525.Az

"Təəssüf ki, Azərbaycanda bələdiyyələrin səlahiyyəti məhduddur" - Müsahibə


 

SƏBAİL RAYON BƏLƏDİYYƏSİNİN ŞÖBƏ MÜDİRİ TALEH MANSUROV: "BƏLƏDİYYƏLƏRİN SƏLAHİYYƏTLƏRİ ARTIRILMALIDIR"

"Təəssüf ki, Azərbaycanda bələdiyyələrin səlahiyyəti məhduddur" - <b style="color:red">Müsahibə</b>

Bələdiyyə idarəetmə orqanıdır və onun iş prinsipində yerli əhəmiyyətli məsələləri həll etmək başlıca vəzifə hesab olunur.

Günümüzdə bələdiyyələrin iş prinsipində qeyri-sabitlik müşahidə olunsa da, onlar dövlət idarəçiliyində mühüm yer tutur.

Səbail rayon bələdiyyəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Mansurovla söhbətimizdə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi mövzusuna toxunmuşuq.

Qeyd edək ki, Taleh Mansurov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsinin və həmin fakültənin Ədəbiyyatşünaslıq ixtisası üzrə magistr məzunudur.

***

- Azərbaycanda bələdiyyələrin fəaliyyəti hansı şərtlər altında tənzimlənir?

- Bu məsələ "Bələdiyyələr haqqında" qanunla nizamlanır. Nəzarət, əsasən Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, qanunla icazə verilən şəkildə bələdiyyə üzvləri onun fəaliyyətində dəyişiklik edə bilərlər.

- Bələdiyyə işinin əsas xüsusiyyətləri hansılardır? Yaxşı bələdiyyə hakimiyyəti hansı işlərlə fərqlənməlidir?

- Bələdiyyə geniş anlayışdır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bələdiyyə işi ölkənin qanunvericiliyi ilə nizamlanır. Misal olaraq, qardaş Türkiyədə bələdiyyələrin böyük nüfuzu var  və bələdiyyə sədrləri millət vəkilləri ilə bərabər tutulur. Skandinaviya, Mərkəzi Avropa ölkələrinə baxdıqda isə bələdiyyələrin səlahiyyət dairəsi çox genişdir. Onlar  ölkənin sütunları hesab edilir. Lakin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri məhduddur. Bunu bir misalla bildirim: Avropada bələdiyyə vergisinə prioritet məsələ kimi baxılır, həmçinin, bələdiyyələrin maliyyələşməsinə də. Lakin günümüzdə Azərbaycanda bələdiyyə vergisinin ödənilməsinə xüsusi diqqət yoxdur. Bir abonent işıq sərfiyyatını ödəmədiyi halda, xəbərdarlıqdan sonra elektrik enerjisi dayandırılır. Bələdiyyə vergisi ödənilmədikdə isə bu iş qanunvericiliyə uyğun olaraq aktlaşdırılıb məhkəməyə müraciət edilir. Məhkəmənin həyata keçirilməsi və s. uzun prosesdir. Bunun aradan qaldırılması üçün bələdiyyələrin səlahiyyətləri artırılmalıdır, digər sahələrdə olduğu kimi, burada da vergi ödəyicisi vergidən yayındığı zaman yerində icra üçün səlahiyyətlər müəyyənləşdirilməlidir. Yaxşı bələdiyyə sistemi ölkələr üzrə müəyyənləşdirilib, lakin hansı modelin ən yaxşı olduğunu demək bir az çətindir. Çünki hər ölkənin özünə uyğun etnopsixologiyası var. Lakin bu sahədə yaxşı və sistemli hakimiyyətin formalaşması üçün, Azərbaycanda bir çox bələdiyyələr birləşdirilməli, yeni qanunvericilik hazırlanmalıdır.

- Günümüzdə yerli özünəidarə orqanı olaraq bələdiyyələrin fəaliyyəti haqqında məlumatlara az rast gəlinir. Bəzi ölkələrdə bununla bağlı videoçarxlar da hazırlanır. Azərbaycan bələdiyyələrini təbliğatda hansı məsələlər geri salır?

