525.Az

Yarımçıq qalan dəstgah - Anım


 

MAHİR XANƏNDƏ VƏ GÖZƏL İNSAN MİRMƏHƏMMƏD MİRCAVADOVUN ƏZİZ XATİRƏSİNƏ

Yarımçıq qalan dəstgah - <b style="color:red">Anım</b>

Həyatın ən insafsız üzü ölümdür. Hər gün neçə-neçə insanla ünsiyyətdə oluruq, bir çox insanla tanışlıq yaranır, amma onların arasında elələri olur ki, xüsusi seçilir. Onlar  ümumi kütlədən fərdiləşərək ruha yaxın olurlar. Sən həmin insanlarla ürək sözünü danışa bilirsən, çünki o, səni başa düşür. Sən o adamlarla sirrini bölüşə bilirsən, çünki o, sənə qarşı etibarlı olur.

Beləliklə, belə insanların ətrafında yaşamağa stimul qazanırsan. Gözlənilmədən həmin insanın həyat ilə vidalaşması isə, sözün əsl mənasında, elə bir mənəvi böhran yaradır ki, ömrünün sonuna qədər onu, onla olan xatirələri unuda bilmirsən.

Bəzən hansısa sənətkara pərəstiş edirlər, onu sevirlər, amma ünsiyyət üçün şərait yarandıqda bu sevgilərinə görə təəssüflənirlər. Həmin insanın danışıq tərzi, xasiyyəti onun sənətinə olan aşiqliyi də öldürə bilir. Amma xoş o sənətkarın halına ki, sənəti də, şəxsiyyəti də ali səviyyədə olsun. Ustad xanəndə, söz-musiqi xiridarı Mirməhəmməd Mircavadov da belə sənətkarlardan idi. Onunla ünsiyyətdə olan heç kəs söhbətlərindən doymurdu, çünki hərtərəfli insan idi. Elə olub ki, saatlarla oturub onu dinləmişik, yorulmamışıq, usanmamışıq. Mirməhəmməd müəllimdə heç kimdə olmayan işıq, nur var idi. O, insanları öz ətrafına cəlb eləməyi bacarırdı.

Mirməhəmməd Mirbaba oğlu Mircavadov 1953-cü il oktyabrın 4-də Bakı şəhərində anadan olub. Əslən Xızı rayonunun Qarabulaq kəndindəndi. Mirməhəmməd müəllim bir müddət  26 Bakı Komissarı adına Mədəniyyət evində Xalq artisti Böyükağa Məmmədovun rəhbərlik etdiyi rəqs dərnəyinin üzvü olub. Eyni zamanda, fərdi şəkildə Ağababa Novruzovdan xanəndəlik sənətinin sirlərinə yiyələnib. Qısa müddətdə öz fitri istedadı sayəsində Xızı və Abşeron toylarının bəzəyinə çevrilib. 1987-1992-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda Xalq artisti Ağaxan Abdullayevin sinifində muğamlarımızı daha mükəmməl öyrənib. Eyni zamanda, ustad sənətkar Hacıbaba Hüseynovun dərslərində tez-tez iştirak edərək biliklərini daha da dərinləşdirib. Mirməhəmməd müəllim ustad tarzən, Əməkdar artist Valeh Rəhimovla vaxtaşırı həmsöhbət olaraq muğamlarda çoxunun bilmədiyi, az işlənən guşə və şöbələri öyrənə bilib. Mirməhəmməd müəllim xanəndə kimi Türkiyə, İran, Polşa və keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında mədəniyyətimizi layiqincə təmsil etmiş sənətkarlardan olub (Bioqrafik məlumatlar A.Nəcəfzadənin xatirələrindən götürülüb.)

Mirməhəmməd müəllim muğamlarımızı çox əla bilirdi. Bundan əlavə, mahnı-təsnifləri də çox ustalıqla ifa edirdi. Mirməhəmməd müəllim oxuyanda gözlərində bir işıq parıldayırdı və bu işıq dinləyicinin ürəyinə sirayət etməyi bacarırdı. Ovqatı yaxşı olmayan bir insan onun ifasını dinləyəndə tamamən ab-havası dəyişirdi. O, muğamları yüksək səviyyədə bilsə də, kimsə oxu zamanı səhv edəndə heç vaxt kobud şəkildə qəlbə dəyməzdi. Həmin təhrifi təklikdə elə mehribancasına izah edirdi ki, insanın ruhu incimirdi. Mirməhəmməd müəllim özündən əvvəlki sənətkarlara fərq qoymadan hamısının adını hörmətlə anırdı və onun yaddaşı sanki qızıl fond idi. Bilirdi ki, kim nəyi daha düzgün və daha gözəl oxuyub. Yadımdadır ki, ustad xanəndə Əlibaba Məmmədovun 100 mahnıdan ibarət diskini Mirməhəmməd müəllimə hədiyyə eləmişdim. Hər maşınına minəndə görürdüm ki, o diskə qulaq asır. Amansız xəstəliyə tutulmamışdan bir neçə gün əvvəl mənə zəng edib dedi ki, "O disk yoxa çıxıb, mənimçün yenidən hazırla". Mən də dedim ki, baş üstə. Amma bivəfa həyat aman vermədi...

Bir sıra şəxslərin muğam biliklərinə yiyələnməsində Mirməhəmməd müəllimin rolu çox böyük olub. O, öz bildiklərini daima öyrətməyə çalışıb. Bu da ondan irəli gəlir ki, bəzi xanəndələrdə olan paxıllıq hissi Mirməhəmməd müəllimə yad idi...

