti yenə Azərbaycan xanlarına, onların varislərinə verməyi lazım bildilər? Bu suala cavab olaraq, zənnimcə, aşağıdakılar qeyd oluna bilər. 1) Xan və onun varisləri idaretmə təcrübəsinə malik idi, həm müsəlmanları, həm xristianları öz tabeliyində saxlamağı və təsərrüfat həyatını təşkil etməyi bacarırdılar. 2) Xristianlar xanlıqlarda, sanki, müsəlman dənizində, ayrı-ayrı, böyük olmayan adalar idi, xristianlar ancaq tək-tük kiçik yerlərdə sayca nisbətən çox ola bilərdilər. 3) Xristianların Rusiya həyatına inteqrasiyası təbii görünürdü, müsəlmanların "sakitləşdirilməsi", inteqrasiyası üçün onların xan, bəy, tacirləri ilə çalışmaq lazım idi. Rusiya üst təbəqə müsəlmanları, sosial kübar dairəni narazı salsa, müsəlmanların Rusiyaya itaətdən qaçması, üsyan etməsi ehtimalı böyükdü.

Köçlər və etnik dəyişmələr

18-19-cu əsrlərdə Rusiya və Osmanlı, 19-cu əsrdə Rusiya və İran arasında müəyyən fasilələrlə davam edən savaşlar külli-miqdarda köçlərə səbəb oldu. Bu köçlərdə Rusiya müsəlmanları daha çox Osmanlıya, eləcə də İrana, Osmanlı və İran erməniləri isə Rusiyaya üz tuturdular. Türkmənçay müqaviləsinə görə İrandan köçürülən ermənilər əsasən Qarabağ, Gəncə, Şamaxı və İrəvan bölgələrində yerləşdirildi.

Rusiya yeni fəth edilmiş ərazilərdə xristianlaşdırma siyasəti həyata keçirməyə başladı. Qarabağda və Erməni vilayəti adı verilmiş İrəvan, Naxçıvan və Ordubad ərazilərində erməni sakinlərin sayını ciddi dərəcədə artırmaq vasitəsilə müsəlman idarəçiliyindən xristian idarəçiliyinə keçmək yolu tutuldu. Bu, görünür ki, başlanğıcda koloniya kimi baxılan müsəlman bölgələrini Rusiya əyalətinə çevirmək yolu idi. Tiflisdən başlanan, sonra Bakı və digər yerlərə də tətbiq olunan ruslaşdırma ilə yanaşı alman dini təriqət qruplarının (1817-1818-ci illər) və sonra (1830-cu illərdən başlayaraq) rus qeyri-ortodoks dini icmaların (molokan və subbotniklərin, həmçinin, duxobor və staroobryadçıların) Qafqaza yerləşdirilməsi təşkil olundu; rus qeyri-ortodoksların uzaq, narahat Qafqaza köçürülməsinə həm də cəza tədbiri kimi baxılırdı. Ədalət naminə qeyd etmək lazımdır ki, rus idarəçiliyi etnik və irqi diskriminasiyaya yol verməməyə çalışırdı.

N.Şavrovun "Kavkazskiy Kalendar"da yazdığı kimi Britaniyanın Hindistanda yürütdüyü siyasətlə müqayisədə Qafqazda ruslaşdırma siyasəti aparılması daha doğru yol sayıldı: "Rusiya əhalisi bu ərazidə tədricən və təbii olaraq məskunlaşdı, hansı ki indi Qafqazın ümumi əhalisinin 24 faizini təşkil edir, Hindistanda isə 100.000 ,ritaniyalı və ya ümumi əhalinin 0.004 faizi 240 milyondan çox yerli sakini idarə edir".

Osmanlı və İrandan ermənilərin Rusiyaya köç etməsi həm də Rusiyanın bu köçü istəməsi, təşkil etməsi ilə bağlı idi; bu, xüsusilə İrana aiddir, İranda, Osmanlıdan fərqli olaraq, ermənilər daha dinc həyat sürürdülər. İran Azərbaycanı valisi, şahzadə Abbas Mirzə demişkən, onlar minillərlə yaşadıqları yeri ürəkdən və könüllü surətdə qoyub getməyi, öz ev və mal-mülkündən məhrum olmağı necə arzu edə bilərdilər?!