- Bələdiyyələr haqqında məlumatlara az rast gəlinməsi əsasən onların özündən asılıdır. Səbail bələdiyyəsi olaraq biz sosial şəbəkələrdə əhalinin maarifləndirmə işinin təşkilinə və cəmiyyətin bütün təbəqələrinə xitab edilməsinə çalışırıq. Bizdə təməl problem bələdiyyə səlahiyyətlərinin azlığından irəli gəlir. Belə olduqda artıq maraq azalır. Lakonik cavab versək, bələdiyyələr bir iş görmək istədikdə ən az iki dövlət orqanından icazə almalı olur. Bu da həm bələdiyyələrin, həm də onlarla çalışmaq istəyən özəl şirkətlərin, QHT-lərin, təşkilatların marağını azaldır.

- Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə bələdiyyələr hansı maarifləndirmə işləri həyata keçirib?

- Hazırda pandemiya dünyamız üçün böyük təhlükə olaraq qalmaqdadır. Pandemiya bütün sahələrdə olduğu kimi, bələdiyyələrin də fəaliyyətində böyük çətinliklər yaratdı. Bu isə eyni zamanda, böyük maliyyə çətinlikləri ortaya çıxartdı. Pandemiya şəraiti nə qədər çətin olsa da, Səbail bələdiyyəsi olaraq vətəndaşların bu bəladan uzaq qalması üçün bütün zəruri addımlar atılır. Bunlara misal olaraq, Səbail Rayon İcra Hakimiyyəti, İcra nümayəndəlikləri ilə birgə mobil qruplar yaradıldı. Əhalinin sıx toplaşdıqları ərazilərdə, ictimai-iaşə obyeklərində mütəmadi olaraq vətandaşların maarifləndirmə işləri həyata keçirilir.

Vətən müharibəsi zamanı ölkənin hər bir vətəndaşının bu zəfərə gedən yolda yumruq kimi birləşdiyi 44 günlük mübarizədə şübhəsiz, bələdiyyələrin də payı var. Səbail bələdiyyəsinin bu cəhətdən öndə olduğunu vurğulamaq istəyirəm. Vətən müharibəsinin başladığı 27 sentyabr tarixindən etibarən, Səbail bələdiyyəsi hər bir əsgər, şəhid və qazi ailəsi ilə demək olar ki, hər gün əlaqə saxlayır, onların ehtiyaclarını, çətinliklərini öyrənir və  yerində həll etməyə çalışırdıq. Bunun üçün mobil qruplar da yaradılmışdı. 44 gün ərzində  gücləndirilmiş iş rejiminə keçilmiş, 7/24 fəaliyyətən göstərən qaynar xətt yaradılmışdı.  Vəzifəsindən asılı olmayaraq, bələdiyyəmiz bu 44 gündə əlindən gəldiyi qədər işlər görməyə çalışdı. Əhalinin motivasiyasının hər zaman yüksək saxlanılması məqsədilə bayraq aksiyası keçirildi ki, bu zaman min ədəd Türkiyə və Azərbaycan  bayraqları Səbail bələdiyyəsinin mərkəzi ərazilərinə asıldı. Müharibə dövründə Azərbaycana qarşı qərəzli mövqe tutan, erməni lobbisinin təsiri altında qərarlar qəbul edən dövlətlərə etiraz məktubu göndərildi. Gəncə və Bərdədə baş vermiş erməni terrorunun tanıdılması ilə bağlı olaraq insan haqları təşkilatlarına və bir çox qurumlara məktublar göndərildi. Erməni təbliğatının qarşısının alınması məqsədiylə işlərimizi hər zaman davam etdirəcəyik. Vətən müharibəsi ordumuzun, xalqımızın və Ali Baş Komandanımızın qələbəsi idi.

- Paytaxtın bir çox hissələrində bələdiyyələrdən narazılıqların sayı günü-gündən artır. Hətta, KİV-də bələdiyyələrlə bağlı yayılan xəbərlər bu mənfi halları işıqlandırmaq üzərində qurulub. Bəs bələdiyyələr belə halların azalması üçün hansı addımları atır?

