525.Az

"Təhsil özünü qorumaq üçün ən güclü silahdır" - Müsahibə


 

"QIZLARIMIZ AİLƏ QURMAZDAN, DÜNYAYA UŞAQ GƏTİRMƏZDƏN ƏVVƏL ÖZLƏRİNİ TANIYIB, ÖZ ARZULARINI HƏYATA KEÇİRSİNLƏR"

"Təhsil özünü qorumaq üçün ən güclü silahdır" - <b style="color:red">Müsahibə</b>

Gender əsaslı zorakılıqların qarşısını almaq, mərkəzdə və yerlərdə bu tipli probleməri həll etmək üçün ölkəmizdə bir sıra önəmli addımlar atılır. Amma bu sahədə problemlər yenə də bitmək bilmir, son illərdə intihar edən və qətlə yetirilən qadın və qızlarımızın sayında azalma müşahidə olunmur. Əlbəttə, bu məsələdə cinsi ayrı-seçkilik etmək mənasızdır. Cəmiyyətin hər bir fərdi dəyərlidir və hər bir kəs yaxşı yaşamağa layiqdir.

Qadın intiharlarının və qətllərinin altında yatan səbəbləri araşdırarkən belə hadisələrin namus, cinsi istismar, ailə-məişət zorakılığı və digər bu xarakterli səbəblərdən törəndiyini müşahidə etmək elə də çətin deyil. Bəs bu gün cəmiyyətimizdə gender əsaslı zorakılıqların qarşısını almaq üçün hansı addımlar atılır və daha nələr edilməlidir?

Bu haqda Azərbaycanda bir sıra qadın inkişaf layihələrinin təşəbbüskarı olmuş gender və inkişaf üzrə ekspert Şəmsiyyə Mustafayeva ilə söhbət etdik.

***

- İnsanlara məktəbdən başlayaraq gender bərabərliyi anlayışını aşılamaq üçün hansı addımlar atmaq lazımdır? Bu işdə müəllimlərmi, yoxsa məktəb psixoloqlarımı əsas rol oynayırlar?

- Məktəb psixoloqlarına o vaxt ehtiyac olur ki, şagirdin davranışlarında bariz, böyük bir problem nəzərə çarpır və müəllim artıq bunu məktəb psixoloqunun diqqətinə çatdırmalıdır. Amma uşaqların tərbiyəsi, deyərdim ki, bağçadan başlamalıdır. Bəs hazırda bağça müəllimləri uşaqlar arasındakı bu tipli konfliktləri necə həll edirlər? Bir qız uşağının oyuncağını oğlan əlindən dartıb alırsa, müəllim buna necə yanaşır, bu problemi necə həll edir? Onlara bir-birləri ilə düzgün ünsiyyət qurmağı öyrədə bilirmi? Bütün bunlar gender probleminin həlli baxımından çox önəmlidir. Çünki təhsil sahəsindəki gender bərabərliyi tərbiyəsi bağçadan başlamalıdır və məhz həmin dönəmdən uşaqlara konfliktləri düzgün həll etmək öyrədilməlidir. Məktəblərdə də bu cür problemlər təkcə psixoloqların, ya da müəllimlərin köməyi ilə bitməyəcək. Bizim cəmiyyətə də başqa cəmiyyətlərdə olduğu kimi, mütləq şəkildə sosial işçilər lazımdır. Çünki sosial işçilər daima icmada olur, ailənin bütün problemlərini müşahidə edə bilirlər. Əgər bir uşaq zorakılığa meyillidirsə, bunun kökü ailədən gələ bilər. Ailə fərdləri arasında spirtli içki aludəçisi ola bilər, valideynlər arasında dava-dalaş ola bilər, ailədə uşağa yanlış misallar göstərilə bilər, ailədə uşağa qarşı zorakılıq göstərilə bilər və sair. Bütün bunları bir məktəbə cavabdeh olan tək bir psixoloqun bilməsi çətin məsələdir. Ona görə də, bununla cəmiyyətdə, icmada olan sosioloqlar maraqlanmalıdırlar. Belə problemli ailələri hər zaman müşahidə altında saxlayan sosial psixoloq, psixoloji, pedaqoji təhsili olan sosial işçilər lazımdır ki, onlar həm də məsələləri hərtərəfli, kompleks şəkildə görüb qiymətləndirsinlər.

