525.Az

"Bu həyat hekayələri bizə həm də qələbəmizin əhəmiyyətini göstərəcək"


 

AYAZ MİRZƏYEV: "BU VİDEOLAR, XÜSUSƏN, XARİCİ AUDİTORİYALAR ÜÇÜN BİR TƏBLİĞATDIR Kİ, BAXIN, MÜHARİBƏ BİZİM İNSANLARIMIZA NECƏ BÖYÜK ZİYAN VURUB, ONLARIN TALEYİNİ NECƏ MƏHV EDİB

"Bu həyat hekayələri bizə həm də qələbəmizin əhəmiyyətini göstərəcək"<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsi insanları həmrəyliyə səslədi və hər kəs öz peşəsinə uyğun hansısa addımları atmağa cəhd göstərdi.

Təbii ki, bu proses müharibədən sonra da davam etməlidir. Xüsusilə, təbliğatın aparılması mütləqdir.

Birinci ona görə ki, dünya ictimaiyyəti bu görüntülərlə, müharibənin, erməni vəhşiliyinin təfərrüfatları ilə tanış olmalıdır. Digər tərəfdən də, Azərbaycan gəncliyi keçmişi unutmamalı, milli ruhda böyüməlidir. Bu baxımdan medianın üzərinə böyük iş düşür.

Bu yaxınlarda Azərbaycan Jurnalistlər Şəbəkəsinin yeni layihəsi ictimaiyyətə təqdim olundu. Maraqla qarşılanan video bir məcburi köçkünün həyat hekayəsindən bəhs edir.

Bu barədə Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri, jurnalist Ayaz Mirzəyevlə həmsöhbət olduq.

***

- Ayaz bəy, məlumdur ki, bu layihə bir neçə şəxsin təşəbbüsü əsasında ərsəyə gəlib. Necə oldu ki, bu qərara gəldiniz? Yəni Qarabağla bağlı bu həyat hekayələrinin hazırlanması hansı zərurətdən doğdu?

- Bu təşəbbüs ondan irəli gəldi ki, 44 günlük davam edən Vətən müharibəsi dövründə hər kəs öz məsuliyyəti çərçivəsində bu qələbənin əldə olunmasına bir pay qatmağa çalışdı. Çörəkçidən tutmuş, pinəçiyə, qəssaba, jurnalistə qədər hər kəs ordunun əldə edəcəyi qələbəyə hansısa formada öz yardımını göstərməyə can atdı və o sırada mən də var idim. Mən, hardasa, 20 günə yaxın, müharibə getdiyi dövrdə Füzuli, Cəbrayıl, Beyləqan ərazilərində, elə sırf jurnalistika fəaliyyəti ilə əlaqədar cəbhə bölgəsində idim. Ümumiyyətlə, biz dostumla - Zəka Quliyevlə bir yerdə bu qərara gəldik. Zəka Quliyev Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədr müavinidir, aktiv koordinatorlarından biridir. O, özü əslən Zəngilandandır və mənə belə bir hekayənin olduğunu dedi. Mən o an düşündüm ki, mütləq  bu hekayəni çəkmələyik. Çünki bu həyat hekayələri bizə həm də müharibədə əldə etdiyimiz qələbənin əhəmiyyətini, miqyasını göstərəcək. Baxmayaraq ki, kiçik, altı dəqiqəlik bir videodur, amma bir qadının timsalında biz sayı yüz minlərlə olan məcburi köçkün və qaçqınların sanki xatirələrini təzələmiş olacağıq. Eyni zamanda, bu videolar xüsusən xarici auditoriyalar üçün bir məlumatdır, təbliğatdır ki, baxın, müharibə bizim insanlarımıza necə ziyan vurub, onların taleyini necə bərbad vəziyyətə salıb. Bizim insanlarımız görün neçə illər bu ağır yüklə,  bu acı tale ilə yaşayıblar, hansı ki, bu günü gözləyərək, arzulayaraq. Baxın, məqsəd bu idi, biz qarşımıza qoyduq və ümid edirəm ki, məqsədimizə çatdıq.

- Bilirik ki, bu iş müəyyən xərclər bahasına başa gəlir. Sizə dəstək olan hansısa bir qurum, təşkilat varmı?

- Bu layihəni icra edərkən biz heç bir kənar şəxsdən, fonddan, təşkilatdan pul istəməmişik və heç müraciət də eləməmişik. Çünki bu, bizim özümüzün təşəbbüsümüzdür, Azərbaycan Jurnalistlər Şəbəkəsi olaraq cəmiyyət qarşısında sosial məsuliyyətdən irəli gələn bir borcumuzdur. Hansı ki, biz mütləq bu prosesdə hansısa bir bacarığımızı ortaya qoymalıyıq ki, bu ümummilli məsələdə bir payımız olsun. Biz heç bir kəsdən bu videonun hazırlanması üçün maliyyə istəməmişik. Əlbəttə ki, xərclər var, amma şəxsən mən bu layihəyə başlayanda o xərclər haqqında heç düşünməmişəm. Tək mən yox, eyni zamanda, komanda da. Əsas odur ki, layihə uğurlu alınsın.

- Bu günlərdə ilk işiniz ictimaiyyətə təqdim olundu və olduqca maraqla, həssaslıqla qarşılandı. Yəqin ki, silsilə olaraq davam etdirmək fikriniz var. İlk videodan sonra hansısa əskikliklərin şahidi oldunuzmu? Nə yeniliklər gözlənilir?

