525.Az

Əziz tamaşaçılar, biz Qarabağa qayıdırıq... - Yazı


 

Əziz tamaşaçılar, biz Qarabağa qayıdırıq... - <b style="color:red">Yazı</b>

Fevralın 14-də Azərbaycan Televiziyasının 65 yaşı tamam olur.

1956-cı ildə  ölkənin mədəni həyatında əlamətdar hadisə baş verdi. Televiziya fəaliyyətə başladı və o zaman dövrün möcüzəsi hesab edilən  "mavi ekran", "sehrli güzgü"  həmin vaxtdan hər kəsin, xüsusilə ailənin ən yaxın dostuna, sirdaşına çevrildi.  Azərbaycan Televiziyası  tarixi ikişaf yolu keçdi və milli əqidəmizin formalaşmasında,  mənəvi dəyərlərimizin təbliğində öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirməyə çalışdı. Ümummilli lider Heydər Əliyev 1996-cı ildə, televiziyamızın 40 illik yubileyində bu mənəviyyat ocağı haqqında qiymətli fikirlər söyləmişdi: "İnsanların mənəvi tərbiyəsində, mənəvi inkişafında televiziyanın rolu çox böyükdür. Televiziya respublikanın həyatında gedən prosesləri əks etdirərək xalqımızda, vətəndaşlarda ictimai-siyasi fəallığı artırıbdır. Televiziya xalqımızın gözəl ənənələrini, milli ənənələrini, mənəvi ənənələrini təbliğ edərək insanlarımızı mənəvi cəhətdən daha da yüksəltməyə kömək edibdir. Televiziyamız tariximizin səhifələrini əyani surətdə təbliğ edərək hər bir vətəndaşın öz keçmişini, tarixini, millətinin aqibətini daha yaxından bilməsinə kömək edibdir. Televiziya çox işlər görübdür, bu gün də çox işlər görür..."

İllər bir-birini əvəzlədikcə televiziya aləmində də tərəqqi baş verdi. Bu sahədə günbəgün yenilklərin artması  yayım keyfiyyətinə öz müsbət təsirini göstərdi, peşəkar kadrlar ordusu formalaşdı, televiziyaların sayı artdı, rəqabət mühiti yarandı, bir sözlə müasir dövrdə daha mükəmməl səviyyəyə yüksəldi. Xüsusilə rəqəmsal texnologiyanın tətbiqi hər bir sahədə olduğu kimi televiziyanın da sürətli inkişafına səbəb oldu...

Hazırki dövrdə internet resurslarının bolluğu zəminində, mobil telefonların insan həyatının ayrılmaz bir parçasına çevrildiyi vaxtda televiziyanın tamaşaçı auditoriyası azalmayıb ki?... İndiki zamanda bu reallıqdır ki,  internet mediasının vüsətli artımı şəraitində yaşayırıq və istənilən bir məkanda asanlıqla informasiya ilə təmin olunmaq imkanımız var. Bu sarıdan televiziyanı izləmək məcburiyyətində deyilik. Ancaq yola saldığımız yaxın aylarda şahidi olduğumuz hadisələrə istinadən qəti əminliklə deyə bilərik ki, televiziyaya baxmaq istəyi bizim həm də mənəvi tələbatımızdan doğur. Sevindirici haldır ki, Ana Televiziyanın qismətində QƏLƏBƏ xəbərini, BÖYÜK ZƏFƏR gününü tamaşaçıya yaşatmaq, auditoriyanı sevindirmək, insanları dəstə halında ekran qarşısına toplamaq, sevinc göz yaşları ilə diqqətlə seyr edib, izlədiyi, özlədiyi xəbərlərdən qəhərlənərək həzz almaq, məmnun olmaq məqamı da var imiş.

Azərbaycan Televiziyası xalqın görən gözüdür, döyünən ürəyidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, "müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən də Ermənistanın ölkəmizə qarşı təcavüzkar müharibəsinin, qaçqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir işçilərimiz öz vəzifələrini layiqincə yerinə yetirirlər..."