- Gender bərabərsizliyi ilə bağlı həssaslıq yaratmaq üçün həm şəhər, həm bölgələrdəki məktəblərdə səyyar seminarların keçirilməsi də vacib məsələlərdən biri deyilmi?

- Bizdə gender zorakılığı ilə bağlı təlimləri ən çox təşkil edən iki qurum var. Bu qurumlar da beynəlxalq təşkilatlar tərəfindən maliyyələşir. Bunlardan biri BMT-nin Əhali fondu UNFPA, digəri isə UNİCEF-dir. Dünyanın hər yerində uşaqların müdafiəsi UNİCEF-in rəhbərliyi altında həyata keçirilir. Amma əlbəttə ki, bu təşkilatlar hökumətin siyasətini həyata keçirirlər. Hökumətlə birgə və onun bəlli etdiyi çərçivələr daxilində işləyirlər. Ona görə də lazımdır ki, hökumətimiz bu sahədə çox iş görsün. Əlbəttə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əlindən gələn hər şeyi edir. Amma mən düşünürəm ki, bu məsələyə daha sistematik yanaşmaq lazımdır. Təhsilləndirmə yalnız səyyar seminarlar təşkil etməklə olmur. Biz illərdir BMT-də bu səyyar seminarları keçiririk. Bunlar müvəqqətidir. Lazımdır ki, icmada bu məsələyə qayğı ilə yanaşan, ürəyi yanan, bu məsələlərə diqqət ayıran adamlar olsunlar. Onları təhsilləndirmək, təlimləndirmək olar ki, onlar da daima həm gəncləri, həm cəmiyyəti təhsilləndirsin, həm də bu cür problemlər olanda onların qarşısını erkən ala bilsinlər. Bunlar üçün hazırda icra hakimiyyətlərinin monitorinq və qiymətləndirmə qrupları var. Onlar yerlərdə gender problemləri ilə məşğul olurlar. Amma bu işdə müəllimlər, psixoloqlar, sosial işçilər və əlbəttə, sadə vətəndaşlar da əl-ələ verib çalışmalıdırlar. O zaman müsbət nəticə əldə etmək mümkündür.

- İctimaiyyətin maarifləndirilməsində başqa kimlər iştirak edə bilər?

- Əlbəttə, jurnalistlər. Jurnalistlər qəzetlərdə, jurnallarda nə yazırlar? Radioda nəyi danışırlar? Televiziyalarda nəyi təşviq edir, nəyi normallaşdırırlar? Qadını kukla kimi, bəzək kimi göstərməyi, onu əyləncə obyekti kimi göstərməyi, yoxsa qadını kişi ilə bərabər, zəkalı, bacarıqlı göstərməyimi? Jurnalistlərimizin də bu işdə çox böyük rolu var. İctimai xadimlərimiz qadınlar haqqında necə danışır, kişilər haqqında necə danışırlar? Axı ictimai xadimlərimiz bəzən elə sözlər deyillər ki, bunu bəlkə də, orta məktəb uşağı da deməz. Hətta bu yaxınlarda bir millət vəkili demişdi ki, hər cür zorakılığı qadına qarşı zorakılıq kimi təqdim edirlər. Yəni belə çıxır ki, o biri zorakılıqlar olar, təkcə qadına qarşı zorakılıq olmaz? Xeyr, biz bütün zorakılıqlara qarşıyıq. Biz sivil, demokratik cəmiyyətdən danışırıq ki, orada problemlər danışılaraq, qanun çərçivəsində, insan haqları çərçivəsində həll olunmalıdır. Bunun üçün də cəmiyyətin hər bir hissəsi çalışmalıdır.