- Bilirsiz, valideyn öz övladının eyiblərini, bəlkə də, bilir, amma heç vaxt o eyibləri açıqlamaq, demək istəmir. İndi əlbəttə ki, hər bir videoda olduğu kimi, bizim bu videoda da hansısa məqamlar ola bilər ki, biz yaradıcı komanda olaraq təqdimatdan sonra öz aramızda danışanda "belə olsaydı, daha yaxşı olardı", "gərək bunu da çəkərdik", "gərək bu prizmadan kadr tutardıq" kimi fikirlərimiz olub. Amma sizi əmin edirəm ki, təqdimatdan əvvəl dəfələrlə videonu izləmişik, ən optimal variantı yekdilliklə təsdiq etmişik. Sözsüz ki, yeniliklər gözlənilir. Biz bu videonun davamı olaraq başqa həyat hekayələrini çəkməyə çalışacağıq. Hazırda həmin hekayələrin araşdırılması prosesi gedir, baxırıq, seçirik, inşallah, tezliklə hansısa bir ssenari üzərində dayanacağıq ki, məhz həmin ssenariyə uyğun çəkilişlərə başlayaq.

- İlk qəhrəmanınız Sürəyya ana sizin vasitənizlə öz doğma Ağalı kəndinə qayıdanda, illər sonra həmin yerləri görəndə, sözsüz ki, çəkilişdə yer almayan, bizim görmədiyimiz məqamlar da olub. Hansı maraqlı hadisələr baş verdi?

- Əlbəttə ki, Sürəyya ana 28 ildir, məcburi şəkildə öz doğma yurdundan uzaqda olub. Onların əraziləri işğal edilib, neçə-neçə yaxın qohumları, tanışları şəhid olublar. Əlbəttə ki, müharibənin ağrı-acısı Sürəyya ananın üzündən oxunurdu. Məsələn, bəzi məqamlar olurdu ki, biz, yəni çəkiliş qrupu, kədərlənirdik, hətta elə olurdu ki, gözümüzdən yaş gəlirdi. Bəzənsə görürdüm ki, Sürəyya ana müəyyən məqamlarda heç ağlamır, sadəcə dayanıb baxır. Mən ona yaxınlaşıb sual verəndə ki, bəs Sürəyya ana, bu görüntü mənə və digərlərinə təsir etdi, sənsə sadəcə dayanıb baxırsan. O mənə dedi ki, "Bala, mən 1988-ci ildə həyat yoldaşımı itirdim, beş il sonra isə doğma Zəngilandan beş uşaqla bir yerdə məcburi çıxmalı oldum. Mən bu illər ərzində o qədər göz yaşı axıtmışam ki, daha gözümdə yaş quruyub". Mən öz sualıma cavabımı aldım və o qadının nə qədər mərd, möhkəm, qürurlu olduğunu başa düşdüm. O, beş uşağından ötrü bu illər ərzində yalnız özünü fəda eləyib. O beş uşaq böyüsün, işləsin, özlərinin ailəsi olsun. Təsəvvür eləyin, o qadın hansı əziyyətlərdən keçib və onun o qabar əllərini görəndə mən başa düşdüm ki, bu qadın həm ata olub, həm ana olub. Mən o qadının qarşısında, həqiqətən, baş əyirəm.

 

- Yəqin ki, siz də işğaldan azad olunmuş torpaqlara qədəm qoyanda müxtəlif hisslər keçirmisiniz. Bu səyahət sizə hansı təəssüratı bağışladı?

- İşğaldan azad olunmuş torpaqlara ilk dəfə oktyabrın 16-ı ayaq basmışdım. Bilirsiz ki, həmin tarixdə Azərbaycanın ilk işğaldan azad olunan şəhərlərindən biri Cəbrayıl şəhəri idi. Biz həmin tarixdə jurnalist qrupu ilə bərabər iki dəfə Cəbrayıla çəkiliş üçün getdik. Mən birinci dəfə yerli, ikinci dəfə xarici jurnalistlərlə getdim. Ora ilə ilk tanışlığımı sözlə ifadə edə bilmirdim. Qarabağ işğal olunanda mən uşaq idim, oraları görməmişdim. Amma yaxın dostlarımın, Qarabağdan olan ictimai xadimlərin söhbətlərində həmin torpaqların nə dərəcədə gözəl olduğunu eşitmişdim. Dağıntılar var idi, daş üstdə daş qalmamışdı. Amma təbiətin gözəlliyini məhv edə bilməmişdilər. Əlbəttə ki, yenidən həmin ərazilər yaşıllaşdırılacaq, gözəlləşəcək. Yenidən o ərazilərə həyat qayıdacaq, biz o əraziləri bir daha canlandıracağıq. Bizim insanlarımız zəhmətkeşdir, çalışqandır. Allah qoysa, o ərazilər bir daha işğal müddətində olduğu vəziyyətdə olmayacaq. Düzdür, dostum Zəka Quliyev Zəngilan haqqında mənə danışmışdı, amma mən belə təsəvvür eləməmişdim. Zəngilana gedəndən sonra başa düşdüm ki, buranı heç bilməmişəm. Çox gözəl yerlərdir - təbiəti, çaylar,  torpağı, bir tərəfdə Araz çayı, ətrafda başı qarlı dağlar silsiləsi. Evlər dağılmış vəziyyətdə olsa da, mən onları tam yaxşı vəziyyətdə təsəvvür edirdim və düşüncəmə gətirirdim ki, orada insanlar var, uşaqlar var, onlar oynayırlar, qaçırlar, həyat qaynayır. Onda başa düşdüm ki, hara gəlmişəm. İnşallah ki, insanlarımız qayıdacaq və yenidən ora cənnətə çevriləcək.

Nadir RZALI 

 





17.02.2021    çap et  çap et