525.Az

“Gəl-gəl” deyən reklamlar - Maraqlı


 

“Gəl-gəl” deyən reklamlar - <b style="color:red">Maraqlı</b>

"Reklam -  insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi, onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir". İnternetdə reklamın nə olduğu haqqında kiçik bir araşdırma etmək istəsəniz, qarşılaşacağınız ilk cümlə məhz bu olar. Bəs real olaraq reklam nədir, necədir, necə olmalıdır?

Reklamın tarixi kökünün Misirə qədər getdiyini nəzərə almasaq, əsas inkişafının 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə təsadüf etdiyini demək olar. Məşhur "Coca-Cola" şirkətinin 1890-cı ildə yayılan bir reklam portretində o dövr üçün seçmə gözəlliyə malik bir xanımın əlindəki fincanda "Coca-Cola" içdiyi görünür. Fincandakı içkinin nə olduğunu bilmək, şəklin üzərindəki loqonu görmədən mümkünsüzdür. Ancaq həmin dövrdə reklam anlayışının yeni yarandığını, hələ inkişaf mərhələsinə keçid etmədiyini nəzərə alsaq, bu, bağışlanan ola bilər. Onsuz da bu hal çox uzun sürməyib, reklamların konspektləri zamanla dəyişib. Sahibkarlar fərqinə vardılar ki, reklamda iştirak edən obraz, "Coca-Cola"nı içməməlidir, içizdirməlidir. Bu isə öz növbəsində təkcə "Coca-Cola"da deyil, nəhayət, bütün reklam sahələrində daha kreativ və diferensial səhnələrin yaranmasına gətirib çıxara bildi.

Ekspertlərin fikrincə, müasir reklam əsas dörd ünsürü özündə cəmləməlidir, yalnız bu halda uğurlu sayıla bilər:

1. Maraqlı;

2. Təəccübləndirici;

3. Xüsusi;

4. İnandırıcı və satışı artıra biləcək;

Əlimi vicdanıma qoyub deyə bilərəm ki, reklam ölkəmizdə günü-gündən tam azad formada inkişaf edir. Hətta o dərəcə azad siyasətə çevrilə bilib ki, çıldaqla məşğul olan biri belə özü üçün peşakar reklam transparantı hazırladıb, onu şəhərin tanınmış küçələrindən birində asdıra bilir. Ya da üstündə "20 manatlıq ət al, Antalyada 4 gün tətil qazan" yazılmış reklam lövhəciyini görən hansı vegeterian özünü o əti almadan saxlaya bilər ki? Hələ "Dönər+Cappy, cəmi 1 manat" yazılan "bəzəkli" və məşhur plakatı demirəm.

 

İşin zarafatı bir qırağa, ölkəmizdə bütün bu absurd reklam ədəbiyyatından tamamilə qopmuş, qəlibləşmiş ifadələrin qınından sıyrılaraq, özünəməxsus, kreativ ismarıclar ötürə bilən reklamlar da az deyil. Məsələn, "Bəyaz Quru Təmizləmə" şirkətinin maraqlı bir sloqanı var. Şirkət dilimizdəki "ağını çıxarmaq" frazeoloji birləşməsindən yerində istifadə edərək, özünə "Lap ağını çıxarırıq" devizini seçib. Bir Bəyaz Quru Təmizləmə şirkəti üçün bundan daha maraqlısı, məncə, çətin tapılardı. İsmayıllı rayonu yolunda restoranların birində ucaldılmış reklam plakatının üzərində diqqəti öz üstünə çəkən maraqlı bir sloqan daha var. Plakatın üstündə "Burada saxla, özünü də ac qoyma, bizi də" yazılıb. Nə yalan deyim, bu yazını görsəm, mən özüm də həmin yerdə saxlayardım. Ən azından, reklamın vacib 4 ünsüründən "maraqlı" olanı, bu reklamda özünə yer edə bilib.

Yaxşı, ya da pis, reklam - insanları könüllü olaraq müəyyən bir davranışda olmağa razı salmaq, müəyyən bir düşüncəyə yönəltmək, diqqətlərini bir məhsula xidmətə, fikir və quruluşa çəkməyə çalışmaq, ünsiyyət vasitələrindən yer, ya da müddət satın almaq yoluyla sərgilənən və ya başqa formalarda çoxaldılıb paylanan, bir ödəniş qarşılığı yaradıldığı müəyyən olan elandır. Hər nədirsə, özümüzünküdür...

 





17.02.2021    çap et  çap et