Ötən ilin sentyabrın 27-də Ana Televiziyada səhər çağı ekranın aşağısında belə bir titr yazıldı.  "Hörmətli tamaşaçılar, yaxın dəqiqələrdə Azərbaycan prezidenti İlham Əliyev  xalqa müraciət edəcək". Ölkə əhalisinin nəzərləri ekranlara dikildi. Ali Baş Komandan televiziya ilə xalqa müraciətində "...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" dedi və xalqımızı birliyə səslədi. İllərlə həsrətində olduğumuz həmin an yetişdi. O an ki, hər dəfə söhbətimizin əzəlində, sonunda, müsahiblərimizin danışığında, arzularımızı, istəklərimizi dilə gətirəndə deyərdik ki, o gün olsun növbəti görüşümüzü Qarabağdan yayımlayaq, gələn baharımızı o torpaqlarda qarşılayaq. Şuşanın Çıdır düzündən, Zəngilanın Xan çınarlarından, Kəlbəcərin İstisuyundan və s. düşmən tapdağı altında inildəyən torpaqlardan söz düşəndə tezliklə o yerlərə qayıdacağımıza inandığımızı deməkdən dillərimiz qabar bağlamışdı. Bəli həmin an, Azərbaycan Ordusunun özünü təsdiqləmə məqamı yetişdi  və Silahlı Qüvvələrin Ali Baş Komandanı  öz müraciəti ilə illərlə gözlənilən həsrətə son qoyaraq İRƏLİ əmrini verdi...

Image result for aztv

Müharibənin gedişatı, bölgəyə ezam olan müxbirlərin cəbhənin müxtəlif nöqtələrindən yayımladıqları reportajlar, süjetlər diqqətlə izlənildi. Elə ilk gün, sentyabrın 27-də cəbhədən eşidilən uğurlu xəbər, azad olunan altı kəndin adının çəkilməsi  millətə böyük ruh verdi, ordumuza inamı daha da artırdı. Arxa cəbhə öndəki əsgərə dayaq olduğunu nümayiş etdirdi. Azərbaycan Televiziyası xalqın tribunasına çevrildi. Hər alınan kəndlərin,  azad edilən yurd yerlərimizin siyahısı artdıqca, ekran daha çox kütlənin diqqətini özünə çəkməyi bacardı. Televiziyamızdan xalqımıza müjdəli xəbərlər yayıldı. Ölkə başçısının hər tviti bir an içərisində milyonlarla auditoriyaya ötürüldü.

Prezidentimizin,  Ali Baş Komandanın 30-a yaxın dünyanın kütləvi informasiya vasitələrinə, "Sky News",  "Fox News", "France 24",   "Haber Global",  "Rossiya-1", "RBK", "BBC News"a və s. nüfuzlu televiziya kanallarına müsahibəsi, cəsarətli çıxışları, qətiyyətli  fikirləri nəinki xarici müxbirləri heyran etdi, milyonlarla azərbaycanlının qürurla izlədiyi saatlara çevrildi. 44 gün ərzində düşmənə qan udduran cəbhədəki igidlərimiz qədər prezidentimiz də oyaq qaldı, əzmkarlıq göstərərək, yorulmadan, usanmadan gecəli-gündüzlü çalışaraq Azərbaycan həqiqətlərini dünya mətbuatına bəyan etdi.

