525.Az

Qulaqlarımız nədən ağrıyır? - Araşdırma


 

QULAQ AĞRISININ SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI

Qulaqlarımız nədən ağrıyır? - <b style="color:red">Araşdırma</b>

Qulaq ağrısı (otalgiya) orta qulağın infeksiyası xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra yaranır.

İnfeksiyalar zamanı iltihablanma qulaq ağrısına ən çox təsir edən səbəblərdəndir. Bu zaman xəstələrdə əlavə olaraq, başağrısı, qızdırma, əzginlik də müşahidə edilir. Həmçinin, respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir. İnsan qulağı anatomik cəhətdən üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi isə otit adlanır.

Xarici qulaqda yaranan otit zamanı insanlar qulaqda kəskin ağrılardan şikayətlənirlər. Ağrı həmçinin, aşağı çənəyə və boyun nahiyəsinə yayılır. Danışdıqda, udqunduqda və qidanı çeynədikdə diskomfort hissi daha da artır. Xarici otit üçün qulaq dərisinin görünən hissəsinin qızarması xarakterikdir. Bu zaman eşitmə qabiliyyəti pozulmur.  Xarici qulaq əsasən dəri ilə örtüldüyündən ona xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Bu zaman müxtəlif göbələk infeksiyaları xarici qulaqdakı dəriyə və dərialtı təbəqəyə keçir.

Qulağa birbaşa aid olan xəstəliklər isə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, çox təhlükəli xəstəlikdir. Orta qulaqdakı otit qəfil yaranan və tədricən artan ağrı ilə təzahür edir. Bu zaman narahatlıq hissi 3 günə qədər davam edir, sonra irin xarici qulağa keçir və ağrı kütləşir. Bəzən əlamətlər o qədər güclü olur ki, ağrıkəsicilərin təsirinə tabe olmur, insanın iş fəaliyyətini və yuxusunu pozur. Adətən bir yaxud hər iki qulaqdan çirk axması və ağrı hissi də orta otitlə bağlı olur. Bu otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksər hallarda orta qulağın iltihabı nəzərdə tutulur. Qulağın bu hissəsində iltihabın əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən infeksion xəstəliklərlə əlaqədar olur. Burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.

Orta qulağın otiti gedişinə görə kəskin və xroniki olur. Patologiya qulaq və gicgah nahiyəsində mülayim ağrı ilə səciyyələnir. Həmçinin, başgicəllənmə, ürəkbulanma halları da müşahidə edilir. Bu əlamətlər pasiyentləri qulaq ağrısından çox narahat edir. Kəskin otit eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi prosesdir. Kəskin otitdə damcı dərmanlarının bir faydası olmur. Kəskin otit 3 həftə müddətində davam edir, xroniki otit 3 aydan uzun çəkə bilir. Xroniki qulaq ağrısı daha şiddətlidir. Xroniki otitdə qulaqın pərdəsi əksər hallarda deşilir, qulaqdan pis qoxulu çirk gəlir. Eşitmə azalır və ya itir.

Adətən şikayətlər qulaqda və qulaqətrafına yayılan ağrılar, tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

Qulaq ağrısı zamanı müalicə: Qulaqda ağrı peyda olandan iki gün sonra azalmırsa, dərhal həkimə müraciət etmək lazımdır. Həkimə müraciət edənə kimi qulaq ağrısını azaltmaq üçün yerli anestetiklər (qulaq damcıları) və yaxud ağrıkəsici tabletlər məsləhətdir. Lakin travma zamanı bu dərmanların özbaşına istifadəsi qəti qadağandır. Qulağı zədələyən patoloji prosesə çox qısa zamanda baş beyin və kəllə sümükləri cəlb olunduğundan ev şəraitində özünü müalicə yolverilməzdir. Qulağın müalicəsi yerli və ümumi aparılır. Yerli müalicə kimi antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur. Qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.

Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə edilmir və əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa, irinin cərrahi yolla xaric edilməsi vacibdir.

Afaq RZA

 





17.02.2021    çap et  çap et