- Narazılığın olması bütün bələdiyyələrin fəaliyyətinin pis olması demək deyil. Sadəcə KİV-də şikayət və narazılıqlara daha çox rast gəlinməsinə səbəb bələdiyyələrin öz fəaliyyətlərini işıqlandırmamasıdır. Hazırda Feysbukda "bələdiyyə" sözünü axtarışa verəndə Azərbaycan bələdiyyələrinə aid nəticə barmaq sayını keçmir. Bu da bələdiyyələrin günümüzün tələbi olan sosial media fəaliyyətlərinin aşağı olmasından qaynaqlanır. Səbail bələdiyyəsi olaraq Azərbaycan da bəlkə də ilk dəfədir ki, KİV və sosial media ilə bu dərəcə yaxın əlaqəni bizim bələdiyyə qurub. Bunun daha da genişləndirilməsi üçün də çalışacağıq.

- Millət vəkili Kamal Bayramov öz çıxışında bildirib ki, Azərbaycanda bələdiyyə qulluqçularının və işçilərinin sayı çox deyil. Gənclərin bələdiyyə işinə marağının artırılması üçün hansı işlər görülür?

- Bələdiyyə qulluqçularının sayının az olması əsas səbəb kimi maliyyə durumu ilə bağlıdır. Azərbaycanda elə bələdiyyələr var ki, onların maliyyəsi illik 1000 manatı keçmir, bu da bələdiyyə qulluqçularının sayının azalmasına səbəb olur. Bunun aradan qaldırılması üçün bələdiyyələrin birləşdirilməsi və maliyyə gücünün artırılması istiqamətində addımlar atılmalıdır. Bu məsələ isə bələdiyyələrin səlahiyyətləri daxilində deyil. Gənclərin maraqları isə son illərdə artmaqdadır. Məsələn, keçən il keçirilən bələdiyyə seçkilərində gənclərin iştirakı əvvəlki illərlə müqayisədə daha çox oldu. Bunun daha da artırılması üçün bələdiyyələrin maliyyə, səlahiyyət məsələləri yenidən əsas əngəl kimi ortaya çıxır. Digər tərəfdən, gənclər iş sahəsində perspektiv gözləyirlər. Onlar işlərinin göz önündə olmasına, fəaliyyətlərinin işıqlandırılmasına maraqlıdırlar. Burda da bələdiyyələrin subyektiv olaraq öz fəaliyyətlərinin genişləndirilməsi, işıqlandırılmasında passivlik nümayiş etdirmələrindən qaynaqlanır.

- Vətəndaşlarla iş zamanı bələdiyyələr hansı çətinliklərlə üzləşir və ya bu çətinliyin öhdəsindən necə gəlirlər?

- Vətəndaşlarla işləmək hər zaman xüsusi diqqət, nizam-intizam, səbr tələb edir. Çünki hər xasiyyətdə insanla qarşılaşa bilirsən. Bəzən vətəndaşlar çox əsəbi və gərgin olurlar. Bələdiyyənin səlahiyyəti xaricindəki məsələ ilə bağlı müraciət etdikdə bu halın bizim səlahiyyətimiz xaricində olduğumuzu deyirik və onlar çox sərt şəkildə reaksiya bildirirlər. Buna baxmayaraq, hər zaman vətəndaşlara mülayim şəkildə yanaşaraq müraciətlərin tez bir vaxtda həlli üçün çalışırıq.

- Gələcəkdə bələdiyyələrin fəaliyyətində hansı dəyişikliklər gözlənilir?

- Dəyişikliklərlə bağlı son günlərdə mediada da xəbərlər yayılır. Təbii ki, bu, uzun prosesdir, dəyişikliklər bir günə baş verə bilməz. Lakin bu dəyişiklərin əsas istiqaməti güman edilir ki, bələdiyyələrin statusu, səlahiyyətləri və maliyyə məsələləri ilə bağlı olacaq. Son günlərdə ən çox bu barədə müzakirələr aparılır. Bu dəyişikliklər ediləcəyi zaman Türkiyə, Skandinaviya və Avropa ölkələrinin təcrübələrinə onların bələdiyyə səlahiyyətlərinə və statusuna uyğun dəyişiklər aparılarsa, qısa zamanda Azərbaycan bələdiyyələrində böyük sıçrayış ola bilər.

Azad NURİYEV

 





16.02.2021    çap et  çap et