525.Az

Misirdə Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər keçirilib


 

Misirdə Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, Misirin Mərkəzi Kitabxanasında keçirilən konfransda bu ölkənin ictimai-siyasi xadimləri, beyin mərkəzlərinin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporu, KİV-in nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Misirin Mərkəzi Kitabxanasının müdiri, səfir Rza Tayfi Azərbaycanın və Şərqin dahi şairi və mütəfəkkiri Nizaminin yaradıcılığına həsr edilmiş konfransın keçirilməsini əlamətdar hadisə adlandırıb.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin deputatı, Dini məsələlər və Vəqflər Komitəsi sədrinin müavini, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd tədbirin əhəmiyyətindən danışıblar. Natiqlər Misir ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələrin dərin kökləri olduğunu, Nizami Gəncəvinin nəinki Azərbaycanda, həm də dünyada, o cümlədən, ərəb ölkələrində geniş tanındığını vurğulayıblar.

Sonra Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri Cəlal Əl-Hifnavi, Misirdəki Amerika Universitetinin professoru Raşa Ğanim, Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov məruzələrlə çıxış edərək Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, dahi Nizaminin zəngin ədəbi irsi sülh və tolerantlığın nümunəsidir. 1991-ci ildə UNESCO tərəfindən "Nizami ilinin" elan olunmasını xatırladan natiqlər vurğulayıblar ki, Azərbaycan şairi olan Nizami Gəncəvi əsərlərini müxtəlif dillərdə yazıb. Alimlər, həmçinin, dahi şairin məşhur "Xəmsə"si ilə bağlı tədqiqatları təqdim ediblər.

Konfrans misirli jurnalistlər tərəfindən də geniş işıqlandırılıb, habelə səfir T.Rzayev Misirin "Nil Mədəniyyət" televiziya kanalına müsahibə verib.

Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin, xüsusilə kitabxana sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi ilə görüşü keçirilib. Tərəflər zəngin kitab və əlyazmalar fonduna malik olan Misir və Azərbaycan kitabxanalarının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında ölkəmizlə bağlı kitabların sərgisinin təşkili müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın tarixi, mədəni irsi, dahi şəxsiyyətləri və təbiəti haqqında səfirliyimiz tərəfindən çap olunan, həmçinin diplomatik nümayəndəliyimizdə saxlanılan kitab nüsxələri Misirin Mərkəzi Kitabxanasına hədiyə edilib. Kitabxananın foyesində misirli oxucuların böyük marağına səbəb olan Azərbaycan haqqında 30-a yaxın kitabın sərgisi də təşkil olunub. Kitab sərgisi Misirin nüfuzlu KİV-i tərəfindən geniş işıqlandırılıb.

Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olub. Sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qeyyur Yunusov, Rufik Əbiyev, Nağdəli Xəlilov, Tural Rzayev, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqalarının müxtəlif janrlarda yaratdıqları tablolar təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti və təbiətini tərənnüm edən rəsm əsərlərinin sərgisi misirli sənətsevərlərinin böyük marağına səbəb olub. Misirin "Cümhuriyyə" qəzeti, "Nil Mədəniyyət" telekanalı və digər KİV-i sərgidən geniş xəbər və reportajlar hazırlayıb. Azərbaycan rəssamlarının sərgisi üç gün davam edəcək.

 





16.02.2021    çap et  çap et