525.Az

Altı rayonda təsərrüfat sahibləri və fermerlər üçün təlimlər keçirilib


 

Altı rayonda təsərrüfat sahibləri və fermerlər üçün təlimlər keçirilib <b style="color:red"></b>

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) təlimçiləri tərəfindən Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağdam rayonlarında, Kəlbəcər rayonuna məxsus Bərdə rayon Lənbəran kəndində yerləşən "Taxıl istehsalı və heyvandarlıq təsərrüfatı birliyi"də kənd zəhmətkeşləri, təsərrüfat sahibləri və fermerlər üçün təlimlər keçirilib.

Tərtər RAEİM-in mütəxəssisləri-təlimçi Bayram Əliyev və baş aqronom Alim Əliyev "Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması", "Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması", "Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili", həmçinin, "Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması. Arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına mineral gübrələrin verilməsi və səpinin aparılması" mövzularında təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.

Görüşdə hazırkı pandemiya şəraiti ilə əlaqədar maksimum 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisi, eləcə də təlimin keçirildiyi hər bir rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndəsi iştirak edib, pandemiya qayda-qanunlarına əməl edilib.

Əsas məqsəd payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, alaqlara, zərərvericilərə, xəstəliklərə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsinin, eləcə də yemləmə gübrələrinin verilməsinin gələcək məhsuldarlıq üçün nə qədər önəmli olmasını onların diqqətinə çatdırmaq, həmçinin, yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi, dondurma şumunun vaxtında və lazımi dərinlikdə aparılmasının, aratın yüksək səviyyədə təşkil olunmasının, sahələrin quzapayından təmizlənməsinin nə üçün gərəkli olduğunu təsərrüfat sahiblərinin diqqətinə çatdırmaq üçün mütəxəssis tövsiyələrini verməkdən ibarət olub.

Qarşılıqlı müzakirə şəraitində baş tutan tarla görüşlərində bölgədə fəaliyyət göstərən, təlimdə iştirak edən fermerləri maraqlandıran suallara mütəxəssislər tərəfindən geniş şəkildə izahat verilib.

Keçirilən görüşlər haqqında "525-ci qəzet"ə məlumat verən Tərtər RAEİM-in direktoru Bəhruz Nəzərov bildirib ki, kənd təsərrüfatı işçiləri, aqrar sahə mütəxəssisləri və fermerlər dayana bilməzlər, təbii ki, sosial izolyasiya tələblərinə uyğun olaraq çalışmalı, əhalinin qida ehtiyacını ödəmək üçün fəaliyyət göstərməlidirlər: "Təlimlərimiz mövsümi xarakterlidir, təlim mövzuları mövsümə uyğun seçilir, çalışacağıq kütləvi olmasa da, hazırkı şəraitə uyğun olaraq, sosial izolyasiya qaydalarının tələblərini pozmayaraq kiçik qruplar şəklində və yaxud fərdi olaraq fermerlərimizlə onların öz təsərrüfatlarında görüşlər keçirək, həm Aqrar Elm və İnnovasiya Mərkəzinin ümumi təlimlər planına, həm də Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin daxili təlimlər planına uyğun olaraq kənd zəhmətkeşlərimizin yanında olaq, onlara dəstək olaq".

Şahanə MÜŞFİQ

 

 

 

 

 

 

 





16.02.2021    çap et  çap et