General Paskeviç yazırdı: "Erməni kəndlərinin fars boyunduruğundan azad edilməsi yalnız Ararat və Naxçıvan əyalətləri əhalisinin artması ilə tamamlanmış sayıla bilər. Buna iki yolla nail olmaq mümkündür: Birincisi, Təbriz, Xoy, Səlmas və Marağanın rus qoşunları tərəfindən işğalı və bu bölgələrdə yaşayan bütün ermənilərin istəkləri əsasında Naxçıvan, Erivan və Qarabağ əyalətlərinə köçürülməsi. İkincisi, ehtiyatlı ciddi ölçü götürməkdən istifadə etməkdir, çünki uzağıgörən olmadıqlarına görə Rusiyanın iltifatlı qoruması və xeyir-duası altında onları (erməniləri) gözləyən imkanları, üstünlükləri görə bilmirlər". 1880-1905-ci illər arasında ermənilərin iqtisadi bacarığı və millətçiliyi Rusiyada anti-erməni əhvalı yaratdı; rus məmur və siyasətçiləri arasında "Qafqazı ruslaşdırmaq əvəzinə erməniləşdik, ruslara, həmçinin, gürcülərə yer qalmadı" deyənlər vardı.

***

"Hardasa 57 mindən 200 minədək erməni Persiya və Osmanlı idarəsində olan əraziləri tərk edib əsasən İrəvan və Dağlıq Qarabağa köç etdilər. Təkcə Qarabağa 30 min ətrafında erməni yerləşdirildi; bu, bütün əhaliyə nisbətdə onların payını 8.4 faizdən 34.8 faizə yüksəltdi. Başqa araşdırmalar bu rəqəmin demək olar ki 50 faiz olduğunu deyir. İrəvanda nisbət 24 faizdən 53.8 faizə artdığı güman edilir. Öz növbəsində İrəvan və Qarabağda yaşamış 117 min müsəlmandan 35 mini Rusiya üsul-idarəsini tərk etdi".

1828-ci il, martın 21-də İmperator 1-ci Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisi "Erməni vilayəti" (Armənskaə oblastğ) adı aldı. Vilayətin əhalisini xristian və müsəlmanlar deyə iki hissəyə ayırırdılar. Müsəlmanlar əsasən türklərdən (azərbaycanlılardan) və kürdlərdən, xristianlar isə əsasən ermənilərdən ibarət idi. Türkmənçay müqaviləsindən əvvəl müsəlmanların sayı azı 117-118 min idi və bunların təqribən 25 mini kürd idi. Təqribən 20 min türk və fars və 15 min kürd Rus-İran savaşında öldürülmüş və ya savaş sonrası köç etmişdi. Kameral təsvirə görə savaşdan sonra azı 74-75 min müsəlman (türk, fars) qalmışdı. Göründüyü kimi, savaşdan əvvəl türk və farsların sayı azı 93 min idi. Kürdlərdən isə təqribən 10 min qalmış, 15 min ölmüş və ya köç etmişdi. Beləliklə, savaşdan əvvəl müsəlmanların ümumi sayı təqribən 118 min olub. Kameral təsvirə görə, 1826-cı ildə İrəvan və Naxçıvan (Ordubad daxil olmaqla) xanlıqlarında müsəlmanların sayı 117,849, ermənilərin sayı isə 25,151 idi; yəni, ermənilər ümumi əhalinin 17,6 faizə yaxınını təşkil edirdi. Beləliklə, əksəriyyətin müsəlman olduğu yerdə məqsədli şəkildə "Erməni vilayəti" yaradıldı.

Fridrix Bodenştedtin "Qafqaz xalqları və onların Rusiyaya qarşı azadlıq mübarizəsi" adlı irihəcmli kitabında (1848) "Türk irqindən olan Qafqaz tatarları" adlı bölmə mövcuddur (122-147-ci səhifələr); burada "Dərbəndin əhalisi 28 min olmaqla böyük əksəriyyəti şiə tatarlardır” deyilir. Həmçinin, qeyd olunur ki, "Qarabağ əhalisi 60 mindir, onun 2/3-si tatarlar, 1/3-i ermənilərdir; Elizavetpolun (quberniyanın) əhalisi 55 mindir, onun 9 mini ermənilərdir".

