525.Az

Üç rəng - Günel Mehri yazır


 

Üç rəng - <b style="color:red">Günel Mehri yazır </b>

Əslində, bu yazını çoxdan yazmalıydım. Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Amma mən... susdum bir xeyli. Özümə qapandım. Bölüşmək istəmədim.

Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Beynimdəki duman çəkiləndən sonra xatirələr üç rəngə bölünüb  ayrı-ayrı rəflərə oturdu: Kəlbəcər - göy, Cəbrayıl - qırmızı, Ağdam - yaşıl. Yox, rayonları rənglərlə əlaqələndirməyim əbəs deyil. Səbirli olun. Onun da açması olacaq. Beləliklə, ikinci yazı...

Kəlbəcər - göy

Sən heç səmaya bu qədər yaxın oldunmu? O qədər yaxın ki, özünü buludların qoynunda hiss edəsən? Bəs, əlini uzadıb buludlara toxunacaq qədər uca hiss etmişdinmi üstündə durduğun zirvəni? Sonra olduğun o yüksəklikdən ayağının altında buram-buram dolanan aşırımları izləmişdinmi hürkərək?

Mən bunları həyatımda ilk kəs yaşayırdım. Ürəyimin döyüntüsü həyəcandan qulaqlarımda vururdu. Ekstrimin pik nöqtəsində idim. Aslan əlindən qaçan ceyran kimi... Bir tərəfdən də buz kimi hava ciyərlərimi oxşayırdı. Ağzımdan çıxan buxarın dalğasını izləyə-izləyə, ayaqlarım altında şirin-şirin xırçıldayan qarın məsumluğunu poza-poza düşünürdüm ki, İlahi, şükür, gör bir haralara gəlib çıxmışam.

Çox uzatmadan dağların qoynunda gizlənmiş sirli ünvanı deyim: Başı qarlı Murov dağındayam. O Murovda ki illərlə neçə-neçə əsgərimiz ölümlə üzbəüz dayanıb, soyuqdan, şaxtadan üzü, əlləri çat-çat olub. O Murovda ki "Qonaq evi" , "Ömər postu" adlarıyla məşhurlaşan məntəqələrdən böyük sərkərdələr -  Polad Həşimov, Raquf Orucov xiffətlə boylanıblar üzü Kəlbəcərə sarı. O Murovun qarlı aşırımlarında Dilqəmlə Şahbaz yoldaş olub, ata yurdlarını uzaqdan-uzağa görmək ümidiylə gizlin yollarla Kəlbəcərə qaçıblar. Elə o yollarda da əsir düşüblər...

O dolanbaclarda nə qədər kəlbəcərli donub, itkin düşüb Kəlbəcərin zəbt edildiyi həmin qanlı günlərdə. Bunu da kəlbəcərli Məhərrəm dayı deyir. Sonra dərin bir ah çəkib əlavə edir ki, bizi bu "Qaz-69" xilas elədi. Uşaqlı-böyüklü düz 14 nəfər adam gətirmişdim bu maşınla mən.

Məhərrəm dayı bu yolda bələdçimiz, həm də o yerlərə gedib varmaq səbəbimizdir. Hələlik Şəkidə yaşayır ailəsi ilə. Kəlbəcərdən çıxanda cavan idi. İndi yaşı-başı yerində olan babadır. Nəvələrinə Kəlbəcəri nağıl edib illərlə. Deyir, həmişə ümidlə yaşamışam ki, ölməmiş o dağları aşacam, İstisudan yenə içəcəm, o torpağa bir də qədəm qoyacam. Özü də elə 27 il üfürə-üfürə saxladığım bu "Qaz-69"la. Maşını televizorda ilk görəndə, düzü, təəccüblənmişdim. Elə bu maşına görə diqqətimi çəkmişdi Məhərrəm dayı. Soraqlayıb tapmışdım nömrəsini. Bu əntiq maşın əhvalatını da elə telefonda danışmışdı mənə. Qızım, - demişdi - bu maşını məndən yaxşı pula almaq istəyən neçə nəfər olub. Həmişə "yox" kəliməsini eşidiblər. Səbəbini soruşanda demişəm, əhdim var, bu maşınla qayıdacam yurduma. 27 il bu əhdi ürəyində daşıyır Məhərrəm dayı və indi bu arzunun sorağıyla Kəlbəcərin adamı atıb-tutan yollarından "Qaz-69"la irəliləyirik.

