525.Az

Ermənilərin bu "Arsax"ı da qondarmadır... - Araşdırma


 

22 İLLİK PLAGİATIN İZİ İLƏ: ARA GEVORQYAN ADLI ERMƏNİ MUSİQİÇİ BÖYÜK SƏNƏTKARIMIZ MÜSLÜM MAQOMAYEVİN MELODİYASINI ÇIRPIŞDIRIB

Ermənilərin bu "Arsax"ı da qondarmadır... - <b style="color:red">Araşdırma</b>

Bu günlərdə fiqurlu konkisürmə üzrə Rusiyadakı bir yarışda erməni idmançı qız Adelya Petrosyan buz meydanına ayaq atar-atmaz, şərhçi onun "Arsax" adlı melodiya altında çıxış edəcəyini dedi. Adı qəzəb doğursa da, təqdim olunan musiqi parçası çox doğma gəlirdi.

Diqqətli dinləyici bir neçə saniyənin içindəcə tuta bilər ki,  kompozisiyasının əsas motivi bizim görkəmli musiqiçi, vokalçı və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevdən (1942-2008)  götürülüb. Amma Azərbaycanda neçə illərdir ki, yanlış olaraq, sosial şəbəkələrdə bu kompozisiya bəstəkarlarımızın  musiqi nümunələrindən səthi anlayışı olan bəzi soydaşlarımızın "yüngül əl"i ucbatından Fikrət Əmirovun "Qarabağ inciləri" adlı əsəri kimi təqdim olunub.

Musiqi parçası həmin idman yarışında bir daha səslənəndən sonra bu mövzu ilə bağlı sosial şəbəkələrdə mübahisələr yeni vüsət aldı. Və bu arada bizim Mədəniyyət Nazirliyi rəsmən sözügedən kompozisiyanın F.Əmirovla heç bir bağlılığı olmadığını bildirdi.

Qeyd etdiyimiz kimi, sözügedən kompozisiyanın, əgər belə demək mümkündürsə, "skeleti" Müslüm Maqomayevin tanınan bir lirik əsərindən "düzəldilib". Yəni doğrudanmı, bizim yaddaşımız o qədər korlanıb ki,  çoxumuz artıq öz dəyərli incəsənət nümunələrimizi tanımaq qabiliyyətində deyilik?  Axı ermənilərin özlərininki kimi təqdim etdikləri  bu kompozisiyanın əsas xəttini, ana melodiyasını Müslüm Maqomayevin 1984-cü ildə görkəmli kinorejissorumuz Eldar Quliyevin çəkdiyi "Gümüşgöl əfsanəsi" filminə yazdığı musiqi təşkil edir. Filmdən bir qədər sonra, 1985-ci ildə Maqomayev özünün bu melodiyası əsasında "Elegiya" adlı mahnı da yazmış və onu dəfələrlə ifa etmişdi.

Əlbəttə, bu motivləri götürüb, 1999-cu ildə onu "Arsax" halına salan erməni bəstəkar Ara Gevorqyan bir sıra musiqi priyomları işlədərək, həm Maqomayevin melodiyasını maskalamağa cəhd edib, həm də kompozisiyaya  bəzi "xallar" da vurub. Xüsusən nağaraçılar dəstəsi ilə kompozisiyanı  guya daha ermənisayağı tempə salmaq istəyib, hərçənd burada da bizim klassik bəstəkarlarımızın səhnə əsərlərindəki intonasiyalar, həmçinin, vaxtilə məhsul bayramlarında ifa olunan ellikcə rəqslərimizin təranələri duyulur! Ümumən 5 dəqiqəlik kompozisiyanın başlanğıcı  bu cür ritmikdir. Sonra isə Müslümün melodiyası gəlir və o, sonacan əsas xəttə çevrilir. Hərçənd ortada yenə "dümbələkvuranlara", bir azacıq da "əzabkeş" alətə - "duduk"a söz verilir. Elə "duduk" da Müslümün melodiyasını "ağladır".