... Tanınmış müəllif M.Şaqinyan Ermənistan ermənilərinin böyük hissəsinin köklü əhali olmadığını yada salır: "Ermənistanda, demək olar ki, yalnız ermənilər və az sayda başqa millətlərdən olanlar yaşayırlar. Lakin burada da bir özəllik var: Ermənistanda məskunlaşmış ermənilərin böyük əksəriyyəti buralı deyil - onlar bu ölkəyə dünyanın bütün yerlərindən gəlmiş və buranı özlərinə məskən etmişlər. Əcdadların ölkəsi daha çox nəzəri səciyyə daşıyır. Əslində isə çox az sayda yaşayış məntəqələri öz bir əsrlik tarixlərini xatırlayır və əcdadların qəbirlərinə malikdir. Əsas kəndli kütləsi erməni tarixinin bütün dövrlərində bura daşınmış və köçmüşdür".

"Erməni məsələsi"

Şərqi Anadoluda, Ermənistan yaylasında yaşayan ermənilər əvvəl Bizansa, sonra Səlcuq türklərinə tabe oldular. Onların bir hissəsi Aralıq dənizinin şimal-şərq sahillərində yerləşən Kilikiyaya köç etdi. Kilikiya erməniləri 11-ci əsrin sonları, Birinci Xaç Yürüşü zamanı meydana çıxdılar. Onlar müsəlmanlarla savaşan xaçlı xristianlara kömək edirdilər. Burada üç əsrə yaxın mövcud olan Erməni özünüidarəçiliyi müsəlmanlarla (Səlcuq sultanlığı, Əyyubilər və Məmlüklərlə) yola getmir, monqolların himayəsinə sığınmağa çalışırdılar.

"Erməni məsələsi" 19-cu əsrin ikinci yarısında başlandı ("Şərq məsələsi"nin bir hissəsi kimi), əsrin axırlarına yaxın və 20-ci əsrin birinci rübündə qızışdı. Türklər Osmanlıda yaşayan erməniləri "Milleti-Sadika" adlandırmışdılar. Ermənilər Osmanlıda nisbətən yaxşı yaşayanlar cərgəsində idi. 1828-1829-cu illər Rus-Türk və 1853-1856-cı illər Krım savaşında bəzi Osmanlı erməniləri ruslar tərəfində oldular. Bu, erməniləri türklərin gözündən saldı.

1862-ci il Van və Zeytunda (Kilikiya, Maraş yaxınlığı)  ermənilər vergi vermək istəmirik deyə silahlı üsyan qaldırdılar. Ərzurumda gizli erməni cəmiyyəti yaradıldı. Antitürk hissləri qızışmışdı, türkləri öldürmək barədə mahnıları vardı. Sonra ermənilər Batman və Sasonda silaha qurşanıb üsyan etdilər, qan axıtdılar. 1878-ci ildə Erməni patriarx, yepiskop Nerses (1770-1857) Balkandakı rus ordusu rəhbərliyi ilə gizli görüş keçirdi, Britaniya hökumətinə də müraciət etdi, erməni və müsəlmanların "birgə" ("coexistence") yaşamasının mümkünsüzlüyünü vurğuladı, yeganə həllin "muxtar xristian təşkilatının" ("autonomous christian organisation") yaradılması olduğunu dedi. İddia olunan ərazilərdə yaşayan kürdlərin və çərkəslərin oradan çəkilməsi, əsas vəzifələrin ermənilərə verilməsi də istənilirdi. O, erməniləri ruslara kömək etməyə çağırmış, İran Azərbaycanı ermənilərinin  köçürülməsinin əsas təşkilatçısı olmuşdur. Kilikiya erməniləri ətrafdakı müsəlmanlardan yaxşı yaşayırdılar, amma vergi vermək istəmirdilər. Onların hədəfi siyasi azadlıq, özünü idarəetmə əldə etmək idi.