Digər tərəfdən, qeyri-hökumət təşkilatlarının üstünə çox böyük rol düşür. Demək olar ki, Azərbaycanda onların rolu məhduddur. Amma dünyanın bir çox ölkələrində zorakılığa qarşı, gənclərin təhsilləndirilməsi ilə bağlı sosial problemlərin ortaya çıxarılması və hökumətə çatdırılması ilə məhz qeyri-hökumət təşkilatları məşğul olur. Çünki hökumət bu boyda işin hamısını öz üzərinə götürə bilməz. O, siyasəti müəyyənləşdirir və bu siyasətin yerlərdə necə həyata keçirildiyini qeyri-hökumət təşkilatları müşahidə etməli, düzgün həyata keçirilməsi üçün köməklik göstərməlidir. Təhsilə kömək etmək, əgər hər hansı bir problem varsa, bunları yenidən millət vəkillərinə, hökumətə çatdırmaq qeyri-hökumət təşkilatlarının işi olmalıdır. Biz bu sahədə də geridə qalırıq.

- Siz bu mövzuda çox oxumusunuz, çox çalışmısınız. Gənc qızlarımıza, qadınlarımıza kişilərin kölgəsində kimliklərinin assimilyasiya olmaması üçün məsləhətiniz nə olardı?

- Mən uzun müddətdir bu sahədə işləyirəm. Uzun müddət Azərbaycanın rayonlarını gəzmişəm. Rayonlardakı qadınlarla, qızlarla, müxtəlif məqam sahibləri ilə də söhbətlər etmişəm. Demək olar ki, həm regional, həm milli səviyyədə, həm də beynəlxaq səviyyədə bu məsələləri müzakirə etmişik. Yenə də bu işə davam edəcəm. Mənim üçün çox önəmlidir ki, qızlarımızın, qadınlarımızın şəxsiyyətinə hörmət olunsun. Onlar bu cəmiyyətdə kişilərlə yanaşı dəyərli fərd hesab olunsunlar, haqları tapdalanmasın. Mən heç vaxt onlara əlavə hüquqlar və haqları tələb etməmişəm, yalnız bərabərlik. Bu hüquqlar onlara qanunvercilik tərəfindən verilib, imkanlar da verilsin. Bu cəmiyyətdə doğulan qız övladı oğlan övladı ilə bərabər bütün haqlara sahib olsun. Mən yalnız bunu təbliğ etməyə çalışıram.

Qızlara tövsiyəm isə odur ki, arzularının arxasınca getsinlər. Genderlə bağlı yanlışları görəndə mütləq, mümkün qədər səslərini çıxartsınlar. Bəzən bu, onların gücündə olmur. Bəzən güc balansı o qədər fərqli olur ki, ata ilə qız arasında, ərlə qadın arasında, müəllimlə qız arasındakı güc balansı o qədər böyük olur ki, qadınlar səslərini çıxarda, kömək istəyə bilmirlər. İndi bu köməkləri var. Gender əsaslı zorakılıqla bağlı qaynar xətt yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali fondunun (UNFPA) birgə əməkdaşlığı ilə yaradılan bu qaynar xəttə müraciət etmiş şəxslər gender əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. 

Qızlarımız mütləq özlərini təhsilləndirsinlər, dünyagörüşlərini artırsınlar. Təhsil ən gözəl işıqdır, özünü qorumaq üçün ən yaxşı silahdır. Qızlarımız, qadınlarımız əvvəl öz ayaqları üzərində dursunlar, bundan sonra həyatları haqqında qərarlar versinlər. Yəni öncə bilsinlər ki, onlar kimdirlər, hara getmək istəyirlər, ondan sonra növbəti həyati addımlarını atsınlar. Ailə qurmazdan, dünyaya uşaq gətirməzdən əvvəl özlərini tanısınlar. Əvvəl öz arzularını həyata keçirsinlər, daha sonra övladlarının arzularını həyata keçirərlər.

Natəvan ABDULLA

P.S. Gender əsaslı zorakılıqla bağlı Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





17.02.2021    çap et  çap et