525.Az

Şəhid ömrü - Anım


 

Şəhid ömrü - <b style="color:red">Anım</b>

Ağlayanım tapılsa,
Nə var ölməkdən gözəl!?.
Nə var şəhid qanına
Batan köynəkdən gözəl?!.
                      (Ramiz Rövşən)

Şəhid Fikrət Sulduz oğlu Məmmədov 1982-ci il yanvar ayının 20-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. Uşaqlıq, gənclik illəri də bu kənddə keçib. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Fikrət uşaqlıqdan bəri qəlbində bəslədiyi vətən sevgisini hərbidə olarkən daha dərindən duyur və qərara gəlir ki, bundan sonrakı həyatını hərbi ilə bağlasın. Belə də edir. Nə az-nə çox, düz 11 il hərbi formanı şərəflə daşıyır.

Fikrət müharibənin nə demək olduğunu hələ erkən yaşlarından başa düşmüşdü. Sərhəd rayonlarında yaşayan insanlar üçün sanki güllə səsi adiləşir. Fikrət də bu güllə səslərini az eşitməmişdi. Yaxınları onun uşaqlıq illərini xatırlayanda Fikrətin ən çox oynadığı oyuncağının tapança olduğunu deyirlər. Özünə taxtadan silah düzəldən bu balaca oğlanın böyüyəndə tank sürəcəyi gözlənilən idi. Çünki o, daim vətən sevgisi, qəhrəmanlıq hissləri ilə yanıb-alışırdı.

Image result for aytac sahəd

Fikrətin anası Şəfaət müəllimə oğlu haqqında danışır: "Fikrət olduqca mehriban, gülərüz, böyük-kiçik yeri bilən oğul idi. O, təkcə mənim oğlum deyildi, həm də dostum, sirdaşım idi. Heç kimə demədiyim sözümü, sirrimi ona deyirdim. Məni çox istəyirdi. Bəlkə məni bu qədər sevdiyi üçün vətəni də belə çox sevirdi. Axı, Vətən anadır. Hələ də onun yoxluğu ilə barışa bilmirəm. Elə bilirəm ki, bu dəqiqə qapı açılacaq Fikrət içəri girəcək. Hara baxsam, evdə nəyi görsəm, yadıma balam düşür. Dünən həyətə düşəndə gözüm üzüm çardağına sataşdı. Bir anlıq Fikrətin orda necə oturduğunu, necə manqal qurduğunu xatırladım. Orda oturmağı hədsiz çox sevirdi. Ümumiyyətlə, onun sevdiyi şeyləri indi görmək, xatırlamaq mənim üçün çox çətindir. Məsələn, yeməklərdən ən çox yarpaq dolması ilə balığı sevirdi. Otağının həmişə səliqəli olmasını sevirdi. İnsanlara qarşı səmimi olmağı sevirdi. Daha nələr, nələr. Özündən geriyə Yusif və İbrahim adlı iki övladı qaldı. Böyük oğlunun doqquz, kiçiyin yeddi yaşı var. Onlara hər dəfə baxanda sanki Fikrəti görürəm. Tez-tez uşaqlarına deyirdi ki, dərslərinizi yaxşı oxuyun, vətənə layiqli övladlar olun. Mən sizin üçün hər şeyi edəcəm. Edə bilmədi...

Sentyabrın 25-i darvazadan gülə-gülə çıxdığını xatırlayıram. Son sözü də ana, mənə görə narahat olma, mən getməsəm, o getməsə, bəs vətəni kim qoruyacaq? İnanın, bunlar şablon söz xətrinə deyilən sözlər deyil. Mənim balam vətəni bütün varlığı ilə sevirdi. Üç gün sonra ölüm xəbəri gələndə inana bilmirdim. Elə bilirdim ki, gülə-gülə çıxdığı darvazadan gülə-gülə də içəri girəcək. Hələ də inana bilmirəm ki, Fikrət yoxdur.

Qızım, bala itkisi o qədər ağırdır, o qədər çətindir ki. Ana üçün baladan şirin nə var axı? Ana üçün balanın yoxluğundan ağır nə var axı?  Ancaq mənim təsəllim odur ki, mənim balam şəhid olub. Həyat müvəqqətidir, ölüm hamı üçün var. Gec-tez biz də öləcəyik. Ancaq mənim balam əbədi yaşayacaq. Çünki o, şəhid olaraq əbədiyyətə qovuşdu. O, ölümü ilə yaşayacaq. Hər dəfə onun adını eşidəndə elə qürur hissi keçirirəm ki, mən belə bir oğul böyütmüşəm. Sizdən tək istəyim odur ki, Fikrət də daxil olmaqla bütün şəhidlərimiz, qazilərimiz xatırlansın, onları unutmasınlar. Necə ki, unutmurlar. Qoy, bizdən sonra gələn nəsillər qəhrəmanlarını tanısın. Əminəm ki, mənim balamın ruhu indi şaddır".

 





16.02.2021    çap et  çap et