Osmanlı erməniləri ruslara xidmət edən "5-ci kolon"a çevrildilər, əslində isə çox sürətli şəkildə "5-ci kolon"dan dövlət əleyhinə açıq savaşa girişib xarici güclərin müttəfiqi oldular. Qafqaz erməniləri 1877-1878-ci illər rus-türk savaşında fəal iştirak edirdilər, Erivan quberniyası Osmanlı erməniləri üçün silah toplama mərkəzi idi. Əvəzində ruslar Osmanlı torpaqlarının şərq hissəsində Böyük Ermənistan yaratmağa söz verdilər, amma sözü yerinə yetirə bilmədilər. Rusiya və Osmanlı arasında bağlanan San Stefano müqaviləsi (1878) ermənilərə muxtariyyət verilməsi məsələsini üzə çıxartsa da, sonrakı əsas Berlin (13 iyul 1878-ci il) müqaviləsi diqqəti Rus işğalını azaltmağa, əsasən Balkanların bir hissəsinin və Rumıniyanın Osmanlıdan alınması üzərinə yönəldi və ermənilərə muxtariyyət verilməsi məsələsinə toxunmadı; sadəcə, 61-ci maddədə türklərin ermənilərlə bağlı islahatlar aparmalı olduqları qeyd edildi. Britaniya xarici işlər naziri Lord Salisbury 1878-ci ilin avqustunda Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsinin faktik olaraq mümkün olmadığı barədə Britaniyanın İstanbuldakı səfiri A.H.Layarda belə yazmışdı: "Məhəmməd ümməti orada əhalinin çox böyük əksəriyyətini təşkil edir... Xristianlar... yalnız kiçik bir azlıq deyil, həm də... Məhəmmədilər arasında elə səpələnmiş və qarışmışlar ki, onlar üçün düzəldilən hər hansı ayrı hökumət mexanizmi ən ağır praktik çətinliklərlə müşayiət olunardı..." (Qeyd. Berlin müqaviləsi Rusiya, Prussiya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya və Osmanlı dövlətləri arasında imzalandı).

Erməni məsələsinin qabardılması türkləri hirsləndirdi. Türklər erməni könüllü dəstələrinin ("fədayi"lərin) necə düzəldiyini görürdülər, bunu görməmək mümkün deyildi. Əslində, ruslar və avropalılar işə qarışmasa ermənilərin vəziyyəti daha yaxşı olardı; ermənilər ruslarla əlbir olmayıb məsələni "sadiq millət" kimi daxildə həll etməyə çalışıb bəlkə nəyəsə nail ola bilərdilər.

***

Erməni ideoloqları siyasi, həmçinin hərbi baxımdan təşkilatlanma işinə başladılar. 1881-ci il Ərzurumda gizli erməni cəmiyyəti üsyana hazırlaşmaq proqramını elan etdi. Ermənilərin ən böyük və nüfuzlu təşkilatı olan Kilsə artıq bütün, xüsusilə radikal məsələlərin həllinə girişə bilmir və ya girişib nəticə ala bilmirdi. Avropa və Rusiyanın təcrübəsi partiya fəaliyyətinin mühüm olduğunu göstərirdi. İlk erməni partiyası Armenakan 1885-ci ildə Vanda quruldu; özünümüdafiə üçün zor işlətmək, silahlanmaq proqramını irəli sürdü (1921-ci ildə bəzi siyasi qüvvələrlə birlikdə yeni bir partiyaya çevrildi). 1887-ci ildə Cenevrədə təsisçilərinin əksəriyyəti rusiyalı və ya Rusiyada təhsil almış ermənilər olan Hnçak və ya Hunçak (Zəng/Bell), 1890-cı ildə Tiflisdə millətçi Daşnaksutun (Erməni Federativ İnqilab Partiyası və ya Erməni İnqilabi Federasiyası) partiyaları yaradıldı. Partiyalar "xristianları müsəlmanların zülmündən azad etmək üçün" terror yolundan istifadə etmək qərarına gəldilər. Onlar Türkiyəyə təbliğatçılar (qızışdırıcılar) göndərir, üsyan hazırlayırdılar. Türkiyə hökuməti bütün bunları izləyir, Rusiyanın və Rusiya ermənilərinin bu işlərdə əli olduğunu görür, kütləvi həbslərlə üsyan hazırlığını zəiflətməyə çalışırdı.