Yollar qarlıdır, sürüşkəndir, dardır. Məhərrəm kişi hey deyir ki, şir ürəyi var sizdə. Bu havada, qışın oğlan çağında hər adam bu yerlərə üz tutmaz. Tanklarla üzləşirik qəfil. Yol o qədər dardır ki, maşını bir küncə dirəyib saxlayırıq. Tanklar yanımızdan keçdikcə əl edirik ordan boylanan əsgərlərə. Onlar da bizə əl yelləyir. Uçurumun kənarından adam əli dəyməmiş qar götürmək istəyirəm. Elə addım atıram ki, Məhərrəm dayı qışqırır: "İrəli getmə. Buralar xatadır. Hər yer minalıdır. Ancaq maşın yolu təhlükəsizdir".

... Sonra maşına minib yenə irəlilədik. Az getdik, üz getdik, dərə-təpə düz getdik, bitməyən aşırımlar da bitdi. Mənzərələr açıldı birbəbir, qarış-qarış gəzdiyim Azərbaycanda bugünəcən görmədiyim qeyri-adi gözəlliklərlə üz-üzə gəldim. Öz-özümə pıçıldadım: Xoş gördük, Kəlbəcər! Mən səni çox sevdim, çay üstündə ucalan qala!

No description available.

Biz uşaq olanda atam danışırdı ki, Kəlbəcər Azərbaycanın ərazicə ən böyük rayonudur. Qarabağın cənnət məkanı deyirlər ona. Faydalı qazıntıları, mineral suları, bulaqları, təbiəti ilə tam bir əfsanə məkandır. Dediyi kimi varmış...

Aaa... Məhərrəm dayı. Başım necə Kəlbəcər mənzərələrinə qarışdısa, kişini lap unutdum. Bir də baxdım ki, kişi əməlli həyəcanlanıb. Can... Nəmli gözlərini böyürdən sakitcə izlədim. Birdən sezdi məni. Dedi, görürsən də, qızım, Kəlbəcər başqa aləmdir. Adamı özündən alıb aparır. Sonra dili ağzına sığmadan mədh elədi: Kəlbəcər dağlarını, təbii naxışlı-oymalı qayaları, yol kənarıyla axıb gedən Tərtər çayını, dağlardan qara dəlik tək boylanan mağaraları, qədim Alban məbədini, İstisuyu...  İstisunun tamı damağımdadır, qızım. Qəribə dadı var. Amma öyrəşdinsə, asılılıq yaradır. Minbir dərdin dərmanıdır. Gör neçə illərdir tamarzı qalmışıq. Daşıyıb dünya bazarında milyonlar qazanırdılar mənfurlar bu qədər vaxt... Eh dünya... Özü də bir yerdə axmır e istisu. Neçə yerdə var. Fontan istisu ən yaxındakıdır. Elə danışa-danışa gəlib çatdıq mənzil başına. Bu da İstisu fontan. Doğurdan da adına layiq fontan vurur yerin altından. Belə şaxtada elə qaynar suyun əlimizi yandırması, ətrafı buxara bürüməsi adamı mat qoyurdu. Özü də nə hikmətsə, axdığı yeri kəhrəba rəngə boyayırdı. Məhərrəm dayı suyu görüncə təzədən doğuldu, uşaqlaşdı sanki. Doyunca içdi, içdi, qarnı doydu, amma gözü doymadı. Maşının arxasından onlarca su butulkası gətirib doldurdu. Dost-tanış bura gəldiyimi eşidib-bilib qapıma gəlmişdi butulkayla. Hamısı istisu gözləyir. Gərək aparım. Onun həvəslə, tələsə-tələsə su doldurmağına baxmaq maraqlıydı. Sevincinə şərik olmaq, ona bu sevinci yaşatmaq gözəl idi...

... Gecə Kəlbəcəri zülmət örtüyünə bürümüşdü. Bütün gözəlliklərin işığı bircə-bircə sönmüşdü.

Polis məntəqəsinə çatdıq. Kəlbəcər rayonu ərazisində olan yeganə salamat inzibati binaya. Sabah yolu-izi qar tutmamış sübh tezdən Kəlbəcərdən çıxmaq üçün gecəni burda keçirməliydik.