Adətən, son dövrlərdə yaşlı xanəndələri el şənliklərinə dəvət etmirlər. Amma mən ona heyrət edirdim ki, Mirməhəmməd müəllimi hələ də toylara dəvət edirdilər. Məsələ orasındadır ki, onda olan söz ehtiyatı, mahnı-təsnif ehtiyatı, qəzəl biliyi və bunlardan irəli gələn meydangirliyi onu hələ də dəbdə saxlamağı bacarmışdı. Hamı onun apardığı toylardan danışırdı. Amansız pandemiya yayılana qədər Mirməmməd müəllim "toydan toy tuturdu".

Mirməhəmməd müəllim əsl hal əhli idi. Onun qəzəl aşiqliyinə heyran olurdum. Füzulini, Seyid Əzimi, Vahidi, Hacı Maili, Hacıbaba Hüseynovu, Seyidağa Həbibovu çox əla bilirdi. Hərdən Seyid Əzim Şirvaninin elə bir nadir qəzəlini ifa edirdi ki, hamı məəttəl qalırdı. Ərəb-fars tərkibli qəzəlləri elə ustalıqla şərh edirdi ki, insan heyrətlənirdi. O, özü də deyirdi ki, bu söz aşiqliyi ona  Hacıbaba Hüseynovdan keçib.

Düzdür, Mirməhəmməd müəllim Ağaxan Abdullayev sənətinin vurğunu idi və həmişə hörmətlə, sevgilə xatırlayırdı. Amma onun Hacıbaba Hüseynova olan aşiqliyi bir başqa aləm idi. Mirməhəmməd müəllim Hacıbaba Hüseynov haqqında böyük şövqlə danışırdı. Onun qəzəllərini bütünlüklə əzbər bilirdi. Hacıbaba hüseynov "boğaz"larını, zəngulələrini ustalıqla mənimsəmişdi və elə ifa edirdi ki, Hacıbaba Hüseynovu yamsılamaq kimi alınmır, orijinal ifa edirdi, amma ustadını da xatırladırdı.

Mən Mirməhəmməd müəllimlə İbrahim Əbilov adına Mədəniyyət mərkəzində tanış olmuşam. Orada bir qız "Xızı dağları" mahnısını oxuyurdu. İkinci bənd ifa olunanda Mirməhəmməd müəllim başını astaca yellədi. Qız səhnədən düşəndən sonra ona təhrifləri başa saldı. Mənə hələ onda məlum oldu ki, o, musiqinin təhrif olunması ilə barışmayan insandır. Mədəniyyət mərkəzinin o vaxtkı bədii rəhbəri, qocaman mədəniyyət işçisi Mirəhməd Əsgərov ona əmioğlu deyə müraciət edirdi, çünki ikisi də seyid idilər. Mirəhməd müəllim mənə onun haqqında çox danışırdı.

Elə oldu ki, yaş fərqimizin çox olmasına baxmayaraq, bizim çox isti münasibətlərimiz yarandı. Tez-tez görüşüb həmsöhbət olurduq. Bizim bu dostluq zəncirimiz sonradan genişləndi və Mirməhəmməd müəllimin çox yaxın dostları - Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, unikal musiqiçi Abbasqulu Nəcəfzadə, İ.Əbilov adına Mədəniyyət mərkəzinin indiki bədii rəhbəri, gözəl sənətkar, tarzən Məhərrəm Nəcəfzadə ilə tanış oldum. Həmin gündən bir çox tədbirlərə bir yerdə gedərdik. Mən onların dostluğuna həsəd aparırdım. Mirməhəmməd müəllim öz dostlarına qarşı çox etibarlı idi. Elə ona görə də Mirməhəmməd müəllimi tanıyanlar onun bu xislətinə, təəssübkeşliyinə heyran olurdular.

Cabir Novruzun yubiley gecəsində Mirməhəmməd müəllim oxuyurdu, Məhərrəm müəllim tarda, Abbasqulu müəllim kamançada müşayiət edirdilər. O videoya baxanda insan çox kövrəlir. Onların bir-birinə olan münasibətləri ifalarına da yansıyırdı. Bu üçlük bir yerə düşəndə xariqələr yarada bilirdilər. Dinləyicilər bu üçlükdən ötrü çox darıxacaqlar...

Mirməhəmməd müəllim ailəcanlı, qohumcanlı, dostcanlı insan idi. O, öz həyat yoldaşı Xədicə xanıma qarşı çox diqqətcil idi, qayğıkeşcəsinə yanaşırdı və çox hörmət edirdi. Onun xanımına qarşı bu münasibəti hamı kimi mənə də çox xoş gəlirdi. Eynilə qohumlarını da həddindən artıq çox istəyirdi. Mirməhəmməd müəllim Xızının, öz dədə-baba yurdunu canından da çox sevirdi. Yadımdadır ki, Mirməhəmməd müəllim, Məhərrəm müəllim və mən bir gün Xızıya getdik. İlahi, o, Xızıda olanda necə xoşbəxt olurdu! Bulaqdan su içdik, sonra Mirməhəmməd müəllim məsciddə namaz qıldı. Necə böyük fəxrlə mənə o yerləri göstərirdi, danışırdı...

Çox təəssüf ki, Mirməhəmməd Mircavadov görünməz düşmənin caynağına keçdi. Onun dünyadan köçəcəyinə heç kim inanmırdı. Hamı zənn edirdi ki, o, qalib gələcək. Amma belə olmadı, Mirməhəmməd Mircavadov 2021-ci il yanvarın 18-də həyat ilə birdəfəlik vidalaşdı, onu sevənlərə, ailəsinə, dostlarına sağalmaz dağ çəkdi. Onun ömür dəstgahı beləcə yarımçıq qaldı. Mirməhəmməd Mircavadov xalqın sevimlisi, xalqın xanəndəsi idi. Allah qəni-qəni rəhmət eləsin!

 





17.02.2021    çap et  çap et