Hnçakın hazırladığı silahlı mübarizə başlandı; 1894-cü il Sasunda, 1895-ci ildə Zeytun və Trapezundda, sonra Sivas, Ərzurum, Van, Bayazid, Diyarbəkir və b. yerlərdə vergi vermirik adı ilə üsyanlar baş verdi. Bu üsyanlar, adətən, polisə, ordu hissələrinə, müsəlman kəndlərinə hücumla başlayır, insanlar qətl edilirdi. Məsələn, Zeytunda qarnizona hücum nəticəsində bir gündə təqribən 600 əsgər öldürülmüşdü (10 oktyabr 1895). Ordu bu üsyanları yatırtmalı olur və savaşda, təbii ki, üstün gəlir və üsyançıları qətlə yetirirdi. Məsələni ağırlaşdıran bir amil də Şərqi Anadolunun çox yerində eyni ərazini paylaşan erməni və kürdlərin bir-birilə yola getməməsi idi.

Erməni ideoloqları silahlı mübarizə, üsyan, terror yolu seçdilər. "Türk, kürd və erməni xainləri, satqınları hər yerdə, hər şəraitdə öldürmək" şüarını əldə bayraq tutan daşnak partiyası terrorla məşğul olan xüsusi qruplar yaratdı. Türkiyənin öz erməni bölgələrində zəruri islahat aparması, ermənilərə muxtariyyət verilməsini irəli sürən partiyalar bu məqsədlə daxildə qorxutmaq, üsyan etmək və eyni zamanda, xarici qüvvələri köməyə çağırmaq yolu seçdi.

***

Birinci Dünya savaşı zamanı Böyük Ermənistan ideyası yenidən canlandı. Erməni partiyaları və ictimai-siyasi liderləri Türkiyə içində muxtariyyət fikrini gücləndirib "niyə ermənilərin öz dövləti olmasın" dedilər; bu yol savaş, terror və xarici böyük güclərin yardımından bəhrələnməli idi. Anadoluda hücuma keçən rus ordusuna çox sayda erməni qoşulmuşdu.

Ermənilərin açıq-aşkar ruslar tərəfə keçdiklərini görən Türk hökuməti böyük savaşlarda həmişə tətbiq olunan üsula - savaş bölgəsi və onun ətrafında yaşayan, şübhəli bilinən yerli azlıqları, bu halda erməniləri savaş meydanından uzağa (Suriya və Mesopotamiyaya) köçürmək, deportasiya etmək üsuluna əl atmağa məcbur oldu (1915-ci ilin yazı). Ermənilərin bir hissəsi özü köçdü, 1914-16-cı illərdə Qafqaza 350 min ərtafında erməni köç etdiyi deyilir. Bütün gücünü cəbhələrdə ağır döyüşlərə sərf edən Osmanlı hökuməti köçürməni yaxşı təşkil edə bilməmişdi, üstəlik kürdlər ermənilərlə yola getmirdilər və uzun yol boyu bu köçə hücum edirdilər. Çox sayda erməni öldürüldü, bir qismi də susuzluq, aclıq və xəstəlikdən öldü.

Professor Bernard Luis dəfələrlə "Osmanlı hökumətinin erməni xalqını məhv etmək məqsədi güdən planı olmasının ciddi sübutu yoxdur" demişdi. "Fransa Erməni Assosiasiyaları Forumu görkəmli alimi həyatı boyu araşdırmalarına əsaslanan elmi fikrini ifadə etdiyinə görə fürsətdən istifadə edib məhkəməyə verdi". Bir çox siyasətçi, dövlət adamı və alimlər Türkiyənin "qoy bu məsələ ilə parlamentlər deyil, alimlər məşğul olsunlar" fikrinə tərəfdar olmuşlar. Zbiqnev Bzezjinski ABŞ Nümayəndələr Palatasının Erməni Soyqırımı barədə qərar çıxarmasını istehza ilə qarşılamışdı: "Mən heç vaxt düşünməzdim ki, Nümayəndələr Palatası tarixi hadisələr haqqında hökm çıxaran bir növ elmlər akademiyasıdır".