Çingiz Aytmatov yazırdı, gün var, əsrə bərabər. Mənsə deyirəm, gecə daha uzundur. Və o gecə mübaliğəsiz uzun idi. Əsrə bərabər bir gecə keçirdim Kəlbəcər polis məntəqəsində. Qapını açarla kilidləyib böyük, qaranlıq və odun peçinin isitdiyi otaqdakı yataq kisəsinin içinə uzananda elə bildim, divarlar nəhəng divlərdir, indi hamısı üstümə gələcək harayla. Sonra düşündüm ki, qapının o üzündə əli silahlı nər kimi igidlər var və onlar olan yerdə bütün qorxular buxarlanıb itəcək. İtdi də. Sonra qəribə bir rahatlıq çökdü içimə. Uzaq uşaqlıq illərində Füzulidə nənəmgildə keçirdiyim gecələri düşündüm. Yenə həmin gecələrdən biriydi. Mən də o qayğısız günlərin balaca Günü. Nənəmin danışdığı qorxulu nağıllardakı canavarlar gəlib biçarə quzunu parçalaya bilərdilər. Amma onların yolunu əliçomaqlı igid çobanlar kəsmişdi. Canavarlar uzaqdaydı. Hmmm. Bu gecə yaman həyəcanlıydı. Ürəyim gicgahlarımda vururdu. Sevincimdən özümə sığmırdım, içimdən uçmağım gəlirdi. Gecənin günortasında tənha otaqda bu boyda sevinci kiminlə bölüşüm, İlahi? Kimə desəm, inanmaz ki, burda olduğuma. Axı rayonun azad olunmasından heç bir ay da keçməmişdi... Zarafat deyil e, 27 il sonra yenə doğma yerlərdə idim - Qarabağda! Hə, çətinliklə gəldik. Hə, təhlükə vardı addımbaşı. Hə, narahat idim. Burda gecələyəcəyim, yatsam yuxuma da girməzdi. Amma peşiman deyildim, xoşbəxt idim sadəcə. Bayaq polis şöbəsinin əməkdaşı deyəndə ki, Kəlbəcərə gələn ilk azərbaycanlı xanım oldunuz, təəccübləndim. Sonra xatırladım ki, həyatda heç nə təsadüfən olmur. İllərdir, Qarabağ kadrlarını xiffətlə izləyəndə bu arzuyla yaşamışdım, bu gecəni diləmişdim, bu günü istəmişdim. Arzular qanadlıdır axı. Arzuların qanadında gözlərim xumarlanır... Quş kimi uçuram dağların arasıyla... Buludlara çatıram... Gömgöy səmaya... Hər yer gömgöy oldu birdən...

Deyirəm, bayaqdan danışdıqlarım bəlkə şirin nağıla bənzəyir: Kəlbəcər nağılına. Amma və lakin nağıl deyildi. Yuxu da deyildi. Heç xəyal da deyildi. Bu kəs həqiqət idi və mən bu həqiqəti doya-doya yaşayan ilk azərbaycanlı xanım oldum. Nağılların sonunda göydən üç alma düşər axı. Qayıdanbaşı yolboyu üstü alma dolu ağaclar vardı. İllərlə yağışın yuyub, günün qurutduğu yabanı dağ almaları özü də. Amma o qırmızı yanaqlı, bal dadan almalar nağıllardakı kimi dirilik almaları yox, ölüm almalarıydı. Almalar "gəl-gəl" deyirdi, qarşılarında yerə sancılmış lövhəciklərsə "Mina var" deyirdi, yaxınlaşma, olmaz deyirdi. Ondan ötəri bizim nağılın sonunda qarşımda almaların yerinə Kəlbəcər dağlarıyla şırhaşır axan Tərtər çayından götürdüyüm qranit daş, İstisu fontandan doldurduğum su dolu qab, bir də o gözəl məkanın xatirəsini qoruyan fotom vardı. Mənim nağılımdakı Kəlbəcər göyün bir qatında olduğu üçün göy rəngdə idi. Qədim türkün simvolu olan göy rəngdə! Burda nağıl bitdi və yepyeni, qırmızı donlu bir nağıla ayaq verdi. Görən, o nağılın sonunda göydən nə düşəcək?

 





15.02.2021    çap et  çap et