525.Az

"Yaxşı musiqi də, musiqiçi də dəbdən düşmür" - Sosial şəbəkələrdə parlayanlar


 

SAZ İFAÇISI ELVİN RƏSULOV: "VİRTUAL MƏKANLARA BİR O QƏDƏR BEL BAĞLAMAQ OLMAZ"

"Yaxşı musiqi də, musiqiçi də dəbdən düşmür" - <b style="color:red">Sosial şəbəkələrdə parlayanlar</b>

Bu gün, istəsək də-istəməsək də, sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu tendensiyadan istifadə edib özünə iş quranlar, öz potensiallarını nümayiş etdirib məşhur olanlar kifayət qədərdir. Ancaq sosial şəbəkələrə qarşı neytral yanaşan gənclər də az deyil. Onlar buradan bir növ portfel kimi istifadə edir, daha geniş auditoriyada tanınmaq arzusunda olmurlar. Onlardan biri də budəfəki həmsöhbətimiz - gənc saz ifaçısı Elvin Rəsulovdur.  

- Elvin bəy, sosial şəbəkələrin sizin üçün hansı  faydaları var?

- Sosial şəbəkələr kiçik bir efirdir, burada həm orta, həm də cavan nəslin nümayəndələri fəaliyyətimizlə tanış ola bilir.

- Gənclərin sosial mediadan istifadə tərzi və buradakı paylaşımlar sizi nə dərəcə qane edir?

- Gənclərin çoxu sosial mediadan yetəri qədər bəhrələnə bilmir. Ancaq düzgün istifadə etsələr, müəyyən qədər faydalarını görə bilərlər. Hərdən səviyyəsiz hərəkətlər edib video çəkərək paylaşan "fenomen"lərin videoları qarşıma çıxır. Həmin dəqiqə onları blok edirəm. Blok siyahımda təxminən 2000-3000 adam var. Belə adamların sayının çox olması bir az da utandırıcı məqamdır.

- İzləyicilər ifalarınıza necə fikirlər bildirirlər?

- İzləyicilərimin çoxu musiqiçilərdir. Çünki ifalarımı musiqiçi olmayan şəxslər anlaya bilmir. Musiqiçilər isə bu ifalara müsbət fikir bildirirlər.

- Mütəmadi olaraq paylaşım etsəniz, izləyici sayınız daha çox ola bilər. Nə üçün videolar hazırlayıb paylaşmaqla davamlı şəkildə məşğul olmursunuz?

- Məşhur olmaq həvəsində deyiləm. Məni tanıyan müəyyən bir toplum var. Hər kəs tərəfindən tanınmaq məni cəlb eləmir. Yutub platformasında videolar paylaşıb fəaliyyət göstərmək olar, ancaq İnstaqram vasitəsilə məşhur olmaq istəmərəm. Bu platformalar müvəqqətidir, bir müddət sonra dəbdən düşəndə insanlar burada məşhurlaşanların çoxunu tanımayacaqlar.

- Musiqi sahəsinə sizi ailəniz yönəldib, yoxsa öz seçiminiz olub?

- Uşaqlıqda qarmon ifaçılığına marağım var idi. Ənvər Sadıqovun qarmonda ifa etdiyi "Vals" məndə bu alətə həvəs yaratmışdı. Ancaq nənəmin də təkidi ilə tar sənəti üzrə təhsil aldım. Ailəmin isə mənimlə bağlı arzuları tamam başqa idi. Onlar dövlət qulluğunda çalışmağımı məsləhət görürdülər. Buna baxmayaraq, təhsilini aldığım tar sənəti məni özünə cəlb etmişdi. Buna görə də, məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi kollecində, ardından isə Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili aldım. Bu illərdə dəyərli müəllimlərim Elçin Həşimov, Möhnət Müslümov və Elçin Nağıyevdən dərs almışam. Onların sənətindən bəhrələnmişəm. Daha sonra Türkiyədə İstanbul Universiteti Dövlət Konservatoriyasında təhsilimi davam etdirdim. 

- Daha çox lirik mahnılar ifa edib paylaşırsınız. Həmin videoların şərh bölməsinə yazdığınız ifadələrin keçmişə dayanan xüsusi bir səbəbi varmı?

 

- Əslində, bunun keçmişdəki heç bir hadisə ilə bağlılığı yoxdur. Elə ifadələri sadəcə diqqət çəkmək üçün işlədirəm. Lirik mahnıları ifa etməyimin səbəbi də ruhuma daha yaxın olmasıdır. Oynaq mahnılar mənim üçün bayağıdır, lirik mahnıları isə ifa etmək daha çətin və məsuliyyətlidir. Lirika bir növ öz hisslərini, fikrini ifadə etməkdir. 

- Azərbaycan incəsənətinin bugünkü vəziyyətini necə görürsünüz?

- Təəssüf ki, bu gün sənətdən anlayışı olmayan bir çox adamlar özünü sənətkar adlandırır. Sosial mediada bir-iki günlük məşhur olan bloqerlər isə efirlərdə aparıcı olur. Bütün bunlara baxmayaraq, incəsənət öz mövqeyini qoruyub saxlayır. Yenə də istedadlı musiqiçilər var və bu şəxslərin sayəsində retro musiqilər heç vaxt yaddan çıxmayacaq. Yaxşı musiqi də, musiqiçi də dəbdən düşmür. İllər keçdikcə itib-batmaq məsələsi sənətdən xəbəri olmayanlara aiddir.

- Bir neçə dəfə televiziyalara da dəvət olunmusunuz. Necə oldu ki, sizdən xəbər tutdular?

- Televiziyalara dəvət edilməyimin əsas səbəbkarı Əməkdar artist Teymur Əmrah olub. Teymur Əmrahın sənəti qədər şəxsiyyətinə də hörmət edirəm. Hələ incəsənət sahəsində ondan öyrənəcəyimiz çox məqamlar var.

- Ud alətində də ifa edə bilirsiniz. Sazla bu alət arasında hansı fərqlər var?

- Udu sazdan fərqləndirən əsas cəhəti tellərinin az və qısa olması və səslənməsidir. Buna görə də, udda ifa etmək hisslərə əsaslanır.

- Sazda ifa edən və bu sahəyə yönələn gənclər o qədər də çox deyil. İncəsənətlə məşğul olmaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?

- Əgər bu sənətlə məşğul olmağı həqiqətən istəyirsinizsə, ardınca gedin. Bir anlıq məşhur olmağın həvəsinə qapılmayın. Sosial şəbəkələr bu gün var, sabah yoxdur. Özümüzü köklü şəkildə inkişaf etdirməliyik. Virtual məkanlara bir o qədər bel bağlamaq olmaz.

- Bəzən insan məcburən yalan danışmalı olur. Buna çox vaxt "ağ yalan" da deyirlər. Sizdə belə bir hal olubmu?

- Yalan danışmaq mənim üçün ölümdən daha betərdir. Uşaqlıq illərindən bu yana heç vaxt yalan danışmamışam. Bəzən bu məsələ ilə bağlı başıma hadisələr gəlsə də, yalana uymamışam.

- İncəsənətlə bağlı gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Gələcəkdə milli sazı dünya səviyyəsində tanıtmağı hədəfləyirəm.

Günel ABBAS

 





17.02.2021    çap et  çap et