Erməni məsələsi, erməni diasporu və Qarabağ münaqişəsi üzrə üzrə görkəmli mütəxəssis Jirayr Liparityan 1915-ci il erməni soyqırımı barədə araşdırmalara ehtiyac duyulduğunu vurğulayır: "Hadisəni, önəminə uyğun bir şəkildə, layiqiylə sənədləşdirmək və açıqlamaq üçün heç bir və sistematik cəhd göstərilməmişdir" - "bəzi araşdırmaçıların və qrupların ürəkli girişimləri olsa da"... "mövzunun sənədlərinin ortaya çıxarılması və araşdırılması, ayrıca hadisənin anlaşılıb erməni, türk ve dünya tarixində yerli-yerinə oturdulması, böyük önəm daşımaqdadır". 1915-ci il soyqırım baş verdiyini Türkiyəyə qəbul etdirmək sanki erməni siyasətinin təməlində və ya mərkəzində yer alıb. Libarityanın fikrincə, bunu bir növ ermənilərin Türkiyədən asılı qalması kimi də şərh etmək mümkündür; "Ermənilərin zehnləri... beynəlxalq səviyyədə soyqırımın tanınması macərasına əsir düşmüşdür... Ermənilər uzun bir savaşa girmişdir, üstəlik, bu savaşın açarını "düşmən" əlində tutmaqdadır".

***

Böyük faciə baş vermiş, amma bu faciə tək ermənilərin başına gəlməmişdi, 5 milyon ətrafında türk və digər müsəlmanlar qırğına uğramışdılar. Qərb dünyasında ermənilərin və ümumiyyətlə, xristianların ölümü barədə geniş danışılır, müsəlmanlar başdan ayağa günahlandırılır, müsəlmanlara böyük hücumlar və müsəlmanların böyük qırğınları barədə xüsusi söhbət edilmir, araşdırma aparılmırdı. Amerika tarixçisi Justin MkKarti bu laqeydliyi və birtərəfliliyi pozan az saylı tədqiqatçılardan biridir. O, bir əsr ərzində (1821-1922) müsəlmanların ölü sayıları və sürgünü, qaçqın sayıları üzərində çalışmış, mümkün ehtimallar içində ən aşağı sayları götürməklə və bilinməyənləri saya daxil etmədən 5 milyondan artıq müsəlmanın öldüyü və 5 milyon yarıma yaxın müsəlmanın yerdəyişməyə, köç etməyə məcbur olduğunu müəyyən etmişdir.

"Türklər tərəfindən erməni genosidi törədildi" iddiası türklərin şərəfinə toxunur, "biz bunu etməmişik" deyirlər. Erməni əsilli görkəmli fransız müğənnisi Şarl Aznavur (1924-2018) bir müsahibəsində  "Sözün (genosid) özü narahatlıq doğurur və məni də üzür. Burada demək istədiyim bəzi ermənilər tərəfindən mənə qarşı istifadə oluna bilər, fəqət bunun mühüm olduğunu düşünmürəm. Əgər türklər, genosid (soykırım) kəlməsinin hər hansı bir məsələdə onlara əngəl olduğunu deyərkən səmimidirlərsə, o zaman başqa bir kəlmə tapaq. Yetər ki, Ermənistan və Türkiyə arasındakı sərhəd açılsın və Türk hökuməti bizimlə dialoq başlamağı düşünsün" demişdi. Aznavour keçmişi deyil, gələcəyi düşünməyi tövsiyə edirdi: "Fikir ayrılıqlarının bir faydası yoxdur, o ancaq etiraf və danışıq prosesini yenə də və uzun müddətə uzadacaq, ləngidəcək. Bu gecikmə həm də sərhədlərin açılmasının, embarqonun ləğvinin və ermənilərin qonşuları ilə ticarət aparmaq imkanlarının qarşısını alacaq..."

 





15.02.2021    çap et  çap et