BÖYÜK QƏLƏBƏYƏ qədər ağrılı-acılı bir çox faciələrin şahidi olduq. Gəncəyə, Tərtərə və s. bölgələrə ermənilərin kassetli bombalar atması, dinc insanlarımızı hədəfə alması, milli faciələrimiz  ürək ağrısıyla seyr edildi. Ancaq xalqımız, Azərbaycan vətəndaşı yenə sarsılmadı, daha da əzmkarlıq nümayiş etdirdi. Televiziyadan izlədiyimiz süjetlərdə millətimizin ən ali keyfiyyətləri ilə qürur duyduq. Səfərbərliyə könüllü yazılan gənclərimizin və onları yola salan valideynlərin əhval-ruhiyyəsi ermənini lərzəyə gətirdi.  Başına bombalar yağan, doğmalarını itirən sakinlərimiz bir an olsun belə qırılmadı, "canım, qanım, varım  orduda döyüşən əsgərə qurbandır" deyib, düşmənə meydan oxudu. Əsgərlərimizin ermənilərdən əldə etdiyi hərbi qənimətlər, düşmənin döyüş meydanında qorxub qaçaraq atıb getdiyi silah sursat Azərbaycan Televiziyasında milyonlarla tamaşaçıya BÖYÜK QƏLƏBƏNİN uzaqda olmadığını işarə verirdi. Döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi şücayət, Vətən müharibəsi iştirakçılarının, qazilərimizin qəhrəmanlıq dastanı,  şəhidlərimizin hər birinin ruhuna sonsuz ehtiram televiziya əməkdaşlarının əsas mövzusuna çevrildi. Ölkəmiz, ordumuz şanlı tarix yazdı, bu qəhrəmanlıq səlnaməsinin hər bir səhifəsi Ana Televiziya ilə yayımlandı. İctimai-siyasi verilişlərin bütün süjet xətti   məhz bu amala, ölkəmizin bütün sahələrdə qazandığı uğurlara, ordu quruculuğu ilə bağlı görülən işlərə, siyasi sferada dövlətin nail olduğu böyük zəfərlərə həsr edildi.

Azərbaycan Televiziyası son dövrlər sosial mediaya geniş üstünlük verir, ekran məhsulları sosial şəbəkələrdə də izlənilir. Yaradıcı heyətin təqdim etdiyi hər bir veriliş arxivləşdirilir və təbii ki, tarixi əhəmiyyət kəsb edən bütün mövzular gələcək üçün qiymətli publisistik sənədlər hesab edilir.

65 yaşlı televiziyamız ölkənin bütün kanallarında çalışan, teleradio jurnalistikası ilə məşğul olan kadrlar üçün ədəbi məktəbdir. Bu mədəniyyət mərkəzində, sənət ocağında milyonları ovsunlayan unikal səs sahibləri çalışıb, televiziya işi mükəmməl səviyyədə mənimsəyən peşəkar yaradıcı heyət formalaşıb. Ustad sənətkarların çalışdığı Teleradio Akademiyasında hər il xüsusi müsabiqə ilə seçilmiş xeyli sayda gənc kadrlar tanınmış mütəxəssislərdən aparıcılıq, rejissorluq sənətinin incəliklərini, efir etikasını, estetikasını, rəvan, səlis danışıq üslubunu, natiqlik məharətini, efir mədəniyyətinin dərinliklərini, bir sözlə teleradio sənətkarlığını öyrənir.

Bu gün Azərbaycanda televiziyanın yarandığı gündür. Ana televiziyamızın 65 yaşı qeyd edilir.  Yubiley münasibəti ilə kollektivimizin hər bir əməkdaşını, bir teleəsərin meydana gəlməsində əməyi olan bütün yaradıcı heyəti, qocaman veteranlarımızı, sənət dostlarımızı, özəl kanallarda çalışan həmkarlarımızı, taleyini televiziyaya bağlayan sənət fədailərini və ən nəhayət milyonlarla tamaşaçını, qərib diyarlardan Vətən həsrəti ilə bizi seyr edən, QƏLƏBƏ xəbərinə sevinən xaricdəki soydaşlarımızı   təbrik edirəm. Xalqımızın görən gözü, döyünən ürəyi olan televiziyamızın əziz tamaçaşıları, gözləriniz aydın olsun, ürəyiniz həmişə gözəl xəbərlərdən sevinsin. Müstəqil Azərbaycan dövlətinin  uğurları ilə elimizdə həmişə fərəh yaşansın.

 





14.02.2021    çap et  çap et