Amma nə istəyirsən, həmən Gevorqyan iyirmi ildən çoxdur ki, separatizmə işarə olan bu kompozisiyanı öz musiqi kollektivi ilə iri salonlarda, o cümlədən, Moskvada Kremlin qurultaylar sarayında (gorun çatlasın Brejnev!) böyük şövqlə, özü də ekranda "erməni mədəniyyəti və döyüşkənliyi" ruhlu kadrların nümayişi altında,  həmçinin, həmən "duduk" ortaya girərkən arxadakı fonda  terrorçuların dəfninə aid kadrları da verməyi unutmamaqla,  dəfələrlə ifa edib və bu çıxışlar internet resurslarında kifayət qədərdir. Bizdə isə həmin plagiat "əsər"də o boyda böyük Maqomayevin melodiyasını bu günəcən duyub, onun haqqını  müdafiə edən tapılmayıb. Əvəzində bu iş sosial şəbəkələrdə diletantların öhdəsinə buraxılıb və Fikrət Əmirovla bağlı yanlışlıq da məhz bu cür yaranıb.

Odur ki, əlaqədar təşkilatlar və bizim incəsənətimizin təəssübünü çəkən şəxslər bu sayaq məsələlərə həssas və vaxtında yanaşmalıdırlar. Bizim mədəniyyətimiz, xüsusən də musiqimiz çox zəngindir. Dəyərli millətlər zəngin milli irslərdən daim vicdanla faydalanaraq, özünə və mədəniyyətindən nələrisə əxz etdiyi xalqlara şərəf gətirirlər. Amma elələri də var ki, "torpaq xəstəliyi"nin əlavə simptomu kimi "mədəniyyət xəstəliyi"nə də düçardırlar.  Onlar fürsət tapıb, xüsusən keçmişdəki nümunələrimizi çırpışdırır, öz mənafeləri üçün işlədirlər.

Zənnimizcə, Müslüm Maqomayevin millətimizin halalca malı olan həmin "Gümüşgöl əfsanəsi" - "Elegiya" əsərini musiqiçilərimiz yenidən orkestrləşdirib, improvizə edib bir daha təqdim etməli və bununla da kimin kim olduğu aydınlaşmalıdır.

Ermənilərin bizim xalq və bəstəkar musiqi nümunələrimizi oğurlaması bir növ, daimi hal alıb. Onlar bizim böyük klassik bəstəkarlarımızın da musiqisinə  həmişə "xüsusi həvəs" göstəriblər. Bununla belə, onların özlərininki kimi təqdim etdikləri nümunələrdə deyək ki, Üzeyir bəy Hacıbəyovun, Fikrət Əmirovun motivlərini biz Azərbaycanlılar asanlıqla duyaraq, hiddətlənsək də, bu cür plagiat "əsər"ləri dinləyən digər millətlərin sadə nümayəndələri haqda bunu demək çətindir. Amma Müslüm Maqomayevin əksər mahnılarını Avrasiya məkanının böyük bir hissəsində, yəni keçmiş SSRİ ərazisində, xüsusən çoxmillətli Rusiyada  yalnız professional musiqiçilər deyil, sıravi vətəndaşlar da tanıyır və sevirlər. Odur ki, bu amil Maqomayev kimi super-populyar bir personaya  qarşı plagiata yol vermiş ermənilərin iç üzünü asanca açmaq üçün bir fürsətdir.  

İnanmaq istərdik ki,  Bəstəkarlar İttifaqımız da fikir bildirdiyimiz bu məsələyə biganə qalmayacaq. Elə ölkə başçısının elan etdiyi "Nizami ili"ndə dahi mütəfəkkirimizin yeganə ekran obrazını yaratmış Müslüm Maqomayevin də haqqına biganə qalmamaq vicdan məsələmizdir. Həm də sözügedən plagiatın ifşası ermənilərin "Arsax" adı ilə qondararaq, uzun illər ərzində körüklədikləri separatçı düşüncələrinin Ali Baş Komandanımızın qətiyyəti sayəsində bütün müstəvilərdə gorbagor edilməsi işinə xidmət göstərmiş olar.

Zakir MURADOV

P.S. Bu plagiat halı ilə bağlı daha aydın qənaət yaratmaq məqsədilə videomaterial hazırlayıb,  onu öz Feysbuk səhifəmdə yerləşdirmişəm. Profili Feysbukun axtarış ekranına   zakir.muradov9   ifadəsi yazmaqla tapmaq olar. Həmin videomaterial orada fevralın 12-də yerləşdirilib və onun adı bu yazının adı ilə eynidir.

 





16.02.2021    çap et  çap et