Milli Məclisin (MM) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “525”-ə müsahibəsi
-Bəxtiyar müəllim, Müsavat Partiyasının bu ilin ortalarında gözlənilən növbəti qurultayından, həmin təşkilata rəhbərlik edən İsa Qəmbərin başqanlıqdan getməsindən və onun yerinə yenisinin seçilməsindən sonra sizcə, həmin partiyada nələr yaşana bilər? Onu da qeyd edək ki, hazırda Müsavatda başqanlığa iddialıların sayı artmaqda və iddialı namizədlər arasında da mübarizə getdikcə sərt xarakter almaqdadır...
-Bu məsələ ilə bağlı bu günlərdə mətbuata açıqlamamda da qeyd etdiyim kimi, Azərbaycanda yaranmış bütün müxalifət, xüsusən radikal müxalifət partiyaları hamısı şəxs, lider ətrafında yaranmış partiyadır. Bu partiyalar da ictimai həyatdan çox həmişə qəzet səhifələrində mövcud olub, tədbirlərdə görünüblər. Yəni, həmin partiyaların artıq sosial bazaları yoxdur və belə demək mümkünsə, qəzet səhifələri üzərində olan bu partiyaların gündəmdə qalmaq üsullarından biri də partiyadaxili, müxtəlif partiayalararası çəkişmələr, didişmələrdir.
İndi belə bir mövzuda, belə bir çəkişmə mövzusu da yaranıb, Müsavatda. Hələ İsa Qəmbər də heç deməyib ki, qalacaq, gedəcək, Nizamnamədə dəyişiklik olacaq, olmayacaq, filan. Partiya daxilində isə yaxa cırdıdır. Başqanlığa biri namizədliyini verir, dərhal digər iddialı bir şəxs onun əleyhinə deyir, başqası deyir filankəs yaxşı olar, bəhmənkəs yaxşı olar. Ancaq öncəki açıqlamamda da dediyim kimi, güman etmirəm ki, İsa Qəmbər başqanlıqdan gedəcək.
İsa Qəmbər də gözəl bilir ki, gedəndə də partiya yox olacaq. Partiyanın yox olması isə külli miqdarda qrantların yoxa çıxmağı deməkdir. Ona görə bu oyun bir qədər də gedəcək, axırda hamı xahiş edəcək ki, “İsa Qəmbər, sən qal başqanlıqda”. O da partiya üzvlərinin “təkidli xahişlərini” nəzərə alıb partiyada qalacaq. Beləliklə kim ki, indidən namizədliyini verib başqanlığa, heç də yaxşı vəziyyətdə qalmayacaq...
-Belə fikirlər var ki, Müsavatdaxili, yəni, başqanlıq uğrunda mübarizənin kəskinləşməsində hakimiyyət özü də maraqlıdır və hakimiyyət daha çox özünə loyal bir şəxsin, İsa Qəmbərin yox, başqan seçilməsini istəyir. Bu fikirlərə necə yanaşırsınız?
- Azərbaycan iqtidarı heç vaxt heç bir partiyanın daxili işinə qarışmayıb. Eyni zamanda, iqtidar-müxalifət mübarizəsi var. Xüsusən seçki dövründə bu mübarizə getdi və bu mübarizə nəticəsində yaranmış Milli Şuraya toplaşanlar özləri bilmədilər hansı oyunu oynadılar, nəticədə də bu oyun özlərinin ziyanına nəticələndi. Yəni, Azərbaycan iqtidarı üzünü xalqa çevirib, ilk növbədə xalqın rəğbətin qazanır, gördüyü işlərlə xalqın arzularını gerçəkləşdirir və bu yolla da sosial baza yaradıb iqtidarda qalır.
İndi Azərbaycan iqtidarının bu partiyalararası intriqalarda iştirak edib, oradan xal yığmağa da qətiyyən, ehtiyacı yoxdur. Onun üçün heç bir partiyanın işinə qarışmırıq, üstəlik də, sosial bazası olmayan partiyalar bizim üçün nə rəqibdirlər ki, haradasa müəyyən addımlarla çalışaq ki, ora kimsə başqan gəlsin, zəif gəlsin və ya güclü şəxs gəlsin... Ən güclüləri bunlardır. Bunlar da iqtidarda qala bilmədilər, hakimiyyətdən uğursuzcasına getdilər və 20 ildən də çoxdur ki, iqtidara gələ bilmirlər. İqtidarı da görəndə qulaqlarının dibini görəcəklər...
-Müxalifət də hakimiyyətin “müxalifət çox zəifdir” iddiası ilə bağlı əks arqument səsləndirir. Yəni, onların fikrincə, əgər müxalifət bu qədər zəifdirsə, niyə iqtidar bütün resurslarını müxalifətə qarşı səfərbər edib?
-Əvvəla, iqtidar bütün resurslarını müxalifətə qarşı sərf və səfərbər etməyib. İkincisi, iqtidar-müxalifət mübarizəsi gedir, getməlidir. Demokratik cəmiyyətin əsas prinsiplərindən, əlamətlərindən biridir.
Müxalifət ki, daim şər-böhtan atır, iqtidarın ünvanına müxtəlif mətbu orqanlarda, hətta, xarici KİV-lərdə yazılarla çıxış edir, iqtidar onları təkzib etməli, bunları yalan olduğunu ifşa etməlidir. O artıq o səviyyəli mübarizə deyil. Yəni, hakimiyyət uğrunda mübarizə deyil, yalanın ifşası və özünün düzgün, ədalətli olduğun göstərib xalqa həqiqəti çatdırmaq üçün iqtidarın gördüyü işlərdir...
- Eyni zamanda müxalifət bildirir ki, əgər iqtidar özünün güclü olduğunu iddia edirsə, o zaman güclü müxalifətin olmasını da arzulamalıdır və sair. Belə olan halda, iqtidar niyə güclü müxalifətin yaranmasını istəmir?
- Biz arzulayırıq güclü müxalifət olsun, konstruktiv müxalifət olsun. Amma arzulamaqla iş bitmir. Yaransın da. Onlar əgər belə hesab edirlər ki, güclü müxalifəti iqtidar yaratmalıdır, səhv edirlər. Bu, həyatda yaranmalıdır.
Kamil Həmzəoğlu
çap et